Məqsəd NUR
Sürət
Copyright
- Məqsəd NUR, 1998
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi ilə
istifadə etmək icazə verilmir.
Karusel fırlanır. Ətrafdan tezbazar
lövhələr ötür. Baş
gicəllətməyi ləzzətdi. Karusel
qatarı küləyə qarşı öz yolunu gedir. Yol da, külək də arxada qalır. Həmin yolu bir də keçmək, həmin küləyin bir də üzünə dəyməyini
istəyənlər o sayda da yolu təzədən
başlamağa həvəsli olurlar...
m.nur
1. Dümsük
Maşın sürətlə döndüyü
döngədə dayanclarını basdırıb yerə
mıxlandı. Qarı nənəsinin qolundan
yapışıb yolu keçirdən qız gözaltı
içəri baxdı...
Maşına oturdular. Qənbərliklə
üzüaşağı, vadiyə tərəf
gedirdilər. Maşın da, maşını
sürən də hörükdən qırılan at kimi
özündən çıxmışdı. Gədənin dikbaşlığı qarıya da, qıza da ləzzət elədi. Gədəni keyf
tutmuşdu.
Amma şərvaxtı belə bir
naxışa inanmamağı
gəlirdi.
Ətrafı, ötən
maşınları, vadidən qalxan
adamları sezdi. Niyə də bu qədər şenniyin içində
bir qarı və qız nəvəsi ona məzə verməsin, boynunun arxasında pıqqıldamasın...
Qənbərliyin yenişi veclərinə gəlmirdi. Qıznan qarı başlarını bir-birinə söykəyib nəsə
xısınlaşırdılar. Dəli
şeytan deyir: dön qarını qızdan arala, sifətini ovcuva al, götür, qaldır maqnitolaların üstünə qoy, bax...
Söz atmağa-zada macal tapmamış
geridən bir az da bərk pıqqıltı gəldi. Elə beləcə - pıqqıltı
içində də qarı ağzını yaşmadı, gümüşü çəliyiynən gədəni
dümsüklədi:
- Yavaş sür, ədə, uçarsan - dedi.
Bu keyfdə də də nənə-qız uğunur-gedirdilər...
2. Kokteyl
Soyuqda kokteyldən qızıxmağ olar. Yaxın duranı sancırdılar. Banan
dilimləri, kapuçino və Srrite gəldi. Spraytdan başqa heç
nə! Kafenin tualetinə çəkilib Winston üfürdülər. Söz
vermişdilər, bundan başqasını
çəkməsinlər: filtiri pələng dərisinə
oxşadığına görə. Bu
kafedə elə bir kişi görmədilər ki, heç olmuya bu siqaretin filtirinə tay olsun.
Xadimə şvabrasını dalına qoşub
qapının ağzına gəlmişdi: işarə
elədi ki,
keçsinlər. Güzgüyə
baxasıydılar. Qanmazlar yolu elə salmışdılar
ki, kişi tualetinin qabağından keçməliydin. Rastlarına heç kəs çıxmadı, heç kəs ilişmədi. Şvabralı
da qapıda dayandı... Tampunlara əl gəzdirdilər. Çəkdilər, sümürdülər, iynələndilər...
* * *
Qaraqışqırığa üçü də
atlandı.
Birinin qardaşını döyürdülər, üçü də tutdeyincə döyəni
cırmaqdan çıxartdılar, dikdabanlarını
az qala gözünə soxacaqdılar. Başının
dəliyin açacaqdılar. Qoçular gələnəcən
qaqaş aradan çıxdı...
- Göt! Göööt! - dalınca
qışqırdılar...
3. Zəng
Fəvvarələrdə ağız-burnunu yudu, qızları
başınnan rədd elədi. Jeton
düşən kimi anasının yalovlu səsi gəldi. Anasına dedi, dedi ki, Parapetdən ayrıla bilmir, ağladı, sısqadı, anasını
söydü ki, elə bu gecə Günəşlidəki
evi satmaq qərarına gəlməsə oğurluğa gedəcək, iynəyə oturacaq. Yoxsa döyülməzdi. Kostyumsuzdu, idman formasında. Çuşka kimi gəzdiyinə görə barda, hər yerdə... ilişib əngizdiyirlər. Rolik lazımdı! Ya kostyumda ya rolikdə gəzməlidi. Hardan bilsin, özü də bilmir
kimdi-nədi, nağarançıdı? İndi beyni elə qarışıb ki, heç özü də bilmir, rolikdə
gəzsin,
kostyumda. Guya hansı var ki! Hər gün (lap ona kostyum alsalar da!), metroya minib Günəşlidən bura sürünəsi
döyül, döyül sürünəsi: küçədə yatar, ora
qayıtmaz!
Qalasıdı. Evi
satmasalar,
ölsə Parapetdən getməz. Burda olsa, abstanovkanı bilər, ta onu burda unudublar ey, burdan köçəni
üç ay deyil, təzə dəstələr
yaranıb,
içinə girirsən də burunluyub
çıxarırlar. Birdəfəlik qalxammasa
öləsi-öldürəsidi... Bu gecə
də, sabah da burda qalacaq, haqq-hesab
çürüdəcək, burda, kərpiclərin
üstündə yatacaq...
