Məqsəd NUR
Vasiliy Daniloviçin orkestri
(hekayə)
Copyright
- Məqsəd NUR, 1996
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
Özgələrinin də yanında arvadı ona
“caaanımmm” deyir; hərdən bu söz bezikdirir, əti ürpənir, istəmir kimsə duysun. Söz yox,
bilir, bircandılar, amma arvadına gərəksə, təkrardan tıncıxsa da bilinməlidi: bir də deyilməli, yüz də, min də eşidilməlidi ki, arvadının canıdı.
Arvadı onun canıdımı, bilinmir. Məhəmməd arvadının canıdı, qoy bunu hamı bilsin, yetər. O
bunu hər gün eşidir: işə gedər, işdən gələr, çörəy almağa çıxar, bir çay istər, fərqi yoxdu, evinə girəndə də, evinnən çıxanda da sevgili arvadının dilindən “caaanımmm” dediyini eşidər. Qıraqdan baxan deyər, bu “caaanımmm” söz deyil, can yanğısı, iç yanğısıdı, o andaca sevgidən tıncıxıb dura biləcək ürəyin çırpıntısıdı. Hər dəfə də belədi; boğazdan yuxarı deyil, daha yanımcıldı, dərindi...
Boyca bapbalaca, yaşca çox cavandı arvadı. Soyuğ havalarda büzüşüb yorğana girir və az qala yorğan altda mütəkkə boyda xırım-xırda bir şey olur. Məhəmməd işə gedəndə paltosunu tutmağa qaçır: geydimi, tezcə ərinin qoltuğuna dürtülür, paltonun içindəcə düymələri bağlayıb altdan sürüşüb çıxır, sonra da boynuna sarılıb titrədir. Məhəmməd Camalbəyov arvadını çox sevsə də, istirahət günləri onun yanında qala bilmir. İşə baş vurmasa kəmhövsələ olur, boş şeylərə görə donquldanır. Soyuq günlərdə də belə olanda arvadı qəhərlənib yatağına qaçır, üzünü yastığa bükür; ya da sızıldayıb bir qurama qurur ki, Məhəmməd paltosunu soyunub onun yanına dönsün, o
da sevincindən uşaq təki yatağın içində atılıb-düşsün, sonra da Məhəmmədi bağrına basıb öpüşlərinə qərq eləsin...
Belə günlərdə də Məhəmməd Camalbəyov arvadını gözüyaşlı qoyur və işə gedir...
Hanı o vaxtlar ki,
Məhəmməd Camalbəyov nişanlısının görüşünə çatmaqçün hasarlar aşır, sevincdən ayaqqablarını çıxarmadan çarpayısına atlanıb xəyalında göylərə uçur, düz səhərəcən metronun qənşərindəki küçə telefonundan sallanıb qızın da yuxularını göyə çəkdirirdi. Qayalıq meşələrdə bitən dağ nərgizini tapmaqçün dağ kəndlərindən gələnlərə dil çıxarıb yalvarır, borca girib sevgilisinə az qala qucaq boyda bir bağlama gətirirdi. Qız bunu bircə dəfə demişdi, elə-belə, sözgəlişi demişdi ki,
qərənfildənsə adi çiçəkləri, ya da məsələn, dağ nərgizini seçərdi. Məhəmməd də səhəri kənddən çiçək gətirən oğlanlardan özünə dostlar tutdu. Şəhər gülçüləriynən də arası sazıydı; dibçək gülləri barədə reseptlər yığırdı. Ev alan kimi pəncərələrin ağzını gül qablarıynan doldurdu və sonra necə oldusa da güllər solub getdi, qabları hələ də pəncərələrin ağzında küllüyə dönməyindədi. Heç arvadı da baxmır: bir az ərincəkliyi var, həm də meylini yeşik cücələrinə salıb, ta güllər yaddan çıxıb. İki cüt kənd cücəsini mənzilin isti yerində - Məhəmmədin akvariumu və bilgisayarı olan otaqda yerləşdiriblər. Arvadı Məhəmməddən cücələrçün də akvarium kimi şəffaf yeşik tapmağı istəyir. Bir az çətin iş oldu bu. Ta Məhəmmədin həvəsi də tükənib...
