Məqsəd NUR

Yarıqaranlıq

(Küləkli şəhərin sirlərindən)

 

Copyright - Məqsəd NUR, 1993

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

Şairin vüsalı

 

... Dağılmağa başladıq...

Pivəxanadan dönüb yerimizə sərmələnmişdik; şair saçını daramağa durdu gözlənilmədən hamımızı söyməyə başladı:

- Əclaflar, tüklərim saralır, məni alkoqolik eləmisiz... ta mən pivnoya-zada getmərəm, tüpürüm sizin həyatınıza!

Onu qandırmağa çalışdıq ki, saç uzandıqca ucları saralır, sonuncu dəfə bərbərə vaxt getdiyini bilirmi soruşduq, yox, bilmir, dedi soyudu-oturdu. Dedik, bir gün pivədən kəsək, gedib  saçlarını düzəltdirsin, ya keçəl qırxdırsın. Bir bizi söyməsin dedik. Söz vermədi, amma nəsə donquldandı...

Buna görə zirzəmidə qanqaraçılıq oldu. Şair yaddan çıxdı, nəsə bir siyasi mübahisəyə görə Nəriman məni yumruqladı. Bir-birimizin ağzı-burnunu partlatdıq. Elə oldu ki, şair özü bizə harayçılıq elədi...

İki gün qabaq - ayın 19-da axşam dərsindən gələndə Nərimanın əlində qumbara partladı: qızları qorxudurmuş. Sağ qolu itdi. Buna görə şairi lənətliyirdim; dalaşmasaydıq, Nərimana dil-ağız eliyərdim, tırım tutmuşdu. Soyudum. Şair özü Nərimanın sağ-soluna keçirdi. Mən bıçağ udub oturmuşdum.

Şair yaltaqlanmırdı. Hələ yeri gəlsə, mənim eləyəcəklərimi üstünə götürürdü: ara qarışdırdığına görə bağışlamağım gəlmirdi.

Nəriman oxumağı atdı... istəseydi, sol əliynən yazmağı öyrənə bilərdi. Özü bilər. Höcətiydi...

... Heç vaxt şairin dilindən söyüş eşitməmişdik. Biz qancıx kimi söyüşürdük: şairin məzəmmətli baxışı vardı, baxırdı, biz bacardıqca könlünü bulandırmırdıq. Hər sən deyəndə mədəni olmaq olmurdu axı. Hərdən Nərimanın şitənməyi tutanda, zirzəminin girəcəyində çöməlib türmədəqayırma, broletdən asılı xırda insan kəlləsini baş barmağında yellədə-yellədə pafosla şairin şerlərini deyirdi. Ürəyi soyumasa ayağa durub gəzişir, şerlərin ardınca dodaqaltı murdar söyüşlər ifraz edirdi. Deyirdi yandırıcı yaz, şair, yandırıcı...

Belə baxanda şairin nəsə bir zad olmağını beynimə Nəriman yeritmişdi. Klyonkanın üstünü yazmağı, pivə içməyi, bir az diribaş olmağı da Nəriman şairə öyrətdi. Deyirdi dərd səni öldürər, şairsiz qalarıq, arabir yüngülləşməkçün , söyüş söy, qızlarnan gəz. Sonuncunu deyəndə şair daş atıb başını tuturdu... Birinci  kursda şair dərsdən qıraq vaxtlarda əlini qoynuna qoyub pəncərədən baxırdı. Kimsə onu dindirə bilmirdi: Nəriman qızları öyrədib şairə söz atdırırdı, hamı ona sürtüşür, o da qızarır söz demirdi. Qızlardan qorxurdu (guya belə dəə, bunun bu işdən xəbəri yoxdu), yenə oğlanlarnan salamməleyki vardı. Şairə elə gəlirmiş ki, qıraqdan sevgilisinin gözləri ona tuşlanıb. Gözləri yaaa... Axırı, bulvara gedəndə Nəriman şairi gəzməyə dəvət elədi açıqca dedi ki, təmiz oğlana oxşayır, onunla dost olmaq niyyəti var. Mən bir qız tutub-gətirdim, üzünə baxmadı...

