Məqsəd NUR

Arxaş

 

Copyright - Məqsəd NUR, 1999

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

Vicdan barədə... Mənim vicdanım yoxdu, mənim sinirlərim var.

 

Akutaqava

 

 

...barəsində danışırsansa, demək narahatsan...

 

Tehran Əlişanoğlu

 

 

Hamısı gəlmişdi. Bir sürü narıncı “Renault” taksi burun-buruna əylədi. Toz qalxdı, taksilərdən qabağa qaçdı. Axşamayaxın havada bəyazlıq vardı: isti, soyuğudu. Əsl mən istədiyim hava belə olur.

Hamısı da üst-başına maya qoyub gəlmişdi. Saçlarını düzəltdirib parıldatmışdılar, üzləri həmişəki kimi tüklü deyildi. Elə birinci adam ayağını taksidən çölə qoyanda paltosunun ətəyindən gördüm: talkuçka malı geymişdi. O birilər eynən. Bu göstərmeydi? Mən onları bura - qu gölümün qırağındakı arxaşıma çağırmamışdım...

Bir az qıraqda qoyunlarım otlayırdı. Çəmənliyə buraxdırmışdım. Qoyunlarım təkcə çiçəkli otları yeyirdilər. Arxaşa qayıtmaq istəmirdilər. Qu gölümün qırağındakı çiçək-çəmənliyi gövşələyib qurtardıqca sonu görünməyən biçənəyimin dərinliyinə girirdilər. Bir-iki gecədən sonra təzədən gölün qırağında boy verən otlağı qırtmağa dönürdülər. Ağzıoyana mənim ucsuz-bucaqsız çiçəkli biçənəyim otluqdan çürüyüb gedirdi...

Özüm peyinnəmiş arxaşda qalırdım, açıq havada. Arxaşın yuxarı başında qurduğum apaçıq örtüklü alaçığıma işrətlə məşğul olanda, bir yağışlı günlərdə girirdim. Arxasıüstdə, üzü göyə uzanırdım. Üstümdəkinin ətirli çiynini ovcumun içiynən, barmaqlarımın ucuynan tumarlayıb yuxarılara zillənirdim. Bir dəfə onun sinəsini əmirdim, dayanıb çiyninin üstündən göyə baxdım: biləndə ki bu təkcə qadın deyil, bu, təyyarə yollarından o yana bir qanaddı mən hər dəfə onun içindən keçib səmaya baxıram, sonsuzluğa uçuram, o zaman əriyib gedirəm, sönürəm, ruh oluram, boşluqlarda əl-qol atıram. O da bunu duyan kimi sözsüz-filansız bədənimi, sifətimin cizgilərini dırnaqsız, nap-nazik barmaqlarının ucuynan xəfifcə cizgiləməyə başlayır. Canında varsa mənə ötürür, mənə qarışdırır: həmin anda mən oluram, o... Axırda soruşur:

- Bilirsənmi ağıllı əllər nətər olur?

Mən susuram. Öz əlimə onun əllərinə baxıram...                            

 

* * *

Arxaşım çəpəki dururdu - üzü cənub-şərqə tərəf. Uzaqda aeroport vardı, açıq səma vaxt baxsan xətlərlə kəsilirdi. Əvvəl xətlər düpbədüz, iti bıçaq kimi göyü dəlib keçirdi, az sonra qıdığlanan adam təki əriyib gedirdi.

Təyyarə izlərinin gəldiyi göyün küncünə baxırdım. Səmaya bu cür baxmaqdan qabaq dalı-dalı yeriyirdim: lap axırıncıdivara” - arxaşın küncünə dirənirdim. Elə bilirdim hündür binanın dibinə söykənib durmuşam, ta o yanası yoxdu. Burdan göyün uzaq küncünə baxıram. Mənə elə gəlir ki, sarınmağa başlanan yumağın içindəyəm. Yumaq da hər dəfə diyirlənib açılır, sökülür, yumanmaq istəyən ip-sapı kol-kosa vurur, tifdikləyir. Beləcə bir yumaq var o yumağın sarınmaq istəyi var, amma ip sarınır, yumaq yumanır. Baxdığım künc bir az üzüaşağıdı. Mənim qu gölüm arxaşdan üzüaşağıda dururdu, bax orda. Mən yumağımın tam kəsiyini görə bilirdim. Bu kəsiyi görmək hər nəyi desən görmək qədər mənə bəsiydi...

