Məhəmməd Füzuli

LEYLİ VƏ MƏCNUN



BU, ƏRZİ-ƏDƏMİ-QÜDRƏTDİR

VƏ ÜZRİ-FİQDİ-QÜVVƏTDİR


Arayişi-söhbət eylə, saqi!

Ver badə, mürüvvət eylə, saqi!

Bir cam ilə qıl dimağımı tər!

Lütf eylə, bir iltifat göstər!

Qəm mərhələsində qalmışam fərd,

Nə yar, nə həmnişin, nə həmdərd.

Həmcinslərim təmam getmiş,

Söz mülkündən nizam getmiş.

Bu bəzmdə sən qalıbsənü mən,

Bu bəzmi gəl edəlim müzəyyən!

Sən ver badə, mən eyləyim nuş!

Mən nəzm oxuyum, sən ona tut guş!

Bir dövrdəyəm ki, nəzm olub xar,

Əşar bulub kəsadi-əsar.

Ol rütbədə qədri-nəzmdir dun

Kim, küfr oxunur kəlami-mövzun.

Bir mülkdəyəm ki, gər udub qan,

Məzmuni-ibarətə çəkib can,

Min riştəyə türfə ləl çəksəm,

Min rövzəyə nazənin gül əksəm,

Qılmaz ona hiç kim nəzarə,

Derlər gülə xar, lələ xarə.

Ancaq deməzəm ki, xaki-Bağdad,

Alayişi-nəzmdəndir azad.

Yoxdur bir mülk bu zamanda

Kim, nəzm rəvacı ola onda.

Nə Hind, nə Fars, nə Xorasan,

Nə Rumü Əcəm, nə Şamü Şirvan,

Olsaydı birində bir süxənsənc,

Əlbəttə, əyan olurdu ol gənc.

Gəncineyi-nəzm gizli qalmaz,

Sanmın günəş olsa nur salmaz.

Kanı necə kim nihan tutar daş,

Eylər onu ləl aləmə faş.

Hala məgər iqtizayi-dövran

Oldur ki, ola o gənc pünhan.

Dövran ilə mən nəqiz seyrəm,

Dövr əhlindən məgər ki, qeyrəm.

Dövran istər ki, xar ola nəzm,

Biizzətü etibar ola nəzm,


Mən müntəzirəm verəm rəvacın,

Bimar isə eyləyəm əlacın.

Ol nəfyi-kəmali-hikmət eylər,

Lazım bilirəm xəsarət eylər.

Təmiri-xərabə talibəm mən,

İnşəallah ki, qalibəm mən.



SAQİNAMƏ


Saqi, mədəd et ki, dərdməndəm!

Qəm silsiləsinə paybəndəm.

Qəm dəfinə cami-mey dəvadır,

Tədbiri-qəm eyləmək rəvadır.

Səndən nə inayət olsa vaqe

Fikr etmə ki, məndə ola zaye

Mən bir sədəfəm, sən əbri-niysan,

Ver qətrəvü al dürri-ğəltan.

Sənsən xurşidü mən siyəh xak,

Ver atəşü al cəvahiri-pak.

Rəhm et ki, qəribü xaksarəm,

Bimunisü yarü qəmgüsarəm.

Ol bir neçə həmdəmi-müvafiq,

Yəni şüərayi-dövri-sabiq,

Tədric ilə gəldilər cəhanə,

Təzim ilə oldular rəvanə.

Dövran oları müəzzəm etdi,

Hər dövr birin mükərrəm etdi.

Hər birinə hami oldu bir şah,

Zövqi-süxənindən oldu agah.

Türkü ərəbü əcəmdə əyyam,

Hər şairə vermiş idi bir kam.

Şad etmiş idi Əbunəvası,

Harun xəlifənin ətası.

Bulmuşdu səfayi-dil Nizami,

Şirvanşahə düşüb girami.

Olmuşdu Nəvaiyi-süxəndan,

Mənzuri-şəhənşəhi-Xorasan.

Söz gövhərinə nəzər salanlar,

Gəncinə verib gühər alanlar,

Çün qalmadı, qalmadı fəsahət,

Ərbabi-fəsahət içrə rahət.

Ol taifə çəkdi xirqəyə baş,

Halətlərin etməz oldular faş.

Ta olmaya rəsmi-şer məfqud,

Əbvabi-fünuni-nəzm məsdud.

Lazım mənə oldu hifzi-qanun,

Zəbti-nəsəqi-kəlami-mövzun.

Naçar, tutub təriqi-namus,

Rahətdən olub müdam, məyus,

Əhdi sözə istivar qıldım,

Əşar demək şüar qıldım.

Çün xəlqə xilafi-müddəayəm,

Onlar zəmincə süst rəyəm.

Hər söz ki, gəlir zühurə məndən,

Min tənə bulur hər əncüməndən.

Eylər həsəd əhli bağlayıb kin,

Təhsin əvəzinə nəfyü nifrin.

Ümmid ki, rəf olub küdurət,

Təğyirpəzir ola bu surət.

Ol qövm bu gülşənə girəndə,

Bu gülşən içində gül dərəndə

Gül tazə idivü səbzə növxiz,

Tərpəndikcə nəsimi-gülriz

Onlar gülü dərdilər, məni-zar

Hala dilərəm dərəm xəsü xar.

Bu bəzmə olar verəndə təzyin

Mey saf idi, bəzm həm növayin.

Mey safi olara oldu ruzi,

Qaldı mənə daği-dürd suzi.

Bu dürdə mən olmuşam həvaxah,

Bir nəşə verərmi, bilməzəm, ah!



BU, SAQİYİ-BƏZMƏ BADƏ

ÜÇÜN XİTABDIR


Saqi, kərəm eylə, cam gəzdir!

Tutma, qədəhi müdam gəzdir!

Dövranə çox etibar qılma,

Gəzdir qədəhi, qərar qılma!

Tök alıb ələ gümüş sürahi,

Zər sağərə ruhbəxş rahi.

Sərf eylə riayətimdə əltaf,

Tənhalığımı gör, eylə insaf!

Şüğlüm bu büsat içində çoxdur,

Səndən özgə, mədədçi yoxdur.

Həmdəmliyim ilə ar qılma!

Məndən nifrət şüar qılma!

Gər bilməz isən ki, mən nə zatəm,

Nə zülməti-çeşmeyi-həyatəm,

Feyzi-hünərim şərabdən sor,

Suzi-cigərim kəbabdən sor.

Tutsan əlini məni-fəqirin,

Həqq ola həmişə dəstgirin.

Mən şairi-Museyi-kəlaməm,

Sahirlərə möcizi-təmaməm.

Mən sahiri-Babili nəjadəm,

Harutə bu işdə ustadəm.

Söz dərkinə sərf edib fərasət,

Əmlakına bulmuşam rəyasət.

Gəh tərzi-qəsidə eylərəm saz,

Şəhbazım olub büləndpərvaz.

Gəh dəbi-qəzəl olur şüarım,

Ol dəbə rəvan verər qərarım.

Gəh məsnəviyə olub həvəsnak,

Ol bəhrdə istərəm düri-pak.

Hər dildə ki var əhli-razəm,

Məcmui-fünunə eşqbazəm.

Bir kargərəm həzar pişə,

Canlar çəkib istərəm həmişə,

Dükkanım ola rəvaci-bazar,

Hər istədiyin bula xiridar.



BU, SƏBƏBİ-NƏZMİ-KİTABDIR

VƏ BAİSİ-İRTİKABİ-ƏZABDIR


Saqi, tut əlim ki, xəstəhaləm!

Qəm rəhgüzərində payimaləm.

Sənsən məni-mübtəlayə qəmxar,

Səndən özgə dəxi kimim var?

Müşkül işə düşmüşəm, mədəd qıl,

Mey hirzi ilə bəlamı rəd qıl!

Həll eyləyə gör bu müşkülatı,

Kəm etmə qulundan iltifatı!

Bir gün ki, meyi-Süheyl təsir,

Vermişdi mizaci-pakə təğyir,

Həmrəngi-bəhar olub xəzanım,

Dönmüşdü əqiqə zəfəranım.

Cəm idi yanımda ittifaqi:

Sazü məzəvü şərabü saqi.

Peyvəstə ləbaləbü peyapey,

Nuş eylər idim qədəh-qədəh mey.

Zövq üzrə mey artırırdı zövqüm,

Şövq üzrə ziyad olurdu şövqüm.

Ol bəzm idi afiyət bəharı,

Mən bülbüli-zari biqərarı.

Bir həddə irişdi nəşəyi-cam

Kim qalmadı əhli-bəzmə aram.

Əsrari-dil oldu aşikara,

Məsdud oluban dəmi-müdara.

Olmuşdu rəfiqü həmzəbanım,

Ayineyi-tutiyi-rəvanım,

Bir neçə zərifi-xütteyi-Rum,

Rumi ki, dedin, qəziyyə məlum.

Yəni ki, qamu dəqayiq əhli,

Hər məsələdə həqayiq əhli,

Həm elm fənində nüktədanlar,

Həm söz rəvişində dürfəşanlar.

Kim eylər idi həqayiqi-raz,

Şeyxidənü Əhmədidən ağaz.

Kim söylər idi ögüb kəlami,

Övsafi-Cəliliyü Nizami.

Bilmişlər idi ki, hüsni-göftar,

Qədrim qədərincə məndə həm var.

Çün var idi məstlikdə lafım,

Ta anlana sidqimü xilafım,

Mən xəstəyi etdilər nişanə,

Bir rəng ilə tiri-imtəhanə.

"Lütf eylə! - dedilər, - ey süxənsənc!

Faş eylə cəhanə bir nihan gənc!

Leyli-Məcnun əcəmdə çoxdur,

Ətrakdə ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,

Qıl tazə bu əski bustanı".

Bildim bu qəziyyə imtəhandır,

Zira ki, bu bir bəlayi-candır,

Sevdası dirazü bəhri kytah,

Məzmunu fəğanü naləvü ah.

Bir bəzmi-müsibətü bəladır

Kim, əvvəli qəm, sonu fənadır.

Nə badəsinə nişatdan rəng,

Nə nəğməsinə fərəhdən ahəng,

İdrakı verər xəyala azar,

Əfkarı edər məlalı əfkar,

Olsaydı təvəccöhü münasib,

Tövcihinə çox olurdu rağib.

Olsaydı təsərrüfündə rahət,

Çox kamil ona qılırdı rəğbət,

Billah ki, nə xoş demiş Nizami,

Bu babdə xətm edib kəlami:

"Əsbabi-soxən nişatü nazəst,

Zin hər do soxən bəhanəsazəst

Meydani-soxən fərax bayəd,

Ta təb süvareyi nomayəd

Dər gərmiyi irikü səxtiyi-kuh,

Ta çənd soxən rəvəd bəənbuh?"

Bir iş ki, qılır şikayət ustad,

Şagirdə olur rücui bidad.

Gərçi bilirəm, bu bir sitəmdir,

Təklifi bunun qəm üzrə qəmdir,

Əmma necə etmək olur ikrah?

Bir vaqeədir ki, düşdü nagah,

Yeydir yenə üzrdən şüruim,

Bu işdə təvəkkülə rücuim.

Ey təbi-lətifü əqli-vala!

İdraki-büləndü nitqi-guya!

Düşdü səfərim diyari-dərdə,

Kimdir mənə yar bu səfərdə?

Hər kimdə ki, vardır istitaət,

Dərdü qəmü möhnətü qənaət,

Oldur bu müsafirətdə yarım,

Zövq əhlinə yoxdur etibarım.

Mərkəb gərək olsa əzmi-rahə,

Bəsdir bizə xaməvü siyahə.

Vər, tuşeyi-rah olursa mətlub,

Məzmuni-xoşü ibarəti-xub.

Əzm eyləyəlim, təəllül etmən!

Mənzil kəsəlim, təğafül etmən!

Ey bəxt, vəfasız olma sən həm!

Həmrahlıq et, bizimlə bir dəm!



BU, TUĞRAYİ-MİSALİ-MƏHƏBBƏTDİR

VƏ DİBAÇEYİ-DİVANİ-MÖHNƏTDİR


Dehqani-hədiqeyi-hekayət,

Sərrafi-cəvahiri-rəvayət,

Məni çəmənində gül dikəndə,

Söz riştəsinə gühər çəkəndə,

Qılmış bu rəvişdə nüktədanlıq,

Gülrizligü gühərfəşanlıq

Kim: xeyli-ərəbdə bir cavanmərd,

Cəmiyyətü izzü cah ilə fərd,

Müstəcməi-cümleyi-fəzayil,

Bulmuşdu rəyasəti-qəbayil,

Əmrinə ərəb mütiü münqad,

Gəh Bəsrə məqamı, gah Bəğdad.

Bir büqədə olmayıb qərarı,

Gəzməkdə keçərdi ruzigarı.

Hər ləhzə urardı ol yeganə,

Sərçeşmələrə siyah xanə.

Seyr eylər idi sürüb tənə üm,

Gözlər üzərə misali-mərdüm.

Ovzai-xiyami-mişkfami,

Xəlqə şəbi-qədr tək girami.

Hər mənzilə kim, güzar edərdi,

Səhrayi bənəfşəzar edərdi.

Gülzarlar içrə lalə çağı,

Bənzərdi evinə lalə dağı.

Əmvalı cəmii-cinsdən çox,

Əmma bu cəhanda varisi yox.

Gər qılsa onu tələf həvadis,

Yox bir xələfi ki, ona varis.

Fərzəndsiz adəmi tələfdir,

Baqi edən adəmi xələfdir

Nəsl ilə olur bəqayi-insan,

Nəzmi-bəşərü nizami-dövran.

Can cövhərinə bədəldir övlad;

Övlad qoyan, qoyar həmin ad.

Xoş ol ki, xələfdən ola xoşdil,

Dünyada bir oğlu ola qabil.

Pirayəsi ola dəstgahə,

Sərmayəsi ola izzü cahə.

Ah, ər ola bir səfihü sərkeş,

Ətvari kərihü xülqi naxoş,

Təşni oxuna olub nişanə,

Bizar ola ondan ata-anə,

Əlqissə, ol əfzəli-qəbayil,

Ol piri-həmidətül-xəsayil,

Fərzəndə olub həmişə talib.

Təhsili-bəqayi-nəslə rağib,

Çox mahliqa sənəmlər aldı,

Çox türfə zəminə töxm saldı.

Çox nəzrlər etdi hər məzarə,

Çox qıldı niyaz girdigarə,

Təsir qılıb fəğanü ahi,

Övn etdi inayəti-ilahi,

Bir gecə açıldı babi-rəhmət,

Buldu əsəri-dua icabət.

Bər verdi nihali-baği-məqsud,

Açıldı güli-hədiqeyi-cud.

Çün vədə irişdi, doğdu bir ay,

Xurşid rüxiylə aləmaray.

Şad oldular ondan ata-anə,

Şükranə verildi çox xəzanə.

Əlqissə, ədəmdən oldu peyda

Bir tifli-müzəkkərü müzəkka.

Xurşid kimi kəmalə qabil,

İsa kimi tifllikdə kamil.

Ol dəm ki, bu xakdanə düşdü,

Halını bilib fəğanə düşdü.

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad,

Yəni ki: "Vücud, dami-qəmdir;

Azadələrin yeri ədəmdir.

Hər kim ki, əsir olur bu damə,

Səbr etsə gərək qəmi-müdamə".

Olmuşdu zəbani-hali guya

Söylərdi ki: "Ey, cəfaçı dünya!

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam qəmin hərifi,

Gəl, təcrübə eylə mən zəifi!

Hər qanda qəm ola, qılma ehmal!

Cəm eylə, dili-həzinimə sal!

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali!

Peyvəstə məni əsiri-qəm qıl!

Kəm qılma nəsibimi, kərəm qıl!

Zövq ilə keçirmə ruzigarım!

Fani olana yox etibarım.

Ey eşq, qəribi-aləm oldum,

Avareyi-vadiyi-qəm oldum,

Tədbiri-qəm etmək, olmaz oldu,

Gəldim, geri getmək olmaz oldu,

Səndən dilərəm mədəd ki, daim

Təmkinim ola sən ilə qaim.

Bu bəzmdə kim, şərabı qandır,

Saqi cəlladi-biamandır;

Bir mey mənə sun ki, məstü mədhuş,

Daim özümü qılam fəramuş.

Nə gəldiyimi bilim cəhanə,

Nə onu ki, necədir zəmanə.

Aləm gözümə görünməyə hiç,

Bu riştədə bulmayam xəmü piç".

Dayə onu pak qaldı qandan,

Qaldırdı bu tirə xakdandan.

Qüslün verib abi-çeşmi-tərdən,

Süd yerinə verdi qan cigərdən.

Əqvamü qəbaili olub şad,

Ol növrəsə Qeys qoydular ad.

Can ilə qılırdı dayə ezaz,

Əsbabi-kəmali-tərbiyət saz.

Lakin, ol edib həmişə nalə,

Xoşnud deyildi heç bu halə.

Əzasın edib əlilə əfkar,

Eylərdi müdam naləvü zar.

Süd içsə sanırdı kim, içər qan.

Əmcək görünürdü ona peykan.

Yox idi firib ilə qərarı,

Yanında firibin etibarı.

Bir gün onu gəzdirirdi dayə,

Dərdini yetirməyə dəvayə,

Bir evdə məgər ki, bir pərivəş,

Ol tifli bəsi görüb müşəvvəş,

Rəhm etdi, əlinə aldı bir dəm,

Tifl onu görüncə, oldu xürrəm.

Hüsnünə baxıb qərar tutdu,

Fəryadü fəğanını unutdu.

Olduqca əlində, oldu xəndan;

Düşdükcə əlindən, oldu giryan.

Mahiyyətini çü dayə bildi,

Ol mahı ona ənis qıldı.

Oldu bu dəxi, onunla mötad,

Nə dayə, nə ana eylədi yad.

Zatında çü var idi məhəbbət,

Məhbubu görüncə tutdu ülfət,

Eşq idi ki, oldu hüsnə mail,

Hüsnü nə bilirdi tifli-qafil.

Məlum idi əhli-halə ol hal

Kim, nüsxeyi-eşqdir bu timsal.

Əlbəttə, bu tifli zar edər eşq,

Aşüfteyi-ruzigar edər eşq;

Əlbəttə, qılır bu sübh təsir,

Xurşid çıxıb olur cahangir,

Çün tərbiyəti-ədibü dayə,

Verdi əsəri-təmam ol ayə,

Gün-gündən edib kəmal hasil,

Ol mahi-növ oldu bədri-kamil,

Gəldikcə meyi-vəfadən əyyam,

Hər dövrdə sundu ona bir cam,

Ta qıldı onu təmam sərməst,

Tədric ilə dami-eşqə pabəst.

Çün sürət ilə dönüb zəmanə,

On yaşına yetdi ol yeganə;

Atasına müqtəzayi-adət,

Fərz oldu ki, onu edə sünnət.

Çəm etdi əhaliyi-diyari,

Hər sahibi-izzü etibari;

Bəzl eylədi ol qədər zərü sim

Kim, yetdi qiyasə fəqrdən bim.

Xəlq onda görəndə kəsrəti-mal,

Bim oldu ki, münəkis ola hal.

Ol saf zəmir, pak məşrəb,

Bir bəzmgəh eylədi mürəttəb

Kim, görmədi onu çeşmi-sağər,

Cəmşiddən özgəyə müyəssər.

İtmamə yetib təriqi-sünnət,

Təlimi-ülumə yetdi növbət.

Əsbab ona eyləyib mürəttəb,

Verdilər onunla ziybi-məktəb.



BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR

VƏ MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR


Məktəbdə onunla oldu həmdəm,

Bir neçə mələkmisal qız həm,

Bir səf qız oturdu, bir səf oğlan,

Çəm oldu behiştə hurü qılman.

Oğlanlara qızlar olsalar yar,

Eşqə bulunur rəvaci-bazar.

Qız nərgisi-məst edib füsunsaz,

Oğlana satanda işvəvü naz;

Oğlan necə səbr pişə qılsın,

Vər səbri həm olsa nişə qılsın?

Ol qızlar içində bir pərizad,

Qeys ilə məhəbbət etdi bünyad.

Bir türfə sənəm ki, əqli-kamil

Gördükdə onu, olurdu zail.

Zülfeyni-müsəlsəli girəhgir,

Can boynuna bir bəlali zəncir.

Əbrusi xəmi bəlayi-üşşaq,

Həm cüft lətafət içrə, həm taq.

Hər kipriyi bir xədəngi-xunriz,

Peykani-xədəngi qəmzeyi-tiz.

Dəryayi-bəla cəbini-paki,

Çin cünbüşü mövci-səhmnaki.

Çeşmi-siyəhinə sürmədən ar,

Hindusinə sürmə həm giriftar.

Rüxsarinə rəngi-qazədən nəng,

Hərgiz ona qazə verməmiş rəng.

Göz mərdüməgindən olsa xali,

Göz mərdüməgi olurdu xali.

Ləlü düri göstərirdi hərdəm,

Övraqi-gül içrə iqdi-şəbnəm.

Əbvabi-təkəllüm etsə məftuh,

Əmvatə verərdi müjdeyi-ruh.

Şimşadi-lətifinə mürəkkəb,

Sibi-zənəxü turunci-ğəbğəb.

Əndamı lətifeyi-ilahi,

Dəryayi-lətafət içrə maha.

Şəhbaz baxışlı, ahu gözlü,

Şirin hərəkətli, şəhd sözlü.

Rahü rəvişi müdam qəmzə,

Başdan-ayağa təmam qəmzə,

Ayruqca şəklü xoşca peykər,

Yaxşıca sənəm, gözəlcə dilbər.

Aləm səri-muyinin tüfeyli,

Məhbubeyi-aləm, adı Leyli,

Qeys onu görüb həlak oldu,

Min şövq ilə dərdnak oldu.

Ol nadirə həm ki, Qeysi gördü,

Min zövq bulub, özün itirdi,

Gördü ki, bir afəti-zəmanə,

Misli dəxi gəlməmiş cahanə.



BU, SİFƏTİ-MƏCNUNDUR

VƏ İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR


Bir dilbəri-sərvqəddü gülruy,

Sərvi-xoşü gülrüxü səmənbuy.

Şirin ləbi - mənşəi-lətafət,

Rəna qədi - durduğilə afət.

Övsafi-lətafətində söz çox,

Əltafi-məlahətində söz yox,

Şəhla gözü - nərgisi-pürəfsun,

Ziba qaşı - nərgis üzrəgi nun.

Hüsni gülü laleyi-şəfəqfam,

Zülfi xəmi - lalə üzrəgi lam.

Ağzı sifətin xud etmək olmaz,

Əsrari-nihanə yetmək olmaz.

Zülfi sözü - zikri-həlqeyi-raz,

Ləli-ləbi - abi-çeşmeyi-naz.

Dövri-məhi-ruyi - çeşmeyi-nur,

Xaki-kəfi-payi - sürmeyi-hur,

Bir qayət ilə şəmaili xub

Kim, Leyli olanda ona mətlub,

Bir güzgüyə gər açıb gözünü,

Güzgydə görəydi öz-özünü,

Öz arizinə olurdu meyli,

Qılmazdı həvayi-hüsni-Leyli.

Ol iki səmənbərü səhiqəd,

Bir-birinə oldular müqəyyəd.

Ol iki xərabi-badeyi-zövq,

Bir camdən içdilər meyi-şövq,

Girdabi-bəlayə oldular qərq,

Qalmadı aralarında bir fərq.

Övzai-müxalif oldu yeksan,

Guya iki təndə idi bir can.

Hər kim sorar olsa Qeysə bir raz,

Leylidən ona yetərdi avaz.

Kim Leyliyə qılsa bir xitabi,

Qeys idi ona verən cəvabi.

Eylərlər idi xəti-vəfa məşq,

Artardı dəmadəm onlara eşq.

Leylidə oxumaq iztirabı

Olsa, rüxi-Qeys idi kitabı.

Məşq etməyə Qeys alsa bir xət

Leyli qaşı idi ona sərxət.

Xətt üzrə qılırdı ol gözəllər,

Min naz ilə bəhslər, cədəllər.

Əmma nə cədəl - kəmali-ülfət,

Nə bəhs - nəhayəti-məhəbbət.

Çün bir neçə müddət ol iki pak,

Övqat keçirdilər tərəbnak.

Eşq olduğu yerdə məxfi olmaz;

Eşq içrə olan qərar bulmaz.

Eşq atəşinə budur əlamət

Kim, baş çəkə şöleyi-məlamət.

Hüsn afəti-eşq olub dəmadəm,

Gəldikcə iradət oldu möhkəm,

Bir qayətə yetdi nəşəyi-hal

Kim, oldu həvasü əql pamal.

Qalmadı zəbanə tabi-göftar

Kim, eyləyələr məhəbbət izhar.

Keyfiyyəti-halı qılmağa faş

Gəlmişdi təkəllümə gözü qaş.

Eylərdi gözilə bu xitabı,

Qaşilə verərdi ol cəvabı.

Qaşü göz ilə olan təkəllüm,

Həm qılmadı dəfi-zənni-mərdüm.

Mərdümdən olam, demə, kənarə!

Mərdüm göz içindədir, nə çarə?

Həmraz ikən ol iki vəfadar,

Dəmsaz ikən ol iki cigərxar,

Rəf oldu hicabi-şahidi-raz;

Eşq oldu məlamət ilə dəmsaz.

Aşiqlərə gizli qalmadı hal;

Məlum oldu cəmmi əhval.

Gərd ayineyi-nişatə düşdü,

Minbəd iş ehtiyatə düşdü.

Söyləşməyə ol iki yeganə

Qalmadı səbəb məgər bəhanə.

Ta olmaya raz aşikara,

Dövran ilə qıldılar müdara.

Bir növ bəhanə ilə hərdəm

Könlünü qılırdı Qeys xürrəm.

Qəsdən unudurdu dərsin ol zar,

Leyliyə deyirdi: - "Ey vəfadar!

Hifzi-səbəq etdi bağrımı xun,

Məndən bilirəm bilirsən əfzun.

Mən bilmədiyim mənə oxutgil,

Dərsim oxuyam qulaq tutgil!"

Çün lövhələr üzrə xət yazardı,

Əmdən xətini qələt yazardı.

Yəni ki, xəta təvəhhüm edə,

Ol gül açılıb-təbəssüm edə,

Göftarə gələ ki - "Bu qələtdir,

Tərk et ki, xilafi-rəsmi-xətdir!"

Ola səbəbi-təkəllümi-yar,

Fəhm etməyə müddəayi əğyar.

Ətfal qılanda dövr bünyad,

Vari belə eyləyəndə fəryad,

Ol, yarına ərzi-hal edərdi,

Özgə dövrün xəyal edərdi.

Qılmazlar idi sözünü məlum,

Bilməzlər idi sözünü məfhum.

Məktəbdən olan zamanlar azad

Vəsl üçün edərdi hiylə bünyad:

Qəsd ilə nihan edib kitabın,

Həddən aşırardı iztirabın,

Leyli yolunu tutub durardı,

"Sən gördün ola!" - deyib sorardı.

Yəni bu bəhanə ilə bir dəm,

Yarın görə, ola şadü xürrəm,

Elmi-xətə ömrün eyləyib sərf,

Məşq etmiş idi həmin iki hərf:

Bir səfhədə "lam"ü "ya" mükərrər,

Yazardı onu qılardı əzbər.

Kim: - "Bu iki hərfdir muradım,

Rövşən bular ilədir səvadım".



BU, LEYLİYƏ ANASI İTAB ETDİYİDİR

VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİYİDİR


Çün məkr ilə Qeysi-bədsərəncam,

Bir neçə zaman keçirdi əyyam.

Tədbir ilə eşq zövq verməz,

Tədbir diyari-eşqə girməz.

Eşq ilə riya deyil müvafiq,

Risvay gərək həmişə aşiq.

Dildən-dilə düşdü bu fəsanə,

Faş oldu bu macəra cəhanə

Kim: "Qeys oluban əsiri-Leyli,

Leyli dəxi salmış ona meyli".

Tədrici-məbadi ilə nagah,

Leylinin anası oldu agah,

Odlara tutuşdu, yasə batdı,

Ol qönçədəhanə dil uzatdı.

Yanar od olub, çəkib zəbanə,

Ol gülrüxə dedi yanə-yanə:

- "Key şux! Nədir bu göftügulər?

Qılmaq sənə tənə eybculər?

Nəyçün özünə ziyan edirsən?

Yaxşı adını yaman edirsən?

Nəyçün sənə tənə edə bədgu?

Namusuna layiq işmidir bu?

Nazik bədən ilə bərgi-gülsən,

Əmma nə deyim ikən yünülsən!

Lalə kimi səndə lütf çoxdur,

Əmma nə deyim, üzün açıqdur.

Təmkini cünunə qılma təbdil!

Qızsan, ucuz olma, qədrini bil!

Hər surətə əks kimi baxma!

Hər gördüyünə su kimi axma!

Mey gərçi səfa verər dimağə,

Axdığı üçün düşər ayağə,

Güzgü kimi qatı üzlü olma!

Nərgiz kimi xiyrə gözlü olma!

Gözdən gərək olasan nihan sən,

Ta demək ola sənə ki, cansən.

Sən şəmsən uymagil həvayə!

Kim, şəmi həva verər fənayə.

Löbət kimi özünü bəzətmə!

Rövzən kimi kyçələr gözətmə!

Sağər kimi gəzməyi həram et!

Nəğmə kimi pərdədə məqam et!

Sayə kimi hər yerə üz urma!

Heç kimsə ilə oturma, durma!

Sən sadəsən, özgə əhli-neyrəng,

Cəhd eylə verilməsin sənə rəng,

Derlər səni eşqə mübtəlasən,

Biganələr ilə aşinasən.

Sən qandanü eşq zövqi qandan?

Sən qandanü dust şövqi qandan?

Oğlan əcəb olmaz olsa aşiq,

Aşiqlik işi qıza nə layiq?

Ey iki gözüm, yaman olur ar!

Namusumuzu itirmə, zinhar!..

Biz aləm içində niknamız,

Mərufi-təmami-xasü amız,

Nə nəng ilə dəxi edəlim laf?

Biz deməyəlim, sən eylə insaf!

Tut kim, sənə qıymazam məni-zar,

Məndən ulu bir müdəbbirin var.

Neylərsən əgər atan eşitsə?

Qəhr ilə sənə səyasət etsə?

Minbəd gəl eylə tərki-məktəb,

Bil əbcədini həmin cədü əb.

Etmə qələm ilə məşqdən yad,

Suzən tutü nəqş eylə bünyad,

Ətfaldan eylə qəti ülfət,

Həmraz yetər yanında löbət,

Büt kimi bir evdə eylə mənzil,

Olma dəxi hər yanayə mail.

Ənqa kimi üzlət eylə pişə,

Öylə rəviş eylə kim, həmişə

Gərçi adın ola dildə məzkur,

Görmək səni ola qeyri-məqdur,

Xoş ol ki, qızı həmişə gizlər,

Xud gizli gərək həmişə qızlar".



BU, İNKAR İLƏ LEYLİ ANASINA CAVAB

VERDİYİDİR VƏ MƏKTƏBDƏN ÇIXIB SƏRAYİ-MÖHNƏTƏ

GİRDİYİDİR


Leyli bu itabı çün eşitdi,

Öz könlündə müqərrər etdi

Kim: Şöbədeyi-sipehri-zalim,

Tərh eylədi nəqşi-namülayim.

Əyyami-vüsalə yetdi hicran,

Vəqt oldu cigərlər ola büryan.

Əmma nə desin, nə çarə qılsın,

Tədbir nə olduğun nə bilsin!

Naçar tutub təriqi-inkar,

Asari-təcahül etdi izhar.

Gülzari-itabə ab verdi,

Giryan-giryan cəvab verdi:

- "Key, munisi-ruzigarım ana!

Dürci-düri-şahvarım ana!

Sözlər dersən ki, bilməzəm mən,

Məzmununu fəhm qılmazam mən.

Dersən məşuqü eşqü aşiq,

Mən sadəzəmir tifli-sadiq;

Bilməm, nədir ol hədisə məzmun?

Söylə! Necə olmayım digərgun?

Eşqin qılmazdı kimsə yadın,

Ha səndən eşitdim indi adın.

Billah! Nədir, ana, eşqə məfhum?

Bu sirri-nihanı eylə məlum!

Hadiyi-rəhi-muradım olğıl!

Bu şivədə ustadım olğıl!

Mən məktəbə rəyim ilə getmən,

Bir şüğli xilafi-rəyin etmən.

Həm dersən sən ki: "Məktəbə var!"

Həm dersən sən ki: "Getmə zinhar!"

Qanğı sözə etiqadım olsun?

Sənə necə etimadım olsun?

Mən həm deyiləm bu zəcrə qail

Kim, hərdəm olub çiraği-məhfil,

Nacinslər ilə həmdəm olam,

Bir yerdə müqəyyədi-ğəm olam.

Hər didədən edə-edə pərhiz,

Övqat keçə küdurətamiz.

Peyvəstə müəllim eyləyib cövr,

Gahi səbəq oxuda, gəhi dövr.

Billah, mənə həm bu idi məqsud,

Məktəbdə olurmu tifl xoşnud?

Ayrıq bu sözü mükərrər etmə,

Lütf eylə, məni mükəddər etmə!"

Çün ana eşitdi bu cəvabi,

Tərk etdi şikayətü itabi.

Şəksiz ona rövşən oldu kol mah.

Aşiqlikdən deyildir agah.

Bihudədir ol qamu fəsanə

Kim, aşiqdir filan, filanə.

Çün vaqeə şək məhəlli oldu,

Ol vaqeədən təsəlli oldu.

Leyli həm oturdu evdə naçar,

Düzdü sədəfinə dürri-şəhvar...