Axır Xallı Klyonkanı şair yazdı. Əlini qələmə atanda yanaqları qızardı... (guya !) yaza bildi. İri hərflərləXallı Kitabənin üstünə sevgilisinin adını yazdı. Altdan da o tarixi yazdı ki, həmin gün qıza ilk kəlməsini demişdi. Onda qızın 14 yaşı varmış...

...İki ildi baxırdım ona yazığın gözlərinə dərd çökmüşdü. Nəriman arada deyirdi, şair bir az da belə yaşayıb yazsa, dahi olacaq, Füzulini , o birilərini keçəcək. Mən deyirdim ərə verəcəklər - başına döyə-döyə, ya da özü qoşulub birinə gedəcək. (Axı biz bilmirik qız qızdı) Üzünü görməmişik. Kəndçi qızlarda var axı: özgələrin çuğuluna inanar, bu yazığı sınağa çəkər, sonra da dədəsi verər (guya ha!) zornan gedər, hələ bir qarnı da dombalar... ... əl-əlbət Füzuliyə çatacaqdı. Biz belə bilirdik.

Zalımın gözləri güləndə dərddən gülürdü. İçəndə keflənmirdi, susub dururdu. Düz iki il gözlədi (ondan da qabaq nəqədə...). Qızın nazına dözdü. Nərimana qalsa, Füzulini ona görə ötə bilmədi ki... istədiyinə çatdı!

Mənim küsüm yalan olmuşdu; illərdən sonra yola gələn sevgilisinə qovuşmaqçün bizi tərk edən şairi Nəriman bağışlamırdı, sonuncu günlər hər addımbaşı onu sancırdı. İçi xıltdı . Şair susurdu. Bizi atıb qızı tutduğuna görə cığallıq eliyirdik (Guya bizi alasıdı!). Hamımız bilirdik ki, bir yaxşı gün bu zirzəmidən çıxıb gedəcək, bir kişinin qızına evlənəcəydik. İndi neynəsin, şair qabağa düşdü...

Sonuncu günXallı Kitabənin üstünə bir şer yazıbmış:

 

Sağım divar, solum divar,

Önüm divar, arxam divar;

Yıxır məni bu divarlar,

Sıxır məni bu divarlar,

Səhər axşam hey o ki var...

 

Köçəndə ortası düyməli kepkası başındaydı. Bilirdi, Nərimanın belə kepkalardan zəhləsi gedir. Nəriman kepkanın düyməsini barmaqlarının arasına alıb şairin başından çıxardı, dazlanan gicgahından öpdü, keçəl yerinə ərkyana bir çırtma da vurdu, qucaqlaşıb bir azca belə qaldılar. Şair kepkasını çıxarıb Nərimanın başına qoydu, sonra da qəfildən kepkanı qapıb Küləkli Küçənin görünməzliyinə tərəf fırıldatdı...

 

***

... tində gözdən itdi. Nəriman ta ona müqəddəs adam kimi baxmırdı, iki gün qabaq üzünə dedi. Şair susdu. Eləcə qucaqlaşdılar, ayrıldılar. Mən xeyli yüngülləşdim...

 

 

Cuallı gündəliyin üstündəki məktub

 

... İllər keçəcək, əziz dostum, Sən yenə, o küylü günlərin səsindən qulağının ürəyinin yollarını tutacaqsan. “Hökumət Evinin həmişəyaşıl həndəvərindən - peraşki kağızlarının qalaqlandığı pambıqyağı qoxusunun küləklərə qovuşub şəhərə, bir dənizə çəkildiyi bulvara yaxın, isticə, işıqlı, komfortlu, daim fransız parfumunun qoxusu gələn bir mənzilə dürtülmək istədiyindən utanacaqsanmı? Fransız parfumunun ətrini istəyirdin... Alınmadı. Sonra da camaat özgə istəkdə olanda sən varlı qadın qoynu, isti yataq istədin məni atıb getdin.