Külək hardan gəlsə, arxaşa çatar-çatmaz elə yönlənirdi ki, burdan həmişə sərin meh keçirdi. Hardan gəlsə, biçənəyimin o yanındakı çiçəklərindən ətir gətirirdi.

 

* * *

Çəpərli arxaşın içində oturmuşduq. Enli böyük stol açılmışdı, (bu stol gecəli-gündüzlü açıq üstü tər-təzə, dolu durmalıydı) şəkərbura, paxlava, üzüm... üzüm sallanıb tökülürdü stoldan. Mən süfrənin başında. O arxamda ayaqüstdə, əllərini boynuma salıb. Başımın dalını onun göbəyinə dayamışam. Başımın dalıynan göbəyini tumarlayıram: çəpərin ətəyində - o üzündə ördəklər, qazlar qu quşları üzürdü, qurbağalar quruldayırdı... Salxım söyüdün bir qanadı hörmə çəpərin başından bizim oturduğumuz arxaşa tərəf sallanmışdı...

Mən bu gələnləri çoxdan başımnan atmışdım. Əvvəl bir az qurdalandım. Biləndə ki onları lap çoxdan unutmuşam bunun üstünə arxadan mənə sarılanın boynumda gəzən isti nəfəsini duyanda bayaqkı məmnun halıma qayıtdım. Heç yerimnən qımzanmadım.

- Bu mənim qonaqlarım deyil, qu gölünün qonaqlarıdı, - deyib ona döndüm.

Ən azınnan çağırılmamış qonaqlardı. Belə qonaqların qarşısında öhdəçilik-zad olmur. Buyursunlar, stol açıqdı”, - fikirləşdim. Canımın rahatlığına qayıtdım.

 

* * *

Arxaşın yolu çiçəkli biçənəyin içindən keçib gəlir. Girəcəkdə iri bir tozxana var. Bura heç vaxt heç kim gəlmədiyindən toz qalxmır. Mənim sevimli “CNEVRIOLET”im tozlanmır. Arxayınçılıqdan mən onu arxaş qırağında - tozluğun yanındakı hündürlükdə saxlıyıram: ordan o həm məni, həm arxaşı, həm aşırımın o üzündəki çəmənliyin içi boyunca  uzanıb gedən, ortalığını ot basmış heç vaxt tozlanmayan sonsuz yolu görür... 

Toz aləmi bürümüşdü. Mühafizəm bu qədər taksidən bu qədər qadınlı-kişili adam sürüsünün arxaşın girəcəyinə gəlməyinnən başını itirmişdi. Gələnlərin arxaşın içinə tərəf yeriməyi tələbə nümayişinə oxşuyurdu. Aralarında 25 yaşdan yuxarısı olmazdı... Bu malikanəyə sahibləndiyim gündən mühafizəmə heç bir halda mənim işimə qarışmamağı varlıqlarıynan gözümə görünməməyi tapşırmışdım. Yer üzündə belə adamların olduğunu bilməməliydim. Amma qonaqlar nətərsə mühafizəni keçib gəlmişdilər. Mühafizənin qırımınnan belə qandım ki, onlar özlərini çağrılmış qonaq kimi qələmə veriblər. Bəlkə mühafizəni nəyəsə inandırmışdılar? Axı mən tapşırmışdım ki, heç vaxt bir heç vaxt mənim yanıma heç kəs gəlməyəcək mən çəpərdən içəri keçməyə yalnız çiçəkli biçənəkdə otlayan qoyunlara icazə verirəm... Çağrılmamış qonaqlar bura çatıncaya qədər əcnəbi ölkə səfirliklərinin icarəyə götürdüyü qoruq torpaqlardan da keçib gəlmişdilər. Bəs həmin mühafizə niyə gələnlərin qabağını kəsməmişdi?! Çoxlu alt üst paltarları tikib buralara göndərən ölkənin sahəsi mənim yolumun üstündeydi, orda da mühafizə xidməti olmalıydı. Mən oralarda bordaqlanan xüsusi bölgə polisinə hər ay filan qədər pul verdirirdim. Həmin ölkə səfirləriynən il olar, görüşmürəm, aramız dəyib: mən alt üst paltarları tikən fabrik gətirdiyim vaxtdan burunları sallanıb.   