Bir bürcdə sabit oldu əxtər,

Məhbusi-xəzanə oldu gövhər.

Ləl oldu əsiri-sineyi-səng,

Həbs oldu gülabə şişeyi-təng.

Qəmdən siyəh oldu ruzigarı,

Nomid, dili-ümidvarı.

Ah eylər idi, vəli, nə hasil,

Ol yel açamazdı qönçeyi-dil.

Göz yaşı tökərdi, leyk nə sud,

Bitməzdi onunla nəxli-məqsud.

Zülfi kimi piçü tabə düşdü,

Heyran qalıb iztirabə düşdü.

Ağzı kimi xülqün etdi qəm dar;

Çeşmi kimi cismi oldu bimar.

Nə dərdini saxlasa qərari,

Nə şərhi-qəm etsə qəmgüsari.

Fanusi-xəyalə döndü ol şəm,

Könlünü qılıb xəyal ilə cəm,

Hərdəm çəkib ol qəm içrə min ah,

Dərd ilə düzüb təraneyi-ğəm,

Bu bir qəzəli oxurdu hər dəm:



QƏZƏLİ-LEYLİ


Fələk ayırdı məni cövr ilə cananımdan,

Həzər etməzmi əcəb naləvü əfğanımdan?


Oda yandırmasa gər şölə ilə nöh fələki,

Nə bitər atəşi-ahi-dili-suzanımdan?


Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim,

Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan.


Ah idi həmnəfəsim, ah ki, ol həm axır

Çıxdı ikrah qılıb külbeyi-ehzanımdan.


Mən, nə hacət ki, qılam daği-nihanım şərhin?

Aqibət zahir olur çaki-giribanımdan.


Həq bilir, yar deyil canü dilimdən qaib,

Nola gər qaib isə dideyi-giryanımdan.


Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,

Əsəri-mehrini sanman ki, çıxar canımdan.


Lütf edib sən, məgər ey bad, bu gündən böylə

Verəsən bir xəbər ol sərvi-xuramanımdan.


Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal,

Kimsə agah deyil hali-pərişanımdan.



TƏMAMİYİ-SÜXƏN


Saqi, gətir ol meyi-muğani

Kim, unudalım qəmi-cəhani!

Rəhm eylə ki, qəsdi-can edər qəm,

Bağrım sitəm ilə qan edər qəm.

Qıl əqlimi badə ilə zail,

Çərxin sitəmindən eylə qafil.

Fəryad ki, çərx bivəfadır,

Daim işi cövr ilə cəfadır.

Bir adət ilə mədarı yoxdur,

Dövranının etibarı yoxdur.

Hər həmnəfəs etsə iki yarı,

Bir yerə gətirsə iki zarı,

Əlbəttə, səbəb salar arayə,

Onları əsir edər bəlayə.

Billah, nə yamandır aşinalıq,

Çün vaqe olur yenə cüdalıq.



GÜZARİŞİ-HALİ-MƏCNUN


Gülzari-kəlam bağbanı

Böylə bəzəmiş bu bustanı:

Kim, sərvi-riyazi-möhnətü dərd,

Sövdazədə Qeysi-dərdpərvərd

Hər sübh gedərdi məktəbə şad,

Məktəbdə olurdu qəmdən azad,

Məşqi-xəti-hüsni-yar edərdi,

Dəfi-qəmi-ruzigar edərdi.

Zövq ilə tutub təriqi-sabiq,

Adət üzərinə sübhi-sadiq

Gəldi yenə məktəbə fərəhnak,

Ta kim, qıla zövqi-vəsli idrak.

Gördü ki, behiştə hur gəlməz,

Gün çıxdı, hənuz nur gəlməz.

Xurşidsiz oldu ruz ta şəb,

Oldu başına qaranqu məktəb.

Bildi ki, sipəhri-şöbədəbaz,

Bir şöbədə eyləyibdir ağaz.

Əlbəttə, cəfayi-təni-əğyar

Ol gül yoluna buraxdı bir xar.

Nomid olub etdi nalə bünyad,

Dedi: - "Nədir, ey fələk, bu bidad?

Netdim sənə, qəsdi-canım etdin?

Qəti-rəhi-dilsitanım etdin?

Kəsdin tələbi-qərəzdə rahım,

Bildir mənə kim, nədir günahım?

Əvvəl məni eylədin mükərrəm,

Vəsli-sənəm ilə şadü xürrəm,

Döndün niyə böylə cövr edərsən,

Ol dövrə nəqiz dövr edərsən?

Vəhm eyləmədinmi, kim, çəkib ah,

Suzi-cigər ilə bir səhərgah

Yandıram oda doquz rəvaqın,

Suzin sənə bildirəm fəraqın?

Tədbir qıl; ey müəllimi-pir,

Et sehr ilə ol pəriyi təsxir!

Ancaq mənə sanma yetdi bu qəm

Kim, yetdi mənə yetən sənə həm.

Düş! Ey əlif, istiqamətindən,

Şərm eylə bu qəddü qamətindən!

Qəddi həvəsilə dəm urarsan,

Ol getdi, əcəb ki, sən durarsan!

Ey nun! Çü nihandır əbruyi-yar,

Sən dəxi nəzərdə durma, zinhar!

Ey mim! Çü ağzı oldu ğaib,

Oldu sənə həm ədəm münasib!

Olsan nola, ey dəvat, diltəng

Ayineyi-xatirin tutub jəng,

Ol türreyi-mişkbudan ayru.

Hicran qara bağrın eyləmiş su,

Ey xamə! Sirişkbar olubsan,

Sərgəştəvü biqərar olubsan!

Guya bu gün etməmiş müyəssər

Dövran sənə dəstbusi-dilbər.

Ey lövh! O xəttin eylə yadın!

Qıl sinədə nəqş qəm səvadın!"

Bir neçə gün ol əsiri-hicran,

Məktəbdə gəzib qılırdı əfğan,

Hər ruz fəğanı ilə ta şəb,

Təzib çəkərdi əhli-məktəb.

Şəb həm qılıban fəğanü zari,

Eylərdi müxatəb ol nigari:

- "Key göz nuri, könül süruri!

Sənsiz gözümün yox oldu nuri.

Əvvəl nə idi bu aşinalıq?

Axır niyə eylədin cüdalıq?

Əvvəl niyə eylədin məni məst,

İzhari-məhəbbət ilə pabəst?

Axır nə üçün xumarə saldın,

Bu mehnəti-intizarə saldın?

Saldın dili-zarə nari-firqət,

Qıldın gözümü pür abi-həsrət!

Könlüm odu qıldı yanə-yanə,

Ahəng, şəfəq tək asimanə.

Yaşım suyu oldu varə-varə,

Bir bəhr ki, yox ona kənarə.

Mən istəməzəm bu gündə həmdəm,

Yanımdan ilət xəyalını həm!

Olmaya düşüb xəyalın, ey məh,

Oda yana, suya bata nagəh.

Sərməsti-şərabi-iştiyaqəm,

Mədhuşi-təhəyyüri-fəraqəm,

Qoyma qəmini mənimlə həmrah,

Faş eylərəm onu xəlqə nagah.

Sərməstdə ixtiyar olmaz,

Mədhuşda etibar olmaz.

Can oldu qəmin yolunda bərbad,

Təşvişi-fənadən oldum azad.

Göstərdi mənə qəmin məzaqi,

Eyşi-əbədi, nişati-baqi.

Gər gəlsə əcəl, mənim nəm ala

Can xud yoxdur məgər qəm ala.

Şəmi-şəbi-mehnətü bəlayəm,

Aşüfteyi-cünbüşi-həvayəm.

Suzi-dil ilə tökülsə yaşım,

Tiği-ğəm ilə kəsilsə başım,

Candan çıxarıb həvayi-eşqi,

Tərk eyləməzəm bəlayi-eşqi.

Bu günləri kim, qəm içrə zarəm,

Hicran ələmilə biqərarəm,

Gər nameyi-ömrə kilki-təqdir,

Gündür deyibən qılırsa təhrir,

Eylər məni ol hesab məğbun

Kim, surəti-haldır digərgun.

Gün şərti demişlər afitabi,

Billah ki, bu nüktədir hesabi.

Hər gün ki, görünməz afitabım,

Mən gün deməzəm budur hesabım.

Yox kimsə bu dərdi-dildən agah,

Bu dərdi-dil ilə neyləyim? Ah!

Dərdim sözə gəldigincə artar,

Oddur, yel ilə zəbanə dartar".

Əyyami-visalı eyləyib yad,

Ol xəstə bu şeri etdi bünyad:



QƏZƏLİ-MƏCNUN


Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,

Neməti-vəslin görüb, nazın çəkərdim can ilə.


Görməmişdi gülşəni-eyşim xəzani-təfriqə,

Olmamışdı tirə əyyamım şəbi-hicran ilə.


Məhvəşimdən, dustlar, dövran cüda istər məni,

Düşmənimdir, hiç bilmən netmişəm dövran ilə.


Yetsə gər aşiqlərin əflakə əfğanı, nə sud,

Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə.


Yaşırıb saxlardım eldən daği-hicranın, əgər

Etmək olsaydı müdəra dideyi-giryan ilə.


Zövqdən dibaçə bağlandı kitabi-ömrümə,

Qoymadı dövran keçə ovqatım ol ünvan ilə.


Ey Füzuli, əxtəri-bəxtim müsaid olmadı

Kim, olam bir dəm müqarin ol məhi-taban ilə.



TƏMAMİYİ-SÜXƏN


Söz müxtəsər ol əsiri-sevda,

Bir növ ilə oldu xəlqə rüsva

Kim, Qeys ikən, oldu adı Məcnun,

Əhvalını etdi qəm digərgun.



BU, LEYLİYƏ MƏCNUN GÜZƏRDƏ MÜQABİL

OLDUĞUDUR VƏ

GÜN MÜQABİLİNDƏ HİLALİ-MEHRİ

BƏDRİ-KAMİL OLDUĞUDUR



Bir gün ki, bahari-aləməfruz.

Vermişdi cəhanə feyzi-novruz.

Salmışdı niqab çöhrədən gül,

Çəkmişdi sürudi-nalə bülbül.

Şəbnəm meyi-nabı ilə lalə,

Doldurmuş idi qızıl piyalə.

Olmuşdu gül ilə səbzeyi-tər,

Firuzəfüruz, ləlpərvər

Bir neçə müsahibi-vəfadar,

Məcnuni-şikəstəyi görüb zar,

Hər yan dedilər ki: "Ey bəlakəş!

Gül çağıdır, olmagil müşəvvəş!

Bu fəsldə adəmi gərək şad,

Ənduhü bəlavü ğəmdən azad!

Çün əbr deyilsən, olma giryan,

Çün seyl deyilsən, etmə əfğan!

Gül kimi buraxma sinənə çak!

Səbzə kimi etmə bəstərin xak!

Kəmtər özünü əsiri-qəm qıl,

Lütf eylə, xüramə gəl, kərəm qıl!

Səhra tutalım, mey içəlim şad,

Ənduh ilə olma böylə mötad!

Ey qönçədəhanü sərvqamət,

Gül, oyna, zamani et fərağət!

Pakizə vücudə heyfdir qəm,

Böylə dəxi qalmaya bu aləm,

Şayəd açıla güli-muradın,

Möhkəm qıl əsasi-etiqadın!

Seyr üzrə bu novbahar fəsli,

Şayəd buluna nigar vəsli".

Məcnuni-həzin əyağə durdu,

Səhralərə seyr üçün üz urdu.

Giryan-giryan qılırdı seyran,

Heyran-heyran gəzərdi hər yan,

Gəh səbzəyə ərzi-raz edərdi,

Gəh laləyə min niyaz edərdi,

Çeşminə sürərdi lalə dağın,

Aşiq sanıban öpüb ayağın.

Nərgis gözünə nigah edərdi,

Yarın gözün anıb, ah edərdi.

Söylərdi bənəfşəyə qəmi-lil

Kim, söyləyə yarə olsa vasil.

Bülbüllərə şərh edərdi halın,

Qumrulara möhnətü məlalın.

Hər türfə çiçək görüb çəkib ah,

Mənzil-mənzil gəzərdi, nagah

Bir mənzilə düşdü rəhgüzari

Kim, seyrdə idi onda yari,

Bir neçə pərirüx ilə həmdəm,

Məcnuni-şikəstədən müqəddəm

Leyli güzər etmiş ol fəzayə,

Salmış gülü lalə üzrə sayə.

Bir səbzəyə səbz xərgəh urmuş,

Məh səhni-çəməndə halə qurmuş;

Qönçə kimi ol lətif xərgah,

Gül bərgi kimi içində ol mah.

Məcnunə müqabil oldu Leyli,

Bəhri-qəmə yetdi dərd seyli.

Leyli demə - şəmi-məclisəfruz,

Məcnun demə - atəşi-cigərsuz.

Leyli demə - cənnət içrə bir hur,

Məcnun demə - zülmət içrə bir nur.

Leyli demə - övci-hüsnə bir mah,

Məcnun demə - mülki-eşqə bir şah.

Leyli demə - bir yeganeyi-dəhr;

Məcnun demə - bir fəsaneyi-şəhr.

Leyli - çəməni-bəla nihalı,

Məcnun - fələki-vəfa hilalı.

Leyli - məhi-asimani-həşmət,

Məcnun - şəhi-kişvəri-məlamət.

Leyli - səfi-əhli-hüsn əmiri,

Məcnun - səri-kuyi-qəm fəqiri.

Leyli işi - işvəvü girişmə,

Məcnun gözü yaşı çeşmə-çeşmə.

Leyliyü nişati-hüsn kami,

Məcnunü bəlayi-eşq dami.

Leyliyü lətafəti-dilaray,

Məcnuni məlaməti-qəməfzay.

Leylidə kəmali-hüsn ilə zövq,

Məcnunda cəmali-Leyliyə şövq.

Leyli - sədəfi-həyayə bir dür,

Məcnuna onunla min təfaxür.

Leylidə visali-dust meyli,

Məcnunda həm arizuyi-Leyli.

Ol iki səhiqədü səmənbər,

Bir-birinə oldular bərabər;

Fuladə sataşdı səngi-xarə,

Od düşdü qərarü ixtiyarə.

Bir sazə düzüldü ol iki tar,

Gərm oldu rəvaci-naleyi-zar.

Ol baxdı buna nişat buldu,

Bu gördü onu müqəyyəd oldu.

Məcnunda qərar tutmayıb huş,

Dəryayi-təhəyyür eylədi cuş,

Bir dəm baxa bilmədi-ol ayə,

Döşəndi yer üzrə misli-sayə.

Leyli həm itirdi ixtiyarın,

Bir dəm görə bilmədi nigarım,

Heyranlığı ol məqamə yetdi

Kim, düşdü ayaqdan usu getdi.

Gül suyu səpib rəvan üzünə,

Leylini gətirdilər özünə,

Hər yan dedilər ona ki: "- Ey mah!

Nagəh, olur atan-anan agah

Kim, qeyr ilə aşina olubsan,

Bir dilbərə mübtəla olubsan.

Verməz bu rəviş nəticeyi-xub,

Şayəstə deyil sənə bu üslub!

Yaxşı nəzər eyləsən yamandır,

Həm bizə və həm sənə ziyandır!"

Ondan götürüb büsatü xərgah,

Ol mahliqayi xahü naxah

Öz bürcünə qıldılar rəvanə,

Ta olmaya vaqif ata-anə.

Söz demədilər bu macəradən,

Nə gəncdənü, nə əjdəhadən.

Məcnuni həm etdi çeşmi-xunbar

Sular saçıban üzünə, bidar.

Gördü ki, nigardan nişan yox,

Bir cismi-füsürdə var, can yox.

Divanə qalıb, pəri gedibdir,

Salıb onu dilbəri gedibdir.

Çak eylədi camə, çəkdi nalə,

Halı bədəl oldu özgə halə.

Tərk etdi libasi-laləguni,

Rəxt oldu təninə əşki-xuni,

Gər matəm üçün misali-xamə,

Sarmışdı başa siyəh əmamə.

Çizgindi başına dudi-ahi,

Yandırdı əmameyi-siyahi.

İkrah ilə çıxdı pirəhəndən,

Ar etdi şəhidi-ğəm kəfəndən.

Nəleyni buraxdı ol bəlacu

Kim, aşiqə payibənddir bu.

Həmdəmlərə üzr qıldı ağaz:

- "Key bir neçə həmnişinü həmraz!

Seylabi-hücumi-əşk yetdi,

Mən şiyftəhalı qərq etdi.

Olman məni-xəstə ilə həmdəm

Ta batmayasız bu suya siz həm,

Mən, rəngi-məlamətə boyandım,

Sövdazədəlik oduna yandım,

Əlbəttə, bu od ki, düşdü canə,

Axır tutuşub çəkər zəbanə.

Dişvar bəlami səhl sanman!

Siz dəxi mənim oduma yanman!

Məndən sizə düşməsin bir əxgər,

Çün dəymədi xeyr, dəyməsin şər.

Sövda siyəh etdi ruzigarım,

Eşq aldı inani-ixtiyarım.

Mən bir quşam uçdum aşiyandan,

Mən qandanü meyli-xanə qandan.

Qılman mənə ev hekayətin çox,

Dəxi mənim onda getməyim yox!

Sizdən sorar olsa ata halım,

Keyfiyyəti-möhnətü məlalım,

Söylən ki: "Fənayə verdi rəxtin,

Əyyam siyah qıldı bəxtin.

Ey piri-şikəstəhalü naşad,

Tanriçün əlimdən eyləmə dad!

Demə ki, "nədir bu macəralər?"

Səndən mənə yetdi bu bəlalər!

Mən bilməz idim qəmi-cəhanı,

Təşvişi-zəminü asimanı.

Asudə səraçeyi-ədəmdə

Nə qüssədə idimü, nə qəmdə.

Bilməzlik ilə xoş idi halım,

Nə hüsn, nə eşq idi xəyalım.

Sən vasiteyi-vücudim oldun!

Sən manei-feyzi-cudim oldun!

Umdun ki, mənimlə olasan şad,

Dərda ki, ümidin oldu bərbad.

Mən yox olubam, sən indi var ol!

Özgə xələfə ümidvar ol!

Məzur tut, ey əziz, məzur!

Mən qəsd ilə səndən olmadım dur

Çox sidq ilə eylədim ona əzm

Kim, dövləti-vəslinə edəm cəzm,

Su saldı yoluma əşki-həsrət,

Damanımı tutdu xari-möhnət".

Təhrir qılıb münasibi-hal,

Bu şeri həm etdi ona irsal:



QƏZƏL


Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,

Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm!


Əgər çaki-giriban eyləsəm, mən eyləmin, çün mən

Mətai-nəngdən ari, libasi-ardən urəm.


Mənü səhrayi-vəhşət, mənzil etməm afiyət küncün,

Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.


Təmərrüd, əql fərmanından etsəm, dustlar, billah,

Məni rəyimlə sanmın, eşq sultaninə məmurəm.


Mənə kim tənə eylər, kim nəsihət əhli-aləmdən,

Xoşam kim, etibari-eşq ilə hər dildə məzkurəm.


Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,

Nə müştaqi-behiştəm, sən kimi, nə talibi-hurəm.


Xəyali-çini-zülfü taqi-əbrusilə zövqüm gör,

Sanasan həşmət ilə kəsriyəm, qədr ilə fəğfurəm.


Qərəz, bir ad imiş aləmdə, mən həm eylərəm bir ad,

Bihəmdillah, Füzuli, rindü rüsvalıqda məşhurəm.



TƏMAMİYİ-SÜXƏN


Ol şiveyi-eşq içində mahir,

Qaldıqda vəsiyyətini axir,

Qıldı gözədib təriqi-vəhşət,

Əshabdən inqitai-ülfət,

Səhrayə düşüb, günəş misali,

Tənha yürür oldu laübali.

Hər daşə ki, yetdi tökdü yaşın,

Ləl eylədi kuhü dəşt daşın.

Göz yaşını bəs ki, tökdü hər su,

Hər mərhələdən axıtdı min cu.

Bir əbri-bəla idi, güvahi;

Baran - sirişki, bərq - ahi.

Baran ilə bərqi cismü candan,

Bir mərtəbədə ki, mundan, andan

Dəryalərə yetsə ləməyi-tab,

Səhralərə düşsə qətreyi-ab,

Dəryalər olurdu cümlə səhra,

Səhralər olurdu cümlə dərya.

Fəryad ilə doldurub bu deyri,

Fəryadə gətirdi vəhşü teyri.

Əfğanı yetirdi asimanə,

Atəş salıb ah ilə cəhanə.



BU, MƏCNUN ATASININ VAQİFİ-HAL

OLDUĞUDUR VƏ ONU BİYABANİ-MÖHNƏTDƏ

BULDUĞUDUR


Gəncinəgüşayi-gəncgöftar,

Olmuş bu əda ilə gühərbar:

Kol bir neçə biqərarü məhzun,

Naçar qılıb vidai-Məcnun,

Nomid dönüb şikəstəvü xar,

Qıldılar atasını xəbərdar.

Ol piri çü vaqif oldu halə,

Məcnun kimi etdi ahü nalə.

Səhralərə tutdu seyl tək üz,

Vadilərə açdı çeşmə tək göz,

Çox aradı, gəzdi hər məkanı,

Bulunmadı oğlunun nişanı.

Ta aqibət ol şikəstəhali,

Bir guşədə gördü laübali.

Düşmüş yerə, xaksarü qəmnak,

Əhvalı xərabü sinəsi çak.

Dönmüş güli-sürxi zəfəranə,

Şimşadi-lətifi xizəranə.

Ayinəsini ğubar tutmuş,

Jəngi-ğəmi-ruzigar tutmuş;

Etmiş əlifin sitəm yükü dal,

Qılmış qələmin fələk qəmi nal,

Həmsöhbəti murü həmdəmi mar,

Təkyəgəhi xakü bəstəri xar,

Xar üzrə ona dəlik-dəlik tən,

Açmış qəm evinə dürlü rövzən.

Ol pir, çü gördü surəti-hal,

Surət kimi qaldı bir zaman lal.

Bir ləhzə onu təhəyyür aldı,

Heyrət gözü ilə baxa qaldı.

Sonra yaxa yırtıb etdi fəryad:

- "Key bülbüli-bustani-bidad!

Hali-dilini mənə bəyan et,

Əsrari-nihanini əyan et.

Kim aldı əlindən ixtiyarın?

Kim eylədi tirə ruzigarın?

Billah, netə biqərar olubsan,

Aşüfteyi-ruzigar olubsan!

Nə seyrdəsən, sənə tələb nə?

Bu naleyi-zarinə səbəb nə?

Dəryadə isə sənə düri-kam,

Sən söylə, mən eyləyim sərəncam,

Zülmatdə isə şəmi-məqsud,

Rövşən qılü məndən istə mövcud".

Məcnun dedi: - "Ey mənə verən pənd,

Danayi-süxənvərü xirədmənd!

Kimsən, nədurur bu göftgulər,

Bifaidə batil arizulər?

Get, dərdimə sən dəva deyilsən,

Biganəsən, aşina deyilsən!

Mən böylə kəlamə tutmazam guş,

Leyli sözü söylə, yoxsa xamuş!"

Dedi: "Mənəm atan, ey bəlakəş,

Mən səngi-məlamətəm, sən atəş!"

Dedi: - "Nədir, ata, yoxsa anə,

Leyli gərək, özgədir fəsanə".

Çün gördü itaətində ehmal,

Bildi ki, fəqir özgədir hal,

Verdi bu firib ilə təsəlli,

Kim: - "Dur gedəlim, çağırdı Leyli!

Leyli bizə gəldi mehmandır,

Ləli tələbində dürfəşandır".

Məcnun ki, eşitdi Leyli adın,

Sandı ki, fələk verər muradın.

"Ləbbeyk" deyib ayağə durdu,

Ol kəbeyi-məqsədə üz urdu.

Pir ilə cavani-dilşikəstə,

Gəldi evə dilfikarü xəstə.

Başında həvayi-vəsli-Leyli,

Nə ata qəmi, nə ana meyli.

Gah ata nəsihət etdi ağaz,

Gah anası oldu pəndpərdaz.



BU, MƏCNUNA ANASI PƏND VERDİYİDİR

VƏ BUSTANİ-MƏLAMƏTDƏN XARİ-NƏDAMƏT

DƏRDİYİDİR


Key rahəti-canü nuri-didə!

Fərzəndi-yeganeyi-güzidə!

Şənində rəyasəti-ərəb var!

Mirasi-şücaətü ədəb var!

Ətvari-müluki tut həmişə,

Ayini-şücaət eylə pişə!

Əbruyi-xəm isə gər muradın,

Süst etmə kəmanə etiqadın!

Müjgani-siyahdan götür dil,

Ol navüki-cansitanə mail!

Olsan nigərani-qəddü qamət,

Qıl nizeyi-xunfəşanə rəğbət!

Gər zülf ilə görmək istəsən xal,

Gör heyəti-nöqtə, peykəri-dal!

Könlün gözü qaşə olsa məftun,

Gör dideyi-eynü əbruyi-nun!

Sən sərvsən, olmagil giranbar!

Azad ola gör, nə kim giriftar!

Sən ləlsən, olmagil səbüksəng,

Döndərmə günəş görüb rəvan rəng!

Etmə özünü hübabmanənd,

Başında olan həvayə xürsənd!

Kim, yoxdurur ol həvayə bünyad

Başın olur ol həvadə bərbad.

Sərgərmlik etmə şəm nisbət,

Suzi-qəmi-eşq ilə, mürüvvət,

Gör şəmi necə düşər bəlayə,

Başına gedən, gedər fənayə.

Zövqi-dilü didə qılma adət!

Salma meyü şahidə iradət!

Məhbubü mey ilə bəsləyən can,

Sanma olur əhli-əqlü iman!

Əqlimi olur müdam məstin?

İmani olurmu bütpərəstin?

Şerə həvəs etmə kim, yamandır,

Yaxşı desələr onu, yalandır!

Hala qıla gör kəmal hasil,

Fövt etmə macal, gəzmə qafil!

Ey baği-ümidimiz nihali,

Qılma bizi nəng payimali!

Məhbub həm istəsən, kəm olmaz,

Biz kim, səniniz, sənə qəm olmaz.

Vardır bu həşəmdə min qəbilə,

Hər taifə içrə min cəmilə,

Bir-bir qılalım qamu sənə ərz,

Yetsin yerinə bizə olan fərz,

Bir sərvi-səhiqədü səmənbər,

Təzvicini edəlim müqərrər,

Təyin edəlim sənə, məhü sal,

Sərf eyləyə bildiyincə əmval,

Sən tutma həmin təriqi-vəhşət,

Qəti-nəsəb eyləmə, əmanət!

Bizdən bu nəsihəti qəbul et!

Hər ləhzə bizi, yetər, məlul et!

Üşşaq səfahətin qılıb yad,

Bu şeri nə xoş demiş bir ustad:



QƏZƏLİ-USTAD


Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!


Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!

Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!


Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,

Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!


Yaxşı görünür surəti məhvəşlərin, əmma

Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!


Eşq içrə əzab olduğun ondan bilirəm kim,

Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!


Yad etmə qara gözlülərin mərdümi-çeşmin,

Mərdüm deyib aldanma kim, içdikləri qandır!


Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.



BU, MƏCNUNUN NƏSİHƏT QƏBUL ETMƏDİYİDİR

VƏ ATASININ DƏRDİ DƏRMANƏ YETMƏDİYİDİR


Məcnun ki, eşitdi bu xitabı,

Verdi bu əda ilə cəvabi:

- Key ruhi-rəvanım ata, ana!

Kami-dilü canım ata, ana!

Təhqiq edibəm işim xətadır,

Hər nə desəniz mənə rəvadır.

Aludeyi-rəngi-dudi-ahəm,

Zülli-günəh ilə rusiyahəm.

Mən həm olubam bu işdən agah,

Əmma nə deyim, nə söyləyim? Ah!

Yoxdur bu işimdə ixtiyarım,

Zəbtimdə inani-iqtidarım!

Əql oldu zəifü eşq qalib,

Xatir nigəran, nigar cazib,

Tutdu tənü canımı qəmi-yar,

Ğeyrəl-məhbub leysə fiddar

Məndə dəxi necə mənlik olsun,

Məndən məni istəyən nə bulsun?

Təqdir çü böylədir, nə tədbir,

Təqdiri edərmi kimsə təğyir?

Olsaydı mənə nişat ruzi,

İstərmi idim bu dərdü suzi?

Gər səhhətə qadir olsa bimar,

Dərdə özün eyləməz giriftar.

Əl versə gədayə padişahlıq,

Sanman ki, qılır dəxi gədalıq.

Fitrətdə nə halət olsa məqsum,

Rəf olmadığıdır əmri-məlum.

İslahıma eyləmən təəmmül,

Kim, gül tikan olmazü tikan gül.

Keyfiyyəti-abü cövhəri-xak,

Dönmək olamı qəbuli-idrak.

Su süfləliyindən ayrılırmı?

Od yandıra bilməyə bilirmi?

Ol gün ki, rəhimdə kilki-qüdrət,

İcadıma verdi ziybi-surət,

Doldurdu həva ilə dimağım,

Sövda ilə bağladı ayağım.

Doldu bədənimdəki rəkü pust,

Başdan-ayağa məhəbbəti-dust.

Mülk eylədi könlümü bəlayə,

Vəqf eylədi canımı cəfayə.

Yox məndə bu hökmdən təxəllüf,

Ol maliki-vəqfədir təsərrüf.

Dərdi-əzəli dəva bulurmu?

Mehri-əbədi fəna bulurmu?

Mən şəmi-səraçeyi-fəraqəm.

Suzi-cigər ilə xoşməzaqəm.

Məndən diləyən bu suzi zail,

Bidadıma olmuş ola mail.

Şəmin ki, həyatı oldu atəş,

Halı onun atəşilədir xoş.

Oddan diləyən onun nəcatın,

Fani diləmiş ola həyatın.

Düşmənliyə dustluq qılıb ad,

Tədbiri-nəcatım eyləmən yad!

Mən qərqeyi-bəhri-şövqi-yarəm,

Bərhəmzədeyi-qəmi-nigarəm,

Ancaq, səbəbi-qərarım oldur,

Arami-dili-fikarım oldur.

Onunla edin bu dərdə mərhəm,

Urman dəxi özgə kimsədən dəm.

Dersiz mənə var dilrübalər,

Leyli kimi çox pəriliqalər...

Billah, deməniz bu hərfi zinhar

Aləmdə bir ondan özgə, kim var?

Bülbül gül üçün qılanda nalə,

Dərdinə dəva olurmu lalə?

Xosrov deyiləm ki, mənə dilbər

Şirin ola gah, gah Şəkkər?

Mən yekcəhətəm təriqətimdə,

Təğyir işi yox cibillətimdə.

Üzrünü bəyan edib həm ol dəm

Təqrirə gətirdi bir qəzəl həm:



BU QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR


Eşq dərdi, ey müalic, qabili-dərman deyil!

Cövhərindən eyləmək cismi-cüda asan deyil!


Dövr cövründən şikayət edənə aşiq demən,

Eşq məsti vaqifi-keyfiyyəti-dövran deyil!


Şəhrdən səhrayə bir fərq olduğun hər kim bilir,

Bilmiş ol kim, eşq səhrasında sərgərdan deyil!


Hər kim idrak eylər öz keyfiyyəti-halın, hənuz

Dust rüxsarinə eyni-şövq ilə heyran deyil!


Canın canan ittihadi fariq eylər cismdən,

Cismdən agah olan can, vasili-canan deyil!


Der imiş düşmən ki, Həmdəmdir Füzuli yar ilə,

Hər sözü böhtan isə, həqqa bu söz böhtan deyil!



BU, MƏCNUNUN ATASI LEYLİYƏ

XASTKARLIĞIDIR VƏ

LEYLİ ATASININ MƏCNUNDAN

BİZARLIĞIDIR


Saqi, gətir ol şərabi-nabi!

Kim, yetdi nisabə qəm hesabi.

Qəm, düşməni-cani-mübtəladır,

Dəf eyləyə gör ki, bir bəladır!

Söz cövhərinə olan xiridar,

Bu növ ilə qıldı gərm bazar

Kim, aciz olub qəm içrə ol pir,

Məcnununa qıldı fikri-zəncir.

Bildi ki, gər olmaz olsa Leyli,

Mümkün deyil olmağı təsəlli,

Qıldı tələbin özünə lazim,

Çəm etdi əaliyü əazim.

Ümmid ilə bağladı umub kam,

Ol kəbeyi-arizuyə ehram.

Çün Leyli atası bildi hali,

Uydurdu əkabirü əali,

Qarşılarına olub rəvanə,

Qıldı olar ilə əzmi-xanə

-"Əhlən və səhlən!" - deyib dəmadəm,

Min gəz dedi: - "Ola xeyr məqdəm!"

Çün şəm sifət olar oturdu,

Ol sərv kimi ayağa durdu.

Ortaya buraxdı türfə xanlar,

Ta kami-dil ala mehmanlar.

Olmuşdu dolub kəbab ilə xan,

Cədyü Həməl ilə asiman san.

Əmma, əcəb ər qıla xirədmənd,

Ol xanları asimanə manənd,

Hər kim qərəzin bulurdu xandan,

Bu mümkün olurmu asimandan?

Xanlar götürüldüyündə ol pir,

Təqrib ilə dərdin etdi təqrir:

- "Key, qədrlə qibleyi-qəbail!

Səndən qamunun muradı hasil,

Əslü nəsəbim sənə əyandır,

Hökmüm neçə min evə rəvandır.

Məşhuri-qəbailəm səxadə,

Mərufi-təvaifəm ətadə.

Həm var məhəbbətimdə təsir,

Həm var ədavətimdə təşvir.

Sərdəftəri-əhli-ruzigarəm,

Hər necə desəm, yüz onca varəm.

