Məqsəd NUR
Arxaş
Copyright
- Məqsəd NUR, 1999
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
Vicdan barədə... Mənim vicdanım yoxdu, mənim sinirlərim var.
Akutaqava
...barəsində danışırsansa, demək narahatsan...
Tehran Əlişanoğlu
Hamısı gəlmişdi. Bir sürü narıncı “Renault” taksi burun-buruna əylədi. Toz qalxdı, taksilərdən qabağa qaçdı. Axşamayaxın havada bəyazlıq vardı: nə isti, nə soyuğudu. Əsl mən istədiyim hava belə olur.
Hamısı da üst-başına maya qoyub gəlmişdi. Saçlarını düzəltdirib parıldatmışdılar, üzləri həmişəki kimi tüklü deyildi. Elə birinci adam ayağını taksidən çölə qoyanda paltosunun ətəyindən gördüm: talkuçka malı geymişdi. O
birilər də eynən. Bu nə göstərmeydi? Mən onları bura - qu gölümün qırağındakı arxaşıma çağırmamışdım...
Bir az qıraqda qoyunlarım otlayırdı. Çəmənliyə buraxdırmışdım. Qoyunlarım təkcə çiçəkli otları yeyirdilər. Arxaşa qayıtmaq istəmirdilər. Qu gölümün qırağındakı çiçək-çəmənliyi gövşələyib qurtardıqca sonu görünməyən biçənəyimin dərinliyinə girirdilər. Bir-iki gecədən sonra təzədən gölün qırağında boy verən otlağı qırtmağa dönürdülər. Ağzıoyana mənim ucsuz-bucaqsız çiçəkli biçənəyim otluqdan çürüyüb gedirdi...
Özüm peyinnəmiş arxaşda qalırdım, açıq havada. Arxaşın yuxarı başında qurduğum apaçıq örtüklü alaçığıma işrətlə məşğul olanda, bir də yağışlı günlərdə girirdim. Arxasıüstdə, üzü göyə uzanırdım. Üstümdəkinin ətirli çiynini ovcumun içiynən, barmaqlarımın ucuynan tumarlayıb yuxarılara zillənirdim. Bir dəfə onun sinəsini əmirdim, dayanıb çiyninin üstündən göyə baxdım: biləndə ki bu təkcə qadın deyil, bu, təyyarə yollarından o
yana bir qanaddı və mən hər dəfə onun içindən keçib səmaya baxıram, sonsuzluğa uçuram, o zaman əriyib gedirəm, sönürəm, ruh oluram, boşluqlarda əl-qol atıram. O da bunu duyan kimi sözsüz-filansız bədənimi, sifətimin cizgilərini dırnaqsız, nap-nazik barmaqlarının ucuynan xəfifcə cizgiləməyə başlayır. Canında nə varsa mənə ötürür, mənə qarışdırır: həmin anda nə mən oluram, nə də o...
Axırda soruşur:
- Bilirsənmi ağıllı əllər nətər olur?
Mən susuram. Öz əlimə və onun əllərinə baxıram...
* * *
Arxaşım çəpəki dururdu - üzü cənub-şərqə tərəf. Uzaqda aeroport vardı, açıq səma nə vaxt baxsan ağ xətlərlə kəsilirdi. Əvvəl ağ xətlər düpbədüz, iti bıçaq kimi göyü dəlib keçirdi, az sonra qıdığlanan adam təki əriyib gedirdi.
Təyyarə izlərinin gəldiyi göyün küncünə baxırdım. Səmaya bu cür baxmaqdan qabaq dalı-dalı yeriyirdim: lap axırıncı “divara” - arxaşın küncünə dirənirdim. Elə bilirdim hündür binanın dibinə söykənib durmuşam, ta o yanası yoxdu. Burdan göyün uzaq küncünə baxıram. Mənə elə gəlir ki, sarınmağa başlanan yumağın içindəyəm. Yumaq da hər dəfə diyirlənib açılır, sökülür, yumanmaq istəyən ip-sapı kol-kosa vurur, tifdikləyir. Beləcə bir yumaq var və o yumağın sarınmaq istəyi var,
amma nə ip sarınır, nə yumaq yumanır. Baxdığım künc bir az üzüaşağıdı. Mənim qu gölüm də arxaşdan üzüaşağıda dururdu, bax orda. Mən yumağımın tam kəsiyini görə bilirdim. Bu kəsiyi görmək hər nəyi desən görmək qədər mənə bəsiydi...