Mühafizə dəstəm qorxa-qorxa yalın tininə qədər gəldi. Tezcə haralarasa çəkilib qeyb oldu. Bəlkə mənim sakit görkəmim onları arxayın saldı. Mən onlara demişdim, siz məni yox, malikanəni qoyunları qoruyacaqsız, yanıma heç kəs gələ bilməz. Bəlkə onlar bubilməzsözünün mənasını düz qanmıyıblar, bəlkə gələnlər xoş məramlı olduqlarını sübut ediblər. Ya sadəcə mühafizəni satın alıblar? Hər halda təpəyə gələn mühafizəçilər mənim sakitliyimi sezib qoyunlara göz qoydular. Yəqin onlar qoyunların təhlükəsizliyini ümdə vəzifə hesab edirlər yəqin otların arasında gizləniblər,  gələnlərin hərəkətlərinə göz qoyurlar...

Qapıda dayandılar. İşarəmi gözlədilər. Gələnlərdən birinin yanındakını xatırladım. Mən onunla karvansarada ta oyundan çıxmamışdım. O, bu barədə heç vaxt mənə, yanındakına, heç kəsə bir kəlmə deməz. Bunu ikimizdən karvansaradakı ofisiantdan savayı heç kim bilmir. O da elə həmin gecə unudub bizi. Gedib desək , bizi tanımaz, hirslənər, qovar bəlkə . Sirr belə şeydi, hər gün qədər sirr qəbrə gedir. O vaxt mən özüm vicdansızın biriydim, mən ona özümü güclü birisi kimi göstərmişdim. Biz onunla nənəmnən qopardığım xurcunu İçərişəhərdə xaricilərə satdıq karvansaradakı restorana getdik. Onu utancaq bilirdim, amma hücrə qapısı bağlanan kimi şampana, almaya meyvələrə həş gəldi... İçib açarını itirdi. Yeyib-doyandan sonra çox da sığına bilmirdi mənə, elə bilirdim utanır... Mən ona cumdum, mütəkkələrin üstündə ağnaşdıq... Küçədə minlərcə eləsi tökülüb qalmışdı, mən onlardan ən yaxşısını puluma minnət seçə bilərdim... Sifilisdən qorxurdum, həm bunun canında nəsə boş ümidsiz bir yer axtarırdım. Məni üzən əvvəlcədən axtardığım nöqtənin boşluğa heçliyə dayandığını bilməyimiydi. Heç mənə çatmırdı. Öz canımı qoruyurdum. Sabahlara qoruyurdum qoruğu elə saxlamaq istəyirdim ki, qu gölünün qırağında tənha həyat sürürkən hər yerim sağlam unutqan olsun. Bunu mənə ağlım ürəyim demirdi, ruhum da demirdi, nəsə bir başqa şey vardı. Düzü, o vaxtlar nəyin dibini qoydumsa, çürüntüyə məhkumuydu. Bir az mənim görməmişliyim, bir az mənə rast gələnlərin həyat uğrunda mübarizələri... mən onların divarlara dirənməsini, başlarına çatı salınıb tərəfimdən hərlədilməsini  istəmirdim. Amma hər gün çox böyük həvəslə bu işə baş qoşurdum, ona görə onlardan getdim...

