Ələkbər Ziyatay

(1913-1981)

ŞE’R, NƏĞMƏ, QƏZƏL


Copyright - Ələkbər Ziyatay





Düşüncə yarpaqları


Gün, uca göylərdən uca tutulmaz,

Yerdən əsirgəsə hərarətini.

Ay, zülmət gecəni aydınlatmasa,

Kölgədə gizlədər ay sifətini.


İnsan bu dünyaya sahib olalı,

Gözəllik olmuşdur fikri, xəyalı.

Gözəl - gözəl deyil əqli, kəmalı,

Qoruya bilməsə ləyaqətini.


Nəğmə deyə-deyə axır gur sular,

Nəğməylə səyirdir atını ruzgar.

Nəğmə nəğmə deyil açmasa, dostlar,

Varlığın rəngarəng şe’riyyətini.


Kim öz sənətini sevməsə candan,

Xariqə gözləmə heç zaman ondan.

Mö’cüzə yarada bilərmi insan,

Alovdan biçməsə məhəbbətini?!


Çinar boy atmasa - çinar sayılmaz.

Fənər nur saçmasa - fənər sayılmaz.

Hünər də heç zaman hünər sayılmaz,

Xalqın ucaltmasa şan-şöhrətini.


Doğma dilim


Doğma dilim, sən ki, varsan dünyada,

Mən də varam söyləməyə haqlıyam.

Dost dillərə min hörmətim olsa da,

öz dilimə - min könüldən bağlıyam!


Qürbətdə də eşidəndə bu dili,

Hiss edirəm özümü öz elimdə.

Mahnıları uzaq-yaxın ellərin,

Doğmalaşır səsləndikcə dilimdə.


Bu doğma dil ürəyi gen xalqımın,

Kainata baxışıdır, sözüdür.

Bir can desən – min can deyən xalqımın,

Ruhundakı incəliyin özüdür.


Müqəddəsdir bu dilin hər kəlməsi!

Öz dilidir çünki, ulu Qorqudun.

Hər sözündə bir ozanın nəfəsi,

Hər sözündə dağ gücü var Fərhadın.


Çöllərimdə əsən mehin, küləyin,

Elə bil ki, sədasıdır bu sözlər.

Dağlarımda bitən gülün, çiçəyin,

Sanki nazı, ədasıdır bu sözlər.


Şəlaləmin, iti axan çayımın,

Hay səsidir, qıy səsidir bu sözlər.

Sevincimin, kədərimin, toyumun,

Saz səsidir, ney səsidir bu sözlər.


“Mən insanam, Allah mənəm” söyləyən,

Nəsiminin gür səsi var bu dildə.

Neçə taxtı yerlə yeksan eyləyən,

Koroğlunun “vur” səsi var bu dildə.


Sevsəm əgər anam sevən dili mən,

Üzeyirlər bəstələyər laylamı.

Xalqımızı azadlığa səsləyən,

Nərimanın gülər arzu-məramı.


Dönük çıxsam məsləkinə, dilinə,

Torpaq altda rahat yatmaz əcdadım.

Düşsəm əgər bu nankorluq yoluna,

Tarix boyu qınar məni övladım..


Doğma dilim, sən ki varsan dünyada,

Mən də varam söyləməyə haqlıyam.

Dost dillərə - min hörmətim olsa da,

öz dilimə - min könüldən bağlıyam!


Özümün olsun


Yüz cür bar götürsə yad öz bağından,

Könül zərrə qədər pay ummaz ondan.

Təki öz qapımda əkdiyim fidan,

Yetirdiyi nübar - özümün olsun.


Vardır bu dünyada elə bucaqlar,

Hər ötən yolçunu yolundan saxlar.

Cənnət olmasa da, bu doğma dağlar,

Bu geniş obalar - özümün olsun.


Çox nəhəng bəstəkar yetirmiş zaman,

Pərəstiş etsəm də onlara hər an,

Dilərəm yurdumda hər saz, hər kaman,

Çaldığı havalar - özümün olsun.


Gözüm yox özgələr yaratdığında,

Hər quş bir cür ötür öz budağında,

Sənət sarayının, söz otağında,

Qoyduğüm yadigar - özümün olsun.



Onunçün səngəri etdim ki, məskən,

Nə dosta, nə yada əl açmayım mən.

Sadə geyinsə də yar özgələrdən,

Geyindiyi paltar - özümün olsun.


Qanlı köynəyimi etdim ki bayraq,

Düşmən bu torpağa basmasın ayaq.

Ölərsəm – cismimi qucsun bu torpaq.

Sığındığım məzar - özümün olsun.


Xəzər sahilində


Doymaqmı olur ilk baharın xoş havasından!

Gəzdirmədəyəm könlümü sahildə bu gün də.

Olsun deyə agah başımın macərasından,

Ruzgarlar ötür saçlarımın gah arasından.


Gənclər gəzişir sahili şən qəhqəhələrlə,

Qibtəylə baxır onlara ulduzlar uzaqdan.

Aydan süzülən şö’lə qarışmış ləpələrlə,

Nadinc ləpələr nəisə danışmaqda qəmərlə.


Çılpaq təpələr qoynuna sinmiş Baku gurlar,

Əfsanəvi bir qəhrəmanın qəlbi var onda.

