Məqsəd NUR
Rütubət
sevgiləri
Copyright - Məqsəd NUR, 1993
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi ilə
istifadə etmək icazə verilmir.
Kotanın hodaxları,
Qaymaqdı dodaqları.
Macgəl itkin düşübdü,
Dağılıb hodaxları.
(Nənəmin bayatılarından)
Dörd qayanın arasındakı adamlar
Onların günü yoxuydu... Gün
deyəndə, güzəran-zad yox; Günəşin bir qayanın ucundan doğub o biri
qayanın arxasına keçdiyi vaxt yadıma gəlir.
...Bu adamların dördü də Günəşi
doyunca uda bilmirdi. Rütubət
çöküntülü günlər yaşanır və
uzananda da ona görə uzanmağındaydı ki, Tutquçayın Tər-tərə
qovuşduğu yerdə bunlardan savayı iti də bağlasan, burda gecələməzdi. Ən
birincisi ona görə ki, cini-filanı: bu suqovuşan yerdə qayalara sarmanmış palıd, moruq, böyürtkən kolları gecə-gündüz dinməzcə öz sarmanmaqlarında, qayaların sinəsində yatmaqdaydılar və bu
sükut içərisində yalquzaqlığın
tükürpədən səsləri - məsələn, bir sal daşın diyirlənib çayda
şaqqıldaması vardı...
Çaylar axmasaydı, burda
öyrəşməli bir səs olmayacaqdı...
Mamır basmış sıldırımlı, əlçatmaz dörd qayanın arasında o dörd
nəfərdən savayı bir kimsə gecələməzdi və
yad adam elə rütubətdəncə başını
götürüb qaçardı. Bu
dörd adamın hamısı yel xəstəsiydi: sonra bilindi ki, həm də döldən
kəsiliblər. Hamısı, deyirdi, bu qayaların-zadın
rütubətinə görə. Burda
tunel deşilən illərdə onların ərlik-arvadlıq vaxtları yetişmişdi. Getmədilər, almadılar... Bura mehr saldıqlarına görə kim onlara nə
deyəsiydi: dedilər də, qoydular
da, amma dölsüzlük elə bir şeydi ki; gərək istəyəsən...
Beşinci də vardı. Bu adam
onların arasına nəyinsə əlindən... deyəsən, teliqırxıq bir
sevgilisinin əlindən qaçıb gəlmişdi. O,
gündəliyində yazırdı: “...bir daha şoran torpaqlıq kimi qup-quru
otların rənginə bənzər sifətlərə, gözlərə baxmaq istəmirəm, burda lap döldən də kəsilməyə
razıyam;
təki sakitlik, dinclik
olsun. Təki taxtanın səsi
taxta, daşın səsi
daş olsun... Gözlərin qapağı, kipriklərin qırpımı orda gördüyüm
kimi olmasın... Mən, İlahi, yalan gözlərdən yorulmuşam...”
Beşinci adam da bu dörd adamın sevgilərinə
sığınmalıydı. Yoxsa kimiydi ona yer verən: odun verən, od verən? Ət verən. Onun düşüncələri, gündəlikdə yazdıqları və dəyərləri
kimsəni maraqlandırmazdı. Həm
də hələ rütubətə bənzər soyuqca (həm də ləzzətli!) sevgilərə
sığınmaq üçün nələr keçilməliydi?..
Rəngi tuta bilmirdi: yəni nə rəngdədi, bu görünənlərnən duyulanlar ki, onları bir-birindən ayırmaq
imkansızdı. Rütubətin rəngi
mamırdımı, yoxsa nəmli qaya? Sonra bu rəngi tutdu və yalnız bundan sonra
özünü beşinci olmaq yerinə qoydu...
Nədən, qoyun dərisinə bükülüb pavilyon
küncündə yatan Alxaslı oğlanı sevməyəydi? Onun sop-soyuq gözlərinin içinə dik
baxmaq; içini özünəsərf dartıb-çıxarmaq; nələri var, onu bilmək gərəkirdi...
Dölsüzlükdə çətin başa gəlir...
İsti göl günü
Uzunluğunu qollasaydım, iki mən
boydadı.
