Məqsəd NUR
Blüz
Copyright
- Məqsəd NUR, 2000
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
Gilənar. Divar.
Biz iki “Jeep”də gəldik, onlar da iki “Toyoto”da. Məhəlləyə çatmamış gilənar sırası başladı. Üstü cılxa qara gilənar. Küçənin ortasınca düzüllənib. Yolu ikiyə bölür. Ayaqları əhəngli. Əl dəyməmiş. Hələ tamahımız da düşdü. Ayıblandıqmı, nəmi? Həm də tezbazar içəri dürtüldük. Küçə də nə küçə: hasarı damlarına qədər qalxıb üstü suvaq cızıqlarıynan bəzəklənən...
***
Darvazadan sola balıqlar üzən üçmü, ya dörd çərhöüz. İçində xallı balıqlar. Ən zəhləm gedən balıqların adını sadalamaqdı. Bir də görürsən, restoranda balığı yeyə-yeyə başlayırlar adını, sortunu sadalamağa. İstədim stressi atmaq üçün prikola keçim, soruşum bu xallıların adını. Biri gözümün qaçarağında tutdu: qayıtdı ki, qızıl balıqdı, o
biri dedi fareldi. O
biri də qayıtdı ki, farel çay balığıdı...
- Balığın elə hamısı bir zibildi. - Mən dedim.
***
Ev,
iridi. Tavanına qədər dörd metr, iyirmi santı. Bizi iki daş evin arasındakı şüşəbəndə ötürdülər. Nərd gəldi. Taxtasını açan olmadı. Piyalələrdə yaşıl çay, qoz ləpəsi, mer-meyvə, məzəsi, lələ-güləsi. Ot-ələfi də üstündə: qulluqgöstərən dedi ya özünüz basın, ya istərsəniz, mən. Dedim buxarlan burdan, mən özüm. Qaçdı. Şirniyyat dalınca gedirmiş. Orda da şirniyyat bir qəpiklik! Heç nə sıxmadıq, əlimizi də uzatmadıq: iş başında qızdırmamağa söz var...
***
İşarə gəldi: biz həyətə! İkisi qalıb danışacaq. Bir çərhöüz keçdik, iki çərhöüz, üç çərhöüz, dörd, beş... dalımızca dəmir barmaqlıq danqıldadı. Əlimi qurşağıma atdım və geri dönəndə barmaqlıqları geriyə - taybatay açıb təzim elədilər. İstədim ta getmiyim, dalımca gələnlərimiz işarə verdilər. Qərəz, bir qəfəs, üstü kümbəzə bənzərdi, eni olardı, üç yarımın dördə, hündürü də hasar boyda. İçində balaca bir meymun vardı. Çıxartdılar. İki fəhlə, kəndçimi, dedilər qul bazarından tutublar, çmo günündə, gətirib saldılar, meymun hər ikisinin üstünə atıldı. Hamı güldü. Onlar da yalandan güldülər.
***
- Bu ssukalar məscid tikirdilər. Kərpic ...işdiriblər. Şef yeddi sutka it yalıynan yedizdirir. Günüzü qaranlıq damda, gecəni burda. Aya baxırlar, özləriyçün...
Hamımızın şaqqanağı və meymun atlanıb birinin çiynində oturdu. Məscidin minarəsinə baxdım. Elə hər tərəfdən görünəni oydu. Qəfəs bağlandı və hər iki şef də bizə yaxınlaşıb gülümsədilər. Biz tez qırağa çəkildik, onlar yenə ikilikdə - qəfəsin qırağında durub ayaqüstü danışdılar. Mən yanımdakılara üç həriflik söz demək istədim. Sonra əvəzində balıqlarını söydüm və bütün balıqların fahişə olduğunu dedim. Sonra küçəyə çıxdım və bir gilənarı qol-budağ elədim, bir qolunu da sındırıb “Yeer”in dalındakı təkər yerinin üstünə taxdım. İri bir budaq. Məscidin yanından keçəndə bərk bir siqnal verdim. Gələnbaş minarə-zad görməmişdim. Bəlkə gedəndə də görməzdim. Divarları minarəyə qədər hasar yerineymiş...