Nəxli-əməlim səmər veribdir,

İyzəd mənə bir gühər veribdir.

Hala dilərəm bu türfə lölu,

Bir ləl ilə ola həmtərazu,

Ta lölö olanda lələ vasil,

Tərkib qılam müfərrihi-dil.

Çox kanlara tişəvəş üz urdum,

Çox ləl həqiqətini sordum,

Hər kanda əgərçi ləl çoxdur,

Bir ləl ki, layiq ola yoxdur.

Bir ləlin eşitmişəm sənin var

Kim, lölöümə odur səzavar.

Lütf eylə, inayətü kərəm qıl!

Ol ləl ilə dürrü möhtərəm qıl!

Qılsın gülü sərv sayəpərvər,

Olsun gülə sərv sayəgüstər.

Fəhm et sözümü, təğafül etmə!

Bir xeyr işidir, təəllül etmə!

Gər hasil olur bu kam səndən,

Hər nə ki, dilərsən, istə məndən!

Onca qılayın sənə rəvan gənc

Kim, yer üzün eyləyə nihan gənc.

Onca gühər eyləyim rəvanə

Kim, bulmayasan ona xəzanə".

Ol sərvi-səmənbərin atası,

Ol gənci-nihanın əjdəhası,

Lütf ilə dedi ki: "Ey xirədmənd!

Mən kimi əsiri-dami fərzənd!

Sən xoş gəldin, səfa gətirdin,

Topraqlardan bizi götürdün!

Müşkülcə xitabdır xitabın,

Bilmən necə verəyin cəvabın?

Qürbün bilirəm mənə şərəfdir,

Əmma xələfin əcəb xələfdir.

"Məcnun" deyə tən edər xəlayiq

Məcnuna mənim qızım nə layiq?

Leyli deməyim ki, nazənindir,

Bir tirə kənizi-kəmtərindir,

Olmazmı kəniz cinsi-mərdüm?

Yoxdurmu kənizə həm tərəhhüm?

Div ilə pəri olurmu həmdəm?

Olmaz, sözü açma, əbsəm, əbsəm!

Divanəyə zaye eyləmə rənc,

Viranə gərək ona, nədir gənc?

Tədbir ilə döndərib mizacın,

Sövdasının eyləsən əlacın,

Leyli onun olsun, eylədim əhd,

Var indi, sən et əlacına cəhd!"



BU, MƏCNUNUN ATASININ HİRMANIDIR

VƏ QEYRİ BABDAN TƏDBİRİ-DƏRMANIDIR


Ol sahibi-nəngü namü namus,

Döndü evə, gəldi xarü məyus.

Məcnuna dedi ki: - "Ey cəfakeş!

Hacət yetər, olmağıl müşəvvəş!

Əql ilə açılır ol müəmma,

Leyliyi sənə verərlər, əmma,

Şərti bu ki, olasan xirədmənd,

Ərbabi-xirəddən alasan pənd!

Rəf ola əlaməti-cünunun,

Əql ola həmişə rəhnümunun".

Məcnun dedi:- "Ey ədibi-kamil!

Divaneyi-eşq olurmu aqil?

Gər məndə bir ixtiyar olaydı,

Tədbirimə etibar olaydı,

Əvvəldən ədəb şüar edərdim,

Təmkinimi üstüvar edərdim.

Olmazdı bu halə ehtiyacım

Kim, ola əzab ilə əlacım.

Məndə bu əlacə yox müdara,

Min gəz ğəmim etmən aşikara.

Yoxdur rəvişimdə inqilabım,

Əvvəlki cəvabdır cəvabım.

Sən əhli-xirədsən, eylə tədbir,

Tədbirin edə məgər ki, təsir,

Leyliyi dəxi mən etməyim yad,

Mən aqili-vəqt olam, sən azad".

Ol piri-şikəstəhal heyran,

Tədbiri-əlac edib firavan,

Hər qanda eşitdi bir təbibi,

Gülzarının oldu əndəlibi.

İzhar edib ona ehtiyacın,

Bimarının istədi əlacın.

Bimarına min təbibi-haziq,

Bir şərbət içirmədi müvafiq.

Hər yerdə ki, bildi bir nəzirgah,

Varıb ona oldu xaki-dərgah,

Çox əl götürüb dualər etdi,

Çox nəzr verib ətalər etdi.

Rəyilə məlulun etməyə şad,

Min pirdən almadı bir irşad.

Çox sehr olunub yazıldı təvid,

Çox məkrlərə tutuldu ümmid,

Edilmədi heç birilə çarə,

Nə çarə qəzayi-girdigarə.

Bir gün dedilər ona ki: - "Ey pir!

Aləmdə sənə bu qaldı tədbir

Kim, Kəbəyə iltəsən əsirin,

Ola ki, həqq ola dəstgirin.

Tövfi-hərəm olsa ona hasil,

Sərgəştəlik ondan ola zail.

Ursa həcəri-mübarəkə baş,

Yumşaya, əgər ola qara daş".



BU, MƏCNUNİ-BİÇARƏNİN KƏBƏYƏ

ÜZ URDUĞUDUR VƏ

MÜNACATLA SÖVDASI ARTDIĞIDIR


Ol pir bu xeyr işə qılıb cəhd,

Məcnuna mürəttəb etdi bir məhd.

Aldı onu əzmi-rah qıldı,

Əzmi-hərəmi-ilah qıldı.

Çün Kəbəyə girdi ol nikuxu

Məcnuna dedi ki: - "Ey bəlacu!

Tut Kəbəyə ruy, taət eylə!

Təmkinü ədəb riayət eylə!

Təzim şəraitin əda qıl!

İxlası dürüst edib dua qıl!

Ola ki, qəbul ola niyazın,

Həq şəfqəti ola çarəsazın.

Bu yerdə qəbul olur dualər,

Bu büqədə bəxş olur ətalər.

Qıl tövbə ki, əhsəni-əməldir,

Cəhd eylə nəcatə kim, məhəldir".

Məcnun bulub ol məqamdən zövq,

Saldı ünü çərxə nəşəyi-şövq.

Suz ilə çəkib cigərdən avaz,

Ərz etdi binayi-Kəbəyə raz:

- "Key səqfi büləndü qədri ali!

Mehrabi-əazimü əali!

Ey qibleyi-əhli-izzü iqbal!

Rüxsari-zəminə ənbərin xal!

Ey məğzi-vəfayə kisvətin pust.

Həmrəngi-pəlasi-xaneyi-dust!

Ey gülbüni-qönçeyi-ibadət,

Sənduqi-cəvahiri-səadət!

Ey daim olan mənimlə həmdərd,

Əmma nə mənim kimi cahangərd!

Köksünə uran həcər kimi daş,

Zəmzəm kimi gözdən axıdan yaş!

Peyvəstə siyəh qılan libasın,

Könlündə nihan tutan həvasın!

Billah, kiməsən bu yerdə aşiq?

Söylə ki, ənisinəm müvafiq.

Olmuş sənə eşq feyzi hasil,

Qılmış səni qibleyi-qəbail.

Ya rəb, bu hərəmsəra həqiçün!

Bu məbədi-pürsəfa həqiçün!

Qıl məndə binayi-eşqi daim,

Manəndi-əsasi-Kəbə qaim!

Sal könlümə dərdi-eşqdən qəm,

Hər ləhzəvü hər zamanü hər dəm!

Eşq içrə müdam şövqüm artır,

Şövq ilə həmişə zövqüm artır!

Hər qanda ki, aləm içrə qəm var,

Qıl könlümü ol qəmə giriftar!

Əndişeyi-əqldən cüda qıl,

Eşq ilə həmişə aşina qıl!

Artır mənə zövqü şövqi-Leyli,

Daim mənə onda qıl təcəlli!

Çoxdur bəni-adəm içrə bidad,

Et könlümü vəhşət ilə mötad,

Bir mülkdə ver mənə qərari

Kim, yetməyə adəmi qübari".

Ol zairi-Kəbəyi-inabət,

İstərdi dua qılıb icabət,

Tüğyani-bəladən etməyib fikr,

Bu şer idi hər dəm etdiyi zikr:



QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR


Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!

Bir dəm bəlayi-eşqdən etmə cüda məni!


Az eyləmə inayətini əhli-dərddən,

Yəni ki, çox bəlalərə qıl mübtəla məni!


Olduqca mən götürmə bəladən iradətim,

Mən istərəm bəlanı, çü istər bəla məni!


Təmkinimi bəlayi-məhəbbətdə qılma süst

Ta dust tən edib deməyə bivəfa məni!


Getdikcə hüsnün eylə ziyadə nigarımın,

Gəldikcə dərdinə betər et mübtəla məni!


Mən qandanü mülaziməti-etibarü cah,

Qıl qabili-səadəti-fəqrü fəna məni!


Öylə zəif qıl tənimi firqətində kim,

Vəslinə mümkün ola yetirmək səba məni!


Nəxvət qılıb nəsib Füzuli kimi mənə,

Ya rəb, müqəyyəd eyləmə mütləqmana məni!



BU, KƏBƏDƏN MƏCNUNUN MÜRACİƏTİDİR

VƏ VÜHUŞ İLƏ MÜSAHİBƏTİDİR


Bir-bir eşidib sözün atası,

Bildi ki, qəbul olur duası,

Əfzun olur ol qəmü məlamət

Mümkün deyil oğluna səlamət.

Çox qıldı fəğanü naləvü zar,

Oğlundan ümidi kəsdi naçar.

Ol pir qalıb orada heyran.

Məcnun tutuban rəhi-biyaban,

Tənha səfər ixtiyar qıldı,

Əzmi-səri-kuyi-yar qıldı.

Gündüz gözü yaşı hadiyi-rah,

Gecə yolu şəmi şöleyi-ah.

Gərdi-rəhi-yari yad edərdi,

Gəh otura, gəh dura gedərdi.



BU, MƏCNUNUN DAĞ İLƏ MÜSAHİBƏTİDİR

VƏ CARİ OLAN ÇEŞMƏ İLƏ MÜNASİBƏTİDİR


Bir dağə irişdi yolda nagah,

Qəddinə libasi-vəhm kytah,

Tiğində üqabi-çərx qanı,

Müzmər kəmərində ləl kanı,

Münim sifəti, libası faxir,

Cibu bəğəli dolu cəvahir.

Dərya qılıban ona təzərrö,

Eylərdi zəxirəsin təvəqqö,

Səhra edibən ona təvəlla,

Eylərdi məişətin təmənna.

Ol çeşmələr eyləyib rəvanə,

Olmuşdu olara ata-anə.

Təzim ilə qılmış onu həq yad,

Quranda - "Əlcibalü ovtad".

Məcnun ona eyləyib tamaşa,

Bir odlu sürud qıldı inşa.

Olduqda sürud ilə nəvasaz,

Ondan həm eşitdi əksi-avaz,

Sandı ki, özilə həmnəfəsdir,

Dedi: - "Mənə bir rəfiq bəsdir.

Yüz şükr ki, yari-qar buldum,

Gəzdim bu cəhani yar buldum".

Eşq olun ona həm etdi rövşən:

- "Key guşənişin pakdamən!

Suzi-cigərimdən oldun agah,

Əhsənt-əhsənt, barəkəllah!

Bir aşiqi-mübtəla imişsən,

Dərd əhlinə aşina imişsən.

Sənsən mənə həmdəmi-müvafiq,

Dağ ilə olur həmişə aşiq.

Bidad ilə göysünə urub daş,

Dərd ilə gözündən axıdıb yaş,

Noldu sənə, böylə məst olubsan,

Qəm daminə paybəst olubsan,

Qan ilə dolubdurur kənarın,

Nə güldən ola bu laləzarın?

Bağrın görürəm olubdurur su,

Nə sərv qədin həvasıdır bu?

Gəl, ağlayalım bu macərayə,

Bir dəm qoşalım səda-sədayə!"

Çün bir dəm onunla ağladı zar;

Dərdi-dili-zarın etdi izhar.

Əzm eylədi xaki-kuyi-yarə,

Leylinin evi olan diyarə.



BU, MƏCNUNUN ĞƏZAL İLƏ MƏQALATIDIR

VƏ EŞQ BABINDA ONUNLA OLAN HALATIDIR


Gördü ki, bir ovçu dam qurmuş,

Daminə ğəzallər üz urmuş.

Ol damə cəfayi-çərxi-qəddar,

Bir ahunu eyləmiş giriftar.

Boynu burulu, əyağı bağlı,

Şəhla gözü nəmli, canı dağlı,

Əhvalına rəhm qıldı Məcnun,

Baxdı ona, tökdü əşki-gülgyn,

Könlünə qatı gəlib bu bidad,

Yumşaq-yumşaq dedi ki: - "Səyyad!

Rəhm eylə bu mişkbu qəzalə!

Rəhm etməzmi kişi bu halə?

Səyyad, bu natəvanə qıyma!

Qıl canına rəhm, canə qıyma!

Səyyad, saqın, cəfa yamandır!

Bilməzsənmi ki, qana qandır?

Səyyad, mənə bağışla qanın!

Yandırma cəfa oduna canın!"

Səyyad dedi: - "Budur maaşım,

Açman əyaqın gedərsə başım,

Qətlində bu seydin etsəm ehmal,

Ətfalü əyalıma nolur hal?"

Məcnun ona verdi cümlə rəxtin,

Pak eylədi bərgdən dirəxtin.

Ol türfə qəzalın açdı bəndin,

Şad eylədi cani-dərdməndin.

Üz urdu üzünə qıldı əfğan,

Göz sürdü gözünə oldu giryan:

- "Key badiyəgərdü badnavərd!

Nazik bədənilə nazpərvərd!

Sən zinəti-hər gili-zəminsən,

Gül kimi lətifü nazəninsən.

Ey, səbzeyi-cuybari-vəhşət!

Rəna səməni-bəhari-vəhşət!

Tənha qoyma məni-zəbuni,

Olğıl mənə dəşt rəhnümuni!

Gəz bir neçə gün mənimlə həmrah,

İnsan deyib etmə məndən ikrah!

Yaşım kimi getmə çeşmi-tərdən,

Kəsmə əyağın bu rəhgüzərdən!

Sərçeşmeyi-çeşmim eylə mənzil,

Sərmənzilimizdən olma ğafil!

Olsun bəbəyim qərargahın,

Əşkü müjə ab ilə giyahın.

Ey çeşmi-nigar yadigari!

Səhl eylə mənə ğəmi-nigari!

Qıldıqda xəyal çeşmi Leyli,

Sən ver məni-xəstəyə təsəlli"!

Çün ol, bəşəriyyətin unutdu,

Ahu həm onunla üns tutdu,

Onun səbəbilə həm çox ahu,

Səhradə onunla tutdular xu.



BU, MƏCNUNUN KƏBUTƏRƏ ŞƏRHİ-HALIDIR

VƏ ONDAN İLTİMASİ-TƏDARÜKİ-

MAFİBALIDIR


Bir mənzilə yetdi zarü müztər,

Bir damdə gördü bir kəbutər

Hər rövzəni-dami bir dəri-ğəm,

Min qəm mütəvəcceh ona hər dəm.

Məcnun ona baxdı yandı canı,

Yaşı kimi cuşə gəldi qanı.

Səyyadına eylədi təzərrö,

Qurtarmağın eylədi təvəqqö.

Səyyad dedi ki: - "Mən fəqirəm.

Fəqrə bu həmamə tək əsirəm.

Haşa ki, bu mürği-tizrəftar

Azad ola, mən qalam giriftar.

Gər var isə qiymətin əda qıl,

Ondan bunu damdən rəha qıl!

Əvvəl məni eylə qüssədən şad,

Ondan bunu dami-qəmdən azad!"

Variydi qolunda bir düri-tər,

Şəffaf çü dideyi-kəbutər.

Verdi onu, aldı ol əsiri,

Üftadənin oldu dəstgiri.

Sürtdü qədəminə çeşmi-pürxun,

Onca ki, ayağın etdi gülgun.

Hər dəm ona ərzi-raz edərdi,

Min nəğmeyi-şövq saz edərdi:

- "Key tizpərü bülənd pərvaz!

Ərbabi-vəfayə məhrəmi-raz!

Bu rəngi-libasi-nilfamın,

Ənduhi məlaməti-müdamın

İzhar qılır nişaneyi-qəm,

Kim qılırdı səni əsiri-matəm?

Gər aşiq isən sən ey cəhangərd,

Qaçma ki, mənəm səninlə həmdərd.

Bir ləhzə mənimlə həmnişin ol,

Gəncineyi-razimə əmin ol!

Başım tükün aşiyanə qılğıl,

Göz yaşımı abü danə qılğıl,

Sən qasid imişsən, ey həmamə,

Məndən həm ilət nigarə namə!

Gör, hicri-rüxündə iztirabım,

Peyğamım ilət, gətir cəvabım.

Billah səri-kuyinə gedəndə,

Hər çizginibən təvaf edəndə,

Yad eylə məni, səvabıma gir,

Bir tövf səvabını mənə ver,

Qon xaki-dərinə, istə danə,

Qıl özünə danəni bəhanə.

Olduqca məcalın etmə namus,

Məndən yetir ol yarə zəminbus!"

Onca dedi ona həm qəmi-dil

Kim, qıldı onu həm ünsə mail.

Başında olub şəb aşiyanı,

Gündüz olur oldu pasibanı.

Zatında görüb nişaneyi-xeyr,

Həm vəhşi mütii oldu, həm teyr.

Ram oldu bəhaim ol fikarə,

Bir fövc yığıldı varə-varə.

Ol zar idi mülki-dərd şahi,

Xeyli-dədü dam onun sipahi.

Olmuşdu bəşərdən öylə bizar

Kim, öz əksin sanırdı əğyar.

Dartıb göyə dudi-şöleyi-ah,

Öz sayəsin istəməzdi həmrah.



BU, LEYLİ ƏHVALATINDAN BİR XƏBƏRDİR

VƏ MƏŞUQÜ AŞİQ ƏTVARINDAN BİR ƏSƏRDİR


Saqi, mütəəllimi-xumarəm!

Müştaqi-şərabi-xoşgüvarəm!

Üftadəliyim gör, etmə ehmal,

Rəhm et, bir əyağ ilə əlim al!

İzhar qılıb səfayi-məşrəb,

Bu bəzmi çü eylədin mürəttəb,

Bəzm əhlinə növbət ilə ver cam,

Həm xas riayət eylə, həm am!

Məcnuna həmin şərab tutma,

Leyliyi ki, əsldir unutma!

Dehqani-fəsihi-farsizad,

Bu gülşənə böylə dikdi şimşad

Kim, ol çəməni-vəfa bəhari,

Daqi-qəmi-eşq laləzari,

Yəni rəvişi-vəfadə möhkəm,

Leyli sədəfi-cəvahiri-qəm

Girmişdi həsarə gənc manənd,

Urmuşdu ayağə pənddən bənd.

Nə bir fərəhi, nə bir nişati,

Nə kimsə ilə bir ixtilati,

Bizar atadənü anadən,

Biganə cəmii-aşinadən.

Yanına olurdu xublər cəm,

Pərvanəsifət həvaliyi-şəm,

Şad olmağa xatiri-həzini,

Əylənməyə təbi nazənini,

Min türfəcə-türfəcə fəsanə.

Şirin söz ilə çəkib biyanə,

Eylərlər idi, zaman-zaman yad,

Təqrib ilə, ləhzə-ləhzə bünyad.

Ol tərk qılıb nişatü rahət,

Bir üzvünü eyləyib cərahət,

Eylərdi bəhanə ilə nalə,

Düşməzdi olar düşən xəyalə.

Qızlar qaşa versə vəsmədən rəng,

Can güzgüsünə salardı ol jəng.

Qızlar üzə qoysa nildən xal,

Ol nilə çəkərdi rəxt filhal.

Qızlarda xəyali-nəqşi-diba,

Ol nəqşi-xəyal ilə şəkiba.

Qızların əli hənadə gülgun,

Onun əli əşki ilə pürxun.

Nə iynədə, nə ipəkdə meyli,

Müjganə tökərdi əşk seyli.

Qızlar qılıb ərizuyi-ziyvər,

Gər riştəyə çəksələrdi gövhər,

Ol dəxi çəkərdi eyləyib rəşk,

Tari-bədəninə gövhəri-əşk.

Məcnundan idi cünuni əfzun,

"Leyli" deyənə, deyərdi "Məcnun!"

Dünlər ki, gedib yanından ol cəm,

Bir guşədə ol qalırdı vü şəm,

Şəmə qəmi-dil bəyan edərdi,

Suzi-cigərin əyan edərdi.



BU, LEYLİNİN ÇİRAĞLA MACƏRASIDIR

VƏ ONDAN ÇAREYİ-DƏRDİ-DİL TƏMƏNNASIDIR


- "Key didəsi bağlı, bağrı dağlı!

Başı qaralı, ayağı bağlı!

Gəl, olalı həmnəfəs mənü sən,

Razi-dili-zarin eylə rövşən!

Nə dərd səni nizar edibdir,

Alüftəvü zərdü zar edibdir?

Başdan ayağa nədir bu yanmaq,

Dudi-dilə dəmbədəm boyanmaq?

Nə cinsdir əslin, ey bəlakəş.

Kim, abi-həyatın oldu atəş?

Şərhi-dili-gərmü çeşmi-tər ver!

Sərrişteyi-razdən xəbər ver!

Hər ləhzə düşərsən iztirabə,

Həm atəşə qərqsən, həm abə!

Nə sehr qılırsan, ey səhərxiz

Kim, atəşin abdən olur tiz?

Mən suxtədən həm olma qafil,

Məndə dəxi var bir ğəmi-dil.

Mən həm sənə bənzərəm vəfadə,

Bəlkə neçə mərtəbə ziyadə.

Sən gecə həmin yanarsan, ey zar!

Mən gecə vü gündüzəm giriftar.

Səndə əsəri-həva ziyandır,

Nisbət mənə rahəti-rəvandır.

Xoşdur sənə sirrini, töküb yaş,

Məclislər içində eyləmək faş.

Könlün çü deyil vəfadə qaim,

Könlündəkidir dilində daim.

Mən sabiti-ərseyi-bəlayəm,

Ney kimi xəzaneyi-həvayəm.

Olmam olur-olmaz ilə dəmsaz,

Başım kəsilirsə söyləmən raz.

Derdim sənə söyləyəm qəmi-dil,

Səndə dəxi tab yox, nə hasil,

Doymaz cigərim bu şərhi-razə.

Ahım gətirər səni güdazə.

Bir yarə bu dərdi eylədim faş,

Olmadı mənə bu yolda yoldaş,

Səbr eyləmədi bu dərdü dağə,

Qatlanmadı, düşdü daşə-dağə.

Yanında sənin həm urmayım dəm,

Ta qaçmayasan irağə sən həm".

Şəmin çü görərdi yox zəbanı,

Dəm urmağa yox yanında canı.

Pərvanəyə şərh edərdi razın,

Ərz eylər idi olan niyazın.



BU, LEYLİNİN PƏRVANƏYƏ KƏŞFİ-RAZIDIR

VƏ ONUNLA FİLCÜMLƏ İZHARİ-NİYAZIDIR


"- Key, tairi-aşiyaneyi-eşq!

Sərgəşteyi-abü daneyi-eşq!

Sənsən rəhi-eşq içində sadiq,

Aşiqsən, əmma təmam aşiq.

Bir görməyə yarı can verərsən,

Bir zövqə iki cahan verərsən.

Xoşdur tələbi-vəfadə halın,

Guya ki, fənadədir visalın.

Hər necə ki, şöhreyi-cahansan,

Eşq içrə səramədi-zamansan.

Müşkül ki, mənim kimi olub zar,

Məncə ola səndə şövqi-didar.

Sən, seyrdəsən həmişə sərməst,

Mən dami-bəladə dərdə pabəst,

Dünlər sənə dust həmnişindir,

Hicran mənə müttəsil qərindir.

Bir şöləyə sən nisar edib can,

Dişvar qəmin qılırsan asan.

Mən can ilə istərəm çəkəm qəm,

Min can dilərəm ğəm içrə hər dəm.

Məncə sənə yox ğəmi-nihani;

Gər var desən, qanı nişani?

Qanı nəmi-çeşmi-əşkrizin,

Qanı dəmi-sərdü gərmxizin?

Qanı sitəmü bəlayə durmaq?

Eşqə duruşub cəfayə durmaq?"

Pərvanədə həm görərdi nöqsan,

Bulmazdı onunla dərdə dərman.

Naçar qılıb təhəmmülü səbr,

Ol kəsrə dilərdi qeybdən cəbr,

Yarı gecələr ki, çeşmeyi-xab,

Gözlər çəmənin qılırdı sirab,

Zülmatə düşərdi nuri-biniş,

Aram bulurdu afəriniş,

Yuxuya gedərdi yarü əğyar,

Dərd əhli həmin qalırdı bidar,

Səhraya çıxardı evdən ol mah,

Kamınca qılardı naləvü ah.

Fəryadın edib büləndpayə,

Razi-dilini açardı ayə.



BU, LEYLİNİN AY İLƏ MÜNAZİRƏ

QILDIĞIDIR VƏ XURŞİD KİMİ

ŞÖVQ ODUNA YAXILDIĞIDIR


Key, gah qədim kimi xəmidə!

Gahi pür olan misali-didə!

Gəh zahir olan mənə qəmim tək!

Gəh qaib ənisü həmdəmim tək!

Şahiddir ona bu inqilabın

Kim, aşiqisən bir afitabın!

Hicranı ilə nizar olubsan,

Sərgəşteyi-ruzigar olubsan!

Ey möhnəti-eşqdən xəbərdar,

Gör, tanrı üçün, nə möhnətim var!

Qıl şöleyi-ahimə nəzarə!

Gər var isə rəhkin, eylə çarə!

Seyr eylə fəzayi-hər diyari!

Gəz cümleyi-dəştü kuhisari!

Gör qandadır ol mənim pənahim!

Şahim, mahim, ümidgahim!

Hali-dilim ona ərz eylə!

Billah, necə gördün isə söylə!"

Ta vəqti-səhər bu idi hali,

Təşvişdən olmaz idi xali.

Mürği-səhəri çəkəndə avaz,

Eylərdi bir özgə növhə ağaz:

- "Key vay, tükəndi mayeyi-ömr!

Xurşidə irişdi sayeyi-ömr!

Dəmdir dəri-firsət ola məsdud,

Müşkül görünə bəyani-məqsud.

Dəmdir oyana yuxudan əğyar,

Şərhi-qəmi-dərdim ola dişvar.

Mən əxtəri-bürci-iştiyaqəm,

Mən şəmi-səraçeyi-fəraqəm.

Gündüz həbsim, gecə nəcatim,

Gündüz movtim, gecə həyatim.

Olmuş dünümə günüm mütabiq

Gün görməz imiş bəlalı aşiq!"



BU, LEYLİNİN SƏBAYƏ PƏYAMİ-ƏHVALIDIR

VƏ ÜMİD İLƏ DƏFİ-MƏLALIDIR


Eylərdi səbayə dərdin izhar:

- " Key badi-səba, dur indi, zinhar!

El qafil ikən bu macəradən,

Sultanə səna yetir gədadən.

Gör munisü qəmgüsarı kimdir,

Bizdən ki, usandı yarı kimdir.

Könlü kimin ilədir təsəlli,

Yadına gəlirmi hiç Leyli?

Ərz eylə ki: "Ey gözəl şəhinşah!

Haqdır sənə bəndədən bu ikrah...

Əvvəl ki, bu dilfikarı gördün,

Bir tazəvü tər baharı gördün.

Hala ki, əsiri-dami-dərdəm,

Manəndi-xəzan, zəifü zərdəm.

Meyl eyləmisən məni-nizarə,

Döndisə iradətin, nə çarə?

Mən bərgi-xəzanəm, olmuşam xar,

Sən tazə bəharəsən tələbkar.

Hər necə ki, xarü xakisarəm,

Həm şəfqətinə ümidvarəm.

Tərk etmə əvatifi-əmimi,

Yad eylə məvəddəti-qədimi!"

Şəb ta səhər ol büti-səmənbər,

Bidar qalıb misali-əxtər,

Eylərdi bu suziş ilə şivən,

Ol dəm ki, olurdu ruz rövşən,

Nəğmə kimi pərdədar olurdu,

Bir pərdə içində zar olurdu.

Daim keçirərdi ol cigərsuz,

Övqatı bu rəsm ilə şəbü ruz.

Peyvəstə çəkərdi ol güləndam.

Əndişeyi-sübhü möhnəti-şam.


BU, LEYLİNİN BAHAR ƏYYAMİ SEYRİ-GÜLZAR

ETDİYİDİR VƏ GÜLZARDA MURADINA YETDİYİDİR


Bir gün ki, bahari-aləmaray

Zövq əhlinə oldu rahətəfzay,

Ayineyi-dövrdən gedib jəng

Dövr etdi zəmini asimanrəng.

Feyzi-şəbi-kimiya əsərdən,

Təsiri-şəmameyi-səhərdən,

Açıldı xəmi-bənəfşədən tab,

Şəbnəm gülə saçdı lölöi-nab,

Gülzarə həva əbir tökdü,

Səhrayə ğübari-mişk çökdü.

Yağdırdı səhab jalə daşın,

Ol daş ilə yardı ğönçə başın,

Zəxminə urub şükufə mərhəm,

Pambıq yenilər ona dəmadəm.

Səbzə gülə verdi mişk bacın,

Gül səbzəyə mülkünün xəracın.

Xoş rəng ilə yığdılar təcəmmül,

Firuzəvü ləlü səbzəvü gül.

Dərk eylədi qönçə rəmzü iyma,

Gül adına açdı min müəmma.

Məzmuni-rubaiyi-ənasir,

Feyz olduğu xəlqə oldu zahir.

Susən vərəqi uçub həvayə,

Hər səbzəyə kim, salardı sayə,

Ol səbzəyə uğrayıb axan cu,

Füladə əgər verəydi bir su,

Fulad dəmində can bulurdu.

Şəmşirsifət zəban bulurdu.

Arayişi-səbzədən zəmanə

Bənzətdi zəmini asimanə.

Xyrşid çiraği-çeşmi-aləm,

Göydən yerə düşdügündə hər dəm,

Təhqiq edibən çıxıb gümandan,

Bilməzdi zəmini asimandan.

Gülzarlar oldu işrətabad,

Hər yerdə olundu bəzm bünyad.

Hər guşədə hər kim aldı bir kam.

Hər büqədə hər kim içdi bir cam.

Leylinin anası gördü mütləq,

Yox Leyliyi-natəvanda rövnəq,

Meyli-gülü sərvü səbzə qılmaz,

Min qönçə açıldı, ol açılmaz.

Sərf etdi şükufə tək dirəmlər,

Cəm eylədi nazənin sənəmlər,

Səhrayə çıxardı ol nigarı,

Qıldı gülə ərz növbaharı,

Ta qüssəvü qəmdən ola azad,

Bir dəm gülə, oynaya, ola şad.

Ol bir neçə bikri-pakdaman,

Həmrah olub oldular xuraman,

Üzdən götürüb ədəb niqabın,

Rəf eylədilər həya hicabın.

Hər kim nə bilirsə ləb ya ləhv,

İzharə gətirdi etməyib səhv.

Gah eyləyibən sürudlər saz,

Bülbüllərə oldular həmavaz.

Gah göstərib oynamaqda halət,

Şimşadə yetirdilər xəcalət.

Lakin həvəs eyləməzdi Leyli,

Olmazdı bu ləhvü ləbə meyli.

Artırmış idi bahar dərdin.

Gül zövqi, rüxi-nigar dərdin.

İstərdi fərağət ilə bir dəm,

Tənha tuta bir bucaqda matəm.

Ayrılmayıb ol pəriliqalər,

Artırdı bəlasına bəlalər.

Çün eylədi kəsrət onu diltəng,

Neyrəng ilə verdi onlara rəng:

- "Key sərvlər eyləmən iqamət,

Ta evdə çəkilməyə nədamət!

Durun, qılalım tərəf-tərəf gəşt,

Seyr eyləyəlim həvaliyi-dəşt,

Sancıb belə nazənin ətəklər,

Cəm eyləyəlim gözəl çiçəklər!

Çox dərməyə hər kim olsa qadir,

Oldur bu sənəmlər içrə nadir"!

Bir yaniya getdi hər pərivəş,

Dağıldı şərər, tutuşdu atəş,

Tənha qalıb etdi naləvü zar,

Qıldı gözün əbrvəş gühərbar.



BU, LEYLİNİN ƏBR İLƏ İZHARİ-NİYAZIDIR

VƏ EŞQ BABINDA KƏŞFİ-RAZIDIR


Əbr ilə təkəllüm etdi ağaz:

- "Key ahim ilə həmişə həmraz!

Göz yaşın ilə göyə yetərsən,

Sanma məni-zardən betərsən!

Ərz eyləmə rədü bərqü baran,

Bəhs etmə mənimlə, ruzi-hicran!

Fəryad qılıb dəmi-səhərgah,

Əflakə çəkəndə şöleyi-ah,

Seylabi-sirişk edəndə cari,

Gəl, gör məni-zari-biqərari!

Ey əbr, hər əksiləndə suyin,

Dəryalərə tökmə abi-ruyin!

Al suyi bu çeşmi-xunfəşandan,

Dəryalərə həm bağışla ondan!

Ey əbr, mənə dəmi vəfa qıl!

Düşdü sənə hacətim, rəva qıl!

Var ol üzü gül nigarə məndən,

Zar ağla və söylə yarə məndən:

Key türfə nigari-nazəninim!

Vey arizuyi-dili-həzinim!

Gəl gör ki qəmində necə zarəm,

Sənsiz necə zarü biqərarəm!

Gəl gör ki, nədir qəmində halım,

Rəngi-rüxi-zərdü əşki-alım!