Keçən il 8 martda Məhəmməd hardansa qan bənövşə tapıb gətirmişdi, qadın sevincindən bütün günü Məhəmmədin başına fırlanır, gah kefi gəlincə gülür, gah da saatlarca otaqları, mətbəxi dolanıb qəhərlənirdi. Beləcə, hər dəfə Məhəmməddən bir sürpriz görəndə keçmişləri və onun dağ nərgizlərini xatırlayır... danışır, danışır...
“- İndi əsl dağnərgizi nə gəzir... - Məhəmməd son zamanlar bu qənaətə gəlirdi, - satdığa qoyulan nərgizlər parniklərdən üzülür; ətri də bir şey deyil”. Arvadına qalsa, lap cır alça budağı olsun, təki bayırdan gəlsin; suya qoyacaq, əzizləyəcək və çiçək solduqca da gizlicə ağlayacaq... Amma dibçək güllərinə gözünün ucuynan da baxmayacaq. Ona görə də Məhəmməd evdə əttökən mərasimlərdən bacardıqca qaçırdı; ancaq sevgisi içində və hardasa əlçatmaz dərinliklərdə qalır, hərdən ona elə gəlir ki, arvadı şəffaf yeşikdə dümələnən tənha inqebator cücəsidi...
* * *
... Keçən ilki kimi, martın yeddisində arvadıyçün dağnərgizi almaq bəhanəsiynən evdən çıxıb işə baş vurdu; orda da ilişdi, yoxsa telefon açdırmaq dalıyca qaçmayacaqdı. “ATS”də bir tanışı var,
telefon xəttinə xətər dəyəndə, ya abunəni ödəyə bilməyəndə qapadırdılarsa, iş dalınca onu göndərirdilər. Təki iş olsun, bircə hamı bilsin ki,
Məhəmməd iş yarıdandı...
Gecə şəhərə sulu qar tökmüşdü. Səhəri yağmur səngisə də xəzri yel vurub yengələr oynadırdı.
- Bu qiyamətdə nə dağnərgizi, otur evində, caaanımmm, - arvadı onu saxladı, az qala yalvarırdı.
Məhəmməd evdən çıxdı, bəhanəsi üzülsə də içində arvadının halına acıdı və sabahkı bayrama bir sürpriz hazırlamaq fikriynən qapını arvadının üzünə bağladı. Belə şeylərdə istəyini zorlamaqdan bezmişdi; ad günündə, bayramlarda kimisə yaddan çıxarmamaqdan, arvadına şirin sözlər deməkdən və başqa bunabənzər, yanötülməz gərəklərdən yorulurdu... O istəyirdi, özü, öz istəyiynən gül alsın, gözlənilməz sürprizlər eləsin; bircə nəyinsə xatirinə söylənilən sözlər-filan olmasın... ustufca, sakit, qoy arvadı ağlasın: o balkona çıxıb qımışacaq, qoy musiqi onun içini titrətsin, o kimsəsiz bir yer tapıb zümzümə edəcək...
* * *
Həmin gün ATS-dəki tanışı da növbədə olmadı; bir cavan qızıydı, sabahkı 8 mart üçün ona ağ qərənfillər gətirmişdi. Bizdə yanvar qırğınına qədər çoxu ağ qərənfilə ayrılıq rəmzi kimi baxırdı. Həmin il şəhərin küçələri, yolları meydanlar və qəbirxanalar qərənfilin qırmızısıynan boğuldu. Qırmızı qərənfillər hamının gözündən düşdü. Bazarı səngidiyindən gülçülər qırmızını az əkirdilər. Məhəmməd də ta qan qaraltmasın deyə qərənfilin ağını aldı. Çıxanda gülləri pəncərənin sürahısına qoyacaqdı; işi də düzəlmədi...
Girəcəkdə qos-qoca bir kişi qapını kəsdirib yarı rus,
yarı yerlicə gözətçiyə dil çıxarırdı:
- ... Sənə qurban olum cənab, sabah Onu təbrik edəcəklər, O
xəstədi... Mənə mütləq telefon gərəkdi, açın bizim nömrəni! Bircə həftəyə, söz verirəm, pul taparam... olmasa, bircə sabah açın, yenə qapadarsız...