Külək hardan gəlsə, arxaşa çatar-çatmaz elə yönlənirdi ki,
burdan həmişə sərin meh keçirdi. Hardan gəlsə, biçənəyimin o
yanındakı çiçəklərindən ətir gətirirdi.
* * *
Çəpərli arxaşın içində oturmuşduq. Enli və böyük stol açılmışdı, (bu stol gecəli-gündüzlü açıq və üstü tər-təzə, dolu durmalıydı) şəkərbura, paxlava, üzüm... üzüm sallanıb tökülürdü stoldan. Mən süfrənin başında. O arxamda ayaqüstdə, əllərini boynuma salıb. Başımın dalını onun göbəyinə dayamışam. Başımın dalıynan göbəyini tumarlayıram: çəpərin ətəyində - o üzündə ördəklər, qazlar və qu quşları üzürdü, qurbağalar quruldayırdı... Salxım söyüdün bir qanadı hörmə çəpərin başından bizim oturduğumuz arxaşa tərəf sallanmışdı...
Mən bu gələnləri çoxdan başımnan atmışdım. Əvvəl bir az qurdalandım. Biləndə ki onları lap çoxdan unutmuşam və bunun üstünə də arxadan mənə sarılanın boynumda gəzən isti nəfəsini duyanda bayaqkı məmnun halıma qayıtdım. Heç yerimnən də qımzanmadım.
- Bu mənim qonaqlarım deyil, qu gölünün qonaqlarıdı, - deyib ona döndüm.
“Ən azınnan çağırılmamış qonaqlardı. Belə qonaqların qarşısında öhdəçilik-zad olmur. Buyursunlar, stol açıqdı”, - fikirləşdim. Canımın rahatlığına qayıtdım.
* * *
Arxaşın yolu çiçəkli biçənəyin içindən keçib gəlir. Girəcəkdə iri bir tozxana var. Bura heç vaxt heç kim gəlmədiyindən toz qalxmır. Mənim sevimli “CNEVRIOLET”im də tozlanmır. Arxayınçılıqdan mən onu arxaş qırağında - tozluğun yanındakı hündürlükdə saxlıyıram: ordan o
həm məni, həm arxaşı, həm aşırımın o
üzündəki çəmənliyin içi boyunca uzanıb gedən, ortalığını ot basmış və heç vaxt tozlanmayan sonsuz yolu görür...
Toz aləmi bürümüşdü. Mühafizəm bu qədər taksidən və bu qədər qadınlı-kişili adam sürüsünün arxaşın girəcəyinə gəlməyinnən başını itirmişdi. Gələnlərin arxaşın içinə tərəf yeriməyi tələbə nümayişinə oxşuyurdu. Aralarında 25 yaşdan yuxarısı olmazdı... Bu malikanəyə sahibləndiyim gündən mühafizəmə heç bir halda mənim işimə qarışmamağı və varlıqlarıynan gözümə görünməməyi tapşırmışdım. Yer üzündə belə adamların olduğunu bilməməliydim. Amma qonaqlar nətərsə mühafizəni də keçib gəlmişdilər. Mühafizənin qırımınnan belə qandım ki,
onlar özlərini çağrılmış qonaq kimi qələmə veriblər. Bəlkə də mühafizəni nəyəsə inandırmışdılar? Axı mən tapşırmışdım ki,
heç vaxt və bir də heç vaxt mənim yanıma heç kəs gəlməyəcək və mən çəpərdən içəri keçməyə yalnız çiçəkli biçənəkdə otlayan qoyunlara icazə verirəm... Çağrılmamış qonaqlar bura çatıncaya qədər əcnəbi ölkə səfirliklərinin icarəyə götürdüyü qoruq torpaqlardan da keçib gəlmişdilər. Bəs həmin mühafizə niyə gələnlərin qabağını kəsməmişdi?! Çoxlu alt və üst paltarları tikib buralara göndərən ölkənin sahəsi mənim yolumun üstündeydi, orda da mühafizə xidməti olmalıydı. Mən oralarda bordaqlanan xüsusi bölgə polisinə hər ay filan qədər pul verdirirdim. Həmin ölkə səfirləriynən il olar, görüşmürəm, aramız dəyib: mən alt və üst paltarları tikən fabrik gətirdiyim vaxtdan burunları sallanıb.