Əngin şəhərin hüsnünü artırmada nurlar,

Milyon gözü əngin şəhərin yanmada par-par.


Tez-tez uçaraq boşluğa ağ rəngli zolaqlar,

Od yurduna çəkməkdə keşik göylər üzündə.

Top-top buluda baş vuraraq hər yanı yoxlar,

seyrək dumanın, mavi göyün bağrını oxlar.


Sakit gecəyə canlı bir aləm calanırdı.

Hər qəlbə ipəkdən qanad asmışdı o axşam.

Hər şey Xəzərin qəlbi kimi dalğalanırdı,

Tək Qız qalası köhnə bir əyyamı anırdı...


Mənimləsən


O vaxtkı görkəminlə,

Mənimləsən sən yenə,

İlham olub gəlirsən,

Şe’rimin hər bəndinə.


Qüssələnəndə könlüm,

Fərəh kimi gəlirsən.

Qaralanda gözlərim,

Çıraq kimi gəlirsən.


Ömrümün baharından,

Çox bahar ötdü, keçdi.

Xəyalımda onların,

İzləri itdi getdi.


Həyatımın, ömrümün,

Xatirə dəftərindən,

Silinməyən, itməyən,

Bircə sənsən, bircə sən...


Ney və qamış


Yenə şadlıq yağırdı,

Neyin şaqraq səsindən.

İlham almışdı sanki,

Baharın gəlməsindən.

Elə bil, ney deyildi,

Dağa-daşa səs salan,

ötürdü dağ da, daş da,

o neylə bir ağızdan.

Elə bil şeyda bülbül,

cəh-cəh vururdu bağda.

Yenə nəğmə qoşurdu

Gül haqda, gülşən haqda.

Elə bil, neylə birgə,

Külək də səslənirdi.

Küləkdən rəqsə gəlmiş,

Çiçək də səslənirdi.

Elə bil, çeşmə-çeşmə,

Sular şırıldayırdı.

Suyun büllur səsini,

Ney hər yana yayırdı.

Elə bil, yüz sinənin,

sözü vardı bu neydə.

Kama yetmiş yüz eşqin,

Özü vardı bu neydə.


Axan suyun yanında,

Bitən bir qamış

dedi: -Nə hay salıbsan,

A bağrı yanmış!

Yadındamı, bir zaman,

Burda biz qoşa,

Həftələri, ayları

Vurardıq başa.

Bir gün baxıb qəddinə,

Zalım bir çoban,

Dedi: “Əcəb ney çıxar,

Bax bu qamışdan”.

Sonra iti bıçaqla

O səni kəsdi.

Nə ürəyi titrədi,

nə əli əsdi.

Dost-aşnadan, həyatdan

əlin üzüldü,

köksün üstə, yan-yana

millər düzüldü.

Bağrına dağ çəkildi,

Yanıb-qaraldın.

Səni çalan o əldən,

yaralar aldın.

Bu çəkilməz dərdləri,

Unudub bütün,

Hələ bir toy-büsat da,

Qurursan bu gün.

Fəqət, mənə dəyməyib,

İnsanın əli.

Əyibsə də - qırmayıb,

Tufanın yeli.

Pay almışam həyatın,

Hər ne’mətindən.

Uzağam insanların

əziyyətindən.

Burdaca - ələdən uzaq,

Ayaqdan uzaq,

ömrüm-günüm qayğısız,

başa çatır, bax...


Ney qamışın sözlərini

Dinləyib tamam,

Dedi: - ömrü verdimsə də

O vaxtı nakam,

Məni çalan bu əllərlə

Yenə dirildim,

Min nəğməli bir ney olub,

Dünyaya gəldim.

Həyatımın başqa səmtə

döndü məxvəri,

Sinəm insan nəfəsilə

Dolandan bəri,

Soyuqqanlı baxammadım

Payıza, yaza.

Doğma yurdun ürəyindən

Qopan avaza.

Vəcdə gəldim

Təbiətin gözəlliyindən,

İnsandakı məhəbbətin

Gözəlliyindən.

Tərənnümə sövq elədi,

Düz ilqar məni.

Mərdlik məni, dostluq məni,

E’tibar məni.

Lakin əhdi unudanda

Sevilən, sevən,
dostlar dönüb bir-birinə

olanda düşmən,

Ya ki, bir qəm üz verəndə

Elə, mahala,

Mən də, mən də

Qərq olaraq

dərdə, məlala,

Söhbət açdım

Ürəklərin çəkdiyi qəmdən.

Haqsızlığa nifrin yağdı

Nəğmələrimdən.

Boya-başa yetirdisə

Səni bu torpaq,

Onun bircə dərdinə də

olmadın ortaq.

Sevinmədin nə bir kəsin

Səadətindən,

Nə bir kəsin qəmlənmədin  

fəlakətindən.

Bu çöllərdə insanların

Gözündən uzaq,

Zəhmətindən, söhbətindən,

Sözündən uzaq,

Səssiz həyat sürməyinlə

Qürrələnmə, sus!

Min il belə yaşasan da,

ölüsən, əfsus!


Onda qoca bil məni


Gəncliyin bəxş etdiyi

Qıvraqlığı, cəldliyi,

Hər gün azalan görüb –

Qoca bilmə sən məni.