Nəsə, biz iki “Jeep”də getdik...
Qoca-2
“...Bəzən bütün ümidlər eyvandaca ölüb-qurtarır. Eyvanı olmayanlar ümidlərini uzaqlardakı fəza boşluqlarında öldürüb-itiriblər. Bəzən, itib-getmək üçün boşluqlar da yaramır. Elə-belə, o boşluqlar, o
görünən boz tutqunluqlar və aydın səmalar adıyla görünən divarlar durmadan ayaq altından itib-gedən körpülərə bənzəyir. Nə yaxşı ki, nə yandırmağa, nə geridə qoyub getməyə körpülər qalmır. Tüpürüm, sizin keçidlər və uçurumlar üzərində qurduğunuz körpülərə... Az qala ölüb-gedən duyğularınızın mənə dəxli yoxdu...”
***
- Çox qəzəbli yazırsınız.
- Niyəki?
- Belə olmur.
- Necə?
- Belə də, belə!
- Yəni necə?
- Məsələni ictimailəşdirmisiniz.
***
“... Metronun birinci stansiyasından qaçıram. Tunel boyu. Arxamca məni qovan qatarın arxasınca da quyular yaranır. Yer əriyib gedir. O
qatar dönməyə tunel tapmayacaq. Onun mənim dalımca qaçmağının əbəsliyini maşinist və distpeçer bilsəydi...”
***
- Tunellər var! Tunellər var...
Çox yazılıb tunellər.
- Sən bu tunellərə və onun maşinistlərinə bax!
Yaxşı və ciddi.
***
“...Sən demə, eyvanda oturub-qalmaq hələ aciz adam olmaq deyilmiş. Hər zaman, hər zaman dirilmək və fövqəladə bir varlıq olmaq mümkündür. Qoca, aciz mən dəri çəkələklər, cındırı çıxmış boz-səmavi köynəkdə, naxışlı həngamalara dayaqlanıb küçəyə baxıram. Mənim eyvanım hava boşluğunda elə dayanıb ki...
Qürurla, şəstlə... Övladlarım yarıyıb. Onlar məni, mən də onları unutmuşuq çıxıb-gedib. Bu mənada hər şey hamı üçün rahatdır...”
***
- Övladların nə dəxli?!
- Elə-belə, övladlar həmişə detaldır. Çoxlu, çoxlu və çoxlu. Oynadıb buraxdığımız oyuncaq. Amma onların mahiyyəti bizim işimizdə çoxdur.
- Nə mənada?
- Onlar yardımçıdı. Zavallı, xəbərsiz yardımçı.
- Siz bu sirri aça bilərsiz?
- Yox.
Qoca-3
...uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir göylərə...
***
- Söz vermişəm, ta onu söyməmək! Arvadın cənazəsinin altında söz verdim. Gədələrim məni dürtmələyib çıxartmaq istədi. Utanmadım...
- Hə, mən görmüşdüm. Siz onu çox sevirdiniz...
- Mən onunçün ölürdüm...
- Hə, mən görürdüm...
- Paltarını, ayağını yuyurdum. Bunacan. Elə də getdi də... Mən onnan yetim qaldım.
- Hə, hə, paltarları da...
- Deyirdi danışma!
- Rəhmətlik özü də...
- Hə, yeddi-səkkiz ildi eşitmirdi də... Deyirdim, bəxtin varmış... Mən danışanda ağzımnan-əlimnən bilirdi. Göz bərəldirdi, ayağımı basırdı...
***
- Şer yazıram. Niyə danışım? İtirməyə bir şeyim var?
- ...hamı elədi...