...gündəliyimdəki taleyüklü sualların səni müdam rahatsız edəcəyindən əminəm. Ancaq əndişələnməzsən! Sən heç zaman, heç nəyə, heç kimə qoşulmayacaqsan. Görürsən, mən əksinə, yaşıl qələmlə yazdığım gündəliyi səndən savayı heç kəsə etibar etmədim... (mən həm beləymişəm...) Mən danışanda, heç kəsin nitqini dinləmədiyin qədər mənim məntiqimə gəldiyim fəlsəfi nəticələrə diqqətlə qulaq verir, sonra da deyirdin ki, sən dahisən, ancaq sənin kimi adamların axırı olmur. Deyirdin, sənin kimilər adamları yerindən tərpədir, heç bir etiket gözləmədən isti yatağa soyuq su atır, qıraqda

isə suları bulandırır, axarı səmtləndirmək istəyir beləliklə dünya dərk olunmaq məqamına gələndə bulanır, bataqlıqlar yaranır. Dünya, deyirdin, heç zaman durula bilmir...

Səni meydandakı adamların istədiyindən çox ətrafda

fırlanan avaraların (“dərvişlərin”— özün onlara belə deyirdin) “oçkariklərin, şotland şərfli kişilərin perajki kağızlarının sayı maraqlandırırdı.

Deyirdin, inqebator qurmaqçun sənə ən azı varlı qadın gərəkdi. Sonra dedin ki, bu kağızları, zirzibili, tullantını, qəzet makulaturasını bir yerə yığsan, nəsə bir zavod aça bilərsən, fəqət bununçün sənə varlı qadın qapını açan kimi fransız parfumunun qoxusundan boğulan isti otaq gərəkirdi ki, güc alasan...

Varlı qadın tapmaq da ən yekə suallardan biriydi. Bu, makulaturadan nəsə qayırmaq, inqebator açmaq kimi bir şeydi. Onunçün ən azı ağıllı oğlan olmaq gərəkdi...

 

***

Dərzi olmaq fikrin yaxşıdı, ol. Məsləhətimə qulaq assan itirməzsən: dərzilik bir şeydi ki, iynəni yaxana sancıb hər an, hər yerdən, hər kəsdən gedə bilərsən... Sənə yalvarıram, gündəliyimi qoru, çıxanda gərəyim olacaq. İşdə gizlət, dərzixananı yoxlamazlar. Özünü qoru, mənə baxma, işində ol, eləcə heç kəsə qoşulmasan yaxşıdı... bizimçün barometr ol, üzümüzü biganəliyin soyuqqanlığınla sillələ...

 

 

Xallı kitabə

 

... Otaq dar deyildi. Havasızıydı; Günəşli günlərdə bayırdan işıq süzülərdi. Heç zirzəmidən çıxma: havanın necəliyini Günəş işığıynan, külək səsiynən gətirirdi. Ən çətini narın yağmurlu, orta durumlu havanı bilməyiydi...

Hər iki küncdə krovat vardı, divarlar yaz yaşılı rəngindəydi, üstdəki evin taxta döşəməsi tavan əvəziydi. Yuxarıdakı cocuqların əhvalı o taxta döşəmənin dumbultusuynan bilinirdi...

...Xallı, yerlikli, qara qırmızı dairəli rənglər toplusundan ibarət örtük çoxdanın istehsalı deyildi. Nəm çəkəniydi, mürəkkəbi canına hopdururdu. Pozmaq istəyib sürtsən getmirdi, narıncı rəng alırdı. Kimin kefi gəldi, klyonka örtüyün üstünə öz cızma-qarasını atırmış; əcaib-qəraib işarələr vardı; bilinmirdi, kim, haçan cızıb bunları. Sözlər, tarixlər cızmaqaraların ətrafına yayılmışdı.

Ev sahibəsi donquldanırdı, klyonkanı dəyişməyə söz verdi; payıza qədər bir tələbə qız tapsa, məni buradan çıxaracağını dedi. Oğlanları görməyə gözü yoxuydu; hələlik yaz qurtarırdı, qan qaynayanda Küləkli Küçənin kirayənişinləri öz əyalətlərinə çəkilib gedirdilər.

Oralardan müharibə sədası gəlirdi. Haralardasa qanlar tökülmüşdü. Tək-tük şəhərə qayıdan kirayənişinlər vardı, kimsə yanında kimisə gətirirdi. Bizim sahibənin başı səs-küy götürmürdü. Hamısını qapıçölü elədi...