Qanımda coşqunluğu,

Canımda coşqunluğu,

Qəlbimdə hərarəti,

rəngimdə təravəti,

hər gün azalan görüb –

qoca bilmə sən məni.


Elə ki, bülbül səsi,

Baharın təravəti,

Dalğaların nə’rəsi,

Torpağın hərarəti,

Tərpətmədi ruhumu –

Onda qoca bil məni.


Könlümü cavanlığın

Şövqündən uzaq görüb,

əyləncəsindən uzaq,

zövqündən uzaq görüb –

qoca bilmə sən məni.


Elə ki, yar-yoldaşın,

Elin, qohum-qardaşın

Sevincilə sevinib,

Qəmilə qəmlənmədim –

Onda qoca bil məni.


Görsən gözümdə gözlük,

əlimdəsə əsa var,

çin-çin qırışmış alnım,

saçlarıma yağıb qar –

qoca bilmə sən məni.


O zaman ki, sabahı

Görməyə can atmadım,

Onun məhəbbətilə

qurmadım, yaratmadım –

onda qoca bil məni.

Ey həyat! Son mənzilə

Onda yola sal məni.


Narazılıq etmədən,

Sözlərimi qoyub mən

Burda yadigar kimi,

Gedərəm hara desən,

Gedərəm səsli-küylü

Ziyafət məclisindən,

Yorularaq yatmağa

gedən adamlar kimi..


Məhəbbət mahnısı


Eşqin ilə, ey məhəbbət diyarı,

İstərəm ki, aşam qarlı dağları.

Dolaşaraq bağçaları, bağları,

Mahnı deyəm bülbülə mən, gülə mən.


İstərəm ki, qışdan, yazdan güc alam.

O günəşdən, o ulduzdan güc alam,

Dəli Kürdən, xan Arazdan güc alam,

Həyat verəm dağa, daşa, çölə mən.


Sevinc olub axam hər bir baxışa,

Loğman olub əlac edəm naxoşa,

Quraqlıqda dönəm gurşad yağışa,

Səpələnəm Muğana mən, Milə mən.


İstərəm ki, keçib dağdan, meşədən,

Gördüyümü ürəyimə nəqş edəm.

Ürəyimi sevgilimə bəxş edəm,

Həyatımı vətənə mən, elə mən.


Qəlbim gəl deyir


Gah yuxuma girir, gah xəyalıma,

Görmürəm oyaqkən yana halıma,

Qəhri çox, mehri az, şux maralıma,

Dilim get desə də, qəlbim gəl deyir.


Bir soyuq baxışdan küsüb gedənə,

Əksini ömrümdən asıb gedənə,

Əlini əlimdən üzüb gedənə,

Dilim get desə də, qəlbim gəl deyir.


Ay ötür, il ötür - ötmür bu sevda,

Qış bitir, yaz bitir – bitmir bu sevda.

Başımdan getmir ki, getmir bu sevda,

Dilim get desə də, qəlbim gəl deyir.


Eşqin, ey Ziyatay, min ədası var,

Bir vəslə yetməyin, min cəfası var.

Cəfa çəkdirsə də, mənə o dildar,

Dilim get desə də, qəlbim gəl deyir.


Nə deyim


Bir sözümdən inciyərək gedirsən...

Get, yaxşı yol! Əyləmirəm səni mən.

Amma bir de, ay əhdindən tez dönən,

Səni məndən soruşsalar – nə deyim?


Kölgəsində gəzdiyimiz ağaclar,

Döşündən gül yığdığımız yamaclar,

Bizi qoşa görən dostlar-tanışlar,

Səni məndən soruşsalar – nə deyim?!


Dənizdə


Gün batır hər axşam batdığı yerdə.

Üz-üzə, göz-gözə əyləşərək biz,

açmışıq yelkəni göy ləpələrdə,

Gah sular səslənir, gah da qəlbimiz.


Az keçir, al şəfəq yox olub gedir.

Ay gəzir indi də gün gəzən yeri.

Parlayır göylərin ulduzu bir-bir,

Soyudur hər nə var axşamın yeli.


Soyuyur gözləri sayrışan səma,

Soyuyur gümüşü rəng alan dəniz.

Soyumaq bilməyir nədənsə amma,

Tək bizim eşqimiz, bizim qəlbimiz.


Küsmüşəm, barışmaram


Yar, sənin “yox” sözündən,

Küsmüşəm, barışmaram.

İşvəsi çox sözündən,

küsmüşəm, barışmaram.


O can yaxan nazından,

Yaxıb-yıxan nazından,

Yıxıb – baxan nazından,

Küsmüşəm, barışmaram.


İstər ovundur məni,

Güldür, uğundur məni,

Ya ki, sevindir məni –

Küsmüşəm, barışmaram.


Ey Ziyatay, hər şeyə

Başlama söylənməyə.

Vay o gündən yar deyə -

Küsmüşəm, barışmaram!



Sona keçdi


Nanəli dağ döşündən,

Süzdü, bir sona keçdi.

Əynində güllü məxmər,

Başında çuna keçdi.


Bənzətdim qızılgülə,

O baxdı gülə-gülə,

Gülüşü qəlbdən-dilə,

Baxışı cana keçdi.


Dedim, gəl, ey gözəl qız,

Qovuşsun qoy baxtımız.

Yox, deyib, o qayğısız,

Buruldu, yana keçdi...