Can bari-bədən götürməz oldu,

Göz rəngi-vücudu görməz oldu

Canım canı, gözümün çirağı,

Rəhm eylə ki, gəldi rəhm çağı!

Mən bilməz idim, bəla imiş eşq,

Bir dərdli macəra imiş eşq.

Derdin ki: bəla yolunda fərdəm,

Eşq içrə sənə şəriki-dərdəm.

Saldın məni-xəstəyi bu halə,

Dərdə məni eylədin həvalə!

Hər dərd ki, var Leyli aldı,

Məlumdurur, sənə nə qaldı?

Ey, mərd mənəm, - deyə uran laf

İnsafmıdır bu? Qanı insaf!?

Tut kim xəsü xari-rəhgüzarəm,

Torpaq kimi yolunda xarəm,

Xurşidi-cəmalın, ey məhi-növ,

Toprağa nola buraxsa pərtöv?

Barani-vüsalın, ey düri-nab,

Qılsa xəsü xarı nola sirab?

Olma meyi-qəflət ilə məlhuş;

Həmsöhbətin eyləmə fəramuş!

Ey yari-müvafiqü vəfadar!

Ey mən kimi vü mənə səzavar!

Gəl yanıma kəsmə aşinalıq,

Yaxşımı olur bu bivəfalıq?

Derlər səni aşiq, ey niku ru!

Aşiqlərə böyləmi olur xu?

Hər kim gərək öz işində kamil,

Aşiq nə rəva ki, ola kahil?

Aşiq gərək olmayıb qərari,

Tövf edə müdam kuyi-yari.

Düşməz bu yana sənin güzarın,

Var ola məgər bir özgə yarın?

Yarın mən isəm? Mənə nəzər qıl!

Gahi bu yanaya bir güzər qıl!

Gər səndə olan fərağəti-dil,

Bir dəm mənə olsa idi hasil.

Geysuyi-müsəlsəlü girehgir,

Boynumda gər olmasaydı zəncir,

Vər bağlayaydı bəndi-xəlxal,

Qeyd ilə ayağımı məhü sal,

Eyb ilə çəkilməsəydi adım,

Billah bu idi həmin muradım

Kim, sayə misalı səndən, ey nur,

Olduqca vücudum, olmayan dur!

Əmma nə edim? Əsiri-qeydəm,

Bir boynu, ayağı bağlı seydəm,

Bildirməyə mehnətü məlalım

Bu şer yetər bəyani-halım:



BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR


Eşq daminə giriftar olalı zar olubam,

Nə bəladır ki, ona böylə giriftar olubam?


Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim.

Künci-qəmxanəyə bir surəti-divar olubam.


Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil.

Öylə kim, arizeyi-hicrlə bimar olubam.


Həzərim tənədən ol qayətə yetmişdir kim,

Yarə əğyar olub əğyarım ilə yar olubam.


Deməzəm dəxi: "Sənə aşiqəm", ey gül! Zira

Sənə aşiqliyim izhar edəli xar olubam.


Əqlü-səbrü-dilü din getdi bihəmdillah kim,

Səfəri-sahili-dəryayə səbükbar olubam.


Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim,

Valehi-nəqşi-xəyali-rüxi-dildar olubam.



BU, LEYLİNİN KÜNÇİ-QƏMDƏ

GİRYANLIĞIDIR VƏ

MƏCNUNUN VADİYİ-EŞQDƏ

SƏRGƏRDANLIĞIDIR


Zar ağlar ikən bu rəsmə ol mah,

Bir türfə səda eşitdi nagah.

Bir kimsə oxurdu şeri-Məcnun,

Bu nüktə ibarətində məzmun:

- "Key nəşəyi-eşqdən uran dəm!

Məcnunu saqınma Leylidən kəm!

Məcnun ilə Leylini bərabər

Gər kimsə deyərsə, qılma bavər!

Leylidə əgərçi dərd çoxdur,

Məcnuni-həzincə dərdi yoxdur.

Leyli əli iynədəndir əfkar,

Məcnuna qılınclar eyləməz kar.

Leyli istər ki, əksilə qəm,

Məcnun qəmin artırar dəmadəm.

Leylini edər hərir dilgir,

Məcnuna verər nişat zəncir.

Məcnundur olan qəmə giriftar,

Leyli kimə olmuş ola qəmxar?

Məcnuna yetər şikənceyi-təb,

Leyli kimədir təbib, ya rəb?

Məcnundur əsiri-dami-Leyli,

Leyli kimə salmış ola meyli?"

Leyli tutub ol təranəyə guş,

Öz nəğməsin eylədi fəramuş.

Təhqiq ilə bildi bu hesabi

Kim, yox şərərində şölə tabi.

Əlbəttə, bəlavü dərdi gərdun

Məcnuna veribdir ondan əfzun.



BU, LEYLİNİN İBNİ SƏLAMA GİRİFTAR

OLDUĞUDUR VƏ YARDAN MƏHRUM

VƏ MÜQƏYYƏDİ-ƏĞYAR OLDUĞUDUR


Memari-səraçeyi-ibarət

Böylə bu evi qılır imarət:

Kim, seyrdən olmayıb təsəlli

Öz mənzilinə dönəndə Leyli,

Vermişdi özünə dürlü ziyvər,

Hər ziyvərə bir nəticə müzmər.

Ta məhv ola gözdən axıdan xun,

Həm kömləyi, həm donuydu gülgyn.

Ta kim, ola dudi-ahə manənd,

Bağlanmış idi bənəfşə sərbənd.

Ta kim, ola sövti-nalə pamal,

Qullanmış idi sədalı xəlxal.

Ta olmaya əşk üzdə məlum

Rüxsarına lölö idi mənzum.

Rəna başa sərpübən ləçəklər,

Nazik belə sancıban ətəklər,

Pərvanəsiz eyləməzdi şəmin,

Eylərdi düri-sirişk cəmin.

Rəna-rəna yürürdü ol mah,

Bir şəkl ilə kim, təbarəkəllah.

Ol əsrdə var idi ərəbdə

Bir mötəbər əsldə, nəsəbdə,

Mənzuri-əazimü əali,

Məqbuli-əkabiri-əhali.

İdraki-büləndü hüsni dilkəş,

Ətvari xücəstə, siyrəti xoş,

Vermiş həq onun olan muradın,

Bəxt İbni Səlam qılmış adın.

Ol türfə hümayi-övci-iqbal,

Asudə zəmirü fariğülbal,

Ov qəsdinə eyləmişdi pərvaz,

Altında üqab, əlində şəhbaz.

Bir rahgüzərdə ol nigarə,

Uğraşdı və qıldı bir nəzarə,

Canü cigərində qalmadı tab,

Məhv oldu, necə kim, odda simab.

Tərk etdi əziməti-şikarı,

Gəldi evə, getdi ixtiyarı.

Tərh etdi binayi-rəsmi-peyvənd,

Tədbir ilə buldu bir xirədmənd

Kim, lütf ilə söz qılanda təqrir,

Təqriri verərdi daşə təğyir.

İnam edibən ona bəsi mal,

Leyli tələbinə qıldı irsal.

Şərt eylədi ol bülənd əxtər

Kim, olsa bu kami-dil müyəssər

Sərf eyləyə gəncü mali-aləm,

Cananə yolunda, bəlkə can həm.

Çün gəldi bu razi-dil bəyanə,

Oldu ona razı ata-anə.

Ol Müştəriyə verildi Zöhrə,

Şayəstə görüldü Mah Mehrə.

Çün İbni Səlamə yetdi peyğam,

Tənbihi-nişatü müjdeyi-kam,

Dəryayi-nişatü gəldi mövcə,

Baş çəkdi nihali-bəxti övcə,

Məxzən-məxzən cəvahir açdı,

Xərmən-xərmən nisar saçdı.

Açdı dəri-gənci-gövhərü zər,

Fəqr əhlini eylədi təvangər.

Ol sərvin ayağı bağlı oldu,

Azadə ikən adağlı oldu.



BU, NOVFƏLİN MƏCNUNLA MÜQƏDDİMEYİ-

İXTİLATIDIR VƏ OL CƏVAHİRİ-PAKDƏN

İNBİSATIDIR


Saqi, yenə qəsdi-can edər ğəm,

Ver cam ləbaləbü dəmadəm!

Bikəs qalıbam məni-səbükray,

Sən eyləməsən mənə mədəd, vay!

Mən şiftənin pənahı olğıl!

Bikəslər ümidgahı olğıl!

Cəhd eyləvü qılma bir işə əhd,

Vər əhd eləsən vəfayə qıl cəhd!

Şəmşiri-mübarizi-fəsanə

Bu rəzmdə böylə batdı qanə

Kim, var idi bir xücəstəfərcam,

Ol əsrdə adilü nikunam,

Tiğilə müsaf müşküli həll,

Mərufi-zəmanə, adı: Novfəl,

Həm eşq yolunda çox yügürmüş,

Həm çox sitəmi-zəmanə görmüş.

Bəzmində misali-dürri-məknun,

Bir gün oxunurdu şeri-Məcnun,

Qayətdə bəyəndi tərzi-pakın,

Məzmuni-kəlami-suznakın.

Sordu sifətin, dedilər: - "Ey şah!

Aşüftə qılıbdır onu bir mah.

Rüsvalıq edib özünə pişə,

Damü dəd ilə gəzər həmişə".

Novfəl qılıb arizuyi-Məcnun

Əshab ilə qıldı əzmi-hamun.

Bir guşədə gördü zarü məhcur,

Halı nəsəqi-səlahdən dur.

Ətrafını teyrü vəhşi almış,

Vəhşət onu bir həsarə salmış,

Çün daireyi-sibaü-hail,

Qət etdi, süpəh görüb səlasil,

Məcnuna yetişdi ol vəfadar,

Asari-tələttüf etdi izhar:

- "Key xəstə, nədir bu çəkdiyin rənc,

Viranədə zaye etdiyin gənc?!

Vəhşi nə bilir sənin məqamın?

Həmcinslərindən istə kamın!

Hal əhlisən, istə əhli-hali,

Səhralarə düşmə laübali!

Dövlət diləsən, hümadən istə,

Gənc istəsən, əjdəhadən istə!

Qəm çəkmə ki, mən olunca ğəmxar,

Yarın sənə ənqərib olur yar.

Gər olsa zər ilə iş sərəncam,

Yük-yük tökəlim zər, alalım kam,

Vər olsa ğərəz müsafə möhtac,

Biz qan tökəlim, sən eylə tarac,

Ancaq ola gör mənimlə həmdəm,

Mən kim səninəm, sənindir ol həm".



BU, MƏCNUNUN NOVFƏL İLƏ DƏRDİ-DİL

ƏDASIDIR VƏ ŞƏRHİ-TƏFSİLİ-MACƏRASIDIR


Məcnun dedi: - "Ey yeganeyi-əhd!

Tədbirimə çoxlar etdilər cəhd,

Çox əhli-əzaim etdi tədbir,

Olmadı pəri bu divə təsxir.

Topraqlərə töküldü çox zər,

Olmadı bu kimiya müyəssər.

Səndə bilirəm ki, lütf çoxdur,

Nə sud, çü məndə bəxt yoxdur,

Sürmə bilirəm ki, artırır nur,

Nə faidə, göz əgər ola kur?

İqbalıma yoxdur etimadım,

Müşkül görünür mənim muradım.

Ah ər qılasan bu şüğlə iqdam,

Rəyincə iş olmaya sərəncam,

Həm dustum olmaya mənə yar,

Həm düşmən ola nə dust kim var.

Bəxtim, bilirəm, mənim yamandır,

Sud istədiyin mənə ziyandır.

Bəxtim sifətində bir qəzəl var

Daim qılıram mən onu təkrar:



BU QƏZƏL MƏCNUNİ-ZARİNDİR


Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm,

Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.


Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,

Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm.


Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfin.

Səfadən dəm uran həmdəmləri əhli-riya gördüm.


Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,

Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.


Ayaq basdım dəri-ümmidə sərgərdanlıq əl verdi,

Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm.


Mənə göstərdi gərdun, tirə bəxtim kövkəbin yüz gəz,

Məni-bədbəxt ona hərgah kim baxdım, qara gördüm.


Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,

Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.



BU, NOVFƏLİN MƏCNUNA ÜMİDVARLIQ

VERDİYİDİR VƏ HÜSNİ-MÜSAHİBƏTLƏ

RİZASINA GİRDİYİDİR


Novfəl dedi: - "Ey ədibi-kamil!

Feyzi-nəzərimdən olma ğafil!

Lillahilhəmd qeyrətim var,

Qeyrət qədərincə qüdrətim var.

Sən cəhd elə ki, yar ola əhl,

Çün yardır əhl, kardır səhl".

Məcnun həm ümid ilə olub şad,

Tərk etdi təriqi-təbi-mötad,

Həm sildi ğübari-fərqi-geysu,

Həm eylədi qət naxunü mu.

Həm cisminə verdi ziybi-camə,

Həm başına ziyvəri-əmamə.

Bəzmi-tərəbi-məqam tutdu,

Meyli-tərəb etdi, cam tutdu.

Novfəl həm olub mülazimi-əhd,

İmdadına qıldı can ilə cəhd.

Aldı ələ müşkbar xamə,

Leyli həşəminə yazdı namə:

- "Key taifeyi-büləndpayə!

Biganəlik etmən aşinayə!

Edib məni iltifatə məmnun,

Leylini edin rəfiqi-Məcnun!

Ol lalə isə, bu nəstərəndir,

Şimşad isə ol, bu narvəndir.

Ol buna, bu onadır sazavar,

Ey əhli-ğərəz, nədir bu azar!?

Kam olsa nizasız müyəssər,

Ha, gənci-dürü xəzaneyi-zər!

Vər olsa bu xeyr işdə təxir,

Ha, təni-sinanü zərbi-şəmşir!"

Ol qövmə çü rövşən oldu əhval,

Oldu bu cəvab olardan irsal,

Kim: - "Bizdə cünun əlacı yoxdur!

Divanələr ehtiyacı yoxdur.

Gəncü dürə eyləmə təfaxür!

Bəsdir bizə gəncimizdəki dür.

Laf ilə qılıncdan urmağıl dəm!

Ki, var qılıncımız bizim həm!"



BU, NOVFƏLİN LEYLİ HƏŞƏMİLƏ RƏZM

ETDİYİDİR VƏ RƏZMDƏ QALİB OLMAYIB

SÜLHƏ ƏZM ETDİYİDİR


Novfəl ki eşitdi bu cəvabı,

Tərk eylədi şahidü şərabı,

Çəm etdi sipahi-binihayət,

Çaldırdı nəfirü çəkdi rəyət.

Ol qövm həm oldular xəbərdar,

Çəm eylədilər sipahi-xunxar.

Rəf oldu iki tərəfdən azərm,

Həngameyi-rəzmi etdilər gərm.

Bir sübh ki, qıldı xosrovi-Rum,

Şam əhlinə Hind fəthini şum;

Səyyarədən aldı mehr meydan,

Çaldı qılıcın, götürdü qalxan,

Gün xəncəri oldu aşikarə,

Gərdun zirehini etdi parə,

Şətrəncsifət ol iki ləşkər

Bir-birinə durdular bərabər.

Gəh nizə qılırdı cavsitanlıq,

Gəh navək edərdi xunfəşanlıq.

Ol bənzər idi qədi-nigarə,

Bu qəmzeyi-dilfiribi-yarə.

Eylərdi zəbani-təni-şəmşir

Əhvali-ədəm vücuda təqrir.

Əhvalına xalqın ağlayıb zar,

Çeşmi-zireh olmuş idi xunbar.

Gürz ilə olurdu xürd hər su,

Cövşənlərü üstüxani-pəhlu.

Rəzm oldu bəla yağışlı bir miğ,

Rədü bərqi tüfəng ilə tiğ.

Göstərdi güzar gürzü peykan,

Qalxanda zireh, zirehdə qalxan.

Məcnun olara qılıb nəzarə,

Çəkmişdi özünü bir kənarə,

Durmuşdu ələmmisal bibak,

Bir ərsədə şərmsarü qəmnak.

Çəkmişdi bu ləşkər içrə rəyət,

Ol ləşkər üçün dilərdi nüsrət.

Bunlar ilə hay-huy edərdi,

Fəth onlara cüstcuy edərdi.

Bu ləşkər ona müinü qəmxar,

Ol talibi-fəthi-ləşkəri-yar,

Gər öz sipəhində görsə məqtul,

Şükr eyləməyə olurdu məşğul.

Vər görsə qətili-qövmi-dildar,

Dərd ilə qılırdı naləvü zar.

Səbzə kimi, olsa gər müyəssər,

Öz ləşkərinə urardı xəncər.

Bir kimsə dedi ki: - "Ey siyəhruz!

Xəsmini dilərmi kimsə firuz?

Biz can qılırız yolunda pamal,

Sən düşmən üçün dilərsən iqbal?

Əqlə bu iş eyləməz dəlalət,

Gər aqil isən, nədir bu halət?"

Məcnun dedi: - "Mən fədayi-yarəm,

Vəslinə onun ümidvarəm.

Çün ləşkəri-yardır qılan rəzm,

Ol rəzmə nə layiq eyləmək əzm?

Çün dust sipahidir edən cəng,

Düşmənliyə xoş deyildir ahəng.

Xoşdur ki, bulam visalə fürsət,

Yarım tərəfində ola nüsrət.

Canım ola dust dilpəziri,

Ya küştəsi ola, ya əsiri.

Bu mərəkədə nişatməndəm,

Ol silsilədə əsiri-bəndəm.

Müşkül işə olmuşam giriftar,

Əğyarım yarü yarım əğyar.

Gər qətlimə dust çəksə şəmşir,

Yox məndə rizadan özgə tədbir.

Xoşnud deyilmiyəm bu halə

Kim, canı verəm, yetəm visalə".

Çün böylə cəvab eşitdi sail,

Ol fəzlü kəmalə oldu qail.

Gəldikcə olub ziyadə aşub,

Az qaldı ki, Nofəl ola məğlub,

Əlqissə, müyəssər olmayıb kam,

Ol gün cədəl oldu sübh ta şam.

Çün oldu əyan təliəyi-şəb,

Meydani-sipehri tutdu kövkəb

Asayişə hasil oldu fürsət,

Can almağa verdi mərg möhlət.

Hər səf bir arada tutdu mənzil,

Bir-birinə qondular müqabil.

Həmdəmlərə razın açdı Novfəl,

Kim: - "Müşküli-halımı, qılın həl!

Mən əşcəi-əhli-ruzigarəm,

Xurşidi-sipehri-karzarəm.

Yox kimsədə tabi-tiği-tizim,

Əndişeyi-taqəti-sitizim.

Bu rəzmdə bilməzəm nədir hal

Kim, fəthimə nüsrət eylər ehmal?

Əlbəttə ki, həq rizasıdır bu,

Bir əhli-həqin duasıdır bu".

Ərz eylədilər ki: - "Ey cəhandar!

Məcnundan olubmusan xəbərdar?

Biz can qılırız onun fədası,

Ədamızadır onun duası.

Biz qəsd edəriz onun muradın,

Ol düşmənə bağlar etiqadın".

Novfəl ki, eşitdi ol kəlamı,

Qalmadı ol əmrə ehtimamı,

Bilmişdi ki, sahibi-nəzərdir,

Əlbəttə, duası mötəbərdir.

Bildi ki, müyəssər olmaz ol kam,

Təsir qılır dua sərəncam.

Çün vəsl deyildi hökmi-təqdir,

Müşkül ki, əsər verəydi tədbir.

Vəhm etdi ki, münəkis ola hal,

Rəzmində mübarək olmaya fal.


Kirdarını görmədi münasib,

Nəzr etdi ki: gər olursa qalib

Zikr etməyə dəxi Leyli adın,

Tərk edə bu əmr üçün inadın.



BU, NOVFƏLİN İKİNCİ NÖVBƏT RƏZM EDİB

QALİB OLDUĞUDUR Və VƏFAYİ-ƏHDƏ

KAZİB OLDUĞUDUR


Çün tiğ çəkib mübarizi-Rum,

Şam əhlini etdi əmrə məhkum.

Fəth oldu sipahi-türkə mənsub,

Oldu ərəbin sipahi məğlub,

Adətcə yenə ol iki ləşkər,

Rəzm etməyi etdilər müqərrər:

Tiğ aldı əlinə pəhləvanlar,

Başlar kəsilib töküldü qanlar.

Can eylədi tərki-xaneyi-tən,

Ol çıxmağa açdı tir rövzən.

Başlarda bəlani çox görüb əql,

Bir özgə məqamə eylədi nəql.

Peykan zireh içrə oldu peyvənd,

Gül şaxələrində qönçəmanənd.

Əlqissə, xilafi-rəzmi-əvvəl,

Ədayə müzəffər oldu Novfəl,

Xəsm etdi qəbul hökmi-taət,

Başlandı təzərröü şəfaət.

Leylinin atası açdı başın,

Doldurdu gözünə qanlı yaşın,

Əcz ilə dedi ki: - "Ey xudavənd!

Şahənşəhi-adilü xirədmənd!

Gər Leyli üçündür iztirabın,

İkrah ilə verməzəm cəvabın.

Əmma rəhü rəsmdir müqərrər,

Bir övrətə eybdir iki ər.

Leyli bu həşəmdə namizəddir,

Əqd ilə müqəyyədi-əbəddir.

Çün hökmün edər bu rəsmi pamal,

Bari, onu ğeyrə vermə, sən al!

Gülbərgimizi həvayə vermə!

Namusumuzu fənayə vermə!"

Novfəl dedi: - "Ey güzidə əşraf!

Yox məndə xilafi-ədlü insaf!

Mən məhz mürüvvətü vəfayəm,

Gəncineyi-gövhəri-ətayəm!

Bidadü sitəm deyil şüarım,

Ədl içrə təmamdır əyarım.

Mən həm xəciləm bu macəradən,

Acizlərə qıldığım, cəfadən.

Həqqa bu deyildi etiqadım

Kim, hasil edəm mən öz muradım.

Bir sınmışa mumiya dilərdim,

Bir xəstə üçün şəfa dilərdim.

Gördüm görünür bu əmr müşkil,

Bimar deyil əlacə qabil.

Bidaddən olmuşam pəşiman,

Əfv edə məgər bu səhvi sübhan,

Gəlməz gözümə əyalü malın,

Malın sənin olsunü əyalın.

Var, indi sən eymən ol xətərdən,

Minbəd təvəhhüm etmə şərdən".

Bunu dedi, açdı aləti-rəzm,

Öz məmləkətinə eylədi əzm.

Məcnun dəri-etiraz edib baz,

Ol sərvərə tənə etdi ağaz:

- "Key bihudə qövlünü qərarın!

Əhdində bumudur etibarın?

Nə faidə sikkəsiz dirəmdən?

Nə sud nəticəsiz kərəmdən?

Sayən uludur, vəli, nə hasil?

Kim, feyz dəmində oldu zail".

Hər necə ki, etdilər müraat

Kim, "eyləyəlim buna mükafat,

Ondan yegin edəlim, sənə yar,

Asan işini gəl etmə dişvar!"

Mütləq əsər etmədi ona pənd,

Zənciri-həva qaçan tutar bənd.

Əfğan çəkib etdi xirqəsin çak,

Səhralərə düşdü zarü qəmnak.



BU, MƏCNUNUN ZƏNCİRƏ ÖZÜN MÜQƏYYƏD

ETDİYİDİR VƏ BƏHANƏ İLƏ LEYLİ

TƏRƏFİNƏ GETDİYİDİR


Bir gün səhər ol mücaviri-dəşt,

Eylərdi güruhi-vəhşlə gəşt,

Bir piri-həzin göründü nagah,

Zəncirli bir əsir həmrah.

Məcnunun əsirə yandı canı,

Ol piri-həzinə sordu anı

Kim: "Bu nə əsirdir, bəyan et?

Cürmin məni-mücrimə əyan et!"

Sirri-dilin etdi pir rövşən

Kim:- "Dustdur, deyil bu düşmən.

Mən xəstəvü bəsteyi-əyaləm,

Fəqr ilə iyən şikəstəhaləm.

Bu həm məni-zardən betərdir,

Avarəvü xarü dərbədərdir.

Bir ruzi üçün olub füsunsaz

Hər dəm qılırız füsunlar ağaz.

Ta hasil ola məaşi-ətfal,

Bir şöbədədir, bu gördüyün hal:

Bu qanlılığa qılıbdır iqrar,

Mən eyləmişəm bunu giriftar.

Sahib diyətəm mənü bu xuni,

Gör vəchi-məaş üçün füsuni.

Ta kim, gəzib eyləyə gədalıq,

Bəndinə qıla girehgüşalıq;

Hər nə qazanır gəzəndə ev-ev,

Təqsim edəriz arada cöv-cöv.

Qismətdə həm etmişiz qərarı,

Mən yarıyamü bu şəxs yarı".

Məcnun dedi: - "Səhv edibsən, ey pir!

Divanələrə gərək bu zəncir.

Gəl hacətimi mənim rəva qıl,

Bənd eylə məni, bunu rəha qıl!

Sayən tək olub səninlə həmseyr,

Mən əhli-kərəmdən istəyim xeyr.

Hər nə yığılırsa biş, ya kəm,

Varın sənə eyləyim müsəlləm.

Qəsdim bu ki, eyləyəm məni-zar,

Evdən-evə seyr Müştərivar.

Şayəd ki, bir evdə ola mümkün,

Ol Zöhrəyə olmağım müqarin".

Pir oldu ümidi-nəf ilə şad,

Əvvəlki əsirin etdi azad...

Zəncirə girib rəmidə Məcnun,

Ərbabi-cünunə verdi qanun.



BU, MƏCNUNUN ZƏNCİRƏ ŞƏRHİ-QƏMİDİR

VƏ BƏYANİ-SİLSİLEYİ-ƏLƏMİDİR


Ol silsiləyə olub həmavaz,

Ağlardı ki: - "Ey, mənimlə həmraz!

Sən gənci-bəlayə əjdəhasən!

Sərrişteyi-möhnətü bəlasən!

Şərhi-qəmə var min dəhanın,

Tərpəndikcə çıxar fəğanın!

Başdan-ayağa dəlik-dəlik tən,

Könlündəki razı etdi rövşən!

Ey müntəziri-nəzareyi-yar!

Nəzzareyi-yarə min gözün var!"

Gəzmək həvəsilə xanə-xanə,

Ol pir ilə oldular rəvanə.

Tovfiq olub onlar ilə həmrah,

Leyli həşəmi göründü nagah.

Məcnun rəsəni əlində ol pir,

Ev-ev həşəmi gəzərdi bir-bir:

Leyli evinə irişdi növbət,

Ol xəstəyə qalib oldu heyrət.

Sərgəşteyi-aləm oldu pabəst,

Meyxanə önündə düşdü sərməst,

Çün çəkdi bir ixtiyarsız ah,

Leyli ev içində oldu agah;

Bir ah ilə qıldı xeyməsin çak,

Məzlumuna açdı çeşmi-nəmnak.

Gördü ki, görünməz olmuş ol zar,

Olmuş qəm ilə zəifü bimar.

Qaşı kimi qaməti bükülmüş,

Yaşı kimi peykəri tökülmüş,

Cismi qəm içində can şəbihi,

Dərki, nəzəri, qəmi bədihi.

Didar ilə ol şəhi-lətafət,

Mehmanına eylədi ziyafət.

Razi-dili-zarın etdi ifşa,

Bu şeri bədihi qıldı inşa:



BU QƏ3ƏL LEYLİ DİLİNDƏNDİR


Yar rəhm etdi məgər naləvü əfğanimizə

Ki, qədəm basdı bu gün külbeyi-əhzanimizə?


Əşk baranı məgər qıldı əsər kim, nagah

Bitdi bir şaxi-güli-tazə gülüstanimizə?


Bizə ah atəşinin yandığı ondan bilinir

Ki, çirağ eylədi rövşən şəbi-hicranimizə.


Bu visalə yuxu əhvali demək mümkün idi,

Əgər olsaydı yuxu dideyi-giryanimizə.


Bir xəyal ola məgər gördüyümüz, yoxsa nigar,

Mütləqa xatirə gəlməz ki, gələ yanimizə.


Yar mehmanımız oldu gəlin, ey canü könül,

Qılalım sərf nəmiz var isə mehmanimizə!


Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim,

Can verib dilbərə, minnət qoyalım canimizə.



BU MƏCNUNUN LEYLİYƏ MÜQABİL OLUB

ƏHVALIN BİLDİRDİYİDİR VƏ

FÜRSƏTLƏ RAZİ-PÜNHANIN ƏYAN

ETDİYİDİR


Məcnun ki, ona nəzarə qıldı,

Razi-dilin aşikarə qıldı,

Çəkdi fələkə fəğanü ahi

Sultanının oldu dadxahi:

- "Key qədri bülənd padşahim!

Bildir mənə kim, nədir günahim?

Fərmanə müxalifətmi qıldım?

Ədayə müvafiqətmi qıldım?

Bədxahlərinmidir bu tədbir?

Qəmmazlərinmidir bu təzvir?

Mən mötəqidəm bu asitanə,

Ya rəb, nola rəddimə bəhanə?

Kimdəndir ola, bu məkrü hiylə?

Kim oldu ola buna vəsilə?

Ta xaki-dərindən olmuşam dur,

Aşüftəvü xəstəhalü rəncur,

Gahi çəkərəm şikənceyi-qəm,

Gahi oluram bəlayə həmdəm.

Tənha keçər oldu ruzigarım,

Səhradə nə munisü, nə yarım.

Sən xud gözəlim, qəmim yeməzsən,

"Ol şiftə qandadır" - deməzsən.

Məndən bu təğafülün əcəbdir,

Guya ki, nişaneyi-qəzəbdir.

Mən böylə neçün zəbunü xarəm

Ha gəldim, əgər günahkarəm,

Çökdüm yerə gərdənimdə zəncir,

Bismillah, əgər olursa təzir,

Fərman səndən, qəbul məndən,

Olma gözəlim, məlul məndən!

Zülfü müjə, xəncərü rəsən bəs,

Hökmünü yerit, həm asü həm kəs!

Gər arada bir qübar qoyma,

Öldür məni şərmsar qoyma!

Təzirimə eyləsən təəllül,

Lazım məni öldürər təğafül.

Ey lalə üzarü ənbərin muy!

Gəncinə cəmalü mar-geysuy!

Ta zülfünə olmuşam giriftar,

Zənciri-cünunə rəğbətim var.

Qəm silsiləsinə paybəndəm,

Divanələr içrə sərbüləndəm.

Sövdadə dönüb ziyanə sudim,

Peyvəstə bu şerdir sürudim:



BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR


Küfri-zülfün salalı rəxnələr imanimizə,

Kafər ağlar bizim əhvali-pərişanimizə.


Səni görmək mütəəzzir görünür böylə ki, əşk,

Sənə baxdıqda dolar dideyi-giryanimizə.


Cövrü çox eyləmə kim, olmaya nagəh tükənə,

Az edib cövrü cəfalər qılıban canimizə.


Əskik olmaz ğəmimiz bunca ki, bizdən qəm alıb,

Hər gələn qəmli gedər, şad gəlib yanimizə.


Var hər həlqeyi-zəncirimizin bir ağzı,

Müttəsil verməyə ifşa qəmi-pünhanimizə.


Qəmi-əyyam, Füzuli, bizə bidad etdi,

Gəlmişiz əcz ilə dad etməyə sultanimizə.



TƏMAMİYİ-SÜXƏN


Bir ləhzə qılıb bu rəsmə fəryad,

Sultaninə zülmi-eşqdən dad,

Zəncirini etdi parə-parə,

Tutdu yenə xəlqdən kənarə,

Əndami şikəstə, çeşmi nəmnak,

Rüsvavü xərabü məstü bibak.

Ardınca qoşun-qoşun uşaqlar,

Əhvalına kim gülər, kim ağlar.




BU, MƏCNUNUN KORLUQ BƏHANƏSİLƏ

DİLDARI CƏMALIN GÖRDÜYÜDÜR

VƏ DİDEYİ-ÜMİDİN TUTİYAYİ-MƏQSUDƏ

YETİRDİYİDİR


Bir gün dəxi ol bəhanəpərdaz,

Bir özgə bəhanə qıldı ağaz:

Bağladı iki gözün ki, kurəm,

Əhvali-cəhanə bişüurəm.

Ərz eylədi zəfü binəvalıq,

Ev-ev gəzib eylədi gədalıq.

Təqribilə əzmi-yar qıldı,

Leyli evinə güzar qıldı.

Ol dusta zahir eyləyib raz,

- "Ya dust!" deyib, yetirdi avaz.

Leyli ki, eşitdi ol sədayi,

Bildi eşigindəki gədayi.

Evdən çıxıb etdi ərzi-didar,

Qıldı sədəqə zəkati-rüxsar.

Pünhan baxıban ol afitabə,

Məcnun yenə gəldi bu xitabə:

- "Key xali-siyahı göz səvadı!

Can arizusu, könül muradı!

Gər bağlı isə gözüm rəvadır;

Sərçeşmeyi-lücceyi-bəladır.

Bənd eyləməsəm önün dəmadəm,

Seylabə gedər təmam aləm.

Göz kim, səni eyləyib nəzarə,

Risva qılır əhli-ruzigarə.

Təhqiq edibəm ki, düşmənindir,

Mən qıydım ona, riza sənindir,

Dərgahinə bağladım gətirdim,

Baş üzrə ayağına yetirdim.

Ey qəmzəvü ləli şəhdü şəmşir!

Xah əfv elə onu, xah təzir.

Dərgahinə gəldiyimdə, ey hur!

Sərmayə idi gözümdəki nur,

Öyrətdi mənə qəmin ticarət,

Yüz şükr ki, qılmadım xəsarət,

Göz nurini xaki-payə verdim,

Az cinsimi çox bəhayə verdim.

Şahim, nəzər et məni-gədayə!

Biganəlik etmə aşinayə!