Xallı kitabənin üstündə tarixlər, hansısa baş hərflərin üstəgəli bəzən sevgi, bəzən intim söyüşlər bir aradaydı. Çoxlu qız adları, hansısa tarixçələri vurğulayan anlaşılmaz işarələr, kiminsə kimdən ayrıldığı, ya hansısa qızın birinci kərə öpüldüyü gün, saat, dəqiqə bunlara sözlə izahatlar yazılmışdı.

Sağda, ən çox yer tutan, sonra pozulmağa cəhd göstərilsə , didimlənən yerə iri bir yazı həkk olunmuşdu:

 

Duyğularım dəlik-deşik...

Belə bir mahnı var...

...bum-buz, zərərsiz, suçsuz bir şey olmaq istəyindəsən. Duyğuların dəlik-deşikdi... o dəlik-deşikdən istilik yağır... soyuqdan büzüşür duyğuların itib-gedir.

İstidən duyğulanma, bacarırsansa, soyuqdan duyğulan...

İmza:ÖZG

08.08.88

 

***

Ev sahibəsi məndən əvvəlkilərin zatını söyə-söyə örtüyü təzələdi; örtüyün üstündə divarların rənginə düşən yaşılı kvadratlar vardı. Şərt qoydu: yanıma müharibə tərəfdən olan gəlməsin. Yox, heç kəs gəlməsin. Pilləkəndən qayıdıb belə dedi...

 

 

Balıqlar ölən dənizli şəhər

 

Yarıqaranlığın dərdi böyükdü, nisgili çoxdu ...” Ya da, belə bir sözü vardı: “Qoca da, cavan da, Günəşdən gizlənən yarasalar da yarıqaranlıqdan keçirlər indi...”

Bir nisgilli, müdam fikirli dostum deyərdi, öldü. Bu sözləri ən siftə axşamçağıPərvanədükanından üzü dənizə düşəndə demişdi. Əvvəlcə öz-özünə danışa-danışa, sonra da az qala bərkdən, Qoşa Qala qapılarının yanından keçib dənizə düşəndə, təkrarlayırdı. Belədə susqunuydu, kimsəsiz yaşamağı sevirdi. O deyirdi ki, bütün işıqlar qaranlıqlar mütləq yarıqaranlıqdan - ağla qaranın arasındakı o rəngdən keçir. Bax, bu an - ruhların rəngidi...

Zirzəmisində kefi çəkən qədər yarıqaranlıq vardı. Saatlarla yastığı başına sıxıb uzanırdı. Yarıqaranlıq itən kimi Yasamaldan dənizəcən piyada enirdi. Bulvara gedən 5 nömrəli avtobusun salonunda yazılırdı: “Ən yaxşı nəzarətçi Sizin vicdanınızdır”. Ona qalsa, dənizin qoxusuna tərəf addım-addım getməyin ləzzətini heç verməzdi. Məni özüynən aparırdı...

O, vicdanlı parasız yaşamağı sevirdi. Bunu bacarırdı da. Mənim kimi dostlar onunçun pulu harda, nətəhər xərclədi, vecinə deyildi; əl cibə salmaq gərəkəndə özünü bilməməzliyə vururdu, amma hamımız onunçun xərcləyirdik, buna görə minnət qoyammazdın. Nəsə, elə alınırdı ki, sadəcə onun yanında olmaq, ağayana söhbətlərindən dadmaq hər şeyə dəyərdi. Güclüydü, hər əməldən çıxmışdı.

Yaşadığımız şəhərin (Bakını deyir!) Tanrıdan tən bölündüyünü, Dünyanın göbəyində durduğunu deyirdi. yarıqaranlıq bir xəttin onun zirzəmisindən keçdiyini iddia etməyindəydi. Bircə bu şəhər barədə mübahisəyə girişərdi. Deyirdi: “Mən damarlarımda hər an, hər saat bunu duyuram: dünyanı iki qütbə bölən həmən bu düz xəttin lap içindəcə qərar tutmuşam! Deməli, rəngim buduyarıqaranlıq!”

Avtobusda, metroda getmirdi, şəhərin sərnişinləri yarıqaranlıq külək sayaq ötərgidilər, deyirdi.