Məni


Geymişdi çöllər əlvan,

Çiçəkdi, güldü hər yan.

Bir qara xallı ceyran,

Çəməndə gördü məni.


Könlüm ki, ah-zar etdi,
Eşqimi aşkar etdi,

O bərkdən güldü getdi,
Od-alov aldı məni.


Bilirəm, yana-yana

Çatacaq ömrüm sona.

Yanmaqçün eşq oduna,

Doğmuş od yurdu məni.


Göy-Göl


Nizamilə bir zamandan,

Adın düşüb dilə, Göy-Göl!

Aşıqlar söz açıb səndən,

Mizrab vurub telə, Göy-Göl!


Ellər sənə mehman olur,

Camalına heyran olur,

Gah üstündə duman olur,

Bürünürsən tülə, Göy-Göl!


Xan Xəzərdən, güc alırsan,

Gündən, aydan tac alırsan,

Kim deyir ki, qocalırsan?

Çox cavansan hələ, Göy-Göl!


Bu meşələr, dağ-dərələr,

Xəstələrə məlhəm eylər.

Səndəki bu mənzərələr,

Yaraşıqdır elə, Göy-Göl!


Mən getsəm də hansı yana,

Yüz-yüz bağa, gülüstana,
könül istər qanadlana,

Düz yanına uça, Göy-Göl!


Nizami


Dövrün gərdişindən gileyli, küskün,

Nurani bir sifət, mə’nalı gözlər...

Bu üzdə izi var bir təmiz eşqin,

Bü çöhrə sirr dolu göylərə bənzər.

Duysam da ondakı böyük mə’nanı,

İfadə etməyə qüdrətim hanı.

Budur, ağ həsirli bir otaqçaya,

Sığınmış görürəm bir asimanı.


Dizinin üstünə əyilib başı,

Keçir xəyalından min xərabə kənd.

İnləyir vətənin torpağı, daşı,

Ellərin üzündən dərd tökülür, dərd...

Elə bil, kainat geyinib qara,

Şairin könlündə açıb min yara,

Zülmün törətdiyi müsibətləri,

O açıb göstərir zülmkarlara.


Yanır səs-səmirsiz, odsuz, alovsuz,

Nə rahat günü var, nə də axşamı.

Sönsə də evdə şam, göydə ay, ulduz,

Sönmür gizli yanan qəlbinin şamı.

Həqiqət seçməyə əfsanələrdən,

Dərin tarixlərə baş vurub hərdən,

Dastanlar yaradır, dünyalar açır,

Eldən, ədalətdən, gücdən, hünərdən...


Ömrün sərt yazısı alnında çin-çin,

O nurani sifət, o sirrli gözlər,

Sanki əsrlərə söyləyir: “Keçin!

Uzaq bir gələcək yolumu gözlər.

Əsrim öz dilimi aldısa məndən,

Ayıra bilmədi ruhu bədəndən;

Adımı hər yandan axtarsanız da,

Qəlbimi axtarın doğma vətəndən”.


Bahar nəğməsi


Ey gül baxçasında, gül dərən gözəl,

Dərdiyin gülləri say, gülə-gülə.

Şe’rimin pərisi bəzənmək istər,

Göndər hər çiçəkdən pay, gülə-gülə.


Qalın yorğanını atıb yataqdan,

Qış səssiz-səmirsiz çıxdı otaqdan.

Nazlana-nazlana gəlir qabaqdan,

Ağ örpək içində yaz, gülə-gülə.


Gəlir yudumuzun gözəl baharı,

Bəzəyir əliylə min çəmənzarı.

Vətən oğulları, vətən qızları,

Verir bir-birinə hay, gülə-gülə.


Gəl, biz də əl-ələ yollanaq düzə,

Dolsun yaz nəfəsi nəfəsimizə.

Ən xoş günlərini bəxş etsin bizə,

Bahar gülə-gülə, yaz gülə-gülə.


Gəl, başım üstündə günəş olub, yan,

Xəyalım ay kimi nur alsın ondan.

Bəzəsin baharla yurdumu hər an,

Günəş gülə-gülə, ay gülə-gülə.


Necə sevməyim


Sevdası könlümü ovlayan gözəl,

O xətti-xalını necə sevməyim?!

Sən təki yaz gülü, çəmən çiçəyi,

Dağlar maralını necə sevməyim?!


Sən ey eşqi ilə qanad açdığım,

Yoluna ətirli güllər saçdığım,

Sən ey hicranına nəğmə qoşduğum,

Şirin vüsalını necə sevməyim?!


Bə’zən qəlbimdəki qanı donduran,

Bə’zən varlığımı yaxıb-yandıran,

Bə’zən yollarmı işıqlandıran,

Günəş camalını necə sevməyim?!


Bir cavab gözlərkən mən yana-yana,

Gəl keçmə qarşımdan hey saymazyana.

Bu dünya bir yana, sənsə bir yana,

Dərya kamalını necə sevməyim?!


Məhəbbət olmasa, coşarmı neylər?!

Sevgi viran qəlbi gülüstan eylər.

Ziyatay dilbilməz dildarı neylər,

Bu əhli-halını necə sevməyim?!


Sevməzdi qəlbim


Sevgilim, bəlkə də sən olmasaydın,

Dünyanı bu qədər sevməzdi qəlbim.