Hərdənbir söhbətə
başladımı, az qala iki qatlanıb
düz gözlərimin içinə tuşlanırdı. Və elə əyilirdi ki, deyirdin, bu təhərini anasınnan qopanda özüynən
götürüb. Ona yaltaqlıq-filan kim deyə bilərdi - heç
kəs.
Onun bu əyilməkləri hər deyəndə
baş vermirdi ki. Stolun üstünə
kabab gətirəndə də. Boş
damarını tutmaq-zad söhbəti də
boş çıxasıydı. Özü, qadınlar heç, bu rütubət və
kabab qoxulu pavilyona gələn kişilərin
hamısını gictofon bilirdi. Çox
danışdıqlarına görə. Bu barədə
təkcə mənə demişdi, bircə
kərəm...
Üzüboz, ya da mağmun birisi
olsaydı,
yan keçərdin; deyərdin
bu da üstüqanlı kababçılar
sırasındandı. Ağappağ olurdu
xalatı.
“Bıt mojet” duxusunu
hardan tapırdısa, üstündən əskik
olmurdu. Dərə yuxarı kəndlərdə çadır
yayına gələn qızlar ona irnəşirdilər: bir neçəsiynən belini
boşaltmışdı da. Belələrini Günəşə
boyatan sarmaşığa oxşadırdı; amma birisinin də adını adam yanında
tutmazdı...
Dörd qaya arasında külək-zad
olmurdu. Qar dənələri də qayaların qara, dikbədik heykəllərə bənzər cüssəsinə
çathaçatda qorxututub yumaxlanıb axır-tökülür, sığallayır, keçirdilər, sığallayır
keçirdilər... Düşürdülər. Başlarını tərpətsəydi, bu qayaları buxovlu-zəncirli vəhşi
ata oxşadardın. Durmuşdular və bu
duruşdakı məğrurluğu qardan, seldən-sudan, partlayışlardan sonra da heç nə
tərpətmirdi: Hər qayanın boynunun
arxasındakı otlu çəmənliklərdən və
quru mamırlardan süzülüb gələn sızqa axar
azala-azala uçurumlarına çatırdı və qaya
da bu axını canına içə-içə
sal və şümşad yaxasıynan süzdürüb dibə
yetməyə qoymurdu. Bu qayaların ikisini
qayadırmaşanlar keçə bilməzlər; yapışmağa yer gərəkirdi. Qayanın təpəsinə arxadan, ən
azı neçə arşınlıq yol
gedəndən sonra çatmaq və
belində istədiyin qədər keflənmək, boş şüşələri aşağı
atıb səsini o biri qayanın döşündə eşidəndə
ağzuvu ayırıb qalmaq, ya da şellənmək
olardı.
Bura gələnlərdən təkcə
alpinistlər, bir də bir-iki
cavan rus-filan dolayısıynan başa çıxırdı. Qalan kimsə belə əyləncələrdən ləzzət
almaq istəmirdi...
Qarlı günlərdə o, pavilyonun
odun peçiynən qızan küncündə qoyun dərisinə
bükülüb qıvrılardı. Qar
yolları basırdı, müştəri-zad olmurdu. Kitab oxuyurdu. Elə vərəqləyirdi, deyirdin, səhifələr ovulub töküldü. Bu dörd qaya arasındakı suqovuşanda hər
gün təkrarlanan küylü məclislər onun da, aşıq Cəmşidin də buz kimi
baxışları altında əriyib gedəndə gecələri
Ay işığına baş vuran qayalar və bir də
qayaların başına tərəf sürünən
odunpeçi tüstüləri qalırdı...
Tərtər pavilyonun arxasından, qoz
ağaclarının dibindən axırdı və bir az gedib
Tutquya qovuşurdu. Bir gecə yuxuda
gördüm ki, onun başını kabab istəyənlərdən
birisi düz çayınca qırağında ət
baltasıynan vurdu: baş diyirləndi, burulğana düşdüsə də aralıda - körpünün altındakı göllənməyə
çatanda geri qanrıldı, hardansa
çay boyunca yığışan çoxlu adama boylandı
və axıb getdi...