Can bağına, ğəm nihalı tikdin,

Tən mülkünə, dərd toxmu əkdin!

Ol toxmü nihalə nəf hasil,

Oldu nəmi-əşkü suzişi-dil.

Gəl mülkünə, bağına güzər qıl,

Məhsulü mənafeə nəzər qıl".

Bunu deyib ol qəribü heyran,

Tutdu rəhü-badiyə kəmakan.



BU, İBNİ SƏLAMIN LEYLİ VƏSLİNƏ RAĞİB

OLDUĞUDUR VƏ BU DƏVADƏ SÜBHİ-ÜMİDİ

KAZİB OLDUĞUDUR


Saqi, bizə rahəti-rəvan ver!

Cansızlara himmət eylə, can ver!

Qıl məst bizi meyi-muğandan!

Əvvəl xoşü xürrəm eylə, ondan

Sor kim, necədir səbati-aləm,

Əncami-fərəh, nəhayəti-ğəm.

Dünya işi etibarsızdır,

Çərxin rəvişi qərarsızdır.

Çox kimsənə gənc üçün çəkər rənc,

Qeyrinə onun nəsib olur gənc.

Gör onu ki, hər nihali-sərkəş

Sudəndirü sərf eylər atəş.

Təqdirədir əsl əmri-mənsub,

Xoşdur bu ki, talib ola mətlub.

Çün İbni Səlam bildi hali,

Meydani-muradı gördü xali,

Çəm etdi əkabirin diyarın,

Əyanını əhli-ruzigarın,

Göndərdi nikah üçün bəsi mal,

Şərt etdiyin etdi cümlə irsal.

Min zərrin nəl əsbi-tazi

Misrivü İraqiyü Hicazi.

Min cariyəvü ğulami-ziba,

Pirayələri hərirü diba.

Min naqə nəbatü qənd yüklü,

Nəsrin dərili, bənöfşə tüklü.

Min təblə əbirü ənbərü müşk,

Yüz yük gühəri-tərü zəri-xüşk.

Əsbabi-nikah olub rəvanə,

Kabini kəsildi nəqdi-canə.

Leyli bu cəfadən oldu agah

Kim, buldu bəharına xəzan rah,

Ümmidi gözünə doldu topraq,

Məqsudi-nihali tökdü yapraq.

Əksi-qərəz oldu surəti-hal,

İdbarə mübəddəl oldu iqbal.

Gül istər ikən sataşdı xarə,

Nur istər ikən tutuşdu narə,

Əfğan ilə matəm etdi suri,

Matəmgədə məhfili-süruri.

Məşşatə dilərdi-zülfü xalın

Artırmağa ziyb ilə cəmalın,

Ol ahü sirişk ilə dəmadəm,

Xalı güm edərdi, zülfi bərhəm.

Əyməzdi hilali vəsməyə baş,

Gözdən gedirərdi sürməsin yaş.

Geysusi çəkərdi şanədən sər,

Bir bar idi gərdənində gövhər.

Güzguyə kədər verərdi ahi,

Zülmati-xət istəməzdi mahi.

Pabusinə bulmayıb həna dəst,

Etmişdi onu ğəm ilə pabəst.

İklilə rüxi urardı atəş,

Buyi-xoş ona gəlirdi naxoş.

Tənə tikənindən etməyib bak,

Gül kimi qılırdı geydiyin çak.

Hər ləhzə qılırdı ahü fəryad,

Derdi ki: "Əlindən ey fələk, dad!

Səndən bumidi mənim muradım,

Dövranına bağlı etiqadım?

Vəslini təvəqqe etdiyim yar,

Billah, bu deyil, yanılma, zinhar...

Ol - nəqşi-səhifeyi-vəfadır,

Bu - tərzi-cərideyi-fənadır.

Ol - qərqeyi-bəhri-zövqi-candır,

Bu - məhvi-tənəümi-cahandır.

Ol - xeyr yoluna rahbərdir,

Bu - başladığı təriqi-şərdir.

Cananəsi üçün ol dilər can,

Öz canı üçün dilər bu canan.

Mən onunam, ol mənim əzəldən.

Saxla bu əlaqəyi xələldən.

Ey çərx! Bu əqd olanda möhkəm,

Bəlkə yox idin arada sən həm.

Gəl tərki-təğəllübü sitəm qıl!

Tanrını arada gör, kərəm qıl!

Vermə qəviyə zəif malın!

Düşmənlərə dustlar həlalın!

Məcnunumu sanma kimsədən kəm,

Bir mərdi-rəhi-bəladir ol həm.

Ey İbni Səlamı-bisərəncam!

Bilsən sənə məkr edibdir əyyam;

Məcnuna qoyubdur ad - Leyli,

Eylər səni ad ilə təsəlli.

Sən kami-dil istə, mən bəlayəm,


Sən gənc dilə, mən əjdəhayəm.

Əmma deməzəm işin xətadır,

Nisbət mənə qayəti-ətadır.

Qurtar məni atadan-anadan,

Bir ğəm yeg olur iki bəladan!"

Dərd ilə qılırdı naləvü ah,

Əsbabi-təcəmmülündən ikrah.

Dövrandan edib fəğanü fəryad,

Bu şeri oxurdu ol pərizad:



BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR


Xilafi-rəyim ilə, ey fələk, mədar etdin!

Məni, gül istər ikən, mübtəlayi-xar etdin!


Müruri-ömrdə bir dönmədin muradimilə,

Dönə-dönə mənə zülm etməyi şüar etdin!


İhanətimdə nədir bilməzəm muradın kim,

Əzizi-aləm ikən xarü xakisar etdin!


Ümidvar idim əvvəl ki, bir nişat görüm,

Binayi-möhnətimi indi üstüvar etdin!


Cəfa əlilə qılıb çak pərdeyi-səbrim,

Nəhan olan ğəmimi xəlqə aşikar etdin!


Vəfadə verməyə can vermədin mənə möhlət,

Məni bu əhd vəfasında şərmsar etdin!


Bir özgəni mənə yar eyləməklə sən guya

Mənimlə yar olanı özgə ilə yar etdin!


Məgər bilindi, Füzuli, sənə fələk halı?

Ki, varını bu cəhanın yox etibar etdin!



TƏMAMİYİ-SÜXƏN


Ol növ görənlər iztirabın,

Təzyinü ciladən ictinabın,

Eylərlər idi güman ki, ol zar,

Bir özgə bəlayədir giriftar,

Qılmışdır ol afitabi müztər,

Hicri-pədərü fəraqi-madər.

Derlərdi: - "Haqqındır, ey səmənbu!

Tutmuşdun atan-anan ilə xu,

Hala ki, bulardan ayrılırsan,

Qürbət sitəm olduğun bilirsən!

Əfğaninə hiç mən, yoxdur,

Sən kimi yanan fəraqə çoxdur.

Əmma, bu imiş çü xəlqə adət,

Sən həm cəzə eyləmə ziyadət.

Qız daim ata evində qalmaz.

Peyvəstə anaya mehr salmaz.

Lazım meyi-qəflət eyləyib nuş,

Eylərsən atan-anan fəramuş".

Leyli bu sözə qılırdı iqrar,

Deməzdi bir özgə möhnətim var.

Görməzdi onu özünə layiq

Kim, tənə edə ona xəlayiq.

Qız hər necə olsa yarə talib,

Əlbəttə gərək həyası qalib.

Bir əhli-həya, min əhli-ibram,

İsyan ilə olmaz iş sərəncam.

El tənəsi ilə xahü naxah,

Təklifə düşüb bəzəndi ol mah.

Ol ziynətü ziybə ziybü ziynət

Bir şəkl ilə verdi ziybi-surət

Kim, onu görəndə derdi gərdun:

İnsaf... kəmali-səbri-Məcnun!

Pirayəsiz ol məh idi afət,

Pirayədən artırıb lətafət.

Bir həddə irişdi afitabi

Kim, oldu niqab hüsni-tabi.

Çün tutdu ərusi-xəlvəti-şam,

Təmkin ilə xəlvətində aram,

Zülmət ziyayə olduğu ğalib,

Yandırdı məşailin kəvakib.

Əncüm gühəri olub şəbəfruz

Qıldı şəbi-tari qeyrəti-ruz,

Gülçöhrə sənəmlər oldular cəm,

Hər bir sənəmin əlində bir şəm,

Rəsmi-tərəb etdilər mürəttəb,

Beş yüz büti-gülrüxü şəkərləb.

Yüz qönçə dəhənli mahparə,

Gül suyu səpərdi rəhgüzarə,

Yüz gülrüx əlində məcməri-ud,

Eylərdi həvayı ənbəralud.

Yüz mahliqa olub qinasaz

Qoşmuşdu sədayi-sazə avaz,

Yüz nərgisi-məst gəzdirib cam.

Əhbabə verərdi cami-gülfam,

Yüz gül başı üzrə yüz təbəq zər,

Olmuşdu nisar üçün müqərrər.

Bir təxti-rəvan içində Leyli

Nə şövkətə, nə şükuhə meyli,

Hər ləhzə fəğanü ah edərdi,

Sərgəştəvü müztərib gedərdi,

Əndişeyi-zövqü eyşdən pak,

Seylabdə san gedərdi xaşak.

Çün yetdi hərəmsərayə ol mah,

Dağıldı olan rəfiqü həmrah

Gül xəlvəti oldu səhni-gülzar,

Dur oldu büsatdan xəsü xar.

Bəxt İbni Səlamı etdi agah:

- Kim, oldu sənə müsəlləm ol mah!

Ol talibi-gövhəri-yeganə,

Gövhər həvəsilə girdi kanə,

Nə gördü niqab içində bir nur.

Gözdən rüxi-dilfüruzi məstur.

Gərm oldu məhəbbətin məzaqi,

Tərpəndi visalə iştiyaqi,

Əl urdu ki, aça ol niqabi,

Rəf eyləyə ortadan hicabi.

Leyli dedi: - "Ey hərifi-qabil!

Sənsən sərü sərvəri-qəbail!

Övsafın eşitmişəm ziyadə,

Kamilsən ədəbdəvü həyadə.

Məlum edibəm ki, Qaf ta Qaf,

İnsafına el veribdir insaf.

Mən kim, deyiləm qəni, fəqirəm,

Mehman deməyim, sənə əsirəm!

Zülm eyləmək etmə mən əsirə,

İzhari-tərəhhüm et fəqirə!

Gör canü tənimdə iztirabım,

Sor hali-dilim, eşit cəvabım!

Mən məktəbə getdiyim zamanlar,

Hifzi-səbəq etdiyim zamanlar,

Bir şəxs mənə göründü, nagah

Oldum pəri olduğundan agah.

Cinnilər içində ol pərizad,

Ülfət mənim ilə qıldı bünyad.

Hər ləhzə durar mənə bərabər,

Der kim: - "Bəniadəm etmə həmsər!

Yoxsa qılaram dəmində fani,

Bir zərb ilə həm səni, həm ani!"

Çox məkr qılındı, oldu tədbir,

Boynumdan alınmadı bu zəncir.

Dəf olmadı bu bəliyyə hərgiz

Həm ata, həm ana oldu aciz.

Çün bulmadı kimsə çareyi-kar,

Məndən ata-ana oldu bizar.

Şeydalığım oldu aləmə faş,

Nifrət qılır oldu yarü yoldaş.

Sən həm ki, bizim diyarə yetdin,

Əlbəttə, bu qissəni eşitdin.

Hala ki, səninlə düşdü bazar,

Oldun düri-əqdimə xiridar,

Qarşımda həm ol pəri durubdur,

Qeyrət qılıcına əl urubdur.

Tərk et ki, bu vəsl bimi-candır,

Həm özünə, həm mənə ziyandır!

Bir neçə zaman təhəmmül eylə,

Dərmanın elə, təvəkkül eylə!

Ola ki, müyəssər ola məqsud,

Səndən açıla bu babi-məsdud.

Qət ola zəbani-təni-düşmən,

Həm sən yetəsən muradə, həm mən".

Ol sadəzəmir ona inandı,

Cinni xəbərin səhih sandı.

Vəhm etdi ki, olsa yarə vasil,

Nöqsan ola canü cahə hasil.

Cananə yolunda ömrü cahi,

Ol naqisin oldu səddi-rahi.

Bir rəsmi-qədimdir cahanda,

Sud istəyən, istəmək ziyan da.

Canan diləyən cəfayə dözmək,

Gənc istəyən əjdəhayə dözmək,

Eşq əhli məhəbbət etsə izhar,

Əvvəl onu imtəhan edər yar.

Gər görsə onun cəfayə səbrin,

Kəsrini edər təmam cəbrin.

Gər görməsə cövrə ehtimalın,

Salmaz ona sayeyi-vüsalın.

Çün İbni Səlamə bimi-nöqsan,

Ol vəsldə ruzi etdi hicran,

Meyl etmədi mütləq ol nigarə,

Hərgiz ona qılmadı nəzarə.

Tədbiri-əlacə durdu qaim,

Dərdinə dəva sorardı daim,

Hər qanda görərdi əhli-təsxir,

Divanəsinə dilərdi zəncir.



BU, ZEYD VƏFADARIN MƏCNUNA XƏBƏR

GƏTİRDİYİDİR VƏ

İBNİ SƏLAM İLƏ LEYLİNİN PEYVƏNDİ

MÜJDƏSİNİ YETİRDİYİDİR


Sahibxəbəri-fəsanəpərdaz,

Bu tərz ilə qıldı qissə ağaz:

Kim, var idi bir nədimi-nadir,

Zeyd adlı, vəfayi-əhdə qadir.

Məşhur idi fəzli vü kəmali,

Məruf idi hüsnü vü cəmali.

Olmuşdu əsir bir nigarə,

Büt ziybli Zeynəb adlı yarə.

Çəkmişdi məhəbbətin cəfasın,

Görmüşdü məlamətin bəlasın.

Ol aşiqi-müstəməndi-məhzun,

Eylərdi həmişə meyli-Məcnun,

Söylərdi ona kəmali-eşqin,

Ustadına göstərərdi məşqin.

Leyli ərə getdiyindən ol zar,

Təhqiq ilə oldu çün xəbərdar,

Məcnuna özün yetirdi filhal,

Rəngi-rüxi-zərdi əşkdən al.

Dolmuş gözü, peykəri pozulmuş,

Nitqində təkəllümü tutulmuş.

Məcnun dedi: - "Ey vəfalı yarım!

Qəm mərhələsində qəmgüsarım!

Adətcə görünməz ixtilatın,

Hər günküyə bənzəməz nişatın

Noldu sənə, söylə, zar olubsan?


Bitaqətü biqərar olubsan!?

Əqrəbdə idi bu gün məgər mah,

Ketdin bu yana əziməti-rah?

Qandan bu küdurət oldu hasil?

Noldu səbəbi-məlaləti-dil?"

Zeyd ol xəsi-xüşkə urdu atəş,

Suz ilə dedi ki: - "Ey bəlakəş!

Dün əxtəri-bəxtin oldu tirə,

Dövran sitəm etdi sən fəqirə.

Yar, İbni Səlamə ruzi oldu,

Ruzi sənə dərdü suzi oldu.

Yar özgəyə oldu şəmi-məhfil,

Qaldı sənə tabi-atəşi-dil.

Əğyar ilə oldu yar Leyli,

Var, indi sən ondan ol təsəlli.

Zaye sənin ol fəğanü ahin,

Suzi-şəbü ahi-sübhgahin".

Məcnun ki, xəbərdən oldu agah.

Gərdunə yetirdı şöleyi-ah,

Vəhşilər içində ol giriftar

Bir dərd ilə qıldı naləvü zar,

Kəfğanə gətirdi marü muri,

Ağlatdı vühuşi, həm tüyuri.

Xamə kimi yaş töküb dəmadəm,

Namə kimi qamətin qılıb xəm,

Yazdı alıban əlinə xamə,

Dildarına bir itabnamə.



BU, MƏCNUNDAN LEYLİYƏ BİR NAMEYİ-

İTABAMİZDİR

PEYĞAMİ-ŞİKAYƏTƏNGİZDİR


Dibaçeyi-namə nami-məbud,

Qəyyumü qədimü həyyü mövcud.

Ol pərdəkəşi-hicabi-əsrar,

Kim, aləmi yoxdan eylədi var.

Gün güzgüsün eyləyən mücəlla,

Dün türrəsin eyləyən mütərra,

Çün bir neçə həmd toxmun əkdi,

Dərdi-dilini bəyanə çəkdi:

Kim, bu mütəhəmmili-bəladən,

Sərgəştəvü zarü mübtəladən,

Bir namə ki, məhz dərdü qəmdir.

İzhari-şikayətü sitəmdir,

Ol dilbərə kim, vəfası yoxdur,

Bu aşiqinə cəfası çoxdur.

Ey əhdə vəfası olmayan yar!

Əğyarıma gül olan, mənə xar!

Noldu sənə nəqzi-əhd qıldın!

Sındırmağa əhdi cəhd qıldın!

Tənhalığamı gətirmədin tab

Kim, eylərin arizuyi-həmxab?

Tar oldumu olduğun nişimən

Kim, eylədin onda şəm rövşən?

İncitdimi dərdi-dil məzacın

Kim, oldu təbibə ehtiyacın,

Pəjmürdəmi oldu sərvi-dilcu

Kim, cəhdlə vermək istədin su?

Bədxahmı etdi qəsdi-gülzar

Kim, böylə uruldu rəxneyi-xar?

Nə bim ilə hifzi-gövhər etdin

Kim, bəsteyi-əqdi-şövhər etdin?

Mucib nə idi məni unutdun,

Tərkim qılıb özgə yar tutdun?

Hər ləhzə olub güvahi-halim,

Xaki-dərinə sirişki-alim,

Mütləq güzər eyləməzmi oldu,

Məndən xəbər eyləməzmi oldu?

Aya nə idi bu bivəfalıq?

Biganələr ilə aşinalıq?

Çəkdin yeni yarını kənarə,

Rüxsətmidir indi əski yarə?

Məndən idi möhnətü məlalın,

Xoş oldu ola onunla halın?

Mən əhdü vəfayə aldanırdım,

Əhdində vəfa ola, sanırdım,

Bilməzdim ola zəif rəyin,

Nöqsani ola təmam ayın.

Göftarin ola mənimlə daim,

Könlün ola özgə ilə qaim,

Səndən mən olam cahanda bədnam,

Zahirdə mənimlə olasan yar,

Batində tutasan özgə dildar.

Bir namü nişanı yox, ala kam.

Məzursən, ey nigar, məzur!

Bu dövr ilədir zəmanə məşhur,

Gül qönçəliyində xar iləndir,

Açılsa bir özgə yar iləndir

Əslində tikan çəkər əzabın,

Fəslində həkim alır gülabın.

Ey arizuyi-dili-fikarım!

Qəhri çoxü mehri az nigarım!

Ey adı olan vəfadə məzkur!

Cismimdəki can, gözümdəki nur!

Sövdayi-dimağımın əlacı!

Bazari-cünunumun rəvacı!

Sən mehr-cəmalü məhcəbinsən,

Qayətdə lətifü nazəninsən,

Mən xar mizacü xak xuyəm.

Bəs tünd zəban, tirə ruyəm.

Sən hali-dil ilə eyləyib ar

Dersən ki: "Sənə nə nisbətim var?"

Mən həm sənə söylədim müvafiq

Kim, mən sənə, sən mənə nə layiq?

Mən xud olubam xəyalə qane,

Sən layiqin istəsən, nə mane?

Əmma mənü səndən özgə yoxdur.

Kim, sözləri bizdən özgə yoxdur.

Gördükdə mən eyləyən vəfayi,

Bildikdə sən eyləyən cəfayi,

Aya kimə bivəfa deyərlər?

Kimin işini xəta deyərlər?

Yaxşımıdır eyləmək yaman ad

Kim, qılmaya kimsə xeyr ilə yad?

Sən gərçi tutub xilafi-adət,

Bir özgəyə bağladın iradət,

Çoxdur sənə mən kimi cigərxun,

Hər kimə ki, baxdın, oldu məcnun.

Mən kim, kəsəyin derəm səlami,

Səndən çəkəyin bu intiqami,

Tutmaq dilərəm sənin kimi yar,

Əmma əcəb ər sənin kimi var?!

Peyvəndini qeyr ilə eşitdim,

Billah ki, bəsi təəccüb etdim.

Ey çeşmeyi-abi-zindəgani!

Sən canım içindəsən nihani!

Bir ləhzə gözümdən olmadın dur,

Vəslin necə oldu qeyrə məqdur?

Gər İbni Səlamə nuri-Leyli

Bir vəch ilə eyləmiş təcəlli,

Leylidən olan xəyalı görmüş,

Öz vahiməsilə eyş sürmüş,

Leyli deməsin, mənə qərindir

Kim, ona xəyali həmnişindir.

Məcnundan edərmi ol cüdalıq?

Kim, qeyr ilə edə aşinalıq?

Ey gövhəri-tac taci-tarək!

Məqsuduna yetdiyin mübarək!

Əshab yığıb, tərəb qılıb şad,

Bu xeyr işi eyləyəndə bünyad,

Çox zövq ilə çəkdim intizari

Kim, yad edəsən məni-fikari,

Sən xud demədin ki, bir qulum var,

Boynunda təriq ilə yolum var.

Gər sandın isə ki, bihüzurəm,

Şayəsteyi-sərvəti-sürurəm,

Şərt idi mənə həm etmək elam,

Ta mən həm alam bu bəzmdən kam.

Lillahilhəmd əlim deyil dar,

Can kimi nüqudə qüdrətim var.

Vər sandın isə ki, natəvanəm,

Azürdeyi-mehnəti-cəhanəm,

Həm şərt idi üzr qılmaq irsal,

Etmək məni bir söz ilə xoşhal.

Nə böylə edib, nə öylə, ey gül!

Yaxşımıdır eyləmək təğafül?

Ey canım içində canə düşmən!

Hər necə ki, düşmənəm sənə mən.

Ayini-qədimini unutma!

Min yar tut, özgə xuy tutma!

Qeyr ilə olanda şadü xürrəm,

Təqribilə yad qıl bizi həm.

Nəqş et bu mürəbbəi hərirə,

Gör onu, bizi gətir zəmirə:



MÜRƏBBE


Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?

Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?

Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?

Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?


Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,

Qana-qana qeyr cami-şövqünü nuş eylədin,

Varə-varə əhdü peymani fəramuş eylədin,

Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?


Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,

Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,

Əhdlər, peymanlar etmişdik, unutdun aqibət,

Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?


Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?

Biz ğəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?

Sizdə adət bumudur? Böylə olurmu yarlıq?

Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?


Çərx tək bədmehrlik rəsmini bünyad eylədin?

Yaxşı adın var ikən, döndün yaman ad eylədin,

Dönə-dönə bizi ğəmnak, özgəni şad eylədin,

Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?


Könlümüz, minbəd, zülfünçün pərişan olmasın,

Bağrımız ləlin həvasilə dəxi qan olmasın,

Bivəfasan! Çeşmimiz yadinlə giryan olmasın,

Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?


Vədeyi-vəsl ilə aldın səbrimiz, aramımız,

Olmadı bir gün visalından müyəssər kamımız,

Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,

Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin!?



TƏMAMİYİ-SÜXƏN


Payanə çü yetri səyi-xamə,

Təslim olundu Zeydə namə.

Məktubla Zeyd olub səbükpər,

Əzm eylədi öylə kim kəbutər.

Çün yetdi nigar olan diyarə,

Məkr ilə visalə qıldı çarə.

Əfsun ilə urdu sehrdən dəm,

Ta İbni Səlamə oldu həmdəm.

Leylinin eşitdi vəsfi-halin,

Keyfiyyəti-mehnətü məlalin,

Dedi: - "Bilirəm nədir dəvası,

Üş yazılı məndədir duası".

Bağlandı onun sözünə ixlas,

Xəlvətgəhi-qürbə qıldılar xas.

Çün Leyliyə Zeyd oldu vasil,

Məqsudini etdi bəxt hasil.

Bir dəm oturub gəlib qiyamə,

Əl urdu rəvan çıxardı namə.

"Təviz" dedi və qıldı təzim,

Əvvəl öpüb ondan etdi təslim.

Çün naməni aldı Leyliyi-zar,

Ol namədən aldı buyi-dildar.

Bildi ki, bir özgə qeyddir bu,

Nə nüsxeyi-Əmrü Zeyddir bu.

Çün naməyə qıldı bir nəzarə,

Can kisvətin etdi parə-parə.

Ol feyzi bilib özünə iqbal,

Göz mərdümünə buyurdu filhal

Kim, dürr ala bəhri-çeşmi-tərdən,

Ləl ala xəzaneyi-cigərdən.

Ol naməni eyləyə nisarın,

Əfzun edə qədrü etibarın.

Çün dürcdən aldı dürri-məknun,

Məktubu oxudu bildi məzmun,

Fəhm etdi məaniyü ibarət,

Bildi nəyədir olan işarət.

Canına qılıb itab təsir,

Ol namə cəvabın etdi təhrir.



BU, LEYLİNİN MƏCNUNA PEYĞAMI

CAVABIDIR VƏ ÜZRÜ İTABIDIR


Bu tərz ilə kilki oldu cari

Kim, əvvəli-namə; nami-bari,

Memari-binayi-əqdü peyvənd,

Vəhhabi-ətayi-malü fərzənd.

İzhari-vücud edən ədəmdən,

İcadi-hüdus edən qədəmdən,

Məşşateyi-şahidi-zəmanə

Sultani-bülənd asitanə.

Bu namə ki, bir fikardəndir

Yəni məni-biqərardəndir,

Bir sahibi-izzü etibarə,

Yəni Məcnuni-dilfikarə,

Ey xak büsatü xar bəstər!

Kami-dili-təngü dideyi-tər!

Hər tənə ki, eyləsən rəvadır,

Səndən xəciləm, üzüm qəradır.

Bəsdir mənə çəkdiyim xəcalət,

Şərməndəliyimdəki məlamət,

Çün mötərifəm ki, var günahim,

Öz lütfünü eylə üzrxahim.

Mən gövhərəm, özgələr xiridar,

Məndə deyil ixtiyari-bazar.

Dövran ki, məni məzadə saldı,

Bilmən kim idi satan, kim aldı?

Olsaydı mənim bir ixtiyarım,

Olmaz idi səndən özgə yarım!

Gər töhmətə olmuşam giriftar,

İkrah ilə məndən olma bizar.

Bir dür deyiləm ki, ola həkkak,

Aldıqda təsərrüfündə çalak.

Gər İbni Səlamə dilfiruzəm,

Şəmi-şəbü afitabi-ruzəm,

Qanedir iraqdan ala bir nur,

Mən ondanü məndən ol ola dur.

Dur olsa görər füruğü tabım,

Olduqda yaxın, çəkər əzabım.

Fikr etmə ki, mən nişatməndəm,

Bir dami-qəm içrə paybəndəm,

Nə zəhreyi-seyri-kuçəvü kuy,

Nə tabi-təpançeyi-sərü ruy,

Gahi həvəs eyləsəm fəğanə,

Əvvəl ona istərəm bəhanə.

Ya atavü ana eylərəm yad,

Ya söhbəti-həmnişinü həmzad.

Gər rəxtimi etmək istəsəm çak,

Xəyyatıma oluram qəzəbnak

Kim, eyblidir bu damənü ceyb,

Cəhd eylə ki, zahir olmaya eyb.

Gahi tələb eyləsəm vüsalın,

Bilmək diləsəm ki, noldu, halın,

Bir çeşmə yana olub rəvanə,

Qüsli-bədən eylərəm bəhanə,

Tənha oluram orada üryan,

Muyi-sərim eylərəm pərişan,

Ayinədə eylərəm nigahi,

Halın görürəm sənin kəmahi.

Boynumda yox özgə tövqdən bar,

Ləlimdə bulunmaz özgə göftar.

Boynum qolunu dilər həvadən,

Ləlim ləbini sorar səbadən.

Candan qəmin içrə naümidəm,

Şəmşiri-cəfa ilə şəhidəm.

Qanlı kəfənimdir al pərdə.

Mən gurdəyəm, saqınma ərdə.

Gəl şəmi-məzarım eylə ahin,

Ziybi-ləhəd et qübari-rahin.

Mən bülbüli-baği-firqətəm zar,

Əmma, qəfəs içrəyəm giriftar.

Bilməm bu qəfəsdə nola halim,

Sındırdı bəla pər ilə balim.

Bir vəhşi ilə gər etmişəm xu,

Müstövcibi-sərzəniş deyil bu.

Vəhşilər imiş səninlə həmdəm,

Həmrəng olubam səninlə, mən həm.

Ey aşiqi-müstəməndü məhcur!

Tutğıl məni-müstəməndi məzur!

Səbr et neçə gün, ola ki, gərdun,

Bu günləri eyləyə digərgun.

Ancaq, özünü, nizar sanma!

Sərgəşteyi-ruzigar sanma!

Bu şeri gər oxusan dəmadəm,

Məlumun olur mənim qəmim həm:



BU MÜRƏBBE LEYLİ DİLİNDƏNDİR


Giriban oldu rüsvalıq əlilə çak damən həm,

Mənə rüsvalığımda dustlar tən etdi, düşmən həm.

Rəhi-eşq içrə can qıldım giriftari-bəla, tən həm,

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?


Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox,

Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmküsarım yox,

Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarim yox,

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?


Olubdur əşki-xunab ilə gülgun çöhreyi-zərdim,

Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim,

Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?


Gəhi şövqi-vüsalü, gəh bəlayi-hicr ilə zarəm,

Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm,

Qəmi-eşq içrə bir dərmani yox dərdə giriftarəm,

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?


Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu,

Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru,

Bəlavü dərdə düşdüm ruzigarım böylə, halım bu,

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?


Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhani,

Məni-bimarə mütləq olmadı bir səhhət imkani,

Əzəldən var min dərdim, ki, yoxdur hiç dərmani,

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?


Füzuli, hər zaman bir tən ilə bağrım qılırsan qan.

Əcəb bilməzmisən kim, eşqdən keçmək deyil asan?

Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?



TƏMAMİYİ-SÜXƏN


Yazıldı çü naməyə qəmi-dil,

Zeydə dedi: - "Ey həkimi-kamil.

Təvizin ilə xoş oldu halim,

Zail oluban qəmü məlalim.

Xəttin mənə nüsxeyi-səfadır,

Təvizin əsər qılır, duadır.

Hər gün gəlü yaz böylə təvid

Ta səhhətə tutmaq ola ümmid,

Bir yazılı nüsxə var məndə,

Billah belə al onu gedəndə,

Gərçi bilirəm onu ki, xətdir,

Bilməm ki, səhih, ya qələtdir.

İğlaqinə ver kəmali-izah,

Gər var isə səhvi, eylə islah".

Təqrib ilə verdi Zeydə məktub,

Böylə gərək əhli-əqlə üslub.

Məcnunə çü namə oldu vasil,

Dür gördü əqiqinə müqabil.

Məfhumdən etdi kəsbi məqsud,

Leyli tərəfindən oldu xoşnud.



BU, MƏCNUNU ATASI SƏHRADƏ BULDUĞUDUR

VƏ NƏSİHƏTLƏ İSLAHİNDƏN ACİZ OLDUĞUDUR


Təhrir qılanda əhli-inşa,

Böylə bu misalə çəkdi tuğra

Kim, qüsseyi-dəhr mübtəlası,

Məcnuni-şikəstənin atası,

Qalmışdı məlamət içrə dün-gün,

Nə günü gün idi, nə dünü dün.

Getmiş idi əldən ixtiyari,

Gündüz səbri, gecə qərari.

Qılmazdı tərəddüdündə təqsir,

Bulmazdı bu dərdə hiç tədbir.

Bir gün onu etdilər xəbərdar,

- "Key piri-şikəsteyi-diləfkar!

Dün Leyli atası ol siyəhdil,

Ol münimi-süflə, piri-cahil,

Sərxeyli yanında dad edərdi,

Məcnuni-həzini yad edərdi:

"Kim, bu dəli hökmə olmayıb ram,

Xəlqə bizi eylər oldu bədnam.

Peyvəstə bizə yetər bəlasi,

Novfəl qəzəbindən et qiyasi.

Hər necə ki, təndə canı vardır,

Namusumuza ziyanı vardır.

Çün məhzi-şər oldu zati-əfi,

Vacib görünür müdam dəfi.

Namus bizim deyil, sənindir,

Dəf eyləyə gör ki, düşmənindir.

Çün kim zərərində gördülər nəf,

Əzm eylədilər ki, edələr dəf.

Yadın deyil, eylə oğlunu yad!

Qıl çarə ki, düşmən olmaya şad".

Ol pir düşüb min iztirabə,

Naçar özün verib əzabə,

Səhralərə tutdu seyl tək ru,

Cəhd ilə yüyürdü gəzdi hər su,

Mənzil-mənzil sirişki qanın,

Rəhbər qılıb istədi nişanın.

Çün gecəyə gündüz oldu təğyir,

Oldu gecə zülməti cahangir,

Rəf oldu əlameyi-mənazil,

Ol pirə tərəddüd oldu müşkil.

Sərgəştə gəzərkən eyləyib ah,

Bir şölə ona göründü nagah,

Ol pirin olub dəlili-rahi,

Ruz etdi ol od şəbi-siyahi.

Sandı odu yandıran ərəbdir,

Xeylü həşəm ol oda səbəbdir.

Pərvanə kimi üz urdu narə,

Çün yetdi və eylədi nəzarə,

Gördü ki, bu şölə bir nəfəsdir,

Nə şöleyi-cirmi-xarü xəsdir.

Məcnunundur bu ahi-sərkeş,

Çəkmiş, urmuş cəhanə atəş.

Qəti nəzər eyləmiş cəhandan,

Keçmiş sərü çeşmü cismü candan.

Nə mülk, nə mal cüstcusu,

Nə ata, nə ana arizusu.