5 nömrəli avtobusun arxa qapısından düşüb qaçanların sırası artırdı: qoca da vardı, qucaqda əmzik əmən ... Bir dəfə öz gözlərimizlə gördük, 2-3 yaşında olardı - diribaş bir uşaq əmzik sora-sora avtobusun oturacağındakı azca didilib pırtlamış yumşaqmaçalka acı bağırsaq kimi dartıb tökürdü anası da qırağa baxırdı, fikirdəydi. O vaxt uşağa baxıb susurdu. Sonradan heç danışmırdı, şər qarışanda üzü dənizə piyada yellənir təkrarlayırdı:

Balıqlar ölən dənizli şəhər, Sənin rəngin yarıqaranlıqdı...”

 

***

...işıq qıtlığı başladı bulvarda bütün  işıqlar söndü, liftlərdə bütün lampalar oğurlandı, şəhər fənərləri günbəgün, dalbadal ovulub asfalta töküldü. Metroda, avtobusda, küçədə adamın ayağını tapdalayanda üzr-zad istəmədilər. Buxtada nöyütlü suların üstünə bir az əvvəllərdən balıq cəsədləri çıxmağa başlamışdı...

O da öz-özünə, şəhərdən küsüb müharibəyə getdi. Mən ona deyə bilmədim getmə. Görmədim...

 

 

Əfqan nağılı

 

KinoteatrlardaRembogedirdi. Qız ağılnansa müsahibə üçün kontuziyalıəfqanın yanına getdi. Onu ürəyidolu adama oxşadıb: Küləkli Küçədə kirayənişin qızların çoxu onnan ötrü sino gedirmiş. Bir suyu Remboya oxşayırdı; qürurluydu, boynunda Kalaşnikov patronu asdırıb gəzirdi; sol qolu minaya düşmüşdü. Qara geyinirdi. Bu rəng kontuziyalıya yaraşırdı bəlkə qolsuz da, ayaqsız da qızlar ömürləri boyu onun qulluğunda durardılar.

Qız müsahibədən sonra deyirdi ki, buparabeyinin danışığı onu yaman tutub. Bütün günü ağlamsınırdı. Kontuziyalının əfqan nağılını lentə köçürmüşdü; səhərisi kontuziyalı zəng vurdu, müsahibə getsə, redaksiyanı partladar, dedi qızın özüylə danışmaqdan vaz keçdi, ismarladı ki, qız ona baş çəksin. Hərçənd qız Küləkli Küçədən keçəndə tez-tez onu tində görürmüş; kontuziyalı istəyirdi ki, qız özü onun yanına gəlsin...

Biz həmin günlər bir neçə dəfə yığışıb kontuziyalının səsinə qulaq asır, sonra da otaqlarımıza çəkilirdik.

“- ...O Rembo mənim avtomatıma gəlseydi, indi kinolarda da görünməzdi... bizim qızların xoşuna gələn onun muskullarıdı... mənnən yazmağa gəlmisiz? Mən geroy-zad deyiləm; gedin, Yaşardan yazın, bir sürübasmaçqırıb, o dünyada rahatlanıb özüyçün. Küçə aldılar adına...

Bu Əfqanıstan söhbətini ana-bacı namusuna tay eləmişdilər... “Planbilirsənmi, nədi? Döyüşdən qabaq tiryək çəkirdik, iynə vururduq... Bir tərəfdən isti: sarışınlar qırmızıya çalırdı, qaraşınlar mazuta dönmüşdü... Sən elə bilirsən, gələn tabutların hamısında cəsəd olurdu? Daş da yığırdılar! Generalların tiryəki keçirdi...

Bizim Xan Qərvənd irilikdə bir kəndi tutduq. Videonun-zadın təzə vaxtıydı; zabitlərtrafeyayığırdı... kənd camaatı da uşaqlı-böyüklü gözləyirdi; biz lap oUzaq sahillərdəki kimi camaatı almışdıq araya...

...Hazırladılar bizi; qırmalıydıq! Dəstədən biri duyuq  düşdü - oğlan... bir qəşəng qıznan... Gədə qızın əlindən tutub mənə tərəf çəkdi. Qız da elə hikkəliydi... Dodağaltı məni söyürdü, başa düşürdüm , yenə baxma, müsəlman dilidi, qanırdım. Oğlan diz çökdü, yalvardı - əliynən məni başa saldı ki, təzə nişanlanmışıq, bilim, ya da evləniblərmiş. Şəhadət barmaqlarını bir-birinə yapışdırmağından bildim ki, nəsə birləşiblər... Qız da dartınırdı, çırpınırdı ki, mənə yalvarmasın...