Mühafizə dəstəm qorxa-qorxa yalın tininə qədər gəldi. Tezcə haralarasa çəkilib qeyb oldu. Bəlkə də mənim sakit görkəmim onları arxayın saldı. Mən onlara demişdim, siz məni yox,
malikanəni və qoyunları qoruyacaqsız, yanıma heç kəs gələ bilməz. Bəlkə onlar bu “bilməz” sözünün mənasını düz qanmıyıblar, bəlkə gələnlər xoş məramlı olduqlarını sübut ediblər. Ya sadəcə mühafizəni satın alıblar? Hər halda təpəyə gələn mühafizəçilər mənim sakitliyimi sezib qoyunlara göz qoydular. Yəqin onlar qoyunların təhlükəsizliyini ümdə vəzifə hesab edirlər və yəqin otların arasında gizləniblər, gələnlərin hərəkətlərinə göz qoyurlar...
Qapıda dayandılar. İşarəmi gözlədilər. Gələnlərdən birinin yanındakını xatırladım. Mən onunla karvansarada ta nə oyundan çıxmamışdım. O,
bu barədə heç vaxt nə mənə, nə yanındakına, nə də heç kəsə bir kəlmə deməz. Bunu ikimizdən və karvansaradakı ofisiantdan savayı heç kim bilmir. O da elə həmin gecə unudub bizi. Gedib desək də, bizi tanımaz, hirslənər, qovar bəlkə də. Sirr belə şeydi, hər gün nə qədər sirr qəbrə gedir. O vaxt mən özüm vicdansızın biriydim, mən ona özümü güclü birisi kimi göstərmişdim. Biz onunla nənəmnən qopardığım xurcunu İçərişəhərdə xaricilərə satdıq və karvansaradakı restorana getdik. Onu utancaq bilirdim, amma hücrə qapısı bağlanan kimi şampana, almaya və meyvələrə həş gəldi... İçib açarını itirdi. Yeyib-doyandan sonra çox da sığına bilmirdi mənə, elə bilirdim utanır... Mən də ona cumdum, mütəkkələrin üstündə ağnaşdıq... Küçədə minlərcə eləsi tökülüb qalmışdı, mən onlardan ən yaxşısını puluma minnət seçə bilərdim... Sifilisdən qorxurdum, həm də bunun canında nəsə boş və ümidsiz bir yer axtarırdım. Məni üzən əvvəlcədən axtardığım nöqtənin boşluğa və heçliyə dayandığını bilməyimiydi. Heç nə mənə çatmırdı. Öz canımı qoruyurdum. Sabahlara qoruyurdum və qoruğu elə saxlamaq istəyirdim ki,
qu gölünün qırağında tənha həyat sürürkən hər yerim sağlam və unutqan olsun. Bunu mənə ağlım və ürəyim demirdi, ruhum da demirdi, nəsə bir başqa şey vardı. Düzü, o vaxtlar nəyin dibini qoydumsa, çürüntüyə məhkumuydu. Bir az mənim görməmişliyim, bir az mənə rast gələnlərin həyat uğrunda mübarizələri... mən onların divarlara dirənməsini, başlarına çatı salınıb tərəfimdən hərlədilməsini istəmirdim. Amma hər gün çox böyük həvəslə bu işə baş qoşurdum, ona görə də onlardan getdim...