Getmiş yelə bərgi-etibari,

Ol qalmışü mərg intizari.

Ol pir çü gördü oğlu halın,

Tökdü rüxi-zərdə əşki-alın.

Yanında oturdu zarü qəmnak,

Əl urdu ki, çöhrəsin edə pak.

Ol şiyftə açdı çeşmi-pürnəm.

- "Kimsən! - dedi, - ey mənimlə həmdəm!

Gər elçi isən, yetir pəyamın!

Ver müjdəsin ol məhi-təmamın!

Vər yolçu isən, oturma qafil!

Əzm eylə, gözət bir özgə mənzil!"

Ol pir təzərrö etdi ağaz:

- "Key nəqdi-həyatə kisəpərdaz!

Mən dürcəmü sən düri-şəbəfruz,

Yəni atanam məni-siyəhruz!

Ey hasili-məzrəi-vücudim!

Vey ömr xəsarətimdə sydim!

Ey cövhəri-canımın həvası,

Vey dideyi-bəxtimin ziyası!

Derdim olasan mənim pənahim!

Fəxrim, şərəfim, ümidgahim.

Məndən bu sərir olanda xali.

Sən olasan əhli-mülkə vali.

Xəlq edə səni görəndə yadım,

Baqi sənin ilə ola adım.

Gər tifliliyində məstü bibak,

Səhrayə düşüb, yaxan qılıb çak,

Oldun rəhi-eşq içində məşhur,

Məzur idin ol zamanda, məzur!

Hər vəqtdədir bir əmr qalib,

Hər əhddədir bir iş münasib.

Növrəslərə eşq bir hünərdir,

Sərhəddi-kəmalə rahbərdir.

Hala ki, məqami-əql buldun,

Təhsili-kəmalə qabil oldun,

Səndən nə rəva bu macəralər,

Sərmayeyi-eyb olan sədalər.

Gər qafil idin, ol indi aqil,

Səhralərə düşmə, gəzmə qafil!

Vəhşilər ilə nədir bu birlik?

İnsan ilə xoş deyilmi dirlik?

Vəhşi ilə vəhşi, teyr ilə teyr,

Həmcins ilə xoşdur eyləmək seyr.

Rəhm et məni-zarü namuradə,

Qoyma bu məşəqqətü bəladə.

Kafurvəş oldu mişknabım,

Bu sübhdə sənsən afitabım!

Olmaq əlifim qərineyi-dal,

Meylim sinə olmağınadır dal.

Dövran sitəmilə canə yetdim,

Mən özgə diyar əzmin etdim.

Gəl, tapşırayım sənə məqamım,

Zəbt eylə büsatü ehtiramım!

Nə sud həmişə məstlikdən,

Nə faidə bütpərəstlikdən?

Ey məst, kəmali-hiddətindən

Yoxdur xəbərin qəbahətindən!

Ol ləhzə ki, huşiyar olursan,

Əlbəttə ki, şərmsar olursan.

Ey bütgədələr sənəmpərəsti!

Çün rəf ola bu hicabi-məsti,

Məzmum olub etdiyin bu halət,

Əlbəttə, sənə yetər xəcalət.

Bir dilbərə ver könül ki, daim

Bünyadi-səbatı ola qaim!

Gər olsa yolunda bu cahan xak,

Damani ola qübardən pak.

Sən seydi olan xücəstə şəhbaz,

Hər ləhzə qılır bir əldə pərvaz

Gəh Novfələdir mütii-fərman,

Gəh İbni Səlamə munisi-can.

Sən - böylə bəlalərə giriftar,

Ol - öylə çiraği-bəzmi-əğyar.

Şərm eylə, bu eşqbazlıqdan,

Bifaidə cangüdazlıqdan!

Yoxdur çu bəqasi ruzigarin,

Fərz eylə ki, oldu yar yarin,

Vəsl etmə onunla kim, bilirsən

Bir gün olur ondan ayrılırsan.

Tərk eylə bu hərzə-hərzə seyri,

Yad eylə ilahi, anma qeyri!

Kim, nəfsə məadü mərcə oldur,

Qət et ona söz ki, məqtə oldur.

Həq sanei-dəhrü kargəhdir,

Bunda əməl etməmək günəhdir.

Hər kimsə gərək gələn məhəldə,

Bu kargəh içrə bir əməldə.

Hər kim nə əməl qılırsa bünyad,

Muzdunu verər əməlcə ustad.

Ey kargəhi-cəhanə daxil,

Sən həm əməl eylə, olma qafil!

Vəqt oldu səfər qılam cəhandan,

Avarə olan bu xakidandan;

Vəqt oldu verəm fənayə təxtim,

Qədr ilə çəkəm bəqayə rəxtim.

Gəl yanıma, eylə fikri-halım!

Biganəyə vermə mülkü malım!

Çün onu yığınca çəkmişəm rənc.

Qıyma ki, nəsibi-qeyr ola gənc.

Eşqin, bilirəm ki, böylə qalmaz,

Daim səni qəm bu halə salmaz.

Bəxtin oyananda bu yuxudan,

Hirsin yorulanda cüstcudan,

Qorxum bu ki, özgə ola halım,

Dünyadə nə mən qalam, nə malım.

Bikəslik olub sənə müqərrər,

Bikəs olasan müdam, bizər...

Aqil kişi durbin gərəkdir,

Dünyadə ümid bir dirəkdir".

Çün pəndi tükətdi ol xirədmənd,

Məcnuna təfavüt etdi ol pənd.

Dövlətli sözünə oldu mail,

Bir fikr elədi ki, ola aqil,

Qət edə səlasili-cünuni,

Sövdasının olmaya zəbuni,

Tərk eyləyə arizuyi-dildar,

Eşqə dəxi olmaya giriftar.

Əmma yenə eşq şəhriyari

Fərmaninə çəkdi ol fikari:

- "Key vari, olan mənim cahanda!

Nən var sənin, bu cismü canda?

Canə təmə etmə kim, mənimdir!

Tərk eylə təni ki, məskənimdir!

Məndən keçü canü təndən ayrıl!

Qoy varlığın, özünlə sən bil!"

Gülbün kimi qanı cuşə gəldi,

Bülbül sifəti xüruşə gəldi:

- "Key eyni-səlah olan bəyani!

Vəzi mənə afiyət nişani!

Mən həm buna qailəm ki, pəndin

Məzmuni-kəlami-sudməndin,

Nisbət mənə xeyrdir, deyil şər,

Gər olsa eşitməyi müyəssər.

Gərçi sözünə qulaq tutdum,

Nə sud, eşitdimü unutdum.

Sən demə ki, tut xəbər sözümdən

Kim, yox xəbərim mənim özümdən.

Eşq aldı dərunimü birunim,

Getdi yelə səbr ilə sükunim.

Mən əqlə təvəccöh eylərəm çox,

Sövda yolumu tutar ki: - Yox, yox!

Sən qandanü tərki-eşq qandan?

Eşqi-əzəli çıxarmı candan?

Tənin sitəmilə cana yetdim,

Tərk eylə məni çü tərkin etdim!

Lütf eylə, zaman-zaman verib pənd,

İslahıma olma arizumənd!

Arar ələmim bu macəradən,

Atəş kimi cünbüşi-həvadən.

Bir şişə ki, oldu parə-parə,

Peyvəndinə hiç varmı çarə?

Təklifimi qılma xanimanə,

Gör sürəti-gərdişi-zəmanə,

Çün sən həm onu qoyub gedirsən,

Onda məni əyləyib nedirsən?

Ancaq mənə ərzi-mülkü mal et!

Oğlunu özün kimi xəyal et!

Fərz eylə ki, malə oldu vali,

Getdi, yenə qeyrə qoydu mali".

Ol kişvəri-eşq padişahi,

Ol övci-bəlavü dərd mahi,

Üzr ilə qılırdı eyləyib ah,

Babasına şərhi-qəm ki, nagah

Lərzan oluban təni-həzini,

Qan doldu qolundan asitini,

Əl verdi atasına təhəyyür,

Məcnun dedi: - "Eyləmə təfəkkür!

Fəsd eylədi ol büti-pərizad,

Niş urdu onun qoluna fəssad,

Ol zəxm əsəri göründü məndə,

Biz bir ruhuz iki bədəndə.

Bizdə ikilik nişanı yoxdur,

Hər birinin özgə canı yoxdur.

Sən sanma ki, oldur ol, mənəm mən,

Bir can ilə zindədir iki tən.

Xürrəm oluram, o olsa xürrəm,

Qəm yetsə ona, mənə yetər qəm".

Ol pir çü vaqif oldu halə,

İnsaf gətirdi ol kəmalə.

Bildi ki, deyil bu nəqş batil,

Olmaz hiyəl ilə eşq zayil.

Minbəd nəsihət etməz oldu,

Tən ilə fəzihət etməz oldu.

Tərk etdi təriqeyi-nizain,

Nomid olub eylədi vidain.



BU, MƏCNUN ATASININ TƏRKİ-NİZA

ETDİYİDİR VƏ NAÇAR HƏSRƏTLƏ

VİDA ETDİYİDİR


"- Key rişteyi-gövhəri-muradım!

Ayineyi-hüsni-etiqadım!

Bir ləhzə mənə tərəhhüm eylə!

Göftarım eşit, təkəllüm eylə!

Pərvayi-məni-şikəstəhal et!

Əzmi-səfər eylədim, həlal et!

Naxoş sənə məndən idi əhval,

Mən getməli oldum, indi xoş qal!

Zinhar şikayət etmə məndən,

İncikli hekayət etmə məndən!

Dirlikdə çü səndən almadım kam,

Tusənliyə düşdün, olmadın ram.

Budur kərəmindən iltimasım

Kim, tutasan öldüyümdə yasım!

Hər ləhzə edib fəğanü zari,

Torpağıma edəsən güzari.

Təklifi-nişatü eyş qılmən

Kim sən deyəsən, "bu rəsmi bilmən"

Fəryadü fəğandır əsli-matəm,

Sən xud bu rəvişdəsən müsəlləm.

Öz adətin ilə nalə eylə,

Əcrini mənə həvalə eylə!

Budur qərəzim ki, dustü düşmən,

Görsün səni, eyləyəndə şiyvən.

Bikəsliyim olmaya mənə ar,

Məlum edələr ki, varisim var".

Çün qıldı vəsiyyət ol pərişan,

Döndü evə gəldi zarü giryan.

Dərdü ələm etdi onu rəncur,

Qalmadı həyatı şəminə nur.

Dərdinə bulunmaz oldu dərman,

"Məcnun!" dedi, verdi aqibət can.

Dünyayə ümid tutmaq olmaz,

Hərgiz ölümü unutmaq olmaz!

Xoş xaneyi-eyşdir bu aləm,

Dərda ki, deyil əsası möhkəm.



BU, MƏCNUNUN ATASI VƏFATINDAN

XƏBƏRDAR OLDUĞUDUR VƏ

MƏZARİNƏ YOL BULDUĞUDUR


Saqi, meyi-laləfam yoxmu?

Dözmən bu xumarə, cam yoxmu?

Öldürdü məni qəmi-nihani,

Yoxdurmu şərabi-ərğəvani?

Qəm dəfinə, durma, eylə tədbir!

Əldən gələni gəl etmə təqsir!

Dünya ki, nigari-dilrübadır,

Zinhar, inanma, bivəfadır.

Sən gərçi olubsan ona məftun,

Oldur tələbində səndən əfzun.

Sənsən ona cəhl ilə tələbkar,

Oldur sənə elm ilə həvadar:

Hər necə ki, ona mihmansan,

Eyşü tərəbilə kamiransan.

Ondan səfər ixtiyar edəndə,

Qürbi-həqə üz tutub gedəndə,

Göz sürməsi eyləyib qübarın,

Ta məhşər olur nigahdarın.

Yolunda özün verər fənayə,

Saxlar, səni tapşırar bəqayə.

Hər kim ki, bu nüktədəndir agah,

Dövrani-fələkdən etməz ikrah.

Həm dirlikdə əzabı olmaz,

Həm mövtdən ictinabı olmaz.

Bir gün axıdıb sirişki-gülgun,

Nəcd üzrə oturmuş idi Məcnun,

Min tən ilə bir cəfaçı səyyad,

Ol zarə yetişdi qıldı fəryad:

- "Key ardən el içində ari!

Vey naqis olan əyari-kari!

Yox səndə nişani-namü namus,

Əfsus ki, arsızsan, əfsus!

İnsaf deyil sitəmdə israf.

İnsafsız olduğuna, insaf!

Dirlikdə atanı etmədin şad,

Bari qıl onu öləndə bir yad!

Can verdi məhəbbətində ol pir,

Yad eyləmədin, nədir bu təqsir?

Yoxdurmu cibillətində azərm?

Allahdan eyləməzmisən şərm?"

Məcnunə buraxdı ol səda suz,

Artırdı fəğanın ol siyəhruz.

Baran kimi daşə urdu başın,

Mey kimi əyağə tökdü yaşın.

Qəbrin sorub istədi nişanə,

Oldu gözü yaşı tək rəvanə.

Çün gördü atasının məzarın,

Şəm eylədi ona cismi-zarın.

Tari-tənə dərdi tab verdi,

Dil atəşü didə ab verdi.

Lövh eylədi köksünü məzarə,

Dırnaq ilə qıldı parə-parə.

Bağrına basıb məzari-pakin,

Gül yaprağı etdi lövhi-xakin.

Əfğan ilə tazə qıldı matəm,

Əfğanı içində derdi hər dəm:

- "Key baniyi-büneyi-vücudim!

Üsyani ziyan, rizası sudim!

İrşadını bilmədim qənimət,

Yüz vay ki, fövt olundu fürsət.

Yüz heyf ki, tutmadım təriqin,

Bir neçə gün olmadım rəfiqin.

Feyzin mənə olmadı müyəssər,

Sən xeyr dedin, mən eylədim şər.

Cövr ilə sənə cəfalər etdim,

Yanlış vardım, xətalər etdim.

Ey dövlətim, olma dur məndən!

Vey şəm, götürmə nur məndən!

Olsam ğəmi-aləmə giriftar,

Ancaq sən idin ənisü qəmxar.

Həmrazim idin şikayətimdə,

Dəmsazim idin hekayətimdə.

Noldu ğəmimə gətirmədin tab?

Qorxutdu məgər səni bu girdab?

Noldu səbəb, eylədin əzimət?

Məndənmi idi sənə həzimət?

Ey mənşəi-cövhəri-həyatım,

Xoşnudluğundadır nəcatım!

Bildim işimi, günahkarəm!

Gəldim sənə xarü şərmsarəm.

Dünyadə səni mən eylədim zar,

Üqbadə məni sən eyləmə xar!

Yaxdın məni atəşi-cəfayə!

Saldın qəmü möhnətü bəlayə!

Sən meyli-fəraqü rahət etdin,

Bir künci tutub fərağət etdin!

Kim eylədi həll müşkilatın?

Kim verdi bu qüssədən nəcatın?"

Şəb ta səhər ol əsiri-hicran,

Matəm tutub etdi ahü əfğan.

Çün mişkə töküldü gərdi-kafur,

Zülmatə buraxdı pərtövün nur,

Ehya qılıban mərasimi-vəcd,

Tutdu rəhi-gurxaneyi-Nəcd.



TƏMAMİYİ-SÜXƏN


Ərbabi-kəmalə ol əyandır,

Kim, hüsn ilə eşq tovəmandır,

Hüsn ayineyi-cahannümadır

Keyfiyyəti-eşq ona ciladır.

Hüsn olmasa, eşq zahir olmaz,

Eşq olmasa, hüsn mahir olmaz.

Hüsn olmasa, eşqdən nə hasil?

Məşuq edər əhli-eşqi kamil.

Olmaz isə eşq hüsn olur xar,

Eşq ilədir əhli-hüsnə bazar.

Məcnun idi şəmi-məclisəfruz,

Leyli ona atəşi-cigərsuz,

Məcnun idi cami-rahətəfza,

Leyli ona badeyi-müsəffa.

Leylidən idi kəmali-Məcnun,

Hüsn ilə olurdu eşqi əfzun.

Məcnundan idi cəmali-Leyli

Eşq idi edən cəmalə meyli.

Bir gün Məcnuni-dilşikəstə

Səhradə gəzirdi zarü xəstə,

Bir səfhədə gördü iki peykər,

Leyli Məcnun ilə müsəvvər.

Məhv eylədi nəqşi-dilsitanın,

Qoydu özünün həmin nişanın.

Sordular ona həqiqəti-hal:

- Kim, nişə bir oldu iki timsal?

Dedi: - "Bizə birdürür həqiqət,

Birlikdə yaraşmaz iki surət.

Olmaq gərək əhli-danış agəh,

Kim, biz ikilikdəniz münəzzəh".

Sail dedi: - "Bu deyilmidir ar

Kim, yar ola yox, sən olasan var?

Sən netə qalırsan, ol olur həkk?

Bari onu qoy, sənə qələm çək!"

Dedi: - Rəhi-eşqdə nə layiq,

Məşuqə ola niqabi-aşiq.

Üşşaq tənü həbib candır,

Tən zahirü təndə can nihandır.

Məşuqə nə bak, olursa məstur,

Aşiq gərək el içində məşhur

Kim, aləmə aşiq axıdan yaş

Məşuq kim olduğun qılır faş".



BU, MƏCNUNUN ŞƏMMEYİ-KEYFİYYƏTİ

HALIDIR VƏ BƏZİ SİFATİ-KƏMALIDIR


Məcnun idi mülki-dərd şahi!

Xeyli-dədü dam onun sipahi.

Ahunun alırdı mişk bacın,

Rubah səmurunun xəracın.

Bir sərvər idi kərimü adil,

Cümlə dədü damə ədli şamil.

Xuni-cigərindən ol vəfadar,

Xunxarları qılırdı xunxar.

Xunabi-cigər töküb dəmadəm,

Qılmazdı siba rizqini kəm.

Dövründə dirəndələr olub ram,

Tutmuşdu biri-birilə aram.

Gur olmuş idi pələngə həmraz,

Gürg olmuş idi gəvəznə dəmsaz.

Şir olmuş idi ənisi-nəxcir,

Nəxcir əmərdi şirdən şir.

Yanında tutardı mur xanə,

Göz yaşından yığardı danə.

Gahi olub əşk seyli qayim,

Seylabə gedərdi min bəhayim.

Gəh odunu təndə tab edərdi,

Min canəvəri kəbab edərdi.

Bel olmuş idi əlində dırnaq,

Yerdən sovurardı başə topraq.

Muyində ğübar olub fərahəm,

Əşk ilə çəkib zaman-zaman nəm,

Ahubərə səbzə zari oldu,

Gülzari-cünun bəhari oldu,

Gər tutsa idi gəvəzn ilə xu,

Axardı gözündən ol qədər su,

Kol sudan olurdu tazəvü tər,

Həm bərg verərdi şaxi, həm bər.

Hər ləhzə alıb əlinə bir mar,

Xürsənd oluban deyirdi ol zar:

- "Kol sünbüli-mişkbuyi tutdum,

Sərrişteyi-arizuyi tutdum".

Qaplan kimi canə urdu min dağ,

Arslan sifəti uzatdı dırnaq,

Arslanların oldu pişvası,

Qaplanların oldu müqtədası.



BU, MƏCNUNUN SİDQ İLƏ MÜNACAT

ETDİYİDİR VƏ NAVƏKİ-DUASI HƏDƏFİ-İCABƏTƏ

YETDİYİDİR


Bir gecə ki, zülməti-ziyasuz,

Zülfi-şəbi etdi bürqeyi-ruz,

Bir ləli edib sipehr nayab,

Göstərdi yerinə min düri-nab,

Bir sancağı eyləyib nigunsar,

Min məhçeyi-rəyət etdi izhar.

Qətrə-qətrə həkimi-əflak,

Xəşxaşlarında tutdu tiryak.

Danə-danə ərusi-gərdun,

Qaftanına tikdi dürri-məknun.

Girdabə düşüb səfineyi-mah,

Qıldı özünə Mücərrədən rah.

Saçıldı Ütaridin mədadı,

Artırdı bu səfhəyə savadı.

Zöhrə dağıdıb siyah geysu,

Geysusi içində gizlədi ru.

Xurşid nihan olub, sitarə

Göz açdı təriqi-intizarə.

Tərpəndi səri-sinani-Bəhram,

Fəth oldu ona vilayəti-Şam.

Bürceys girib siyəh libasə,

Xurşid ğəmində batdı yasə,

Ayinə olub sipehri-gərdan.

Baxdı ona əks saldı Keyvan.

Gərdunə səvabit oldu mismar,

Ta tökməyə dün büsati-pərkar.

Göydə Həməl oldu aşikarə,

Ahubərə çıxdı səbzəzarə,

Gavi-fələk oldu gavi-ənbər,

Doldurdu cəhanə ənbəri-tər.

Cövza kəməri mürəssə oldu,

Gərdun bədəni müləmmə oldu.

Xərçəng qılıb səhər yelin dəf,

Xasiyyəti verdi zülmətə nəf

Oldu Əsəd afitabdən dur.

Pür dud misali-şəmi-binur.

Geysusinə verdi Sünbülə tab,

Mişk üstünə tökdü ənbəri-nab.

Mizani edib fələk tərazu,

Sərrafi-zəminə çəkdi lölu,

Əqrəb buraxıb kəməndi-pürxəm.

Divi-şəbə qıldı qeydi möhkəm.

Tövsini qurub sipehri-laib,

Atıldı xədəngi-Nəcmi-saqib.

Büzğaleyi-asiman töküb mu,

Göy səfhəsin eylədi siyəhru.

Dəlvi dəlib afəti-zəmanə,

Min qətrə saçıldı asimanə.

Hut eylədi həbsi-Yunisi-ruz,

Bərqi-şəfəq oldu asimansuz.

Ərz eylədi Əxbəşə cinasın,

Cəbhə dəxi cəbhəsin ziyasın.

Həm həqə cəmalə verdi ziyvər,

Həm hənə mükəlləl etdi əfsər.

Şərteynü Büteyn, Səmakü Əklil,

Nur etdilər asimanə təhvil.

Ta Sadirü Varidə, Nəaim,

Sərf eyləyə sərf ilə Dəaim.

Təzyin üçün etdilər mühəyya,

Llin Dəbəran, dürün Sürəyya.

Verdi rəvişi-sipehrü əxtər,

Tərtibi-Müqəddəmü Müəxxər.

Məcnun mütəhəyyirü pərişan,

Qalmışdı sipehr işində heyran,

Gərdunə açardı dideyi-tər,

Yer üzünə doldurardı əxtər.

Hər əxtərə ərzi-hal edərdi,

Min arizuyi-məhal edərdi.

Əvvəl olub asimanə mail,

Şərh etdi Ütaridə ğəmi-dil:

- "Key əhli-hesabə karfərmay!

Müstövfiyi-əqlü məşrəfi-ray.

Ey nasixi-nüsxeyi-məani!

Fehristi-rümuzi-asimani!

Qəssami-məqasidü mətalib,

Rəssami-mənasibü məratib!

Dərdi-dilimin hesabı çoxdur,

Səndən özgə dəbir yoxdur.

Bir naməyə dərdimi rəqəm qıl,

Sultanıma ərzə et, kərəm qıl!

Şayəd əsər edə feyzi-xamən,

Təvizi-cünunim ola namən".

Gördü ki, Ütarid anlamaz raz,

Bir özgə tərənnüm etdi ağaz,

Döndərdi üz ondan ağlayıb zar,

Mərrixə niyazın etdi izhar:

- "Key valiyi-məsnədi-şücaət!

Şəmşirinə aləm əhli-taət!

Sən sahibi-nüsrətü zəfərsən,

Ərbabi-silahə taci-sərsən!

Mən acizəmü qəvidir əğyar,

Mən bikəsü xəsmdir sitəmkar.

Acizlərə lütf edib mədəd qıl!

Bikəslərdən bəlanı rəd qıl!

Çək tiğini, eylə dəfi-düşmən,

Ta dusta həmnişin olam mən!"

Çün gördü bülənd yerdədir kam,

Nə Tir yetər ona, nə Bəhram.

Tiğ ilə qələmdən oldu nomid,

Tutdu rəhi-barigahi-tovhid.

Dərgahə tutub rüxi-niyazın,

Məbudinə ərzə qıldı razın:

- "Key tiğə müinü kilkə rəhbər!

Bəhram - qülamü Tir - çakər.

Ey fərqi-əməl külahduzi,

Sahibrəqəmi-bərati-ruzi!

Rəhm et məni-zarü binəvayə!

Dərdi-dilimi yetir dəvayə!

Leyliyi sən eylədin pərivəş

Kim, canə cəmali urdu atəş.

Sən qıldın onu bəlayi-aləm,

Ol etdi məni şikəsteyi-qəm.

Verdin ona hüsni-aləməfruz,

Saldı mənə atəşi-cəhansuz.

Dərd ilə məni sən eylədin zar,

Mən qandanü Leyliyi-cəfakar.

Leyli ki, məni bəlayə saldı.

Bir görmək ilə qərarım aldı

Yoxdur rəvişində ixtiyarı

Kim, döndərə aldığı qərarı,

Biçarədir öz işində ol həm,

Səndən bulunur bu zəxmə mərhəm.

Həm sən kərəmindən et əlacım,

Kəs qeyri kişidən ehtiyacım!

Ey dərdə qılan məni giriftar!

Kimdir mənə səndən özgə qəmxar?

Çox-çox hükəmayə söylədim hal,

Təşxisi-mərəzdə oldular lal;

Bildim ki, həkimi-fərd sənsən!

Danayi-cəmi-dərd sənsən!

Gər dərd, və gər dəva sənindir!

Hakim sənsən, riza sənindir!

Yəni ki, gətir kəmalə zövqüm,

Gündən-günə qıl ziyadə şövqüm!

Sal çeşmimə ləlinin xəyalın,

Ver təbimə hüsnünün kəmalın.

Daim onu məndə zahir eylə,

Lütf et, iki surəti bir eylə!

Qədrim, qəmi içrə mötəbər qıl!

Dərdin, mənə ruzi, ol qədər qıl

Kim, kimsəyə ol olub müyəssər,

Kimsə mənə olmaya bərabər!

Görmək rüxün olmaz olsa məqdur,

Xunbar gözümdə olmasın nur.

Zövqi-ələmi olursa nayab,

Məcruh tənimdə olmasın tab.



TƏMAMİYİ-SÜXƏN


Eylərdi bu suz ilə münacat,

Möhnətlərə istəyib mükafat,

Kaçıldı güli-hədiqeyi-ruz,

Göstərdi günəş cəmali-firuz.

Mürği-dəmi-sübh çəkdi avaz,

Zaği-şəbi-tirə qıldı pərvaz.

Həm səfheyi-aləm oldu rövşən,

Həm daneyi-əncüm oldu xərmən,

Gün ayinədarı oldu gərdun,

Tökdü qədəminə dürri-məknun.

Sübh urdu səfayi-sidqdən dəm,

Açıldı güli-nişati-aləm.

Təsiri-səfayi-cami-xurşid,

Göy gülşənin etdi bezmi-Cəmşid.

Lalə kimi dağə çıxdı Məcnun,

Nəzzarəyə açdı çeşmi-pürxun.

Gördü ki, gəlir nədimi-kamil,

Həmrazi-qədim, Zeydi-qabil.

Rüxsarında nişatdən nur,

Bəhcət gözünə cəmalı mənzur.

Yox zərrəcə qüssəvü-məlali,

Məcnunə əcəb göründü hali.

Sordu ki: - "Nədəndir inbisatın?

Adətcə görünməyən nişatın?

Məqsudinə dəstrəsmi oldun?

Dildarinə həmnəfəsmi oldun?

Nə qədr ilə sərbülənd olubsan?

Noldu ki, nişatmənd olubsan?"

Zeyd açdı düri-xəzaneyi-raz:

- "Key türfə hümayi-övci-ezaz!

Dün tövfi-diyari-yar qıldım,

Ol sərv yana güzar qıldım.

Təviz vəsiləsilə bir dəm,

Oldum hərəmi-vüsalə məhrəm.

Gördüm məhi-arizin ziyasız,

Ayineyi-tələtin cilasız.

Nə ləli-ləbində qətreyi-ab.

Nə mah rüxündə zərreyi-tab.

Ləli-tərə əşki gövhərəngiz,

Bərgi-gülə nərgisi gühərriz.

Kördü məni etdi naləvü zar,

Raz açdı mənə ki: - "Ey vəfadar!

Düşdü ola Nəcdə rəhgüzarin,

Gördün ola halın ol fikarin,

Məcnunumu gördün isə, billah!

Eylə məni-zari ondan agah!

Necə keçər ola mahü sali?

Kim ola rəfiqi, nola hali?

Billah, güzər etsən ol yanayə.

Rəhm et məni-zarü mübtəlayə!

Məndən ona şərhi-zəfi-hal et!

Halın məni-xəstədən sual et!

Söylə, necəsən hücumi-qəmdən?

Tüğyani-məşəqqətü sitəmdən?

Matəmzədə olduğun eşitdim,

Qıldım yaxa çakü şiyvən etdim.

Ol sərv ki, çıxdı bu çəməndən,

Məndən getdi, deyil ki, səndən.

Ancaq bir ol idi kim, çəkib qəm

İstərdi məni səninlə həmdəm,

Çox gördü bizə sipehri-qəddar

Yüz min əğyar içində bir yar.

Bir zülmdürür bu aşikarə,

Əldən nə gəlir, buna nə çarə!

Bu dərdi ki, az deyil yügüşdür,

Həm səbr edəlim ki, səbr xoşdur.

Mən, tut ki, müqəyyədi-həsarəm,

Məhbusi-hicabi-nəngü arəm.

Gər şəmə açılsa şərhi-razim,

Sayəmdən olur min ehtirazim.

Gər sayəmə söyləsəm ğəmi-dil,

Şəmin həsədi gəlir müqabil,

Nə yazmağa namə ixtiyarim,

Nə etməyə ərz razdarim.

Qönçə kimiyəm məni-pərişan,

Ağzım dutulu, içim dolu qan.

Sən kim, şəhi-kişvəri-rizasan,

Hər kimə dilərsən aşinasan.

Yox hökmü sənə çü xamə qeyrin,

Öz başınadır həmişə seyrin.

Aya nə üçün qalırsan ehmal,


Öz nəzmi-lətifü dilkəşindən,

Öz nəzmi-lətifü dilkəşindən,

Məzmuni-ibarəti-xoşundan,

Lütf ilə qılıb həmişə təhrir,

Göndərmədiyin deyilmi təqsir?

Səndən degiləm bu işdə razi,

Hala kərəm et xilafi-mazi,

Nəzm eyləyibən bəyani-halın,

Şərhi-rüxi-zərdü əşki-alın,

İrsal edə gör məni-həzinə,

Kol cövhərə can edim xəzinə.

Əlfazi olub həmişə zikrim,

Bu kargəh içrə bikri-fikrim,

Tərzi-qəm edəndə canə təsvir,

Ol nəqşdən ola çaşnigir".

Həm hali-dilin qılırdı izhar,

Həm bu qəzəli qılırdı təkrar:



BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR


Nəçün, ol şəm kafur üzrə kilkin mişkbar etməz?

Yazıb bir rüqə min lütfə bizi ümmidvar etməz?


Mənimlə dust lütfün az edib, çox tən edər düşmən,

Nəçün lütf eyləyib düşmənləri bir şərmsar etməz?


Gəl, ey göz, yar xəttin namədə görmək həvəs qılma

Ki, xətti-namə dəfi-dərdi-hicri-xətti-yar etməz!


Kəbutərdən umardım, naməsin, gör zəf tale kim,

Görüb ahım odun məndən yana ol həm güzar etməz.


Füzuli, nameyi-dildar bir təvizdir guya

Kim, onsuz xəstədillər xatiri bir dəm qərar etməz.



TƏMAMİYİ-SÜXƏN


Məcnun ki, eşitdi ol pəyami,

Bəxti-mütəmərrid oldu rami,

İqbalına etiqadı oldu,

Dildarına etimadı oldu.

Xunabi-sirişkdən çəkib nəm,

Gülzari-zəmiri oldu xürrəm.

Həm güldü üzü çirağlar tək.

Həm könlü açıldı dağlar tək,

Zeydə dedi: Ey rəfiqi-sadiq!

Mən vəhşiyə həmdəmi-müvafiq!

Çün müjdeyi-mərhəmət yetirdin,

Yarım xəbərin mənə gətirdin,

Məndən həm ona yetir sənalər,

Ərz eylə dürudlər, dualər,

Xaki-dərinə yetir niyazim,

Dərgahinə ərz eylə razim:

"Key canimə dadlu dərdü dağı

Könlüm fərəhi, gözüm çirağı!

Lillahülhəmd yar imişsən,

Mən istədiyimcə var imişsən.

Əhdində vəfa bulundu axir,

Şəhdində şəfa bulundu axir,

Bildim ki, məni sevirsən, ey mah!

Əhsənt, əhsənt, barəkəllah!

Lütfün xəbəri qərarım aldı,

Şirin sözün ixtiyarım aldı.

Lütfün eşidib olur cigər tab,

Şirin sözünə gətirməzəm tab.

Ah, ər qılıb özgə rəsm bünyad,

Nagəh tutasan təriqi-bidad,

Təlx ola sözün misali-badə,

Lütf olmaya, qəhr ola aradə,

Xuban işi cövr ilə cəfadir,

Səndən görünən mənə vəfadir.

Qurban sənə özgə nazəninlər,

İdrakinə yüz min afərinlər.

Kimsə çü sənə vəfadə yetməz,

Canın sənə kimsə versə itməz.

Məşuqə ikən olub vəfadar,

Aşiqliyini həm etdin izhar.

Aşiq der imiş mənə xəlayiq,

Görmən buna həm özümü layiq,

Mən naqisəm, ey hərifi-qabil,

Sənsən rəhi-eşq içində kamil.