- ...uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir göylərə! Uçub qalxır yerlərdən... Barmağımın ucuna bax,
ucuna bax. Bax belə, beş barmağımın beşi də, lap on barmağımın onu da yığılır, yığılır, uçub-gedir, uçub-gedir göylərə...
- ???
- hər şey, hər şey...
Saz.
Caz
- Bizi ömrümüz boyu acıdil padşahlar idarə edəcək.
- Neyçün?
- Zəhrimar içib sağ qalmışıq...
Xrom çəkməsinin ucuynan bir çınqıl da qırağa vurub-atdı.
***
Aşıq qaya töküntüsündən sonra çınqıllıqda tək bitən başdaşında oturub danışırdı. Sədəfli sazını dınqıldadır və çınqıllı vadinin üfüqünə baxırdı. Caz barədə soruşdular. Solundakı sıldırımlı qayalığı, sağındıkı kollu təpələri qarşısındakı vadini isnat verdi. Oğlunu çağırtdırdı.
***
Oğul: “ ...bəlkə də torpağın altında gizlənmiş bir səsdi. Səs. Saz köhnə səsdi! Qatı açılıb. Sazı barmağının arasından dünyaya baxan adamlar doğub-atıblar... Babalarımız onu alətə çevirib. Caz isə... hər gün bizimlədi! Meşədə, qoyun dalında, çayda, biçində. Caz təzə səsdi. Biz sazın əlindən qaçıb gizlənirik, çünki saz onu eşitməyə, məhz eşitməyə vadar edir. Saz şah yeməyi kimi bir şeydi. Saz surətpərəst oğlandı. Biz sazın qorxusundan cazı eşidə bilmirik, ona görə də sazdan yoruluruq. Baxın...” Oğul atanın sazından bir-iki dınqıldatdı, ata onu sazın ucuynan vurub başdaşının üstündən aşırdı. Atanın üzünə varmadan, ordan çəkilib cib telefonunun düyməsini basdı...
***
Oğul: “Biz indi vadiyə tərəf gedirik. Siz gedirsiniz, amma mən süzülürəm. Və bütün bunları sizə açıb danışıramsa caza minnətdar olmalısınız...”
- Bəlkə saz barədə...
Oğul: “Saksofon, fortepiano, zərb... hələ caz demək deyil. Saz da hələ caz demək deyil...”
Ata
(arxadan): “Caz şeriyyatın içindədi.”
Oğul: “Caz bütün qarın boşluğunda və bütün əzalardadı.”
Ata:
“Caz havalı başdadı!”
***
Oğul: “Bizi ömrümüz boyu acıdil padşahlar idarə edəcək.”
- Neyçün?
Oğul: “Zəhər içib ölməmişik, ona görə.”
- Zəhərin nə dəxli?
Ata:
“Zəhər dilin altındadı, amma həyatımızın cövhəridi...”
Oğul: “İkinci dəfə yaşamaq belə olur. Zəhərdən sonrakı həyat! Bizim də, padşahlarımızın da əsl həyatı zəhərdən sonrakıdı. Caz,
birdəfəlik bilin, ikinci həyatı sevmir...”
***
Dönüb qolunu atasının boynuna saldı. İksinin də başpapağı əyildi. Qol-boyun oldular. Geri döndülər. Oğul sağ böyrüylə atasına dayaqlanıb sol yanını qaldırdı. Cins şalvarına taxdığı cib telefonunu yerindən çıxarıb şellənə-şellənə, yayxana-yayxana haraynansa, kimiynənsə danışdı. Telefonu Yerinə taxdı. Ata oğluna hər gücüylə dayaq durub gedirdi. Sazını qoltuqlayırdı. Qənfeyi şalvarını çəkirdi. Xrom sapoqlarının içinə girib nazilən çəyirtkəsayaq ayaqlarını dolaşdıra-dolaşdıra ağzıyuxarı dırmanırdı. Qımışmağı da boynunun dalından bilinirdi...