İndi mən öz ömrümü yaşayırdım, arxamda duran mənə bəsiydi. Eləbil bütün ömrümü bu arxaşımçün yaşamışdım. İndi də onun hesabına qalırdım, güclüydüm. Onun qolları çiyinlərimdə olmaseydi mən gələnləri beləcə asanlıqla qarşılamazdım. O
da bunu bilirdi. O
mənim bütün günahlarımı bilirdi. Deməzdim mən tək onunçün yaşamışdım: adicə bir vəhşi kimi heç nəyə məhəl qoymadan döyüşmüşdüm, cəngəlliyin bütün qaydalarını hamıdan qabaq duymuşdum, mən əxlaqlı heyvan olmuşdum... O bunu da bilirdi. Hər gün min tərəfdən ona həyat tarixçəmi danışırdım və bundan o yana mən əl-ayağımı uzadıb ölə bilərdim. İndi mənə çatmayan təkcə oydu, arxamdakıydı...
* * *
Gələnlərin yanındakı gəzəyənlər də iddiasız-filansız görünürdülər. Nəyə gəlmişdilər? Üzr istəməyə, ya hesab çəkməyə? Qabaqda yeriyənlərdən biri məndən şillə yemişdi, o vaxt qızarmışdı, amma demişdi böyüyümsən. Onu vuranda bilirdim ki,
istəsə məni iki bölər. Eləmədiyinə görə onu sevdim, indi də bircə ondan incik deyiləm. İndi də heç nə demədi. Mənə baş qoşmurdu, elə bil qəsdən məni saymadığını göstərirdi. Yanında qız gətirməmişdi, geyimindən görünürdü ki,
onu qız geyindirib. Həm də o ən bahalı geyinəniydi. Onu şillələyəndə saçları tər iyi verirdi, yadımdadı!
Karvansaradakının indiki oynaşı kəsik barmağıynan alma doğrayırdı. Kəsikbarmaq kəndçi balasıydı. Əvvəllər telini hind filmlərindəki kimi darayırdı, sonra yanındakına qurşandı və başını keçəl qırxdı. Mən çoxdan onun xəracından əlimi üzmüşdüm və qanadımı onun üstündən götürmüşdüm. Həmin gündən də o adam oldu. Burda baş verənlərin hamısını o idarə edirdi. O, elə ayaqüstü başladı danışmağa ki, bura gətirdiyi bir sürü adamı (məndən fərqli olaraq) basqısız-filansız, pul çıxartmağın yollarına yönəldirdi və üçüncü ölkələrin alt və üst paltarlarını bazara dürtmək hesabına bir sürü adamı yedizdirirdi. Yolüstü çoxlu alt və üst paltarları tikib buralara göndərən ölkənin səfirinə dəyib (orda da mühafizə xidməti olmalıydı!) və oralarda bordaqladığım xüsusi bölgə polisinə filan qədər pul verib, deyib ki, məni ziyarətə gəlir...
Mənim istədiyim keyfiyyətsiz də olsa, yerli məhsul əldə etməyidi, bununku uzaqlardan gələn məhsulu ucuzuna satmaqdı. Burda biz ayrılırdıq...
* * *
İçdilər, yedilər, stolun üstünü şumladılar. Dinmədim. Heç eləbil mən burda yoxuydum... Banan qabıqlarını, üzüm cecəsini qu gölünə tolamazladılar, yer-yurdu buladılar... Biri gedib çəpərin bəri üzündən o üzünə - qu gölünə siydi. Barmağıkəsik siyəni xalaxətrinqalmasın qınadı, taksilərə tərəf ötürdü. Gəldi qoluma girdi. Qırağa apardı, “CNEVREOLET”in yanındakı dikdirə qədər qalxdıq. Durduq. Soruşdu:
- Başqa neynirsən?
- Sağol, varam. Sən nətər?
- Çarpışırıq.
- Yanındakıların hamısı cındırdı.
- ... sənnən qalmadı də... cındırı da sənindi, qaymağı da...