Təhsin ki, yeganeyi-zəmansan,

Can vermək olur sənə ki, cansan.

Hər şuxdə gər olaydı bu tövr,

Sən olmaz idin yeganeyi-dövr.

Gər qeyrə bu hal olaydı məqdur,

Sən olmaz idin cahanda məşhur.

Yad eyləməyindən olmuşam şad,

Sən şad olasan həmişə mən yad,

Ha böylə məni-həzini şad et!

Gah-gah tərəhhüm eylə, yad et!

Ey sərvi-səmənbəri-güləndam!

Taraci-mətai-səbrü aram!

Ey xosrovi-kişvəri-məlahət!

Məhtabi-şəbi-nişatü rahət!

Çün bəndəyə rəhmət eylər oldun,

İzhari-məhəbbət eylər oldun;

Minbəd təriqi-mehr tutğıl,

Əvvəlki təriqini unutğıl!

Qoyma çıxa həsrət ilə canım,

Həddən ötə naləvü fəğanım!

Meyli-məni-zarü biqərar et,

Gahi bu yanayə bir güzar et!

Həmdərdim isən, mənimlə yar ol!

Həmdərdiligin yox isə, var ol!

Sən öylə müqimi-məsnədi-naz,

Mən böylə, bəlavü dərdə dəmsaz.

Sən məhfili-eyş kamikarı,

Mən guşeyi-dərd dilfikarı,

Eşq içrə, gözüm, rəvamıdır bu,

Rahü rəvişü vəfamıdır bu?

Gər doğru isə vəfadə lafın.

Məndən nə üçündür inhirafın?

Gəl, rəf edəlim ğəmi-fəraqi,

Yandıralım oda iştiyaqi,

Olsun dünü gün mənimlə seyrin,

Çün mən səninəm, sən olma qeyrin!

Vər İbni Səlam mane olsa,

Səddi-rəhi-vəsl vaqe olsa,

Bildir, qılayın siyah bəxtin,

Bir ah ilə tarümar təxtin".

Çün razi-dilin tükətdi ol yar,

Zeyd eylədi əzmi kuyi-dildar.

Pərvanə sözün deyib çirağə,

Bülbül xəbərin yetirdi bağə.



BU, İBNİ SƏLAMIN KEYFİYYƏTİ-VƏFATIDIR

VƏ LEYLİNİN OL BƏLADƏN NƏCATIDIR


Saqi, fələkin gör inqilabın!

Göstər qədəh içrə mey hübabın!

Mey ayineyi-cahannümadır,

Xaki zər edən bu kimiyadır.

Bu faidə bəs deyilmi ondan

Kim, fariğ edər qəmi-cahandan?

Bir xabü xəyal imiş bu aləm,

Bu xabü xəyalə olma xürrəm!

Əhvali-zəmanə münqəlibdir,

Ondan xirəd əhli müctənibdir.

Qəm matəmin eyləyəndə bünyad,

Neyyah bu növ çəkdi fəryad

Kim, İbni Səlami etdi gərdun

Amaci-xədəngi-ahi-Məcnun.

Ol səddi götürməyə aradən,

Əşk oldu rəvan iki yənadən.

Ol növrəsi-natəvan, dəmadəm

Şövq ilə çəkərdi mehnətü qəm.

Həsrət ələmi yaman ələmdir,

Qəm bədriqeyi-rəhi-ədəmdir.

Dərdü qəmi-həsrəti-nihani,

Sərvi-qədin etdi xizərani.

Üz urdu pozulmağa tilismi,

Bir qayətə yetdi zəfi-cismi

Kim, peykəri nəqşi-bəstər oldu.

Rəna qədi bəstər istər oldu.

Gün-gündən olub xərab halı,

Qalmadı sağalmaq ehtimalı.

Dərdinə dəva bulunmaz oldu,

Rəncinə şəfa bulunmaz oldu.

Əndişeyi-ömrü oldu batil,

Can verdi vü həqqə oldu hasil.

Kimdir ki, gəlib cəhana getməz?

Kim kamil olur, zəvalə yetməz?

Budur rəhü rəsmi ruzigarın

Kim, ola xəzani hər bəharın.

Leylini gətirməyə fəğanə,

Ol vaqeə oldu bir bəhanə.

Matəm tutub etdi ol giriftar,

Dırnağı ilə üzünü əfkar.

Çak etdi fərağət ilə camə,

Faş etdi fəğani xasü amə.

Yandırdı evin, qopardı təxtin,

Taraci-fənayə verdi rəxtin.

Geysuyi-müənbər etdi bərbad,

Əflakə yetirdi ahü fəryad.

Gərdun kimi rəxti niylə urdu,

Atəş kimi başə kül sovurdu.

Derlər bu idi ərəbdə adət

Kim, ər əgər ölsə, qalsa övrət

Bir il, iki il tutardı matəm,

Fəryadü fəğan edib dəmadəm.

Xoş gəldi bu adət ol nigarə,

Fəryadü fəğanə buldu çarə.

Matəmgədə eylədi məqamın,

Matəmdə keçirdi sübhü şamın.

Bir neçə gün onda ağlayıb zar,

Həm ata evinə döndü naçar.

Əmma, dünü gün fəğan edərdi,

Xunabi-cigər rəvan edərdi.

Fəryadə gələndə gahü bigah,

Öz könlündə deyərdi ol mah

Kim: - "İbni Səlamə rəhməti-həq,

Eşqim rəvişinə verdi rövnəq.

Rəf eylədi pərdeyi-müdara,

Pünhan qəmim etdi aşikara"

Ol vaqeədən olub xəbərdar,

Tutdu rəhi-dəşt Zeydi-qəmxar

Gördü ki, şikəstəhal Məcnun,

Durmuş dədü dam içində məhzun.

Çün verdi səlam, qıldı elan

Kim, İbni Səlamə netdi əyyam.

Verdi bu qəziyyədən bəşarət

Kim: - "Qıldı müarizin xəsarət

Dəhr İbni Səlami qıldı pamal,

Leyli öz evinə döndü xoşhal"

Məcnun çəkib ah, qıldı nalə.

- Əfğan edib ağladı bu halə.

Heyrətlərə düşdü Zeydi-qafil;

Bu halət ona göründü müşkil.

Kim, fovti-rəqib eşitsə aşiq,

Gülmək gərək, ağlamaq nə layiq,

Təhqiqi-bəyani-hal qıldı,

Ol vaqeədən sual qıldı.

Məcnun dedi: - "Ey vəfalı yarım!

Yoxdurmu bu yolda nəngü arım?

Cananəyə can verən yetibdir,

Can verməyən arada itibdir.

Ol dostum idi,deyildi düşmən,

Həm ol ona aşiq idi, həm mən.

Ol canını verdi vasil oldu,

Öz mərtəbəsində kamil oldu,

Nəqsim mənim irmədi kəmalə,

Eyb eyləmə ağlasam bu halə".



QƏZƏL


Aşiq oldur kim, qılır canın fəda cananına,

Meyli-canan etməsin hər kim ki, qıymaz canına.


Canını cananə verməkdir kəmali aşiqin,

Verməyən can, etiraf etmək gərək nöqsanına.


Vəsl əyyamı verib cananə can rahət bulan,

Yeydir ondan kim, salır canın qəmi-hicranına.


Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən

Kim, göyər gördükdə şəmin atəşi-suzanına.


Fani ol eşq içrə kim, bənzər fənasi aşiqin,

Feyzi-cavid ilə Xizrin çeşmeyi-heyvanına!


Eşq dərdinin dəvası qabili-dərman deyil,

Tərki-can derlər bu dərdin mötəbər dərmanına.


Hiç kim canan üçün can verməyə laf etməsin

Kim, gəlibdir bu sifət ancaq Füzuli şanına.



BU, LEYLİNİN İBNİ SƏLAMDAN SONRA

MACƏRASIDIR VƏ ZAVİYEYİ-MÖHNƏTDƏ

VAQE OLAN BƏLASIDIR


Çün ata evinə döndü Leyli,

Əfğanə olub həmişə meyli,

Tutmuşdu təriqi-əhli-matəm,

Təcdidi-əza qılıb dəmadəm,

Hər qanda bilirdi var bir zar,

Ənduhü müsibətə giriftar,

Cəm edib olurdu əncümənsaz,

Eylərdi sürudi-növhə ağaz.

Gər İbni Səlam idi bəhanə,

Məcnun idi bais ol fəğanə.

Ağzında idi bir özgə zikri.

Könlündə idi bir özgə fikri.

İzhar qılırdı özgə adın,

Pünhani edərdi özgə yadın.

Bu rəng ilə daim ol pərizad,

Eylərdi fərağət ilə fəryad.

Suzi-dilinə gətirməyib tab,

Bir gecə dağıldı yarü əshab,

Ancaq ona şəm qaldı həmdəm,

Söndürdü bir ah ilə onu həm.

Yəni nə rəva şəbi-siyahim,

Şəm istəyə qeyri-bərqi-ahim.

Tənha qalıb etdi naleyi-zar,

Dərdü qəmə qıldı əczin izhar:

- "Key dərdü qəmi-zəmanə, billah!

Olman, bu gecə mənimlə həmrah!

Tənhalıq ilə mən eylərəm xu,

Siz özgə müsahibə tutun ru!"

Gördü qəmü dərdə yox nihayət,

Qıldı şəbi-tirədən şikayət:

- "Key bəxti-siyahimin nəziri,

Aşüftə qılan məni-əsiri!

Əvvəl yox idi sənin qərarın,

Seyr ilə keçərdi ruzigarın,

Halə nə üçün qərar edibsən;

Tərki-rəviş ixtiyar edibsən?

Sərmənziləmi özün yetirdin?

Ya zülmət içində yol itirdin?

Matəmzədəsən, siyəh libasın.

Kimdən ola, nişədir bu yasın?

Dərdü ələmim dənizi daşdı,

Seylabi-bəla başımdan aşdı.

Tiri-fələkə nişanə oldum,

Tahuneyi-çərxə danə oldum.

Matəmkədədir bu gecə aləm,

Mən bəxti qara bir əhli-matəm:

Nə səbr qalıbdurur, nə aram,

Bilmən ki, nolur mənə sərəncam.

Olmuş bu gecə təmam kövkəb,

Azarım üçün fələkdə əqrəb.

Sübh ayinəsini jəng tutmuş,

Feyzi-səhəri fələk unutmuş.

Ey sübh, sənin nə oldu halın?

Dəm urmağa qalmamış məcalın?

Könlün xoş isə, təbəssüm eylə!

Mehrin var isə, tərəhhüm eylə!

Fəryadıma həmdəm et xorusu,

Avazıma qoş sədayi-kusu,

Mürği-səhəri gətir zəbanə,

Göstər dəmi-sübHdən nişanə!"

Çox ağladı, etdi naləvü zar,

Dərdi-dili-zarın etdi təkrar.

Gördü mədədinə sübh yetməz,

Şəb dərdi-dilinə çarə etməz.

Üz tutdu ona ki, feyzi-ami

Çəkmiş bu mədarə sübhü şami.

Razi-dili-zarın etdi ağaz:

- "Key vaqifi-halü arifi-raz!

Yoxdur qəmi-dərdimə nihayət,

Qəmdən kimə eyləyim şikayət?

Qəm bihədü mən bəsi zəifəm,

Mən böylə qəmə qaçan hərifəm.

Ya ver mənə möhnətimdə taqət,

Ya taqətim olduğunca mehnət.

Gər cameyi-səbrim eyləsəm çak,

Hökmün yolu görünür xətərnak.

Vər könlümə versəm istimalət,

Taqətcə deyil qəmü məlalət.

Namusdan eyləsəm cüdalıq,

Məcnun ilə qılsam aşinalıq,

Qorxum bu ki, ismət ola pamal,

Fərmanə müvafiq olmaya hal.

Qılsam bu Həvadə hifzi-namus,

Məmureyi-vəslim ola məhrus.

Qorxum bu ki, dudi-ahi-Məcnun

Əhvalımı eyləyə digərgun.

Sadiqlərin ahi mötəbərdir,

Ondan həzər etməmək xətərdir.

Ol öylə, bu böylə neyləyim, vay,

Bilmən məni-acizə nədir ray?

Ya rəb, mütəhəyyirəm məni-zar,

Möhnətlərə olmuşam giriftar!

Sərmənzili-əmnə rah bilmən,

Səndən özgə pənah bilmən.

Gör badeyi-qəflət ilə mədhuş,

Qıl pərdeyi-lütfünü xətapuş!

Derlər ki, sitəmrəsidə Məcnun,

Olmuş məni-mübtəlayə məftun.

Mən bisərü pa ona nə layiq

Kim, hüsnümə ola kimsə, aşiq?

Mən zərreyi-xarü xaksarəm,

Gərdi-rəhi-xaki-rəhgüzarəm.

Ruhum ki, bədəndədir, sənindir,

Hər nəşə ki, məndədir, sənindir,

Gəncineyi-hüsnünə əminəm,

Sənsən səbəbim ki, nazəninəm.

Ya rəb, mədəd et ki, bu əmanət!

Məhfuz ola ta dəmi-qiyamət!

Ta qürbə təvəccöh etdiyim çağ,

Alnım açıq olavü üzüm ağ!"



TƏMAMİYİ-SÜXƏN


Əcz ilə dua qılırdı ol mah,

İzhari-niyaz edib ki, nagah,

Çəkdi cərəs ərrəhilə avaz,

Rəsmi-hüdi etdi sariban saz.

Köç oldu açıldı bargəhlər,

Bəxtilərə məhd çəkdi məhlər.

Bir məhmilə girdi Leyliyi-zar,

Kuhi-qəmin etdi naqəyə bar.

Əfğani edib cərəs ünün pəst,

Eşqi-meyi etdi naqəni məst.



BU, LEYLİNİN NAQƏYƏ ƏRZİ-RAZIDIR

VƏ ZƏBANİ-HAL İLƏ İZHARİ-NİYAZIDIR


Çün naqədə gördü nəşəyi-hal,

Qıldı ona həm bəyani-əhval:

- "Key qaliyə muyü ənbərinbuy

Gülçöhrəvü xar-xar, xoşxuy!

Ey başı açıq, ayağı yalın

Bulmuş neçə gəz hərəm visalın!

Sövdazədə nişədir dimağın?

Köksündə nədir bu əski dağın?

Kimdən sənə yetdi zülmü bidad,

Hər ləhzə nədir fəğanü fəryad?

Üşşaq təriqidir təriqin,

Gər aşiq isən, mənəm rəfiqin.

Nalan qəmi-eşqi-yardansan,

Sən dəxi bizim qətardansan.

Mən kimi yox əldə ixtiyarın,

Bir özgə əlindədir məharın,

Çün düşdü səninlə ittifaqım,

Rəhm eylə mənə, gör iştiyaqım.

Lütf eylə, binayi-kari-xeyr et,

Məcnunum olan diyarə seyr et!

Bu şiyftəyi yetir ol ayə.

Bu dərdi yetişdir ol dəvayə".

Nagah, gödərdi, oldu bihuş.

Mütləq özün eylədi fəramuş.

Bihuşluğunda düşdü ol nur,

Həmrahi olan güruhdən dur.

Ol növ idi zülməti-şəbi-tar

Kim, olmadı sariban xəbərdar.

Çün gəldi özünə ol pərivəş,

Oldu bu qəziyyədən müşəvvəş.

Göz açdı, özünü gördü itmiş,

Həmrahi buraxmış onu getmiş.

Dərd üzrə müzaəf oldu dərdi,

Tərpətdi həyuni-rəhnəvərdi.

Çox cəhd ilə eylədi təkapu,

Çox yol arayıb yügürdü hər su.

Nə rah, nə rahibər bulundu,

Nə qəfilədən əsər bulundu.

Tənha yürür oldu ol səmənbər,

Zülmətdə misali-mahi-ənvər.

Çün seyri-fələkdə Leyliyi-mah.

Şəb qafiləyi itirdi, nagah

Leyki sifətində gün çıxıb fərd,

Cəmmazəyə çəkdi məhmili-zərd.

Düşdü güzər ol səmən üzarə,

Məcnuni-həzin olan diyarə,

Hər yan nigəran gəzərdi ol mah,

Bir şəxsi-həzin göründü nagah

Sormağa əlameyi-mənazil,

Ol şəxsi-həzinə oldu mayil,

Lütf ilə təkəmmül etdi ağaz:

- "Kimsən?" - deyibən yetirdi avaz.

Baş qaldırıb ol əsiri-məhzun,

Döndərdi cavab ona ki: - "Məcnun!"

Leyli dedi: - "Ey özünə məğrur,

Haşa deyə əjdəha sözün mur!

Haşa deyə zağ, bülbüləm mən,

Ya laf ura xar kimi, güləm mən!"

Məcnun dedi: - "Ey düri-yeganə

Məcnuna bilirmisən nişanə?

Ol şiyftənin nədir nişani,

Gördükdə nədən bilirsən ani."

Leyli dedi: - "Ol pəriliqadır,

Rüxsarlə qəddi dilrübadır.

Sən şiyftəsən, əsiri-matəm,

Rüxsarı şikəstə, qaməti xəm.

Sən xarsən, ol, əzizi-aləm,

Sən bisərü pasən, ol müəzzəm".

Məcnun dedi: - "Əhli-eşq olur xar

Hüsn əhlinədir səfa səzavar".

Leyli dedi: - "Ey bəhanəpərdaz!

Qeydi-dili-zarimə füsunsaz!

Peykər, tutalım töküldü qəmdən,

Ya qamətin oldu xəm sitəmdən,

Məcnunu deyərlər əhli-idrak,

Əşarı lətifü ləhcəsi pak.

Səndə qanı ol ədayi-dilsuz, .

Əşari-hekayəti-diləfruz?"

Məcnun dedi:- "Əhli-hal olur lal,

Bəsdir nəmi-əşk şahidi-hal.

Tərtibi-ibarətü fəsahət,

Eşq əhlinədir dəlili-rahət.

Rahətdən olan mənim kimi dur,

Gər samit ola deyilmi məzur?"

Leyli dedi: - "Çün sənə şəkim var,

Məcnun isən eylə halın izhar,

Leyliyi sevərsən eylə bünyad,

Bir şer, keçən zamanın et yad"!



BU, MƏCNUNUN LEYLİYƏ

İZHARİ-HALİ-ZAR ETDİYİDİR


Məcnuni-həzin eşitdi sövkənd,

Gördü onu şerə arizumənd,

Təfsili-qəminə verdi icmal,

Qıldı ona ərzi-surəti-hal:

- "Key səbzeyi-dərdimə verən ab!

Sərrişteyi-pazdən açan tab!

Sorma necə keçdi ruzigarın,

Eşq içrə nə oldu hali-zarın?

Dildar qəminmi söyləyim, ah.

Ya pəndi-mühibbü təni-bədxah,

Çəkdim necə gün cəfayi-məktəb,

Hər puz məşəqqət ilə ta şəb,

Axır ki, çox oldu təni-əğyar,

Ayrıldı məni-şikəstədən yar.

Faş oldu çü aləmə fəsanəm,

Tədbirimə düşdü atəm, anəm,

Gəh dəğdəğeyi-təbib gördüm,

Gəh səy ilə Kəbəyə yügürdüm.

Açılmadı hiç babdən bab,

Tədbirimə aciz oldu əhbab.

Gəh Novfələ eylədim təzərrö,

Feyzində bulunmadı təvəqqö.

Gəh İbni Səlamə yar olub yar,


Verdi dili-mübtəlayə azar.

Gəh Zeyd pəyamına inandım,

Hər vədə ki, verdi doğru sandım.

Ümmid ilə ömrüm oldu zaye,

Halım betər etdi zəfi-tale.

Əlqissə, vücudim oldu bərbad,

Bəp ləhzə fələkdən olmadım şad".

Könlünə qılıb fəraq təsir,

Bir türfə qəzəl həm etdi təqrir:



QƏZƏL


Ah kim, bir dəm fələk rəyimcə dövran etmədi,

Vəsl dərmanilə dəfi-dərdi-hicran etmədi


Yardən min dərdi-dil çəkdim, bu həm bir dərd kim,

Bildi min dərdi-dilim, bir dərdə dərman etmədi.


Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn,

Bir gecə xani-visali üzrə mehman etmədi.


Dustlar, çaki-giribanım görüb eyb eyləmən!

Kol gülü kim gördü kim, çaki-giriban etmədi!


Fəqr mülkün tut gəp istərsən kəmali-səltənət,

Kim, bu mülkün fəthini fəğfurü xaqan etmədi


Tiği-bidad ilə hər dəm qanımı tökmək nədir?

Ey fələk, hər kim dəm urdu eşqdən qan etmədi.


Əhdü peyman etdi yarım kim: "Sənə yarəm", vəli,

Yarlıq vəqti vəfayi-əhdü peyman etmədi.


Əql meydanını zindani-bəla bilməz hənuz,

Kim ki, bir müddət cünun mülkünü seyran etmədi.


Sirri-eşqin etmədi ancaq Füzuli aşikar,

Bu mübarək işi hər kim etdi, pünhan etmədi.



BU, LEYLİNİN MƏCNUNDAN XƏBƏRDAR

OLDUĞUDUR VƏ MƏTAİ-VƏSLİNƏ

NƏQDİ-CANLA XİRİDAR

OLDUĞUDUR


Çün bildi kim olduğunu Leyli,

Rüxsarına axdı əşk seyli,

Giryan dedi: - "Ey gözüm çirağı!

Vəhşilərə el, mənimlə yağı!

Sən mən dediyim həbib imişsən,

Dərdi-dilimə təbib imişsən.

Sənsən dünü gün dilimdə zikrim,

Könlümdə olan xəyalü fikrim.

Gəp tanıya bilmədim rəvadır,

Məstəm mənü məst işi xətadır.

Kimsə ki, özündən ola qafil,

Bir özgəyi bilməyə nə qabil,

Ol dəm ki, dimağa yetdi buyin,

Göz gördü şüai-mahi-ruyin,

Can bixəbər oldu, əql şeyda,

Tən qıldı min iztirab peyda,

Dəryayi-təhəyyürə olub ğərq,

Əğyardən etmədim səni fərq.

Məzur tut ey sənəm bu halım

Tən eyləmə, vermə infialım.

Sənsiz mən idim şikəstəxatir,

Yüz şükr, sənə yetişdim axir.

Gülzari-ümidim oldu sirab,

Ya rəb bu xəyaldırmı, ya xab?

Eyşü tərəbim çirağı yandı,

Bəxtim yuxudan məgər oyandı?

Ey dil ki, edərdin ahü nalə,

Daim nigəpan olub vüsalə,

Ha, dövləti-vəslü zövqi-didar!

Billah, dəxi etmə naləvü zar!

Ey didə, töküb sirişki-gülgun

Hər dəm dep idin ki: - "Qanı Məcnun?"

Mənzurun olubdur ol səmənbər,

Qıl məqdəminə nisar gövhər!

Ey can ki, çəkərdin intizarı,

Görmək diləyib həmişə yarı,

Yetdin ona, gəl, çıx indi təndən,

Get yarə, kəs ixtilatı məndən"

Dərdini deyirkən ol pərizad

Suz ilə bu şeri etdi bünyad:



BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR


Açmadı könlüm fələk, ta bağrımı qan etmədi,

Qılmadı xürrəm məni, ta zarü giryan etmədi.


Qılmadan bidad ilə yüz parə pürxun könlümü

Bu çəməndə gül kimi bir ləhzə xəndan etmədi.


Şükr kim, verdi fələk kamım məni nomid edib.

Şiveyi-mehrü məhəbbətdən pəşiman etmədi.


Dərd yoxdur kimsədə, yoxsa təbibi-feyzi-eşq,

Kimdə gördü dərd kim, ol dərdə dərman etmədi.


Səbr yoxdur mərdümi-aləmdə, vər nə ruzigar,

Qansı müşküldür ki, tədric ilə asan etmədi.


Tutdu seylabi-dü çeşmim yar üzün, əmma xoşa

Kim, binasın səbrimin ol seyl viran etmədi.


Eşq sövdasında sud etdin mətai-vəsldən,

Ey Füzuli, can verən cananə nöqsan etmədi.



BU, MƏCNUNİ-HEYRANIN

NİHAYƏTİ-HEYRƏTİDİR

VƏ LEYLİDƏN İSTİĞNA İLƏ QƏFLƏTİDİR


Məcnun dedi: - "Ey açan mənə raz,

Lütfilə qılan məni sərəfraz.

Kimsən? Mənə zahir eylə adın!

Bu badiyədə nədir muradın?

Can tazələnir fəsahətindən,

Bu ləhceyi-pürməlahətindən.

Xülqi xoşü ləfzi canfəzasən.

Böylə görünür ki, aşinasən.

Billah, nə diyardən gəlirsən?

Nə rahigüzardən gəlirsən?

Gər lalə isən, nə dağdansan?

Vər susən isən, nə bağdansan?

Şirin-şirin təkəllümün var,

Hali-dilimə tərəhhümün var.

Biganədən ummazın bu hali,

Bir ülfətdən deyil bu xali.

Bihudə deyil bu könlüm almaq,

Gəlmək, başım üzrə sayə salmaq.

Əql olsa idi mənimlə həmrah,

Əhvalından olupdum agah,

Qəm könlümü etməsəydi bitab,

Göz pərdəsi olmayaydı xunab,

Qəflət xələlindən ayrılardım,

Əlbəttə kim olduğun bilərdim.

Çün məndə yox ehtimali-idrak,

Sən söylə özün ki, kimsən, ey pak?"



BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR


Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,

Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.


Gərçi canandan dili-şeyda üçün kam istərəm,

Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.


Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal,

Aşiqə məşuqdən hərdəm bu istiğna nədir?


Hikməti-dünyavü mafiha bilən arif deyil,

Arif oldur bilməyə dünyavü mafiha nədir.


Ahü fəryadın, Füzuli, incidibdir aləmi,

Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?



CƏVABİ-LEYLİ


Leyli dedi: - "Ey qərineyi-ruh

Kami-dili-mübtəlayi-məcruh!

Müjdə ki, zəmanə verdi kamın,

Doldu meyi-işrət ilə camın.

Müjdə ki, müyəssər oldu məqsud,

Sövda ilə axır eylədin sud.

Müjdə ki, muradın oldu hasil,

Məqsudə səni həq etdi vasil.

Leyli mənəm arizuyi-canın,

Kami-dili-zarü natəvanın.

Müştaqi-cəmal idin həmişə.

Möhtaci-visal idin həmişə.

Hala ki, müyəssər oldu didar,

Təqsiri-təəllül etmə zinhar!

Gör dövləti-vəslimi qənimət,

Gəl yanıma, fövt qılma fürsət!

Dil, nəzpi-visali-qamətindir!

Vər canim isə, əmanətindir!

Çün düşdü məcalın, etmə ehmal,

Gəl nəzrini tut, əmanətin al!

Gəp xəstə isən, mənəm təbibin,

Vər aşiq isən, mənəm həbibin.

Gəl bəzmi-visalə məhrəm olğıl!

Bir ləhzə mənimlə həmdəm olğıl!

Ver nərgisə lalə ilə rövnəq,

Reyhani-tər ilə ziybi-zənbəq!

Firuzeyi et qəpini-yaqut,

Qıl tutiyə qəndi-nabdən qut!

Peyvəndi-gül eylə ərğəvani,

Xizrə yetir abi-zindəgani!

Vər aşiqi-mübtəla deyilsən,

Məcruhi-ğəmü bəla deyilsən

Təqlid ilə göstəpib əlamət,

Qılma özünü, məni məlamət!

Bir əqlü fəpasət eylə peyda,

Ancaq, bizi etmə xəlqə risva!

Ey gül, bu mənə deyilmidip nəng

Kim, olmayasan mənimlə həmrəng?

Mən ərz edəm afitabi-rüxsar,

Sən qılmayasan hərarət izhar?

Mən cam tutam, deyim ki, "gəl al!"

Sən durmayasan ayağə filhal?

İzhari-cəmalın eyləmək gül,

Bülbül görüb eyləmək təğafül?

Çox təcrübə etmişəm olur az

Məşuqinə aşiq eyləmək naz".

Təqrib ilə ol büti-dilara,

Bir türfə qəzəl həm etdi inşa:



BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR


Ey qılan şeyda məni, məndən bu istiğna nədir?

Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir?


Gər mənə xəlq içrə pəpva qılmadın, məzursan,

Böylə tənhalıqda qılmazsan mənə pəpva, nədir?


Səhldir gəp bilməyib halım, tərəhhüm qılmamaq.

Halımı bilmək, tərəhhüm qılmamaq əmda nədir?


Gül təmənnasında derlər bülbülün ğovğaların,

Çün gülü gördükdə qılmaz meyl, bu qovğa nədir?


Ol pəri mütləq mən-risvayə qılmaz iltifat,

Ey Füzuli, bilməzəm cürmi-məni risva nədir?



BU, LEYLİYƏ MƏCNUNUN İSTİĞNASIDIR

VƏ İSBATİ-SƏFAYİ-İMLASIDIR


Məcnun dedi: - "Ey büti-pərivəş!

Xaşaki-zəifə urma atəş!

Yandırmağıma yetər xiyalın,

Yoxdur mənə taqəti-vüsalın.

Zinhar gətirmə, ey səmənbər,

Ayineyi-arizin bərabər.

Bir zərrəyə kim, vücud yoxdur,

Ayinədən ona sud yoxdur,

Ol gün ki, gözümdə var idi nur,

Gözdən üzünü yaşırdın, ey hur!

Hala ki, nəzarən oldu müşkil,

Durmaq nə üçün mənə müqabil?

Eşq etdi, binayi-vəsli möhkəm,

Mənidə məni səninlə həmdəm,

Rəf oldu bu etibari-surət,

Haşa ki, olam şikari-surət.

Ləzzət rüxi-yari-dilsitandan,

Candır bulan, ey diriğ candan!..

Canım gedəli bəsi zəmandır,

Cismimdəki indi özgə candır.

Sənsən hala tənimdə canım,

Gözdə nurim, cigərdə qanım.

Məndən bəri eylədin məni sən,

Ərzə kimə eyləyim səni mən?

Məndə olan aşikar sənsən,

Mən xud yoxam, ol ki, var sənsən!

Daim sənə məndədir təcəlli,

Mən qeyrdən olmuşam təsəlli.

Gər mən, mən isəm, nəsən sən, ey yar?

Vər sən, sən isən, nəyəm məni-zar?

Çün mən olubam səninlə məmlu,

Vəhdət rəvişində xoş deyil bu

Kim, dişrədə istəyəm nişanın,

Bir özgə məkan biləm məkanın.

Əvvəl bu işi edəndə bünyad,

Mən tifl idimü zəmanə ustad.

Etmişdi sənə məni müqəyyəd,

Guya oxudurdu dərsi-əbcəd.

Hala qılıbam kəmal hasil,

Əbcəd səbəqin oxurmu kamil?

Çün yetdi kəmalə sərxəti-eşq,

Sərxət görüb ancaq eylərəm məşq.

Risvalığa çün mən etmişəm ad,

Sən həm bu süluki etmə bünyad.

Tut pərdeyi-ismət içrə aram,

Risvay mənəm, sən ol nikunam!

"Məcnun" mənə derlər əhli-aləm,

Ancaq mənədir cünun müsəlləm.

Sən olma fəsaneyi-xəlayiq,

Məcnun işi Leyliyə nə layiq?

Məcnun mənəm, ey vəfalı dildar!

Divanəliyə mənəm səzavar!

Sən eyləmə halını digərgun,

Leyli nə rəva ki, ola Məcnun?

Qəmxarsan, ey büti-pəriru,

Qəmxarlığın həmin yetər bu

Kim, pərdənişin olub həmişə,

Daim qılasan hicab pişə.

Gün kimi çıxıb müdam seyrə,

Göstərməyəsən cəmal ğeyrə,

Kim, səndə nə olsa rəsmü adət,

Ətvarımadır mənim şəhadət.

Mən eşq güzərgəhində xakəm,

El cümlə bilir məni ki, pakəm,

Rəhm et mənə, ey büti-vəfadar,

Tən əhlinin ağzın açma, zinhar!

Çün mən rəhü rəsmi-eşq tutdum,

Namus təriqini unutdum.

Namusunu saxla hər xələldən,

Sən əql ətəyini qoyma əldən".

Təqrib ilə ol əsiri-məhcur

Bu nadirə şeri etdi məzkur:



BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR


Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz.


Həqiqi eşq üçün müstəvcibi-nöqsan deyil, mütləq,

Özün əhli-həqiqət valehi-hüsnü cəmal etməz.


Kəmali-eşqə talib möhtərizdir hüsni-surətdən,

Ki, qeydi-hüsni-surət aşiqi sahibkəmal etməz.


Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq,

Ki, aqil iftiraqi mümkün ilə ittisal etməz.


Könüldə dust təmkin bulsa, olmaz gözdə cövlani.

Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz.


Səvadi-masivadən lövhi-dil xali gərək daim,

Müvəhhid səfheyi-idrakə nəqşi-xəttü xal etməz.


İradət zaye etməz əhli-məna, surətən hərgiz,

Həqiqət cövhərin cəhli-məcazə payimal etməz.


Müqəyyəd olmaz əhli-surətin rənginə hal əhli,

Füzuli, kim müqəyyəddir, məgər idraki-hal etməz?



BU, LEYLİDƏN MƏCNUN ƏTVARINA

TƏHSİNDİR VƏ HÜSNİ-ETİQADINA

HÜSNİ-YƏQİNDİR


Leyli dedi: - "Ey vücudi-kamil!

Qürbi-həqə ismət ilə qabil!

Meraci-kəmalını sınardım,

Keyfiyyəti-halını sınardım.

Oldum necə olduğundan agah,

Xoş mərtəbədir bu, barəkəllah!