Mən hər dəfə onun doğradığı
kabablıq quzu ətinin buğlanmasına baxıb kədərləndiyim
və içimdə az qala anqırdığımsayaq bu dəfə
də yuxuda - onun boynundan buruxlanıb
çıxan buğdan xoflandım, hardansa
məni içinə alan birxeyli mamırın arasında
tıncıxdım və əsl anqırdım. Səs hardasa boğuldu...
* * *
Dörd qayanın arasındakı yolayrıcından
üzü yuxarı iki dərə vardı. O,
dərə döşündə duran kəndlərdən
birində ev sahibiydi. Evin içində nənəsiydi, bir də beş yaşlı bacısı. Qazandığını həftəlik nənəsinə
gətirirdi. Qızın cehizini nənə
yığırdı: anası da, dədəsi də iki il qabaq ölmüşdülər.
Bir dəfə məni də (lap
soyuq və qarlı gündə) özüynən
kəndə götürdü: çay
qırağında yerdən qaynayan isti su kovuşuna apardı. Susurdu: onu danışdırmaq olmurdu. Mən onun başını gördüyüm dəhşətli
yuxunu danışanda da qımıldanmadı. İsti-su qar örtüyün içindən
torpağı yandırıb pırtlayırdı, axar boyu paqqıldayıb çaya qovuşur, bir qıraqla buğ verə-verə
azca gedir və soyub-qarışırdı.
O soyundu və qaratikən koluynan hasarlanmış
göldə çimdi. Çimə-çimə çoxdan bəriki susqularından sonra mənə
bircə xatirə danışdı: uşaqlıqda
dəri yaraları bircə batırım bu suya girdinmi, itib gedirdi. Amma o, suya
girmək istəmirdi, onu
sürüyürdülər. Gülürdülər. Anası da eynən - zornan
başından basıb bircə kərəm onu suda boğdu və
o, ömründə bircə kərəm bərkdən
qışqırdı, anasının
üzünü şillələdi, ağlayıb
cırmağ atdı. O vaxtdan anasıynan
danışmadı, düz ölüb-gedənəcən...
...Onu anasıynan bağlı söhbətlərdə
dilə gətirmək olurmuş. Bunu təkcə
mən bilirdim...
Ördək tərəzi
...Oranın qızları xalçalarının
çeşnisinə, arvadları yorğan-döşəkli yüktaxtının en-boyuna, kişiləri mal-qaranın
sayına və araya-ərsəyə
çıxan övladlarının fər-fərasətinə
güvənirdilər...
Zeynəbdə bunların ən sonuncusu yoxuydu: sonsuzuydu. Gedib qayıtmışdı; bircə ilin gəlini olanlardanıydı. Zeynəb xalanın dükanı qəşəngiydi: nəyə desən dəyərdi. Tərəzidə
kəsməzdi, hər mala beşcə qəpik nalajeniya
qoymağnan yığmışdı və heç kim buna
görə Zeynəbdən incimirdi... Qoturlu
dərəyə tunel deşiləndən bu yana otuz il Zeynəb
piştaxtanın və ördəkli tərəzinin
arxasındaydı. Kimsəyə
üzünü turşutmayıb...
Zeynəbin tərəzisində iki dəmir ördək
üz-üzə durmuşdu. Tərəzinin gövdəsində
koruş kirill hərfləriylə zavodu-filanı
yazılıydı. Ördək belinin yerinə
oturdulmuş ləyənçələr çəki yeriydi..
Zeynəbin evi ikimərtəbəliydi: dükanın arxasında - dal
divarın o biri üzündə. Birinci
mərtəbənin yarımdivarı yol
qırağındakı köməcli qayanın üstünə
hörülmüşdü. Əslində, Zeynəb bu evi ikimərtəbəli
yox, kürsülü otaq eləyə bilərdi. Alt-üst dörd otağın kölgəsi uzaqdan
heç yaxşı görünmürdü; deyirdin, aynabənddi. Sonra
gördüm ki, Zeynəb ikinci mərtəbədə, düz pəncərənin yanında yatır. İkinci mərtəbə gözətçi
çardağı kimi bir şeydi. Ordan
dükanın dördtərəfi görünürdü. Dükanın tapdanmış, döşəməsiz
yerliyi və anbara aparan cığırabənzər koridoru
şəkər və un tozunun torpağa
qarışığından şümşad kimiydi; azca işıq düşəndə
parıldıyırdı. Dükanın öz
qoxusu vardı; şəkər kəpəyi, təzə parça, filtirsiz papiroslara və
kibrit yeşiklərinin nəmiş taxtalarına qarışıq
qoxu... Zeynəb otrez parçaynan unu, qəndnən
kolqotkanı bir dükanda satmağa məcburuydu; illərcə belə olmuşdu və belə
olmasaydı, zənnimcə, Zeynəbi
bu qədər sevə bilməzdilər. Zeynəbin
dükanında hər şey vardı. Mən
dünyada Zeynəbin peçenyəsindən
yumşağını, dadlısını, ətirlisini görməmişəm və elə bilirəm, görmərəm də... Peçenyə
yeşikləri anbarda aylarca qənd və un kisələrinin
arasında qorunur, torpaq döşəmənin
və suqovuşanın rütubəti canına
çökürdü.