İndi mən öz ömrümü yaşayırdım, arxamda duran mənə bəsiydi. Eləbil bütün ömrümü bu arxaşımçün yaşamışdım. İndi onun hesabına qalırdım, güclüydüm. Onun qolları çiyinlərimdə olmaseydi mən gələnləri beləcə asanlıqla qarşılamazdım. O da bunu bilirdi. O mənim bütün günahlarımı bilirdi. Deməzdim mən tək onunçün yaşamışdım: adicə bir vəhşi kimi heç nəyə məhəl qoymadan döyüşmüşdüm, cəngəlliyin bütün qaydalarını hamıdan qabaq duymuşdum, mən əxlaqlı heyvan olmuşdum... O bunu da bilirdi. Hər gün min tərəfdən ona həyat tarixçəmi danışırdım bundan o yana mən əl-ayağımı uzadıb ölə bilərdim. İndi mənə çatmayan təkcə oydu, arxamdakıydı...

 

* * *

Gələnlərin yanındakı gəzəyənlər iddiasız-filansız görünürdülər. Nəyə gəlmişdilər? Üzr istəməyə, ya hesab çəkməyə? Qabaqda yeriyənlərdən biri məndən şillə yemişdi, o vaxt qızarmışdı, amma demişdi böyüyümsən. Onu vuranda bilirdim ki, istəsə məni iki bölər. Eləmədiyinə görə onu sevdim, indi bircə ondan incik deyiləm. İndi heç demədi. Mənə baş qoşmurdu, elə bil qəsdən məni saymadığını göstərirdi. Yanında qız gətirməmişdi, geyimindən görünürdü ki, onu qız geyindirib. Həm o ən bahalı geyinəniydi. Onu şillələyəndə saçları tər iyi verirdi, yadımdadı!

Karvansaradakının indiki oynaşı kəsik barmağıynan alma doğrayırdı. Kəsikbarmaq kəndçi balasıydı. Əvvəllər telini hind filmlərindəki kimi darayırdı, sonra yanındakına qurşandı başını keçəl qırxdı. Mən çoxdan onun xəracından əlimi üzmüşdüm qanadımı onun üstündən götürmüşdüm. Həmin gündən o adam oldu. Burda baş verənlərin hamısını o idarə edirdi. O, elə ayaqüstü başladı danışmağa ki, bura gətirdiyi bir sürü adamı (məndən fərqli olaraq) basqısız-filansız, pul çıxartmağın yollarına yönəldirdi üçüncü ölkələrin alt üst paltarlarını bazara dürtmək hesabına bir sürü adamı yedizdirirdi. Yolüstü çoxlu alt üst paltarları tikib buralara göndərən ölkənin səfirinə dəyib (orda da mühafizə xidməti olmalıydı!) oralarda bordaqladığım xüsusi bölgə polisinə filan qədər pul verib, deyib ki, məni ziyarətə gəlir...

Mənim istədiyim keyfiyyətsiz olsa, yerli məhsul əldə etməyidi, bununku uzaqlardan gələn məhsulu ucuzuna satmaqdı. Burda biz ayrılırdıq...

 

* * *

İçdilər, yedilər, stolun üstünü şumladılar. Dinmədim. Heç eləbil mən burda yoxuydum... Banan qabıqlarını, üzüm cecəsini qu gölünə tolamazladılar, yer-yurdu buladılar... Biri gedib çəpərin bəri üzündən o üzünə - qu gölünə siydi.  Barmağıkəsik siyəni xalaxətrinqalmasın qınadı, taksilərə tərəf ötürdü. Gəldi qoluma girdi. Qırağa apardı, “CNEVREOLET”in yanındakı dikdirə qədər qalxdıq. Durduq. Soruşdu:

- Başqa neynirsən?

- Sağol, varam. Sən nətər?

- Çarpışırıq.

- Yanındakıların hamısı cındırdı.

- ... sənnən qalmadı ... cındırı da sənindi, qaymağı da...

 

* * *

Barmağıkəsiklə “CNEVRIOLET”imin yanına qalxdım: gözüm dolusu uzaqlara baxdım. Mənim torpaqlarım qurtaran yerdə, bir xətt boyunca üstü keromzit örtüklü, çay qırağına düzlənmiş səfarət katecləri görünürdü. Hər kəsin kateci özünə uyğun olsa da üstü mütləq keromzitliydi, qapalıydı. Arxaşıma yiyələnəndən bəri birinci kərə dikdirə qalxırdım. Mənə elə gəldi ki, bu binaların içində gəzişən adamlar soxulcan kimi soyuq məğlubedilməzdi. Amma onlar bir gün torpaqlarıma tərəf yeriyəcəkdilər gözlədiyim bu yürüş mənimçün əyləncə qədər maraqlıydı. Mən barmağı kəsiyi ərklə qucaqlamaq, bəlkə ona bir para məsləhətlər vermək istədim. Susdum. Gedəndə dedi ki, indi tütünə girişib. Bir vaxtlar mən eyni həvəslə ölkəni qaloşa, hənaya, xurmaya tutuzdurmuşdum. Amma heç kəs mənim sifətimi görmürdü, gətirdiklərimi satılıb qurtaran kimi gözləmədiyim bir qanacaqla köhnəltdilər, cındırını çıxartdılar, unutdular. O vaxt elə bilirdim pul qazanmaqdan savayı, həm böyük bir görürəm: ölkəni geyindirir, yedizdirirəm... Mənim alıcılarımdan bircə nəfəri gəlib məndən heç zad tələb etmədi. Hətta indi küçəyə düşüb onlara gülsəm, desəm ki ay külbaşlar bir vaxt mən sizə qaloş geyindirib xurma yedizdirmişəm, desəm ki, həmin oğlan mənəm, ötüb gedərlər... Keflənirdim. Kəsikbarmaq qoluma girmişdi: geri qayıtdıq, limon yedim yerimə oturdum.

 

* * *

kəlmə kəsdilər, hesab sordular. mənə baxdılar. Eləbil işgüzar görüşdən sonrakı banketiydi banketin kimin hesabına qurulduğu heç kəsi maraqlandırmırdı. Mən banketin sıravi iştirakçısı kimi öz qadınımla əylənirdim, qalanlar da elə - öz işlərindeydi...

Barmağıkəsik bir alma da soydu. Dilimlədi. Soyduğu  dilimləri qumar kartı paylanan təki yanındakıların qabağına fırıldatdı, birini saxladı. Ovcunda tutdu. Dilimi kəsik barmağıynan baş barmağının arasına sürüşdürdü üzümə baxmadan, elə belə, saymazyana qabağıma tolamazladı. Alma dilimi diyirlənib külqabıma düşdü. Dönüb yanındakıynan mazaq vurdu...

...kürəyimin arxasındakı məni qucaqladı, çiyinlərimdən yüngülcə aşağı basdı...

Eyni vaxtda hamısının əl telefonları işə düşdü. Hərəsi bir küncə çəkilib danışırdı. Durub dağılışdılar. Sağollaşıb-eləməmiş çıxacağa yeridilər. Taksilər bir qırpımda arxaşın qapısına yığışdı: hərə özününkünə yaxın dürtülmək istəyirdi. Toz qalxdı. “CNEVREOLET”im görünməz oldu. Taksilər burunlarını döndərdilər, dallarını bizə çevirdilər. Tozladılar çəyirtkə kimi özlərini atdandıra-atdandıra yalı aşıb itdilər. Toz çəkildi. “CNEVREOLET”im dəyirmandan çıxan arpaçı kimiydi: tozlu, küskün yorğunca mənə baxırdı... Mən ona gülürdüm: indi o, min kişinin altında yatıb-gələn qadına bənziyirdi...

Arxamdakı boynuma sarıldı. Bədənimi öpdü. Qucağımda oturdu. Gözlərimə baxdı. Şampan süzdü. Mən əlimi onun, o da mənim yanağıma uzatdı...

 

fevral 1999

 

Hosted by uCoz