Qocanın telefonunu açdırmaqçün bu gözətçinin əlindən bir iş gəlməzdi; işində təzə və deyingən olduğu göz qabağındaydı. Hələbir qocanın üstünə kəkələndi, az qala onu qovub bayıra atacağdı; yaxasından yapışmaq istədi, sifətinə baxıb tez də qırağa donquldandı və baxışlarıynan Məhəmməddən də bir dəstək umdu. Məhəmməd gözətçiyə üz vermədi: gözətçi tutaşmaqdan aralanan uşaq kimi şalvarını dartıb kəmərini, üst-başını səhmanladı...
* * *
Qocanın gözləri yaşardı və dönüb çıxdı. Məhəmməd ona çatıb yan cibinə ustufca pul dürtmək istədi. Qoca heç üzünə baxmadan və yeriməyində - Məhəmmədi biləyindən sıxıb saxladı. Beş addım onu dalınca çəkdi və dayandı.
- Pulunuzu neynirəm, - dedi, - sədəqə verməkdənsə, sevgili qadınınıza, ananıza yetin...
Qocanın sözü qırıxlandı və mavi gözlərinin yaşını baş barmağının üstünə alıb:
- ...onların ayağına düşün, əlindən öpün, bircə kəlmə şirin söz deyin, ovundurun, baxışlarınıza, sözlərinizə qərq edin... Yalnız o,
sizin yalançı, ya da səmimi olduğunuzu anlaya bilər... - dedi.
* * *
Qocaynan tramvay yolunun ağına düşmüşdülər, onsuz da bir tərəfə çıxıb metroya-filana girməliydilər, sazaq Məhəmmədin burnunu göynədirdi. Qoca birdən dayandı, cibindən ütülü dəsmal çıxarıb burnunu sildi. Paltosu nimdaşıydı, ancaq yaxından baxanda üst-başının səliqəsi sezilirdi. Çəkmələri yana əyilmişdi, şalvarının balağı qattalanıb içəridən tikilsə də sapın çölə çıxan yerləri bozarırdı. Köp-köhnə şotland şərfinin tükləri buruxlanıb dururdu. Altdan qalstuksuz, boğazı düyməli bamazı köynəyi görünürdü; Məhəmmədə elə gəlirdi ki, onun ağzından çaxır, ya pivə iyi gəlməli, boynunda da qalstuk olmalıydı. Çaxır iyi-zad da gəlmirdi ki, deyəsən soyuğu vecinə almır. Bir az Məhəmmədi süzdü və qabağa düşüb taytağ vurmağa bənzər yerişlə yolunu getdi.
- Telefon işləmirdi,- dedi, - Marqarita Yevgeniyevnanı aldatmalı oldum... Mən onu heç vaxt aldatmamışam, inanırsız? Özüm dəstəyi qaldırdım... gördüm kəsiblər, yoxsa bayramqabağı qızlar telefonu dağıdırdılar. Təbrik təbrik dalınca... Oyatmadım ki,
qaçıb telefonu açdırım, heç olmasa axşam qızlar başıyalovlu doluşmasınlar bizə. Pozurlar onun rahatlığını. Həm də nərgiz alacağdım ona...
- Nərgiz?
- Sənin qərənfillərin Marqarita Yevgeniyevnanın kefini açmaz...
Qoca gözaltı Məhəmmədin əlində qalıb-sallanan ağ qərənfilləri süzdü. Dayandı, əyilib ustufca gülləri sığalladı. Başını qaldırdı. Tükləri pırpızlanmış papağ altından nəcim baxış Məhəmmədə tuşlanmışdı.
- Vasiliy Daniloviç... Cənabımın adı necəydi? - soruşdu.
Məhəmməd adını dedi, əslində qocanın davranışından və ifadədən özünü itirmişdi; güllərdən danışdı:
- Bəlkə Marqarita Yevgeniyevnanın xoşuna gəldi, belə sazanaqda gül alverçiləri çətin nərgiz gətirsinlər...
- Deyərəm bir cənab bunu sizə göndərdi, Marqarita... hərçənd özünüz də mənimlə gedə bilərsiz, könlü şad olardı.
Məhəmməd tutulmuşdu və Vasiliy Daniloviçi küləkli, kimsəsiz, həm də uzaq keçmişin faytonlu küçələrində bir qrafinyanın sədaqətli nökəri yerində görürdü:
- Marqarita Yevgeniyevna...
- Mənim arvadımdı, o
dünyadan çağırırlar onu,
ölüm ayağındadı. Yalvarmışdım Tanrıma, onun ölümünü mənə göstərməsin. Görünür, günahım varmış... Mənnən altı yaş kiçikdi, onun yaşıdları bər-bəzəklərinnən qalmırlar. Onları deyirdim bayaq, qartımış qızlar! Məhəmməd, bir də gördün telefon açılmasa, yığışıb şıdırğı vura gəldilər ki, iş bilmişik, Marqarita, qəm yemə-filan, deyirlər... təbrik edirlər... Hərçənd bu ona yaşamaqçün güc verərsə, pis olmazdı, Məhəmməd... Amma Marqarita bu yaz da mənim nərgiz gülümü görməsə, ölməməlidi: haqqı yoxdu buna.
Qocanın rəngi açılmışdı, heç bayaqkı deyildi və Məhəmmədin adını tez-tez, sözlərin arasında elə işlədirdi ki,
deyərdin onu illərdi tanıyır və indicə tapdığı adama ərk elədiyindən hədsiz sevinir. Arada susdular; eşidilən Daniliçin şporlu çəkmələrinin səsi və sazanağın vıyıltısıydı.
* * *
Metroya çatdılar. Məhəmməd yerin altından püskürən isti havaya tərəf yeyinlədi. Vasiliy Daniloviçlə vidalaşmaq və dağnərgizi axtarışından vaz keçib evə qaçmaq, arvadının yanına dürtülüb qızınmaq, bu əhvalatı təfərrüatıyla, arvadının ürəyini çəkə-çəkə astaca onunla bölüşmək qalırdı. Bu danışdıqca o,
səssizcə ağlayacaqdı, başını tərpədib dinməzcə, gözləriynən qocanın dərdinə acıyacaqdı və təzədən Məhəmmədə vurğun təki onun doğrudan sevgili ər olduğunu deyəcək, ev qurmaqçün çəkdikləri qara günləri bir daha vərəqləyəcək, yenə Məhəmmədin soldat şineli parçasından tikilən astarı cırıq paltosunu xatırlayacaq və Tanrısının bu gününə şükranlar söyləyəcəkdi... sonra da yeşikdəki cücələr kimi ustufca ərinin bir küncünə girəcəkdi...
Məhəmməd istiyə - metro qapılarının yanına düşdü, qoca da dalınca gəlir və ləngiyirdi: deyəsən, yolu metroya deyildi, ayaqlarını sürüyürdü. Qapıların ağzında nəzakətə önəm verib geri döndü; qoca gülümsünürdü, onu qabaqladı:
- Sizinlə tanışlığıma çox şad oldum, - dedi. - Çoox-çoxdan bu şəhərdə kimsənin bir özgəsinə canyananlıq göstərməyini görməmişdim. Nostalge, mənim ağam, nostalji... qoca azarıdı...
O,
birinci “nostalge”sini elə ağayana dedi ki, Məhəmməd ürpəndi: qarşısındakı qocanı keçmişdən, ya da hardansa uzaq və rahat bir ölkədən gələn ruhların adamına oxşatdı.
- Saatınız neçədi? - qoca Məhəmmədin saatına işarəylə soruşdu.
- Elektrondu, daşı qurtarıb, özüm qolumda gəzdirirəm ki, dəyişmək yadıma düşsün.
- Zəhləm gedir, o yapon hoqqalarınnan. Amma indi özləri də əqrəbli saatlara keçirlər, dayanmadan... Ağıllıdı onlar...
Vasiliy Daniloviç bir ilişcək axtarırdı, yaponlar bəhanəydi. Məhəmmədin qabaqkı vaxtları olsaydı, söhbətdən keçməzdi, çənə vurardı: bu da ola texnika. İndi yorulub, həm də qorxur adamlardan - daha çox işinə baş qoşur. Zəhləsi gedir çox danışanlardan, üstünə müdam şikayət yağdıranlardan. Yapon hoqqalarını da təsadüfi saymır; azca dayansaydı kişiynən mübahisəyə girəcəkdi; yenə yapon möcüzələrinin insanlığa gərəyindən danışacaqdı... ittiham edəcəkdi qocanı da,
özgəsinin uğuruna sevinə bilməyənləri də...
Məhəmməd özü bilgisayarçıydı; şəhərdə hər özünnən deyən bilgisayarçı onun qabağına çıxammazdı. Özü özünü kölgəyə salmışdı; xırda mətbəələrdən birində dizayneriydi, burdaca zirzəmidə pullu kurslar qurub dərs verirdi. Təzə bilgisayarçılar nəsliynən ünsiyyətə girə bilmirdi, qorunurdu onlardan. Yoxsa, belələri vardı: diribaş proqram oğruları - şəhərə axışan xarici şirkətlərdən proqramlar oğurlayır, yerlilərə satır, bir-iki kəlmə ingiliscə qırıldatmağı bacaran kimi tanışlarını işə düzəldir, əcnəbilərin arasından müştəri tutmaqla məşğul olurdular. Beləcə də şəhərdə xırda bilgisayar dəstələri yaranırdı. Məhəmməd onların heç birinə yaxın düşmürdü, deyirdi uzaq olsalar yaxşıdı, onlar bilgisayara canlı kimi baxmırlar və getdikcə özləri də cansızlaşırlar...
* * *
- Bəlkə heyvanxananın ətrafındakı yaşıllığa tərəf düşüm, bəlkə bir güldən, tumurcuqlu budaqçadan-filandan tapa bildim.
Vasiliy Daniloviç əlləri cibində başını yellədirdi və buna uyğun da sözlərini sürüməyindəydi. Axır ürəyinin sözünü gizlətmədi:
- Mən sizə saatlar göstərərəm, cənab, hayıl-mayıl qalarsız. Bu yapon saatları düşkünlük, unutqanlıq, nə bilim... duyğusuzluq gətirir... qoca ustaya inanın, Məhəmməd. Gedək mənimlə, Marqarita Yevgeniyevnanın ürəyi açılar, lütfükarlığınıza görə borclu qalmaram...
- Allah eləməsin. Mənim getməyim nəyi dəyişər ki...
* * *
Metroda qızınmışdılar. Təzə bir həvəslə bağa üz qoydular. Məhəmməd budaq tapsaydı, arvadının da könlünü açardı, qoca onu silkələmişdi...
Ümidi puça çıxdı, amma deyirdin Vasiliy Daniloviç bu bağı gündə yüz kərə gəzib-dolaşıb və ətrafda gözəgəlimli bir şeyin olmayacağına da yüz kərə əmindi. Tumurcuqlu budaq gəzintisində olanda qoca özü barədə söhbətlərə güc vermişdi; Parapet yanında 35 il saatsaz işlədiyindən, Rusiyanın saat zavodlarıyla əlaqələrindən və hətta indilikdə o
zavodlardan birinin ticarət nümayəndəsi olmağından, əntiq saat yığıcılığından danışdı. Kişi müştərilərinə “cənab”, qadınlara isə “madam” deməyi müştəri yığmaqdan ötəriymiş. Axırda bezib - yerlilərin çoxu saat almağa yox,
onu dindirməyə gəlirlərmiş. Parapet uşaqları az qala başında corab hörə, danışığını, ötən əsrdən qalan şlyapasını lağa qoyurlarmış.
- Rusiya saatlarını tək avropalılar götürür, eksponatçün, heç komandir saatlarına da yaxın düşən yoxdu, - deyə Vasiliy Daniloviç Məhəmmədi axırda ağaclara da baxmaqdan çəkindirə bildi, - yoxsa, dükanlar yapon saatlarıynan doludu, həm də ucuz...
Parkın o biri qurtaracağında qoyulmuş, indi sökülüb ortasından armatur pırtlayan büstün yanına çatdılar; burdan o yana yenə tramvay yoluydu, vəssalam... Məhəmmədin qanı qaralmışdı; üşüntüləri tramvayın şaqqıltısını eşidəndə sümüyünə işlədi və düşündü ki, tövbələrinə baxmayaraq özünü yenə ağılsız işlərə qoşur, boş bir şeyçün bədənini o
qədər yorur ki,
düşünməyə haləti qalmır.
Dayanacağa düşdülər, bu yerdən tramvayla metroya çatmaq olardı. Amma xatırladı ki, Vasiliy Daniloviçə söz verib. Budaq-zad qocanın vecinə deyildi, Məhəmməd özünü canlı sürpriz yerində gördü və az qala qocanın fırıldağını üzünə vurub getmək istədi...
Tramvay yolunu keçəndə Vasiliy Daniloviç arxaya baxmadan tutduğu ovdan sevinirmiş kimi ucadan və həvəslə danışırdı:
- Marqarita Yevgeniyevnanın təmkinli kişilərdən xoşu gəlir, cənab Məhəmməd. Düzdü, mən özüm hər deyəndə hövsələ yiyəsi ola bilmirəm; neynim, o mənim eyiblərimə dözmək zorundadı.
Qoca geri döndü, Məhəmmədin qoluna girib, ürəyini almaq bəhanəsiynənmi, ya yersiz görünə biləcək ərkini dolğunlaşdırmaqçünmü yolboyu Marqarita Yevgeniyevnanın iztirablarından danışdı:
- Volodya Sakit okeanda Rusiyanın dənizaltı sərhədlərini qoruyur; Marqarita Yevgeniyevna deyir ki, oğlumuz ona çəkib. Deməsə də gözgörəsi şeydi: bir ağıllı işdən yapışıb, ailə, valideyn qayğısını unutmur, çörəyi dizinin üstündə deyil. Qız soysolduran çıxdı; burdaca Neft Akademiyasından bir qara ərəbə qoşulub getdi, ərəb də qucağına bir oğlan uşağı verib küçəyə atdı. Aradabir yazırdı, indi hansı səhrada sülənir, bilinmir. Marqarita onu övladlıqdan çıxarıb...
Qoca özünü yamanlayırdı ki,
qızın ona çəkməsi barədə xanımının danlağından nə etsin, bilmir, azadlıq vermişdi ona, baha başa gəldi...
* * *
Mənzil tavanı hündür olanlardanıydı, içərini xəfifcə saat tıqqıltıları bürümüşdü; saatlar girəcəkdən görünmürdü; gərək içəri keçəydin. Sağa burulanda iri, parketli otağa girirdin - oranı büs-bütöv saatlı otağ adlandırmaq olardı. Tavan tündüydü, əslində bütün divarı asma və az qala döşəməni də ayaqaltılı saatlar tutmuşdu. Və hamısı işləyirdi. Bu,
ilkin təəssüratıydı ki,
hamısı işləyir; içərilərində yatanı da ola bilərdi, ancaq Məhəmmədə elə gəldi ki,
geri qayıtsa, ya da qapını bağlayıb bir anlıq burdakı səslərə özünü hazırlasa, yaxşı olardı.
Məhəmməd uzun koridorda saat görmədi, deyəsən, o
biri otağda da yoxuydu; nə varsa, bura yığılmışdı. Otaq böyük olsa da,
saatları tutmurdu, təkcə ortalıqda iki kresloluq yer qalmışdı və divardan savayı, döşəməyə düzülən saatların duruşu, bir-birinin dalından boylanmağı taxta başdaşlara oxşayırdı. Vasiliy Daniloviç Məhəmmədi ortalıqda qoyub qarşıdakı ağ qapılı otağa girmişdi və qayıdanda az qala barmaqlarının ucunda yeriyib ehmalca küncə sığındı. Əllərini qoynuna sıxıb qımışırdı və Məhəmmədə baxmadan üzünü yan tutub nəsə cavab gözləyirdi. Paltosuz cavan və kübar görünürdü.
Hər şey öz yerində, elə bil,
bu taqq-çaqqların içində, bir tənha, yarıqaranlığa bürünmüş saat orkestri dayanmadan, yorulmadan öz havasını çalırdı. Məhəmməd qocaya gözucu baxdı və nəsə soruşmaq istəsə də, dayanıb bir də qulaq verdi. Belədə heç nə: irili-xırdalı saatların taqqıltısıydı, biri nazik, biri yoğun telləri olan səslər yığınıydı. Fəqət bu,
mükəmməl bir çalğıydı və hər şey, hər şey - bütün əşyalar, pəncərə önündə yellənən quru budaq da bu “orkestr”ə qulaq verməkdəydi. Bayırda görünən lüt, iri ağaclar deyərdin küləynən yox,
saatların çaldığı havaynan süzüb-yellənir.
Vasiliy Daniloviç Məhəmmədin donub qalmış cübbəsini süzürdü. Deyəsən, qoca ehtiraslara bir az da rövnəq verməkçün otağın küncündəki əntiq saatın gözlüyünü açdı, onu işə saldı. Və yatmış saatın sədası “orkestr”in,
bayaqdan çalınmağa başlanan simfoniyasına son təbil vurdu. Və son akkordun coşqunluğundan hürkürmüş kimi səsini içinə, dəmirinə, simlərinə sümürüb sonsuzluğa qeyb oldu. Daniliç Məhəmmədi bu durumdaca qoyub şəhadət barmağıynan səs çıxarmamağına işarə etdi və yenidən pəncələrinin üstündə ustufca yan otağa keçdi. Bir az sonra geri qayıdıb əliynən Məhəmmədi içəri çağırdı.
- Marqarita yatıb, - deyə astaca Məhəmmədin qulağına tərəf əyildi, - şükür, yata bilmirdi, onu oyada bilmərəm, ayılıb məni yanında görməsə eymənər. Son günlər lap uşaq kimi olub. Sizə yalvarıram, sabah şənbədi, gəlin, mən o saatlardan bəyəndiyinizi, - əlini saatlara uzadıb, - sizə bağışlamaq qərarındayam. Onunla da,
- arvadına işarə edib, - tanış etməliyəm sizi, mütləq; yatırsa əhvalı düzələcək. İstəsəniz saatlara baxın...
Məhəmməd başını tərpətdi, qoca da qaşlarının arasını və sifətini anlayış əlaməti olaraq büzdü, barmağını qaldırıb səmirsiz durmağını işarə etdi. Marqarita Yevgeniyevna arxası qapıya tərəf, bir yanıüstə üstüaçıqca yuxuya getmişdi. Mənzil istiydi, arvadın əynində yun xalat, toppa ayaqlarında qalın toxuma corablar vardı. Hər ikisi səssizcə ona baxırdılar və hər ikisi də qadının nəfəs alıb-almadığını duymaqçün gözlərini ona zilləmişdilər. Vasiliy Daniloviç bir də arvadına yaxınlaşdı, qulağını onun kürəyinə söykəyib Məhəmmədə tərəf döndü, başıynan nəfəs aldığına işarə verdi. Bu bir bəhanə oldu: qoca ustufca çarpayıya yönləşib arvadını qucdu, boynunun arxasını və kürəyinin görünən yerini ustufca iynədi, saçlarına əl dəydi. Sol əliylə astaca arvadının çiynini tumarlayıb Məhəmmədi tamam unutmuş kimi başını yastığa qoydu. Arvad heç qımzanmırdı, Məhəmməd üşündü, tezcə dönüb otaqdan çıxdı...
* * *
Saatlı otağa döndü. Sanki saatlar gedir, sənsə birdən donub qalırsan: sayagəlməz anların durmadan təzələndiyini, ətrafdakı milyonlarla əşyaların və insanların beləcə orkestr sədaları içində qarıyıb təzədən anlara qovuşduğunu gözlərinlə görür və boşca hava bildiyin o
xırdaca anların içində özün də itib gedirsən... Bayaqdan o boyda bağda bir tumurcuq tapammadılar; budu ha, saatlı otağın pəncərəsi önündə, heç adını da bilmədiyi bir ağacın tumurcuqları az qala çiçək açacaqdı, əməllicə pırtlamışdılar. