Məqsəd NUR

Sürət

 

Copyright - Məqsəd NUR, 1998

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

Karusel fırlanır. Ətrafdan tezbazar lövhələr ötür. Baş gicəllətməyi ləzzətdi. Karusel qatarı küləyə qarşı öz yolunu gedir. Yol da, külək də arxada qalır. Həmin yolu bir də keçmək, həmin küləyin bir də üzünə dəyməyini istəyənlər o sayda da yolu təzədən başlamağa həvəsli olurlar...

 

m.nur

 

 

1. Dümsük

Maşın sürətlə döndüyü döngədə dayanclarını basdırıb yerə mıxlandı. Qarı nənəsinin qolundan yapışıb yolu keçirdən qız gözaltı içəri baxdı...

Maşına oturdular. Qənbərliklə üzüaşağı, vadiyə tərəf gedirdilər. Maşın da, maşını sürən də hörükdən qırılan at kimi özündən çıxmışdı. Gədənin dikbaşlığı qarıya da, qıza da  ləzzət elədi. Gədəni keyf tutmuşdu. Amma şərvaxtı belə bir naxışa  inanmamağı gəlirdi. Ətrafı, ötən maşınları, vadidən qalxan adamları sezdi. Niyə də bu qədər şenniyin içində bir qarı və qız nəvəsi ona məzə verməsin, boynunun arxasında pıqqıldamasın...

Qənbərliyin yenişi veclərinə gəlmirdi. Qıznan qarı başlarını bir-birinə söykəyib nəsə xısınlaşırdılar. Dəli şeytan deyir: dön qarını qızdan arala, sifətini ovcuva al, götür, qaldır maqnitolaların üstünə qoy, bax...

Söz atmağa-zada macal tapmamış geridən bir az da bərk pıqqıltı gəldi. Elə beləcə - pıqqıltı içində də qarı ağzını yaşmadı, gümüşü çəliyiynən gədəni dümsüklədi:

- Yavaş sür, ədə, uçarsan - dedi.

Bu keyfdə də də nənə-qız uğunur-gedirdilər...

 

 

2. Kokteyl

 

Soyuqda kokteyldən qızıxmağ olar. Yaxın duranı sancırdılar. Banan dilimləri, kapuçino və Srrite gəldi. Spraytdan başqa heç nə! Kafenin tualetinə çəkilib Winston üfürdülər. Söz vermişdilər, bundan başqasını çəkməsinlər: filtiri pələng dərisinə oxşadığına görə. Bu kafedə elə bir kişi görmədilər ki, heç olmuya bu siqaretin filtirinə tay olsun.

Xadimə şvabrasını dalına qoşub qapının ağzına gəlmişdi: işarə elədi ki, keçsinlər. Güzgüyə baxasıydılar. Qanmazlar yolu elə salmışdılar ki, kişi tualetinin qabağından keçməliydin. Rastlarına heç kəs çıxmadı, heç kəs ilişmədi. Şvabralı da qapıda dayandı... Tampunlara əl gəzdirdilər. Çəkdilər, sümürdülər, iynələndilər...

 

* * *

Qaraqışqırığa üçü də atlandı. Birinin qardaşını döyürdülər, üçü də tutdeyincə döyəni cırmaqdan çıxartdılar, dikdabanlarını az qala gözünə soxacaqdılar. Başının dəliyin açacaqdılar. Qoçular gələnəcən qaqaş aradan çıxdı...

- Göt! Göööt! - dalınca qışqırdılar...

 

 

3. Zəng

 

Fəvvarələrdə ağız-burnunu yudu, qızları başınnan rədd elədi. Jeton düşən kimi anasının yalovlu səsi gəldi. Anasına dedi, dedi ki, Parapetdən ayrıla bilmir, ağladı, sısqadı, anasını söydü ki, elə bu gecə Günəşlidəki evi satmaq qərarına gəlməsə oğurluğa gedəcək, iynəyə oturacaq. Yoxsa döyülməzdi. Kostyumsuzdu, idman formasında. Çuşka kimi gəzdiyinə görə barda, hər yerdə... ilişib əngizdiyirlər. Rolik lazımdı! Ya kostyumda ya rolikdə gəzməlidi. Hardan bilsin, özü də bilmir kimdi-nədi, nağarançıdı? İndi beyni elə qarışıb ki, heç özü də bilmir, rolikdə gəzsin, kostyumda. Guya hansı var ki! Hər gün (lap ona kostyum alsalar da!), metroya minib Günəşlidən bura sürünəsi döyül, döyül sürünəsi: küçədə yatar, ora qayıtmaz! Qalasıdı. Evi satmasalar, ölsə Parapetdən getməz. Burda olsa, abstanovkanı bilər, ta onu burda unudublar ey, burdan köçəni üç ay deyil, təzə dəstələr yaranıb, içinə girirsən də burunluyub çıxarırlar. Birdəfəlik qalxammasa öləsi-öldürəsidi... Bu gecə də, sabah da burda qalacaq, haqq-hesab çürüdəcək, burda, kərpiclərin üstündə yatacaq...

 

* * *

Üçdüyməli hörmə köynəyinin up-uzun qollarını sallayıb dəlləkxananın qapısında dayandı... İşini bildi: boyu çıxmalıdı, basketbola getməlidi. Göyə atlandı, budağa kəllə vurdu. Bir də mamasına zəng elədi...

 

 

4. Ümid

 

İndi onu çiləyirəm: 1, 2, 3, 4... 50... Onu basketbol topu kimi əlimdə tutmuşam, ovcuma yerləşdirmək istərdim, alınmayacaq, bilirəm. O mənim ovcumdan çıxır, onu özümdən atıram. O, hündürdəki səbətə girir, düşür. Məni alqışlayanlar var... O itib, mən onu unutmuşam, amma bütün alqışlar onadı.

O, təzədən mənə qayıdır, ayağımla əlimin arasında qalxıb-enir.

O mənim ayaqlarım altında əzik və havasızdı. Mən onu havavuranla doldurub təzədən oynadıram. O boşalanacan mənimlədi, mən onun hesabına dolanıram. O məndən uçub gedir, fırlanıb mənə qayıdacaq: Mən onu qaldırmasam, tərpənməyəcək. İçi havayla dolu olsa da, tərpənə bilməz.

 

***

Qəbrimin üstündə dayanıb. Bir vaxtlar Onu tolamazladığım yerə qayıdıb. Onu özümdən xeyli qabağa atsam da, elə bilirdim mənimlə bərabər qəbrə gedəcək, getmədi. İndi gəlib ki, mən onu öldürüm, o mənsiz yoxdu deyir, mən onsuz yoxam.

Mənim şərəfimə yubileydi. Orda mənim topumu kubokun üstünə qoyub güc alırlar. O məndən sonra yalquzaq canavar kimi bir xeyli gəzib. Mən onu öldürüb getmişdim. Əslində topumu dəyişmək istəyirdim...

 

Epiloq

Mən onu tez-tez başqalarına dəyişirdim. Mən ona münasibətdə fırıldaqçıydım. O mənim bütün əməllərimi görürdü, bütün sirlərim onun ovcunun içində qaldı. Mən onu istədiyim yerə atır, əlimi də dalıyca yellədirdim. İndi mən onsuz, ağacların arasıynan irəliləyirəm. Burda o yoxdu. O məndən arxada qaldı...

 

 

5. Uçurum

 

Arabasını yol yuxarı - dalıyca çəkirdi. Samokatıydı. Enişdə kəndirinin iki ucunu da birdən dartsan əylənc olurdu. Kəndirin iki ucunu da birdən çəkəmməmək və dayana bilməmək qorxusunu ta hərrəşdirmirdi. Topdansatış dükanlarının arasından keçən tramvay yoluynan üzüaşağı yellənirdi. Sonra üzüyuxarı qayıdırdı.

Samokatın üstünə dəyirmi qazan mismarladı, bir tərəfinə açılıb-bağlanan qapı düzəltdi, tutacaq-zad yapışdırdı, rənglədi. Nələr ki doğruçu maşınlarda olardı: rənglə, rezin qırıqlarıyla, məftillərlə qazanın yan-yörəsinə çəkdi, yapışdırdı...

 

* * *

...sürətlə tramvay yolunun yanındakı uçuruma gedirdi. Bir gün tramvay da bura yıxılacaqdı: bütün günü oturub ona baxırdı. Tramvayın yıxılmağını gözləməyə hövsələsi çatmadı. Samokatının qapısını bağlayıb tutacaqlarını dikdirin başında atmışdı. Uçurum onunçün yoxuydu...

 

 

6. Əqrəb

 

Belə olasıydı. Oldu.

Güzgünün qabağına oturdu. Ağladı. Hamıdan bu qədər küsəcəyinə inanmazdı. Bu təhər də adamı təkləməzdilər. Güzgüyə cırmağ atmaq, zəhər tüpürmək istədi. Sancaqları güzgü üstdə sürüşdü, çapalayıb termonun üstünə yıxıldı, zəhərini də içinə, geriyə quyruğuna tərəf vurdu...

Çox xırda və gücsüzüydü. Onu amansızcasına əzmişdilər; zəhərli bir əqrəb olduğuna heç kəs məhəl qoymurdu. Özünü çoxayaqlı öküz yerində gördü: öküzü də deşər istəsə -milçəklənməkçün indiyə qədər quyruğunun ucuna bant bağlamışdı, indi asanlıqla bantı sivirib atdı, yerinə naqan bağladı və özünü milçəkləməyə başladı.

Durub işgüzar söhbətə getdi. Yenə, heç kəs onun zəhərli əqrəb olduğunu bilməməliydi...

 

1998

 

Hosted by uCoz