Ətri ətrin kimi şux bənövşəni,

reyhanı bu qədər sevməzdi qəlbim.


Bulud zülfün kimi sıx-sıx axmasa,

Günəş hüsnün kimi canlar yaxmasa,

Ay da gözün kimi süzgün baxmasa,

Səmanı bu qədər sevməzdi qəlbim.


Görməmiş olsaydı gözlərim səni,

Belə açılmazdı ömrün yelkəni.

Hər gələn baharı, dağı, çəməni,

Səhranı bu qədər sevməzdi qəlbim.


Açmasan ömrümdə qızılgül təki,

İtərdi dünyanın min cürə rəngi.

Həyatı bəzəyən gözəllikləri,

Mə’nanı bu qədər sevməzdi qəlbim.


Vəsf et, ey Ziyatay, pak məhəbbəti!

Odur ömrə verən yaz təravəti.

Onsuz bu varlığı, şe’ri, sənəti,

İnsanı bu qədər sevməzdi qəlbim.


Gəl demə ki...


Gəl demə ki, çöllər geyib al-yaşıl,

Gəl demə ki, çəmən seyri qəlb açır,

Qəlbim deyir, bir gül olub sən açıl,

Gülüstanda güllər açmır – açmasın!


Qəlbim deyir, gül, can alsın gülüşün,

Gah alçalıb, gah ucalsın gülüşün,

Quşlar kimi qanad açsın gülüşün,

Qanadlanıb quşlar uçmur – uçmasın!


Ömrün yazı aşıb-daşsın səsində,

Eşqin sözü aşıb-daşsın səsində,

Gənclik özü aşıb-daşsın səsində,

Sellər, sular aşıb-daşmır – daşmasın!


Gah qəlbimi çəksin dara gözlərin,

Gah dərdimə etsin çarə gözlərin,

Nuru bəsdir mənə qara gözlərin,

Öz nurunu günəş saçmır – saçmasın!


Yox! Ovutmaz sünbül, süsən könlümü,

Xəyalınla sərxoş gəzən könlümü,

Xoşhal edən bircə sənsən könlümü,

Çəmən-çiçək yada düşmür – düşməsin!



Elə Baxma


Baxışın, gülüşün, sözün, söhbətin,

Deyir ki, əlini üzmə vüsaldan.

Amma bilmirəm ki, nədir niyyətin,

Qəlbimi açmağa vermirsən aman.


Tək görə bilmirəm mən səni bir dəm,

Sinəmdə sözlərim dönübdür dağa.

Məktub yazmağa da cür’ət etmirəm,

Qorxuram, eşqimi qoyasan lağa.


Nə məndə səbr var, nə səndə insaf!

Yandırıb, qəlbimi odlara yaxma!

Sevirsən – sevgimə cavab ver, cavab!

Sevmirsən – üzümə gəl elə baxma!


Bakı gecələri


Aylı gecə..doğma şəhər...

ətrafına sal bir nəzər.

Yollarını nurla bəzər,

Bizim Bakı gecələri.


Əsər külək sərin-sərin,

Qucağından göy Xəzərin,

Gözəlidir gözəllərin,

Bizim Bakı gecələri.


Bə’zən sakit axarlıdır,

Bə’zən toylu-büsatlıdır.

Göy-göyərçin qanadlıdır,

Bizim Bakı gecələri.


Xoş ətirli yaza bənzər,

Yüz nəğməli saza bənzər,

Qaragözlü qıza bənzər,

Bizim Bakı gecələri.


Bə’zən sakit axarlıdır,

Bə’zən toylu-büsatlıdır,

Göy-göyərçin qanadlıdır,

Bizim Bakı gecələri...


Azərbaycanım mənim


Bəxtimin günəşidir,

Bəxtimə doğan günəş.

Qəlbimin atəşidir,

Qəlbimdən axan atəş.


Güllər-çiçəklər açır,

Qoynunda saf niyyətin.

Sənin səadətindən,

Yaranmış səadətim.


Fəxrim, eşqim, həyatım,

Şöhrətim, şanım mənim!

Sənsiz anılmaz adım,

Azərbaycanım mənim!


Nəfəsim səhər mehin,

Nəğməmdir küləklərin.

Şe’rimin bəndləridir,

Qanadlı diləklərin.


Köksündür seyrangahı

Fikrimin, xəyalımın.

Tutduğun dostluq yolu,

Yoludur iqbalımın.


Fəxrim, eşqim, həyatım,

Şöhrətim, şanım mənim.

Sənsiz anılmaz adım,

Azərbaycanım mənim!


Nə diləkdir, nə ürək


Aylı gecə...Sərin külək.. Göy çəmən...

Dörd yanımız ətir saçan yasəmən...

Ancaq məni heyrətlərə qərq edən,

Nə çəməndir, nə çiçəkdir –

Sənsən, sən!


Çiçəklərin yarpağında şeh gəzir,

Tellərində külək gəzir, meh gəzir,

Qəlbimi gah qul eyləyən, gah əsir,

Nə o şehdir, nə o mehdir –

Sənsən, sən!


Nəğmə deyir zümzüməli çay səsi,
Nəğmə deyir küləklərin nəfəsi,

Mənim sevgi taleyimin nəğməsi,

Nə o çaydır, nə küləkdir –

Sənsən, sən!


Bir ümidlə dövr eləyir bu cahan,

Bir diləyə qovuşmağa atır can.

Mənim həyat yollarıma nur saçan,

Nə ümiddir, nə diləkdir –

Sənsən, sən!


Bir söz axır dodağıma dilimdən,
canan deyib, can bilirəm səni mən,

Gecə-gündüz bu sinəmdə döyünən,

Nə könüldür, nə ürəkdir –

Sənsən, sən!


Səninləyəm


Sevimli yarım,

Əhdim, ilqarım,

Yetdim vüsala,

Yox intizarım.


Ey mənim qəlbim,

Ey mənim arzum,

Ey günəş nurlu,

Tale ulduzum.

Hər səhər-axşam,
Söhbətim-sözüm,

Səninləyəm mən,

Səninləyəm.


Əziz yarım,

Vəfadarım,

Eşqindir mənim,
Qanadlarım!


Vermiş məhəbbət

Qəlbimə qüvvət.

Məni həyata,

Səsləyən afət.


Ey mənim qəlbim,

Ey mənim arzum,

Ey günəş nurlu,

Tale ulduzum.

Hər səhər-axşam,
söhbətim-sözüm,

Səninləyəm mən,

Səninləyəm!


Əziz yarım.

Vəfadarım.

Eşqindir mənim

Qanadlarım!


Hirs gələr...Hirs gedər...


Özün getdin, intizarın qaldı, yar!

Məhəbbətin yoxsa gözə gəldi, yar?!

Tanışların bəlkə bizə gəldi, yar,

De nə deyim, məni sənsiz görəndə?


Deyimmi, yar əhdini,

andını pozdu getdi?

Əllərini əlimdən,

hirs ilə üzdü getdi?

Özün yaxşı bilirsən,

Sən ki, yaxşı bilirsən:

Hirs gələr - göz qızarar!

Hirs gedər – üz qızarar!


Evimizdən bir çıxardıq hər səhər,

Yadlar baxıb deyərdi: “Cüt bəxtəvər!”.

Eşqimizə o vaxt həsəd çəkənlər,

De, nə deyim məni sənsiz görəndə?!


Deyimmi, bir kəlməyə,

Bir eşqi verdi qurban.

Deyimmi öz əhdini,

Tapdadı hirslə canan?

Sən ki, yaxşı bilirsən,

Özün yaxşı bilirsən:

Hirs gələr – göz qızarar!

Hirs gedər – üz qızarar!


Bəs deyirdin ömürlükdür bu ilqar?!

Bəs deyirdin qırılmaz bu e’tibar?!

Bu sözlərə şahid olan qohumlar,

De, nə deyim, məni sənsiz görəndə?


Deyimmi, yar əhdini

Andını pozdu getdi?

Əllərini əlimdən,

Biryolluq üzdü getdi?

Sən ki, yaxşı bilirsən,

Quzum, yaxşı bilirsən:

Hirs gələr – göz qızarar,

Hirs gedər – üz qızarar.

Əhd edib, dönük çıxan,

Həyatda tez qızarar!


Dilim-dilim ol, dilim!


Gizlicə sevdiyim, o məğrur oğlan,

Axır öz eşqini eylədi e’lan.

Qəlbim sevinsə də, bu e’tirafdan,

Qoy  hələ yalvarsın, yalvarsın deyə:

Könlümü vermişəm,  - dedim - özgəyə.


Mənim bu sözlərimdən,

İncidi, küsdü getdi.

Gözucu baxdı, baxdı,

Qəlbimi üzdü getdi.


Dedim: şirin ol, dilim,

Bir az həlim ol, həlim.

Sən ki, incitdin yarı,

Dilim-dilim ol, dilim!


Rastlaşdıq, soruşdu: “Təksən? Yenə tək?

Sənsiz darıxmışam. Gəl bir az gəzək”.

Bu sözdən quş kimi çırpındı ürək,

Amma ki, qoy hələ yalvarsın deyə,

Dedim: “Nişanlıyam axı özgəyə”.


Mənim bu sözlərimdən,

İncidi, küsdü, getdi.

Gözucu baxdı, baxdı,

Qəlbimi üzdü getdi.


Dedim: şirin ol, dilim,

Bir az həlim ol, həlim.

Sən ki, incitdin yarı,

Dilim-dilim ol, dilim!


Getdi, qayıtmadı.. kəsildi çaram,

Sinəmdə qövr etdi gün-gündən yaram.

Evlərinə getdim ona yalvaram,  

Diz çökmək istədim, tutdu əlimdən –

Dedi: “Sevgilimi yalvartmaram mən!”


Qəlbimi bu sözüylə,

Yamanca kövrəltdi, yar.

Məndəki şıltaqlığı,

Bax belə tərgitdi, yar.


Dedim: şirin ol, dilim,

Bir az həlim ol, dilim.

Bir də küsdürsən yarı –

Dilim-dilim ol, dilim!


Bir xəbər ver, ey külək


Gəldi köçəri quşlar,

Gəlmədi sevgili yar.

Onsuz nə rahat gecəm,

Nə rahat gündüzüm var.

Açılır hərdən qapı,

Sanıram yardır gələn,

Görürəm otaqdakı,

Bir güləkdir, bir də mən.


Bəs hanı o tər çiçək?

Bir xəbər ver, ey külək?

Dözəmmir onsuz ürək,

Bir xəbər ver, ey külək!


Hərdən xoş bir hənirti,

Eşidirəm yaxından;

Yəqin odur, deyib mən,

Çıxıram otağımdan.

Görürəm səhər yeli,

Dolaşır bağça-bağı,

Xışıldadır astadan,

Hər gülü, hər yarpağı...


Bəs hanı o tər çiçək?

Bir xəbər ver, ey külək!

Dözəmmir onsuz ürək,

Bir xəbər ver, ey külək!


Mən rəssam olsam


Mən Bəhruz xəyallı bir rəssam olsam,

Göyərçin əlini çəkərdim sənin.

Alnının üstünə bulud tək enən,

O siyah telini çəkərdim sənin.


İlham pərisini çək desəydilər,

Zöhrə ulduzunu çək desəydilər,

Günəşin özünü çək desəydilər –

Günəş camalını çəkərdim sənin.


O cür rəssam olsam, ey Ziyatay, mən,

Gözümün önündən bir an getməyən,

Heyif ki, vəslinə əlim yetməyən,

Ürkək xəyalını çəkərdim sənin...


Olmalıydın – olmadın


Sən mənim ulduzlu dünyam olmalıydın – olmadın.

Sən mənim bir dünya sevdam olmalıydın – olmadın.


Mən sənin eşqinlə Məcnun tək gəzirkən çölləri,

Sən mənim istəkli Leylam olmalıydın - olmadın.


Sən mənim bir an gözümdən getməyən şux sevgilim,

Sən mənim hərgünkü rö’yam olmalıydın – olmadın.


Başqasıyla indi xöşbəxtsən ya bədbəxt, bilmirəm,

Sən mənimlə daha xoşkam olmalıydın – olmadın.


Ziyatay vəsf etdiyi gündən müqəddəs sevgini,

Sən onunçün əsli-ilham olmalıydın – olmadın...


Məhəbbətdə sına


Ey könül, gəl məni sən mehrü-məhəbbətdə sına,

Səni peşkeş eyləyib, sevdiyim afətdə sına.


Mən onun şəhdü-şəkər sözlərinin vurğunuyam,

Yar dinərkən, bu halı məndəki heyrətdə sına.


Dözmüşəm həsrətinə ay nədir, illər boyu mən,

Aşiqin əzmni hicrana dəyanətdə sına.


Şüşə qəlbimdə onun sevgisidir şe’rə dönən,

İstəyirsən bunu hər kəlmədə, hər bəndə sına.


Nəğmə qəlbdən qoparaq qəlbə uçub qonmadadır,

Bəxtini, ey Ziyatay, bir də bu sənətdə sına.


Sən mənim olsan, gülüm


Zərrəcə olmazdı dərdim, sən mənim olsan, gülüm.

Özümü xöşbəxt bilərdim, sən mənim olsan, gülüm!


Nuru sönməz gözəlin mən baş qoyub sevdasına,

Kainata nur ələrdim, sən mənim olsan, gülüm!


Yüz çətinlik, yüz də əngəl çıxsa hər gün qarşıma,

Öhdəsindən tək gələrdim, sən mənim olsan, gülüm!


Şərik eylərdim səni yalnız gülüşlə, şadlığa,

Qəmi qəlbimlə bölərdim, sən mənim olsan, gülüm!


Ziyatay öz tə’binə verməzdi rahatlıq bir an,

Hey eşqi vəsf edərdim, sən mənim olsan, gülüm!


Nələr etdi


Şux qəmzələrin, gör bir a zalım, nələr etdi,

Al lalələrin, gör bir a zalım, nələr etdi!


Dünyamı yanıldım sənə rast gəldiyim andan,

Ahu nəzərin, gör bir a zalım, nələr etdi!


Qərq etdi məni sözlərin heyrət dənizində,

Bal kəlmələrin, gör bir a zalım, nələr etdi!


Sarsıldım o şahanə baxışdan, o duruşdan,

Xoş cilvələrin, gör bir a zalım, nələr etdi!


Rə’na gülüşün dincliyimi aldı əlimdən,

Tər qönçələrin, gör bir a zalım, nələr etdi!


Can qalmadı, bir sözlə, Ələkbər Ziyatayda,

Şux qəmzələrin, gör bir a zalım, nələr etdi!


Sanaram


Sənsiz, ey sevgili yar, mən ayı nursuz sanaram,

Yüz bahar olsa, bu dünyanı baharsız sanaram.


Bu sevən qəlbim üçün, əsl-bahar sənsən, sən,

O gül əndamını gülşəndə qənirsiz sanaram.


Gülüşün gülləri, gülşənləri heyran eylər,

O gülən gözlərini nur dolu nərgiz sanaram.


Başın üstündə sənin yanmasalar qəlbim tək,

Nə ayı ay, nə də ki, ulduzu ulduz sanaram.


İncəlik bəxş eləyir sevgi bizim qəlbimizə,

Sevgisiz qəlbi ya daş parçası, ya buz sanaram.


Sevgisiz alsa nəfəs şe’rlərim, nəğmələrim,

Özümü, ey Ziyatay, dünyada yalqız sanaram.


Candan keçərəm


Candan keçərəm, sanma ki, səndən keçərəm mən,

Hüsnün min ola, sanma, birindən keçərəm mən.


Görsəm səni dar gündə harayçın özüm ollam,

Zənn etmə, güman eyləmə gendən keçərəm mən.


Bir tük belə əksilsə başından, əvəzində

ömrün ən əziz töhvələrindən keçərəm mən.


Sən’an kimi, dindən çox uca eşq yolunda,

İmanı atıb, hər cürə dindən keçərəm mən.


Hərgah desələr, ey Ziyatay, keç bu gözəldən,

Candan keçərəm, sanma ki, səndən keçərəm mən!


Sənmi gözəlsən?


Dilbər! Gülü-xəndanmı gözəl, sənmi gözəlsən!

Xoş ətrili reyhanmı gözəl, sənmi gözəlsən!


Ulduzlu səma seyrinə gəlsin bu camalın,

Görsün məhi-tabanmı gözəl, sənmi gözəlsən!


Qoy çox da qürurlanmasın öz hüsnünə çöllər,

Baxsın, bala ceyranmı gözəl, sənmi gözəlsən!


Sərvistana bənzər bu bağa, bağçaya bir gəl,

Gör sərvi-xuramanmı gözəl, sənmi gözəlsən!


Qalmış Ziyatay şəkk ilə şübhə arasında,

Bilmir – gülü-xəndanmı gözəl, sənmi gözəlsən!


Demişəm


Sənə, ey sevgili yar, mən gülü-xəndan demişəm.

Könlümə, gəl bu gülün eşqi ilə yan demişəm.


Bə’zən ulduzlara bənzətmişəm afətləri mən,

Sənə ulduzlar içində məhi-taban demişəm.


Canımı almış əlimdən o füsünkar baxışın,

Mənə can olmayacaq bir də bu canan demişəm.


Bütün aləm yığıla dərdimə dərman olmaz,

Səni dünyada mən öz dərdimə dərman demişəm.


Ziyatay, tək sənin eşqinlə cahandan kam alır,

Sən qədəm basdığın hər səmtə gülüstan demişəm.


Səninçün  


Quşlar bu sayaq ötməyəcək bir də səninçün.

Ruhu belə titrətməyəcək bir də səninçün.


Var hər saatın, hər anın öz rəngi, öz ətri,

Rəng rəngi əvəz etməyəcək bir də səninçün.


Ömrün bu günündən bu günün zövqünü al ki,

Günlər bu sayaq ötməyəcək bir də səninçün.


Vaxtında çətin yolları qət eylə, geciksən,

Gənclik haraya yetməyəcək bir də səninçün.


Yaz, ey Ziyatay, arzunu şe’rində yaşat ki,

Ömrün zoğ atıb bitməyəcək bir də səninçün...


Yalan


Döndərir nifrətə aydan arı sevdanı yalan.

El gözündən salır ən mö’təbər insanı yalan.


Can deyib, can eşidərkən ən əziz həmdəmlər,

Araya bir də görürsən atır hicranı yalan.


Nə həqiqət, nə sədaqət, nə də mərdlik yaşayar,

Çəkib öz ordusunu tutsa bu dünyanı yalan.


Nanəcib dost sənə “can-can”, sənə “qurban” desə də,

Bil ki, üzdəndir onun “can” sözü, “qurban”ı yalan.


E’tibar umma bu cür dostdan, əzizim Ziyatay,

əhdi-ilqarı yalandı, dini-imanı yalan.


Sına


Bəxtini ailədə, sə’yini zəhmətdə sına,

Əzmini təhlükədə, səbrini möhnətdə sına.


Xoş dəmin, xoş saatın, yaxşı günün qonşusunu,

İmtahan eylə yaman gündə, fəlakətdə sına.


Sərvilər kölgə salan güllü yolun yolçusunu,

Daşlı, kəltənli, gicitgənli səyahətdə sına.


E’tibardan söz açan öz yaxın həmdəmlərini,

Rütbəyə çatdığı vaxt, təxti-rəyasətdə sına.


Xalq, Vətən sözlərini bayraq edən kimsələri,

Vətənə, millətə göstərdiyi xidmətdə sına.


İnqilablarla dolu əsr! Sən hər inqilabı,

İnsan azadlığına verdiyi vüs’ətdə sına.


Mən azərbaycanlıyam


Mehri-ülfətdir şüarım – mən azərbaycanlıyam!

Çox sınanmış e’tibarım – mən azərbaycanlıyam!


Öz gücüm, öz zəhmətimlə cənnət olmuş yurd-yuvam!

Heç zaman solmaz baharım – mən azərbaycanlıyam!


Mil, Muğan, Qoşqar, Kəpəz taxtım və tacımdır mənim!

Şah dağı şahlıq vüqarım – mən azərbaycanlıyam!


Gilavar qəlbimdəki çırpıntının bir nəğməsi,

Xəzri çılğın ruzigarım – mən azərbaycanlıyam!


Tarixi bir-bir varaqla, həkk olub hər fəslinə,

Neçə sənət yadigarım – mən azərbaycanlıyam!


Hər zaman nəbzimdə çarpır nəbzi Odlar yurdunun,

Hər yana düşsə güzarım – mən azərbaycanlıyam!


Ziyatay, zənn etməyin, bir başqa cənnət arzular,

Cənnətimdir öz diyarım – mən azərbaycanlıyam!



 
 
Hosted by uCoz