İkimərtəbəli.
Beşmərtəbəli.
Nikolay evlərinin arasından çıxıb işıqfora tərəf yol aldım. Üzülüncəyə qədər paltar iplərinin bir ucundan yapışıb divara asıllı durmuşdum. Belə bir dözümün qarşısında çıxdığım küçədəki bütün işıqforların yaşılı bir köpüyə dəyməzdi...
***
Xaqani küçəsiylə qaçırdım. Hər yerdə yaşıl, yaşıl... Maşın tıxacına çatanda qandım ki, dalımca düşən yoxdu. Kimin mənnən nə işi? Tıxaca lap dirəndim və lap durdum. Mənim də əylənclərim varmış. Varmışsa nəyimə gərək, lənətə gələ bilərsə gəlsin bu əyləncləri və mən də qarşımdakı avtomobilin dal qapotuna atlanım. Sonra bir ayağımı maşının damına çatdırdım. Gərək sürüşməsin, gərək arxa şüşəyə dəyməsin, sındırmasın. Görən olmasın... Maşının damına atlandım. Damda başqa mənzərə var!
Duruxdum. Ətrafda maşın damları və maşın antenaları göz çəkincə uzanıb gedir. Ağaclar çətirində yolun geriyə və qarşıya uzunnaması görünür. Qanqala bənzər işıqforlar durub...
***
Mənim duruxmağa haqqım varmı? Yox,
özümə başqa bir sual verməyə gərək duydum: “Mənim duruxmamağa haqqım varmı?” Mənim qəddimi düz tutmağa və kefim gəlincə qaçmağa yolum və imkanım var.
Burda artıq haqqın var, yoxdu, keçmir. Qabaqda müxtəlif markalı maşınlar: sovet maşınları, rus maşınları, alman, yapon, koreya, fransız maşınları... İşıqforun yaşılına baxmayaraq heç kəs tərpənmir. İşıqforların arasında, altında, hər yerində, boş bir qarış da görünmür: hamısı tıxac və hamı sakitcə durub gözləyir...
***
Antennalara dəyib keçdikcə arabir FM-lərin cır səslərini eşidirdim. Dayandım və bir antennadan yapışıb qulaq verdim. Hardansa, Əzizbəyov tərəfdən gələnlər var.
Yollar bağlı olacaq, bəlkə də bir neçə gün. Hardasa canlı yayım var:
adamlar kameralara, mikrofonlara düzülüblər. Mən Xaqaninin qurtaracağında, sağındakı TV-studiyanı xatırladım. Orda mənim yaxın dostum işləyir. Qaçdım, işıqforun yaşılındakı maşınların da belini adladım, səkilər də doluydu. İndi TV binasının girəcək qapısını axtarırdım, aşağı, yanlara baxırdım. Qapıların birində sivişib içəri girə bildim.
***
Dostum məni tanımadı. O,
canlı yayımın aparıcısıydı. Bəlkə də buna görə, bəlkə də mən onun xətrinə dəydim, işini pozmaq istədim. Heç səsimi də eşitmədi. Nəyimə lazımdı, geri qayıdım, harasa çıxmaq, nəsə demək. Sadəcə, burda - pilləkəndə oturub qalmaq rahatdı. Maşınların damı və sonsuz işıqforların yaşılı daşlıq-qəmbərlik kimi bir yoldu. Ayaqlarımın altı ağrımır, yorulmamışam, əzilməmişəm. Sadəcə ürəyim sıxılır. Damların üstüylə yeriməkdən bezmişəm.
***
Pilləkənlərdə oturdum. Stalin binasının pilləkənində. Bir mühəndis mənə demişdi ki, beşmərtəbəli stalinkaların çoxu ikimərtəbəli nikoloyevskilərin üstündə tikilib, bilirsənmi. Dedim, yox. Dedi bil. Dedim, gürcü köpəyoğlu...
2000