Zeynəbin özünü tərəzisindəki
ördəklərə oxşadırdım və məncə, Zeynəb nəmo peçenyələr kimi ətirli və
şiriniydi. Bəlkə də torpağınmı, suqovuşandakı nəmişliyin, ağacların
və qayalara sarmanmış mamırlarınmı
dadıydı, peçenyələrə çökən, amma bir şey vardı ki, Zeynəbin
peçenyeləri yumşaq və dadlıydı... Mən onun peçenyelərini sevə-sevə yeyəndə elə bilirdim, Zeynəb haçansa çayqovuşana yaxın
körpünün altındakı gölləmədə
ördək kimi üzəcək və hər səhər mən
də düz bir kilo peçenyeni dürtə-dürtə ona tamaşa edəcəyəm...
Zeynəbin birçəkləri xınasız
qalmışdı. Deyirdilər, onun sonsuzluğu yel xəstəliyiynən
bağlıymış. Qardaşı
qızını xırdalığından
övladlığa götürüb
böyütmüşdü; mülkünü də
ona bağışlayacaqdı. Qız
hamilə olan gündən Zeynəb başına xına
qoymadı:
- Oğlan olmalıdı. Mənə
kişi lazımdı, - deyirdi...
Zeynəb ala saçlarını didib
körpünün altındakı gölləməyə vurdu
özünü. Saçları suyun
üzünə səpələnmişdi. Daş
axtarırdı, başına çırpsın. Pavilyondakı oğlanlar özlərini suya vurdu: zornan evə gətirdilər. Özünü
yerə çırpırdı, sürünürdü. Qışqıranda qayalara “daş
xaraba” deyib üzünü cırırdı. Həkimlər demişdilər, gəlin
rütubətdən, yeldən doğa bilməyib
keçinmişdi. Zeynəb qızı
dörd qayanın arasında böyütmüşdü, sonra kənddə ev alıb ərə vermişdi.
Bu qayaların arasında ördək
saxlamırdılar. Amma dərəyuxarı
bütün kənd dükanlarında tərəzilər
ördəkbaşlıydı.
Dəmir göyərçinlər
...Çaylaq daşıynan, bir də
daşlı-qaratorpaq arxlardan sellənib çökən
qap-qara qumnan tikilən kənd dükanlarının
heç birini çöldən suvamırlar. Çox ötərgi bir üsulnan əyri-üyrü daşların
ağırlığından pırtlayan
palçığı masterokun şümal yeriynən
sığallayıb keçirlər. Vəssalam: qara palçıq göyümtül daşların
arasıynan darayı-dolayı
sürünür, qayalı-meşəli ətrafın içinə girir, uyarlıq gətirir.
Bu dükanların (heç
kürsüsüz evlərin də) arxasına
baxan olmur.
Arxa divara əldən qalan əcaib-qəraib daşları nətər gəldi
düzürlər. İkiqat divarın
arasını da çınqılnan doldurub, iməcisi olsa bir tutarlı ev tikə bilirlər. Burda əsas evin üstüdü: gərək
dammasın.
İçi də çörəkli
oldumu, xalça-palaznan bu qara-göyümtül daşların rənginə düşər
çalar düzəltmək olur.