* * *
Üçdüyməli hörmə köynəyinin
up-uzun qollarını sallayıb dəlləkxananın
qapısında dayandı... İşini bildi: boyu çıxmalıdı, basketbola
getməlidi. Göyə atlandı, budağa kəllə vurdu. Bir də
mamasına zəng elədi...
4. Ümid
İndi onu çiləyirəm: 1, 2, 3, 4... 50... Onu basketbol topu kimi əlimdə tutmuşam, ovcuma yerləşdirmək istərdim, alınmayacaq, bilirəm. O mənim ovcumdan çıxır, onu
özümdən atıram. O, hündürdəki
səbətə girir, düşür. Məni alqışlayanlar var... O itib, mən onu unutmuşam, amma bütün
alqışlar onadı.
O,
təzədən mənə
qayıdır, ayağımla əlimin arasında
qalxıb-enir.
O mənim ayaqlarım altında əzik və
havasızdı. Mən onu havavuranla doldurub təzədən
oynadıram. O boşalanacan mənimlədi, mən onun hesabına dolanıram. O məndən
uçub gedir, fırlanıb mənə qayıdacaq: Mən onu qaldırmasam, tərpənməyəcək. İçi havayla dolu olsa da, tərpənə
bilməz.
***
Qəbrimin üstündə dayanıb. Bir vaxtlar Onu tolamazladığım yerə
qayıdıb. Onu özümdən xeyli qabağa atsam
da, elə bilirdim mənimlə bərabər qəbrə
gedəcək, getmədi. İndi
gəlib ki,
mən onu öldürüm, o mənsiz yoxdu deyir, mən onsuz yoxam.
Mənim şərəfimə yubileydi. Orda mənim topumu kubokun üstünə qoyub güc
alırlar.
O məndən sonra yalquzaq canavar kimi bir
xeyli gəzib. Mən onu öldürüb getmişdim. Əslində topumu dəyişmək istəyirdim...
Epiloq
Mən onu tez-tez başqalarına dəyişirdim. Mən ona münasibətdə
fırıldaqçıydım. O mənim
bütün əməllərimi görürdü, bütün sirlərim onun ovcunun içində
qaldı.
Mən onu istədiyim yerə atır, əlimi də dalıyca yellədirdim. İndi mən onsuz, ağacların
arasıynan irəliləyirəm. Burda o
yoxdu. O məndən arxada qaldı...
5. Uçurum
Arabasını yol yuxarı - dalıyca
çəkirdi. Samokatıydı. Enişdə
kəndirinin iki ucunu da birdən dartsan əylənc olurdu. Kəndirin iki ucunu da birdən çəkəmməmək
və dayana bilməmək qorxusunu ta hərrəşdirmirdi. Topdansatış dükanlarının arasından
keçən tramvay yoluynan üzüaşağı yellənirdi. Sonra üzüyuxarı qayıdırdı.
Samokatın üstünə dəyirmi qazan
mismarladı, bir tərəfinə açılıb-bağlanan qapı düzəltdi, tutacaq-zad yapışdırdı, rənglədi. Nələr ki doğruçu maşınlarda
olardı:
rənglə, rezin
qırıqlarıyla, məftillərlə
qazanın yan-yörəsinə çəkdi, yapışdırdı...
* * *
...sürətlə tramvay yolunun yanındakı
uçuruma gedirdi. Bir gün tramvay da bura
yıxılacaqdı: bütün günü
oturub ona baxırdı. Tramvayın
yıxılmağını gözləməyə hövsələsi
çatmadı. Samokatının qapısını
bağlayıb tutacaqlarını dikdirin başında
atmışdı. Uçurum
onunçün yoxuydu...
6. Əqrəb
Belə olasıydı. Oldu.
Güzgünün qabağına oturdu. Ağladı. Hamıdan bu qədər
küsəcəyinə inanmazdı. Bu təhər
də adamı təkləməzdilər. Güzgüyə
cırmağ atmaq, zəhər
tüpürmək istədi. Sancaqları güzgü
üstdə sürüşdü, çapalayıb
termonun üstünə yıxıldı, zəhərini
də içinə, geriyə quyruğuna tərəf
vurdu...
Çox xırda və gücsüzüydü. Onu amansızcasına əzmişdilər; zəhərli bir əqrəb olduğuna heç kəs
məhəl qoymurdu. Özünü
çoxayaqlı öküz yerində gördü: öküzü də deşər istəsə -milçəklənməkçün indiyə qədər
quyruğunun ucuna bant bağlamışdı, indi asanlıqla bantı sivirib atdı, yerinə naqan bağladı və özünü
milçəkləməyə başladı.
Durub işgüzar söhbətə getdi. Yenə, heç kəs onun zəhərli əqrəb
olduğunu bilməməliydi...
1998