* * *
Barmağıkəsiklə “CNEVRIOLET”imin yanına qalxdım: gözüm dolusu uzaqlara baxdım. Mənim torpaqlarım qurtaran yerdə, bir xətt boyunca üstü keromzit örtüklü, çay qırağına düzlənmiş səfarət katecləri görünürdü. Hər kəsin kateci özünə uyğun olsa da üstü mütləq keromzitliydi, qapalıydı. Arxaşıma yiyələnəndən bəri birinci kərə dikdirə qalxırdım. Mənə elə gəldi ki,
bu binaların içində gəzişən adamlar soxulcan kimi soyuq və məğlubedilməzdi. Amma onlar bir gün torpaqlarıma tərəf yeriyəcəkdilər və gözlədiyim bu yürüş mənimçün əyləncə qədər maraqlıydı. Mən barmağı kəsiyi ərklə qucaqlamaq, bəlkə də ona bir para məsləhətlər vermək istədim. Susdum. Gedəndə dedi ki, indi də tütünə girişib. Bir vaxtlar mən də eyni həvəslə ölkəni qaloşa, hənaya, xurmaya tutuzdurmuşdum. Amma heç kəs mənim sifətimi də görmürdü, gətirdiklərimi də satılıb qurtaran kimi gözləmədiyim bir qanacaqla köhnəltdilər, cındırını çıxartdılar, unutdular. O vaxt elə bilirdim pul qazanmaqdan savayı, həm də böyük bir iş görürəm: ölkəni geyindirir, yedizdirirəm... Mənim alıcılarımdan bircə nəfəri də gəlib məndən heç zad tələb etmədi. Hətta indi küçəyə düşüb onlara gülsəm, desəm ki ay külbaşlar bir vaxt mən sizə qaloş geyindirib xurma yedizdirmişəm, desəm ki,
həmin oğlan mənəm, ötüb gedərlər... Keflənirdim. Kəsikbarmaq qoluma girmişdi: geri qayıtdıq, limon yedim və yerimə oturdum.
* * *
Nə kəlmə kəsdilər, nə hesab sordular. Nə mənə baxdılar. Eləbil işgüzar görüşdən sonrakı banketiydi və banketin kimin hesabına qurulduğu heç kəsi maraqlandırmırdı. Mən də banketin sıravi iştirakçısı kimi öz qadınımla əylənirdim, qalanlar da elə - öz işlərindeydi...
Barmağıkəsik bir alma da soydu. Dilimlədi. Soyduğu dilimləri qumar kartı paylanan təki yanındakıların qabağına fırıldatdı, birini saxladı. Ovcunda tutdu. Dilimi kəsik barmağıynan baş barmağının arasına sürüşdürdü və üzümə baxmadan, elə belə, saymazyana qabağıma tolamazladı. Alma dilimi diyirlənib külqabıma düşdü. Dönüb yanındakıynan mazaq vurdu...
...kürəyimin arxasındakı məni qucaqladı, çiyinlərimdən yüngülcə aşağı basdı...
Eyni vaxtda hamısının əl telefonları işə düşdü. Hərəsi bir küncə çəkilib danışırdı. Durub dağılışdılar. Sağollaşıb-eləməmiş çıxacağa yeridilər. Taksilər bir qırpımda arxaşın qapısına yığışdı: hərə özününkünə yaxın dürtülmək istəyirdi. Toz qalxdı. “CNEVREOLET”im görünməz oldu. Taksilər burunlarını döndərdilər, dallarını bizə çevirdilər. Tozladılar və çəyirtkə kimi özlərini atdandıra-atdandıra yalı aşıb itdilər. Toz çəkildi. “CNEVREOLET”im dəyirmandan çıxan arpaçı kimiydi: tozlu, küskün və yorğunca mənə baxırdı... Mən ona gülürdüm: indi o,
min kişinin altında yatıb-gələn qadına bənziyirdi...
Arxamdakı boynuma sarıldı. Bədənimi öpdü. Qucağımda oturdu. Gözlərimə baxdı. Şampan süzdü. Mən əlimi onun, o da mənim yanağıma uzatdı...
fevral 1999