Əhsəntə ki, zati-pak imişsən,

Pakizə vücudi-xak imişsən,

Təskini-həvayə istitaət.

Eşqində riya güman edərdim,

Ətvarını imtəhan edərdim.

Əlminnətü lillah oldu məlum

Vəsl olduğu məşrəbində məzmum.

Ğəmnak idim, eylədin məni şad,

Bu qeyd təəllüqündən azad.

Bir qafili-xudpərəst idim mən,

Cəhl ilə müdam məst idim mən.

Arayişi-zülfü xal edərdim,

Peyvəstə munu xəyal edərdim,

Kim, sən tələbi-visal edərsən,

Nəzzareyi-zülfü xal edərsən.

Hala mənə rövşən oldu halın.

Meraci-həqiqəti-kəmalın.

Mən bəslədiyim bu zülfü xalı,

Çeşmi-siyəhü üzari-alı,

Öz canım üçün deyil, şəbü ruz,

Nəzri-nəzərindir, ey diləfruz!

Ta eyləyəsən dəmi nəzarə,

Təskin verəsən dili-fikarə.

Həm sən olasan muradə vasil,

Həm ola mənə səvab hasil.

Yoxdur çü nəzarə meyli səndə,

Neylər bu cəmali-xub məndə.

Tən dürcünədir düri-rəvanım,

Gənci-bədənimdə nəqdi-canım,

Derdim ola sərfi-rəhgüzarın,

Gördükdə rəvan qılam nisarın.

Tövfiqü visalın edəm idrak.

Əndişeyi-hicrdən olam pak.

Hala ki, müyəssər olmaz ol kam,

Olmaq nə rəva arada bədnam?

Nəsxi-xəti-etibar qıldım,

Rahi-ədəm ixtiyar qıldım.

Ta necə verə qübari-surət,

Ayineyi-zatimə küdurət.

Vəqt oldu ki, rövşən ola mirat,

Müstəğni ola süfatdan zat.

Vəqt oldu bu qönçə ola xəndan,

Təsir edə sübhi-feyzi-canan.

Xunab qəmilə doldu könlüm,

Qönçə sifəti tutuldu könlüm.

Fərz oldu ki, tey qılam bisatım.

Qət edəm özümdən ixtilatım.

Sətri-tən edəm ədəm hicabın,

Rüxsarə çəkəm fəna niqabın.

Ta hüsni-rüxüm ki, istəməz yar,

Olmaya nəsibi-çeşmi-əğyar.

Zira ki, nəsibi-hüsni-qabil

Oldur, ona aşiq ola mayil.

Hüsnümdə çü yox qəbuli-aşiq,

Nöqsan ilə olmağım nə layiq?"

Bu hala münasib ol pərizad

Filhal bu şeri etdi bünyad:



BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR


Nə dilbər kim dəmadəm aşiqə ərzi-cəmal etməz,

Qalır naqis, bulub feyzi-nəzər kəsbi-kəmal etməz.


Deyil cəzb etməyən üşşaqi, məşuq olmağa qabil,

Nə hasil hüsni-surətdən ki, cəzbi-əhli-hal etməz.


Gərək rüxsareyi-məşuq məxfi qeyri-arifdən

Ki, arif olmayan idrak süni-zülcəlal etməz.


Həvayi-vəsldir ki, xublər vəslinə talibdir

Və gər nə eşqi-kamil fərqi-hicranü vüsal etməz.


Olan nəqdi-həyatın aşiqin məşuqə sərf eylər,

Bu zülmü, ah, əgər məşuqinə aşiq həlal etməz.


Məcaz əhlinə xublar cilveyi-naz eyləsinlər kim,

Özün əhli-həqiqət mübtəlayi-xətti xal etməz.


Füzuli, aləmi-surətdə sərgərdan gəzər zahid,

Zəhi ğafil, bu sövdanın sərəncamın xəyal etməz.



TƏMAMİYİ-SÜXƏN


Xətm eyləmədən sözünü ol mah,

Bir naqənişin göründü nagah.

Naqə ilə bir nəfər səbükxiz,

Gördü ki, gəlir nəsim tək tiz.

Bildi büti-gülrüxü səmənbuy

Kim, özü üçündür ol təkü puy.

Bildi ki, rəqib bədgümandır,

Ənduhi-dilü bəlayi-candır.

Ol mahivəş olduğunda ğayib,

Olmuş ona sürət ilə talib.

Gülzarə hənuz yetmədən xar,

Gül qıldı vidayi-səhni-gülzar.

Ol halına vaqif olmadan qeyr,

Tərpətdi cəmazeyi-səbükseyr.

Cuyəndə görüb ol afitabi,

Tərk etdi şitabü iztirabi.

Tovfiqi-muradə oldu xoşdil,

Düşdü önə qıldı əzmi-mənzil.

Şəhbazı yetirdi aşiyanə,

Tapşırdı nihalı bağibanə.

Məcnun yenə qaldı zarü məhcur,

Həmsöhbəti marü həmdəmi mur.

Nə durmağa taqətü qərarı,

Nə gəzməyə əldə ixtiyarı.



BU, MƏCNUNUN MERACİ-FƏZAİLİDİR

VƏ BƏYANİ-MƏRTƏBEYİ-HÜSNİ-XƏSAİLİDİR


Şahinşəhi-mülki-mehnətü dərd,

Yəni Məcnun dərdpərvərd

Bir pak idi ki, bu ərseyi-xak,

Onun kimi görməmişdi bir pak.

Məmureyi-qürbi-həq məqami,

Ərvahə fərizə ehtirami.

Çün nifrəti-şərri-nəsli-adəm,

Qıldı ona vəhşəti müsəlləm,

Hər vəhşi donunda bir firiştə,

Yar oldu ol adəmi-siriştə.

Zahirdə rəfiqi vəhşlə teyr,

Batində məlaik ilə həmseyr.

Qılmışdı kəmali-etidali

Kəsrət ələmindən onu xali.

Çəkməzdi cəhanda ol cəhangərd,

Əndişeyi-gərmü ğüsseyi-sərd.

Bilmişdi cəhanın etibarın,

Yox yerinə satmış idi varın.

Tutmuşdu təriqi-əhli-tovhid,

Bulmuşdu kəmali-tərkü təcrid.

Olmuşdu vücudi-paki pürnur,

Alayişi-əklü şürbdən dur.

Təhsil qılıb səfayi-siyrət,

Görmüşdü məcazdən həqiqət.

Əyanə yox idi etimadı,

Nəqqaş idi nəqşdən muradı.

Mövzun idi təbi nüktədani,

Hər nüktədə vaqifi-məani.

Avazi idi bəsi mülayim,

Üslubu dürüst, üsuli qayim.

Təhrir ilə hər çəkəndə avaz,

Quşlara tutardı rahi-pərvaz.

Gahi qəzəlü gəhi qəsidə.

İnşa qılıb ol sitəmrəsidə,

Suz ilə oxurdu gahü bigah,

Bir neçə əziz onunla həmrah

Yazarlar idi təmam şerin,

Oxurlar idi müdam şerin.

Aləmlərə ol qəribü məhcur,

Əksər bu səbəbdən oldu məşhur.

Avaziyü zehniyü cəmali,

Qılmışdı müqəyyəd əhli-hali.

Kim olsa bu üç kəmalə qabil,

Demək olur ona zati-kamil.



LEYLİNİN BAHARİ-ÖMRİ XƏZANƏ

İRDİYİDİR


Saqi, gözə gəldi nəşəyi-mey,

Bir neçə qədəh yerit, peyapey!

Əzmi-tərəb etdin ehtimam et!

Zövqün tərəb əhlinin təmam et!

Bəzm əhlinə cami-laləgun tut!

Əmma mənə cümlədən füzun tut!

Zira ki, hənuz nimməstəm,

Qəm silsiləsinə paybəstəm.

Xoşdur tərəb əhlinin bu bəzmi,

Dağılmağa olmasaydı əzmi.

Tarixinəvisi-hali-əyyam,

Bu qissəyə böylə verdi itmam:

Kim, vəsldən olmayıb təsəlli,

Məcnundan olanda dur Leyli,

Kəsmişdi təəllüqün cəhandan,

Qəti nəzər eyləmişdi candan.

Bir fəsl ki, dəsti-qarəti-dey,

Gülzar büsatın eylədi-tey.

Matəmgədə oldu ərseyi-bağ,

Matəmdə sürud naleyi-zağ.

Leyli kimi oldu lalə məstur,

Məcnun kimi şaxi-ərğəvan ur,

Rənci-yərəğandan oldu əşcar,

Lərzanü zəifü zərdrüxsar.

Söndü gülü lalənin çirağı,

Sərsər yeli zülmət etdi bağı.

Gül bimi-təərrüzi-həvadən,

Lalə sitəmi-dəmi-səbadən,

Rəxtini yaşırdı bağlarda,

Ləlini itirdi dağlarda.

Bir mar misalı oldu hər nəhr.

Hər lərzədə su məsabeyi-zəhr.

Göydən yerə endiyində baran,

Hər qətrə olub misali-peykan,

Guya ki, yetirdi bağə bidad

Kim, şöbədeyi-təhərrüki-bad,

Bir sehr ilə abi ahən etdi,

Ondan təni-bağə cövşən etdi.

Bir gün bu həvadə Leyliyi-zar,

Qəm dəfinə etdi meyli-gülzar.

Gördü gülü lalədən əsər yox,

Ənvai-şəcərdə bərgü bər yox.

Səhni-çəmənin səfası getmiş,

Nöqsani-səfa kəmalə yetmiş.

Nə səbzə tənində tab qalmış,

Nə bərg üzündə ab qalmış.

Matəmgədə gördü busitanı,

Riqqət oduna tutuşdu canı.

Suzi-cigərilə yanə-yanə,

Şərh etdi qəmini busitanə:

- "Key bağ, nədir bu ahi-sərdin?

Mən xəstəyə zahir eylə dərdin!

Mən dəxi sənin kimi nizarəm,

Bir güldən iraqü zərdü zarəm;

Nə dövləti-qürbünə qəbulim,

Nə rövzeyi-kuyinə visulim,

Sən gərçi xəzanəsən giriftar,

Əlbəttə, baharə yetməyin var.

Ümmidi-visal məndə yoxdur,

Səndən ğəmü qüssə məndə çoxdur!"

Artırdı qəm ağladıqca dərdin,

Giryan göyə tutdu ruyi-zərdin.



BU, LEYLİNİN ANASINA VƏSİYYƏT

ETDİYİDİR VƏ DUST YADI İLƏ

DÜNYADAN GETDİYİDİR


Məbudinə ərz qıldı razin,

Bildirdi könüldəki niyazin:

- "Key hakimi-ərseyi-qiyamət!

Sultani-səriri-istidamət!

Nomidilik atəşinə yandım,

Billah, bu vücuddən usandım!

Çün dust yanında naqəbuləm,

Billah, bu həyatdan məluləm!

Mən şəmi-şəbi-fəraqi-yarəm,

Suzanü siyahruzigarəm.

Yandırdı məni cəfayi-aləm,

Dinlənməzəm, ölməyincə bir dəm.

Derdim ki, vücudum ola baqi,

Şayəd düşə vəsl ittifaqi...

Pərtöv bürcündə afitabım,

Bildim ki, vücud imiş hicabım.

Ya rəb, məni et fənayə mülhəq

Kim, rahi-fəna imiş rəhi-həq".

Pak idi, duası etdi təsir,

Filhal mizaçı oldu təğyir.

Təsiri-həvayi-namünasib,

Tərkibinə qıldı zəf qalib.

Gəldikcə ziyadə oldu dərdi, °

Təblərzə fərağətin gedirdi.

Məhv oldu təb içrə ol pərivəş,

Bir şəm kimi ki, görə atəş.

Əksildi ərəqdə hüsni-tabi,

Bir gül kimi kim, gedər gülabi...

Zəfi-təni ol məqamə yetdi

Kim, bəstər içində cismi itdi.

Bəstərdə tələb qılan nişanin,

Görməzdi vücudi-natəvanin.

Rəf oldu nişaneyi-səlamət,

Mövtinə göründü min əlamət.

Əzm eylədi olmağa müsafir,

Rehlət əsəri çü oldu zahir,

Rəf etdi hicab ehtirazin,

Faş etdi anaya gizli razin:

"Key dərdi-dilim dəvası ana! --

Şəmi-əməlim ziyası ana!

Qəm gizləmək ilə canə yetdim,

Ta mümkün idi təhəmmül etdim.

Hala ki, müqərrər oldu getmək,

Fərz oldu bu sirri zahir etmək,

Olsun sənə, ey zəifə, rövşən

Kim, tiği-həva həlakiyəm mən.

Cismimdə yox özgə dərd tabi,

İlla qəmi-eşq iztirabi.

Mən aşiqi-zarü binəvayəm,

Bir mahliqəyə mübtəlayəm.

Sövdasi ilə yox oldu varım,

Keçdi həvasilə ruzigarım.

Çox arizu eylədim cəmalin,

Bir dəm görə bilmədim visalin.

Hala gedirəm könüldə suzi,

Əldən nə gəlir, bu idi ruzi.

Ancaq deyiləm məni-pərişan,

Ol yar qəmində zarü giryan,

Ol həm məni-zarə mübtəladır,

Sərgəşteyi-vadiyi-bəladır.

Məndəndir onun cünuni əfzun,

Qeys ikən olubdur adı Məcnun.

Daim keçirər ğəmimdə əyyam,

Bir gün ona hasil olmayıb kam.

Risvayi-zəmanə oldu məndən,

Afaqə fəsanə oldu məndən.

Bihudə degil fəqanü ahi,

Yaxmazmı məni onun günahi!?

Mən kim, gedirəm bu xakidandan,

Dərdim bu ki, şərmsarəm ondan,

Ey munisi-ruzigarım ana!

Qəmxarimü ğəmgüsarım ana!

Mən dari-bəqayə əzm edəndə,

Dünyayə vida edib gedəndə, ,

Mənsiz çəkib ahlar, fəğanlar,

Səhralərə düşdüyün zamanlar,

Düşsə yolun ol olan diyarə,

Ərzi-qəmim eylə ol fikarə.

Zinhar ona olanda vasil, ,

Xoş kimsədir, ondan olma qafil!

Damanını tut, rizasın istə,

Mən mücrüm üçün duasın istə.

Ərz eylə ki: - "Ey vəfalı dildar!

Can verdi yolunda Leyliyi-zar.

Eşqində yerinə yetdi lafi,

Dəvasının olmadı xilafi"

Söylə məni-zarü mübtəladən:

"Key eşqdə laf edən vəfadən

Xəlvətgəhi-ünsə məhrəm oldum,

Azadəvü şadü xürrəm oldum.

Sən həm gələ gör, təəllül etmə!

Mən müntəzirəm, təğafül etmə!

Gər sadiq isən bu yolda, sən həm

Səbr eyləmə, eylə tərki-aləm.

Gəl kami-dil ilə olalım yar,

Bir yerdə ki, yoxdur onda əğyar...

Daim olalım bir evdə həmraz

Kim, çıxmaya dışra ondan avaz.

Xoş mənzili-əmnə bulmuşam rah,

Bitəneyi-dustü cövri-bədxah.

Məndən səni eyləmək xəbərdar

Bismallah, əgər iradətin var!"

Çün qıldı vəsiyyətin axir,

Əzmi-səfər etdi ol müsafir.

Yad eylədi yari-mehribanin,

Vəsl arzusı ilə verdi canin.

Kimdir ki, cəhanda fani olmaz,

Dövri-fələkin amanı olmaz!

Dünya yeddi başlı əjdəhadır,

Əndişeyi-ülfəti xətadır.

Hər lütfünədir dəfinə min qəhr,

Hər şəhdinədir qərinə min zəhr.

Dövran üzərindədir zəmanə,

Əlbəttə, gələn gedər, cəhanə...



TƏMAMİYİ-SÜXƏN


Leyli güli-gülşəni-lətafət,

Çün gördü xəzan yelilə afət,

Pamali-xəzan olub bahari,

Əncamə yetişdi ruzigari,

Biçarə anası açdı başın,

Başından aşırdı qanlı yaşın.

Kafurini tökdü zəfəranə,

Suzi-dil ilə gəlib fəğanə.

Çox ağladı, etdi ahü nalə,

Ağlar, kim olursa böylə halə.

Əlqissə, tutub təriqi-matəm,

Ol vaqeəyə yığıldı aləm.

Təzim ilə tutdular əzasın.

Qəbrin düzüb urdular binasın;

Tən oldu müqimi-ərseyi-xak,

Ruh oldu qərini-övci-əflak:

Şövq əhlinə qürb hasil oldu,

Dəryasinə qətrə vasil oldu.



MƏCNUNUN LEYLİ VƏFATINDAN XƏBƏRDAR

OLDUĞUDUR VƏ DUST YADI İLƏ

DÜNYADAN GETDİYİDİR


Möhnət çəmənində gül dərənlər,

Aləmdə yaman xəbər verənlər.

Qəm nüsxəsin eyləyəndə təhrir,

Vermişlər ona bu növ təşhir:

Kim, Zeydi-sitəmrəsideyi-zar,

Ol vaqeədən olub xəbərdar,

Filhal qılıb əziməti-rah,

Məcnuni-həzini etdi agah:

- "Key şiyfteyi-şikəstətale!

Əfsus ki, səyin oldu zaye!

İdbari-tilismin oldu batil,

Bu məşğələdən dəxi və hasil?

Bazar pozuldu, yığ bisatın!

Bu silsilədən kəs irtibatın!

Leyli sənə verdi zindəgani,

Sən ol baqi, ol oldu fani!

Sən sədqəsi olduğun pərivəş,

Sədqə sənə oldu, ey bəlakəş!

Əzmi-rəhi-cənnət etdi ol hur,

Firdovs məqamın etdi məmur"

Məcnun ki, xəbərdən oldu agah,

Suzi-cigərilə çəkdi bir ah

Kim, ğülğüləsin həm ol zamanda.

Cananı eşitdi ol cəhanda...

Az qaldı ki, naləsilə dildar,

Ol xabi-əcəldən ola bidar.

Bir ləhzə bülənd olub xüruşi,

Düşdü yerə, getdi əqlü huşi.

Çün gəldi özünə, qıldı nalə,

Yağdırdı xəzani üzrə jalə...

Tənə sözün etdi Zeydə bünyad:

- "Key saqiyi-bəzmi-zülmü bidad!

Netdim sənə qəsdi-canım etdin!

Qəsdi-dili-natəvanım etdin!

Qıydın məni-zarü natəvanə,

Urdun sitəm atəşini canə!

Zəhr idi məgər bu verdiyin cam

Kim, mərg pəyamın etdi elam?

Bir murçəyə nədir bu kinə,

Fulada dözərmi abiginə?

Təsiri-sitəmdən ictinab et,

Bari bu günahə bir səvab et!

Eylət məni yar olan diyarə,

Şəm eylə məni məzari-yarə!"

Düşdü yola, oldu Zeydə həmrah,

Bir hal ilə kim, nəuzübillah...

Çün gördü məzari-gülüzarın,

Düşdü vü qucaqladı məzarın.

Köksünü qılıb ləhəd kimi çak,

Mərqəd kimi saçdı başına xak.

Qəbr üzrə axıtdı qanlı yaşın,

Ləl eylədi yaşı qəbri daşın,

Yer üzün edib sirişki məmlu,

Keçdi yerə ol sirişkdən su,

Oldu düri-əşki-biqərarı,

Qəbr içrə nigarının nisarı.

Göz yaşını eylədi müxatəb:

- "Key tirə şəbi-fəraqə kövkəb!

Çıxmaq sənə oldu indi vacib

Kim, oldu ol afitab qayib!

Bir bürcü məqam tutmuş ol mah

Kim, olmaz ona nəsim həmrah.

Sən durma əgər mürüvvətin var,

Gir toprağa, istə onu zinhar!

Gör qandadır ol düri-yeganə,

Netmiş ona afəti-zəmanə!

Pabus edibən yetir niyazım,

Bildir bu təzərrö ilə razım:

- "Key şəm, nədir bu ictinabın?

Mən bəxti-siyahdən hicabın?

Cami-meyi-qəm tutanda aləm,

Həm sən içdin bu camı, mən həm.

Məst etdi məgər səni bu badə

Kim, bəzmdə durmadın ziyadə?

Bir nadirə şəm idin şəbəfruz,

Düşdü sənə zövqi-eşqdən suz, ,

Bir neçə zaman əgərçi yandın,

Suzi-dilə dözmədin, usandın.

Bidarlığa gətirmədin tab,

Şəhla gözün oldu mayili-xab. ,

Həmrahım idin bu yolda, ey mah!

Həmrahı qoyub gedərmi həmrah?

Əflakə təfaxür eylə, ey xak!

Kim, oldu rəfiqin ol düri-pak!

Zülfünə müariz olma, ey mar!

Kim, onda müqimdir dili-zar!

Xalına təərrüz etmə, ey mur

Kim, bağlıdır onda cani-məhcur!

Ey ömr, gəl indi başə sən həm

Kim, çeşminə tirə oldu aləm!

Aləm xoş idi ki, var idi yar,

Çün yar yox, olmasın nə kim var.

Ey can, təni-xəstəni vida et,

Bu xəstə ilə yetər niza et!

Müştaqinəm, ey əcəl, kərəm qıl!

Dəfi-ələm ilə rəfi-qəm qıl!

Qurtar məni iztirabi-qəmdən!

Ver müjdə, vücudimə ədəmdən!

Ayinəmi eylə jəngdən pak,

Qıl pərdeyi-etibarımı çak!

Rəf et, nə isə aradə hayil,

Eylə məni ol nigarə vasil!

Təklifi-visal edər mənə yar,

Bir xəlvətə kim, yoxdur əğyar.

Mən getməmək eyləsəm xətadır,

Səndən mənə bir mədəd rəvadır.

Billah, mədədimdə qılma ehmal

Kim, bəxtimə üz veribdir iqbal!

Ya rəb, mənə cismü-can gərəkməz,

Cananımsız cəhan gərəkməz!

Minbəd zəlilü xar qılma,

Sərgəşteyi-ruzigar qılma!"

Əfğanda ikən gedib qərari,

Oldu bu qəzəl dilində cari:



QƏZƏL


Yandı canım hicr ilə vəsli-rüxi-yar istərəm.

Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.


Bülbüli-zarəm, deyil bihudə əfğan etdiyim,

Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.


Dəhri-bazarında kasiddir mətai-himmətim,

Bu mətai satmağa bir özgə bazar istərəm.


Fani olmaq istərəm, yəni bəlayi-dəhrdən,

Rahəti-cismi-zəifü cani-əfkar istərəm.


Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,

Neyləyim, çoxdur qəmim, dəfinə, qəmxar istərəm.


Çün bəqa bəzmindədir dildar, mən həm durmazam,

Bu fəna deyrində, bəzmi-vəsli-dildar istərəm.


Ey Füzuli, istəməz kimsə rizasilə fəna,

Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm.



TƏMAMİYİ-SÜXƏN


Çün razi-dərunin etdi təqrir,

Rəyinə müvafiq oldu təqdir,

İmdad qılıb inayəti-həq,

Qıldı onu məqsədinə mülhəq,

Gül dərdi hədiqeyi-əməldən,

Mey içdi sürahiyi-əcəldən.

Qəbrini qucaqladı nigarın,

Can sədqəsi etdi ol məzarın,

- "Leyli" - dedi verdi cani-şirin,

Ol aşiqi-biqərarü miskin.

İnsaf, həmin ola məhəbbət,

Bu dairədir məqami-heyrət,

Guya ki, əlində idi canı,

Daim gözədirdi ol zəmanı,

Çün dövr ilə yetdi ol zəmanə,

Ondan bir icazət oldu canə.

Hər necə ki, var idi nigari,

Aləmdə idi onun qərari,

Çün qıldı nigari tərki-aləm,

Bu aləmi tərk qıldı ol həm.

Çün gördü bu halı Zeydi-qəmnak,

Əfğan qılıb etdi yaxasın çak,

Fəryad ilə qıldı növhə bünyad,

Övci-fələkə yetirdi fəryad.

Zar ağladı öylə kim, həm ol dəm,

Ahı oduna yığıldı aləm.

El cəm olub etdilər nəzarə,

Məcnuni-siyah ruzigarə,

Qəbr üstünə gördülər yıxılmış,

Cananəyə can nisar qılmış,

Əhvalına ağlayıb sərasər,

Dəfn etməyin etdilər müqərrər.

Qüsl eyləyibən təni-nizarın,

Dildarının açdılar məzarın.

Qoydular onu həm ol məzarə,

Qəmnak yetişdi ğəmgüsarə,

Ruh oldu fələkdə ruhə həmraz,

Tən oldu tən ilə yerdə dəmsaz.

Rəf oldu təəllüqati-hayil,

Mətlubuna talib oldu vasil.

Bir bəzm iki şahə məhfil oldu.

Bir bürc iki mahə mənzil oldu.

Qəbr üstünə qoydular nişanə.

Faş oldu bu macəra cəhanə.

Tövfündə qılıb murad hasil,

Ol qəbrə xəlayiq oldu mayil.

Keçdikcə zaman mükərrəm oldu,

Hacətgəhi-əhli-aləm oldu.

Budur əsəri-məhəbbəti pak,

Xoş mərtəbədir bu, qılsan idrak.



BU, ZEYDİN LEYLİ İLƏ MƏCNUNU

RÖYASINDA GÖRDÜYÜDÜR


Ol munisü müşfiqü müvafiq,

Asari-sədaqət etdi zahir.

Təmir üçün etdi çox ətalər,

Tədric ilə qıldı çox binalər.

Peyvəstə hərarəti-ciyərdən,

Qəndili-məzarın etdi rövşən.

Carub ilə ab olanda mətlub,

Müjgan ilə əşki abü carub.

Hər ləhzə qılırdı tazə matəm,

Qılmazdı fəğanü naləsin kəm.

Ol məşhədə Zeyd olub mücavir,

Bir gecə qəribi-sübhi-sadiq,

Bimar tənində qalmayıb tab,

Qılmışdı məzarə yastanıb xab;

Xab içrə göründü ol nizarə,

Bir bağidə iki mahiparə;

Rüxsarələrində zövqdən nur,

Bimi-qəmü dərdü qüssədən dur.

Xoşvəqtü nişatməndü dilşad,

Əğyar təərrüzündən azad.

Hər məhvəşə min firiştəsurət,

İxlas ilə olmuş əhli-xidmət.

Sordu ki: - "Bular nə mahlərdir?

Nə rütbəli padşahlərdir?

Bu rövzə nə rövzeyi-bərindir,

Bu qövm nə qövmi-nazənindir?"

- Budur, - dedilər, - riyazi-rizvan,

Bu qəvmi-xücəstə-hurü qilman.

Bu iki məhi-xücəstərüxsar

Məcnun ilə Leyliyi-vəfadar.

Çün vadiyi-eşqə girdilər pak,

Ol paklik ilə oldular xak,

Mənzilləri oldu baği-rizvan,

Çakərləri oldu hurü qilman.

Çün bunda riza verib qəzayə,

Səbr eylədilər qəmü bəlayə,

Getdikdə cahani-bivəfadən,

Qurtuldular ol qəmü bəladən.

Çün Zeyd yuxudan oldu bidar,

Bu nüktəyi etdi xəlqə izhar,

Xəlqin olub etiqadı əfzun,

Ol qəbrə ziyarət oldu qanun.



TƏMAMİYİ-SÜXƏN


Saqi mütəğəyyir oldu halım,

Söyləşməyə qalmadı məcalım!

Minbəd ziyadə vermə badə,

Rəhm eylə ki, sərxoşam ziyadə!

Xoş qəflət ilə keçirdim əyyam,

Bilmən ki, nolur işim sərəncam?

Sərmaeyi-ömr getdi əldən,

Sud etmədim etdiyim əməldən.

Fəryad bu cövrdən ki, gərdun

Əhvalimi eylədi digərgun.

Dün dideyi-tər qılıb gühərbar,

Gərdunə dedim ki: "Ey cəfakar!

Hərgiz rəvişindən olmadım şad,

Dami-ğəmü mehnətindən azad,

Əhbabə nəqiz dövr edərsən,

Ərbabi-kəmalə cövr edərsən.

Məcnun, əgər olsa idi cahil,

Olmazdın itaətində kahil,

Fərmanına inqiyad edərdin,

Könlünü müdam şad edərdin,

Əhli-hünər olduğu səbəbdən,

Sahibnəzər olduğu səbəbdən,

Əqranı içində xar qıldın,

Biizzətü etibar qıldın.

Leyli, gər olaydı bir həyasız,

Ya, sən kimi mehrsiz, vəfasız

Olmazdı ona həmişə cövrün,

Kamınca müdam olurdu dövrün.

Fəzl əhlinə mayil olduğundan,

Daim qəm əlində zar qıldın,

Aşüfteyi-ruzigar qıldın.

Mən həm, gər olaydım əhli-təzvir,

Etməzdin ianətimdə təqsir.

Səndən qərəzim olub sərəncam,

Dövründə mənə olurdu aram.

Çün əhli-vüqarü nəngü arəm,

Cövrünlə həmişə xarü zarəm.

Bu üzdən imiş sənin mədarın

Var, indi ki, yoxdur etibarın!"

Gərdun eşidib mənim itabım,

Verdi bu əda ilə cəvabım:

- "Key surəti-haldən xəbərsiz!

Hər hikmətə eyb edən hünərsiz!

Mən əmrə müvafiq eylərəm dövr,

Hikmətdə vəfadır etdiyim cövr.

Əmma, sən edən əməl xətadır

Kim, piri-təriqətin həvadır.

Şairliyə iftixar edibsən,

Kizbi özünə şüar edibsən.

Məcnun dediyin vücudi-kamil,

Hər danişə məndən oldu qabil,

Divanə ona, səy eylədin ad,

Səndən, ona yetdi zülmü bidad!

Leyli dediyin məhi-təmami,

Mən pərdədə saxladım girami,

Risvayi-xəlayiq eylədin sən,

Min tənəyə layiq eylədin sən.

Gəh İbni Səlamə zülmü ilhaq

Gəh Novfələ qədri qıldın itlaq.

Şərm et, bu nə hərzədir, nə möhməl?

Nə İbni Səlamü qanğı Novfəl?

Şərh eyləmək istədin fəsanə,

Qıldın sözə onları bəhanə,

Gördü çürümüş sümüklər azar,

Töhmətlərinə olub giriftar,

Əmvat məzaliminə girdin,

Asudələrə əzab verdin.

Cürmünə olanda xəlq mülzəm,

Lazım sorulur bu iftira həm,

Olmazmı bu baisi-əzabın?

Bu məsələdə nədir cəvabın?



CƏVABİ-MƏSƏLƏ


Ey tutiyi-bustani-göftar,

Sərrafi-süxən, Füzuliyi-zar!

Aldanma, əgər sipehri-laib,

Tən ilə sənə dedisə kazib,

Əşarə yaman deyib usanma,

Sərmayeyi-nəzmi səhl sanma!

Sözdür gühəri-xəzaneyi-dil,

İzhari-sifati-zatə qabil!

Can sözdür əgər bilirsə insan,

Sözdür ki, deyərlər, özgədir can.

Billah, bu yamanmıdır ki, hala,

Əmvatə söz ilə verdin əhya?

Məcnun ilə Leyliyi qılıb yad,

Ərvahlarını eylədin şad?



BU, BƏYANİ-ÜZRİ-TƏLİFİ-KİTABDIR

VƏ TARİXİ-ZƏMANİ-FƏTHİ-BABDIR


Ey kilki-rəvəndə, barəkəllah!

Oldun məni-rəhnəvərdə həmrah.

Min səy ilə hacətim bitirdin,

Bir mənzilə aqibət yetirdin.

Rəhmət sənə kim, sən etdin imdad,

Bu əski binayi etdin abad,

Əşk ilə biruni sim-əndud.

Ah ilə dəruni ənbəralud,

Məxzənləri gənci-gövhəri-dərd,

Rövzənləri mənfəzi-dəmi-sərd.

Əlqissə, mürəttəb oldu bir bağ,

Hər laləsi bağrı üzrə yüz dağ,

Xuni-cigər abi-cuyibari,

Növki-mujə əbri-növbəhari.

Ol dəm ki, bu nüsxə oldu mərqum,

"Leyli-Məcnun" adıyla movsum,

İzharə gəlib rümuzi-vəhdət,

Vəhdətdə təmam olub hekayət,

Tarixinə düşdülər müvafiq,

Bir olmaq ilə ol iki aşiq.



BU, ƏRBABİ-VƏFADƏN

TƏVƏQQÖİ-QƏBULİ-MƏZİRƏTDİR

VƏ ƏSHABİ-ZƏKADƏN TƏMƏNNAYİ-DUAYİ

MƏĞFİRƏTDİR


İnsaf ver, ey həsud, insaf!

Tən etmə ki, cövhərin deyil saf!

Əhvalımı gör xərabü müztər,

Ənduhi-zəmanədən mükəddər.

Söz dairəsi deyil bu əhval,

İnsaf mənə kim, olmazam lal,

Məndən təmə etmə fikri-saib,

Əhvalımadır sözüm münasib.

Azdır demə cövhəri-səfasın,

Bir sor ki: Nə verdilər bəhasın?

Billah, gər olaydı bir xiridar,

Min gənci-nihan qılardım izhar.


Filcümlə bu həm ki, oldu məstur,

Bir şövq ilə zövqdən deyil dur.

Eybi hünər ixtiyar qılma!

Şerim həsədin şüar qılma!

Bihudə, yetər, təərrüz eylə,

Gər qadir isən, cəvab söylə!

Tərk eylə, təərrüzü inadi

Kim, vadiyi-cəhldir bu vadi!

Dəm xeyr sözündən ur dəmadəm,

Vər xeyr deməzsən - əbsəm, əbsəm!

 
 
Hosted by uCoz