Qaya diblərinə səpələnmiş məhlələrin
çoxu tüsərnən qazılıb-hellənmiş
iri daşlarnan, üstündən də kol-kosnan hasarlanırdı. Tək
qayda: məhlənin başında qazılan ev yeri elə
seçilirdi ki, arxa divarı köklü qaya əvəzləsin. Belə qaya o birilər kimi torpaqdan azacıq
pırtlasa da, bu yerin kişiləri
köklüsünü yaxşı tanıyırdılar. Buldouzer evyeri açanda elə hesablanırdı ki, hökmən qayanın kökü çıxır və
bu kök də evin arxa söykənəcəyi olurdu. Yerdəqalan xırda daşlar palçıqlanır, çınqılnan bir yerdə köklü qayaya
sarmandırılırdı. Sel yeri-filan açılandan sonra da o daşların
üstü suvanmırdı. Zeynəbin dükanı
bu yerə sement gələn vaxtlardan tikilən birinci
tutarlı hörgü sayılırdı...
Şifer, ya da doludan qoruyan dəmirlər
qurulur, evlər çardaqlanır, künclərdən
üzüaşağı boru, ya da
maldili boyda novalçalar qoyulurdu. Bu
novalçaların çoxu yerə çathaçatda bir az
qırağa uzanır və ağzı da çox vaxt elə
düzəldilirdi ki, guya əjdaha, timsah ya da vəhşi ilan başlarıdı ki, durub. Ağızlığın içinə
dəmirdən dil-zad da düzəldirdilər. Su da o dilin üstündən süzülürdü. Damın düz ortasında üz-üzə
iki göyərçin düzəldirdilər. Göyərçinsiz dam qurduran olmur. Aşağıdan işə gələn ustalar da
özləriynən bir çemodan dəmir göyərçin
gətirirdilər; ev yiyəsi istədi-istəmədi. İstəməsəydi, oğlan uşağı olan evlərdə
başağrısı olacaqdı. Burda
çöl göyərçini də olmurdu....
Ağ Mirzə
- ...Səni qəvirdən çıxardıf
hökümətə təhvil verəcəklər, xurustalnı köpəyoğlu! - Əfrayıl
dedi. Əlindəki “İsti-su”
yeşiyini o biri yeşiyin üstünə
pərçimlədi. Mirzə susurdu, bu qarğışa qulağı çoxdan öyrəşmişdi; uzağı ağ kipriklərini
döyüşdürüb cır səsiynən
donquldanardı və Əfrayılı Allahına
tapşırardı...
...Olmuşdu; 10 il-zad
qabaq bir ağappaq oğlanı gecəynən qəbirdən
çıxarıb yerinə nəsə doldurmuşdular. O söz də molladan çıxmışdı; o da qəbrin qırağındakı tər-təzə izləri, tərpəşmiş
torpağı, gecə qaranlığında goreşənlərin
qoyub getdikləri anlaşılmazlıqları görüb
ağzının boşluğunu buraxmışdı... O ağ Oğlan ölənəcən
danışırdılar ki, bəlkə heç
hökumət ölməyini gözətləmədi, birdəncə, gecəynən itirdi gədəni! O sözləri dağ eləməyə kiminsə
gücü çatmazdı; müsəlmançılıq, hökumət xofu-filan... Həm
də təzə qəbrin qırağında min cür iz ola
bilər...
Sonralar hər kəndə bir əfqan
döyüşçüsünün ağzı
möhürlü cənazələrini gətirməyə başladılar. Deyirdilər, meyid-zad
yoxdu, ağzını suvarkalayıblar ki, açan olmasın - içindəki
daşdı. Qəbirqazanlar da dedilər tabut yaman
ağırmış.. Bunu da bir kimsə
üstünə götürmədi, amma
Arana gedib-gələnlərin bir neçəsi təsdiqlədi
ki, Aranda, Qarabağın kəndlərində
arvadların zornan tabutu açdıranı olub və daş
da çıxıb...