- Strelyat! — dedilər.

...oğlan sivişmək istəyəndə bu dəfə qız onu yerə mıxladı. Tətiyi çəkə bilmədim. Leytenant... tiryəkdən çəkib dozasını keçmişdi. Tapançasını çıxardıb, gicgahıma dirədi, molodoy vaxtımıydı. Qanunla o məni ata bilərdi! Atmadı... mən atdım... O qızın dikbaşlığı olmaseydi.

Hardandı, bizim qızlarda da bu qəribə ağlaşma... Bir şey deməmiş gözünüzün qorası ovcunuzun içindədi...”

Kontuziyalı bir neçə dəfə bizim qızın dalınca gəldi. Deyəsən, sonra o da onun yanına getmişdi, tənhalığından otağındakı səliqədən danışırdı, kontuziyalı da özünü çox yaxın tanış kimi aparırdı. Qız ondan qaçırdı, kontuziyalı gəlməkdən yorulmadı axırda oğlanlarımızdan birini sillələdi, qızı qəsdən gizlətdiyimizi söylədi...

... ta bir gəlmədi...

 

 

Nolsten beer

 

Elə bil burda yaşamaq üçün hər adamın mütləq bir tanışı olmalıdır

Sena Doqan

 

İçkisevər dostum pivə haqqında sicilləmə təriflərdən sonra fikrini belə bitirdi:

...Qısası, pivəni azadlıqsevər dəyərləndirə bilir...

Mən sonuncu cümlənin atıldığı qınağın ünvanı olduğumu anladım nədənsə susdum; özgə vaxt şitliyinə görə Şarlı (dostumun ləqəbiydi) bağışlamazdım. Bəlkə mənə pivə alacaqdı, nəfsimin qulu oldum. Həmin gün yağış gözlənilirdi, səmada buludlar gəzişir külək onları hərləyib harasa atmağa çalışırdı. Belə havalarda xəyalpərvərliyim lap yüzə qalxır: Şarl azadlıqsevmək barədə çərənləyəndə əzgin xəyalımda çalxalanan milyonluq meydan hər kəsin əlində litrlik pivə bakalları görürdüm!

Zavokzalnıdakı yerlikli, yaşıl kantları olan təptəzə kafenin qarşısında dayanmalı pivə haqqında Şarlın çıxışına ona görə son verməli olduq ki, “Nolsten beer”in bəzəkli qapısından, bir türk şaurmasının yanından sadəcə, çənəyə güc verib ötə bilmədik...

Məncə, şaurmaçı Türkiyə türkü, nəzarətçi dağ yəhudisi, kassir rus qızı, xidmətçi susqun bir qərə hind, ya da ərəbin birisiydi...

 

***

Şarl o hinddən, (yaxud ərəbdən), türkcə soruşdu:

- Əfəndim, saat kaç?

- ?

- Deyirəm saat neçədi, qaqaş?

- A Cabbar, saat neçədi?

Cabbar (Türkiyə türkü bildiyim) kefindən:

- Saat bircə dənədi, aya?

- Allahıa qurvan olum, zarafat elləmirəm, neçədi?

Ərəbəoxşarın sorğusundakı doğma ləhcə növbəti qurtumu Şarlın boğazında qoydu.

Bu səs zavallıya Polşada keçən acı günlərindən birini xatırladıb; Krakovda alverdə olanda kafelərin birində qəribçilikdən aclıqdan az qala uşaq kimi ağlayırmış... Burdan apardığı rus arağını Krakov bazarında satıb, alver pulunu qumara uduzub, axır bir kafedə ərəb bildiyi şaurmaçıdan müsəlmançılıq adıynan bir qarın çörək diləyib.

Bu da kim ola, yeznənin qardaşı oğlu...

MənNolsten beer”dən azca kefləndim. Şarl üstündən araq da içdi həmin gün doyunca ağladı; evə gələndə balalarına arvadına cumdu, külfətini qollarının arasına sıxıb quzu kimi yaladı. Əməlli-başlı yaladı...

 

1988-1993

 

Hosted by uCoz