...Elə duruşundanca, kipriklərinin
süzgün qırpımınnan və yaşıl-dərinliyində sanki bu qapqara ətrafdan
xoşsuzlanan baxışlarıynan günahsızıydı
Ağ Mirzə. İnanmışdı: bu dörd qayanın arasında Əfrayıl kimi deyingənnən
və Arana gedən maşınları yükləməyə
itib-gedən günlərnən bir arada kepkası da az qala
boğazına keçəsiydi. Qazandığı
nəydi:
iki-üç şiş
kabab, Zeynəbin anbarından bir paçka peçenye, düşəndə bir cüt qaloş... Qoy elə Əfrayıl deyən kimi onun büllur
sümüklərini çıxardıb neytron bombası
düzəltməkdə faydalansınlar. Tükündən
sümüyünəcən ağappaq olan adamların
sümükləri bu işdə faydalıymış deyirdilər. Onsuz da Amerika müharibəyə başlasa, bu qayalar-filan, Əfrayıl-Məfrayıl qalmayasıdı...
...Guya onnan qabağkı ağappağın anasına təklif
olunub ki,
balasının sağ canını
hökumətə versin, kalan pul alsın; hələ bu haçan öləsi, ona kimi Amerika...
Mirzənin nənəsinə desəydilər razı
olardı,
elə özü də kəlmeyi-şəhadətini nənəsinə oxutdurardı... Hökumətə-zada görə yox, elə nənəsinəcə gün ağlasa, bacı-qardaşını ağ günə
çıxarmış olur. Arvad altına
yığan deyil.
Mirzənin Əfrayıla yazığı gəlirdi: qulaqlar pələ, pencəyinin
qollarını əlcək yerinə işlədir. Kepkası-zadı da yox, başı da kvadratnı... Pis
oğlan dəyil, köhnə pavilyonun
qarlı günlərində onlar isticə bir küncə
çəkilib domino başında keflərinə gələn
söhbətə girişirdilər...
Əfrayıl
...Yaylaq biçənəklərinin başından xətər
sovuşmuşdu: qaymaqçiçəyinə
bürünmüş yamaclara kotan çatası deyildi. Tütün bitməzdi orda; qaya
diblərinə, orman arasındakı qaratorpaq düzənlərə, xırda daşlıqlı seltutmazlara
sığınanda bu yarpaqtəhər andır iki metrdən
çox boy atırdı. Yığımı gəldimi, dolu duasının əvəzinə, arvadlar “çiçəyindən yağ
damır zəhərin” deyib işə
girişirdilər...
...Kəndi sel yuyan il Əfrayıl təpik yemişdi: ana qarnında. Hələ
qulaqlarını göstərirdi, dördkünc
başına işarəynən anasının qarnında o təpiyin
guppultusunu eşitdiyini deməyindəydi. Hər
dəfə də milləti güldürüb özü
qırpınmırdı, qulaqlarını elə
tərpədirdi ki, xırçıltısından
ət töküləsiydi...
...Dağbəyi qarğıdalı çörəyi
yeyilən ili lap dilinə də, əlinə
də yiyəsiliyi unutmuşdu. Erkəyinə-dişisinə baxmırdı. Əfrayılın
da anası selyuyan il dolu duası yazdırmağa pul
yığanların arasında əks-təbliğat
aparmışdı. Doludağıdan top qoysunlar, deyirdi.
Çəkişmənin kökü lap köhnə
vaxtlardan boy vermişdi; dağbəyinin
babası onun babasını bir söz üstdə güllələmişdi, onun babası bunun alaçığında nənəsinə
bir təpik ilişdirib getmişdi... Haqq-hesab otuzuncu ildə səngidi: dağbəyinin
dədəsini güllələdilər. Dağbəyi
də deyirdi, Əfrayılın babası o işə
barmaq qoymamış deyil. Nooldu, o yenə
dağbəyi, sonra kolxoz başçısı oldu... Və Əfrayıl da anasıyla bir yerdə təpiyi
həmin selyuyan il yedilər. Susdular...
...Əfrayılın bir kimsəyə ziyanı dəyməzdi: uzağı sözü adamın üzünə vurar
və soyuqdan göyərəndə cındır pencəyinin
sallaq qollarını qoynuna dürtüb Zeynəbin
dükanında məzə qalardı. Zeynəbin
“Prima”sını pulsuz versə də, çəkməzdi. Özcə
tütünündən “Kommunist”ə büküb sümürürdü. Və sümürüb zəhəri
söyürdü...
... Əfrayıl təpik yeyən il dağlara
tütün toxumu gətirmişdilər...
1988-1993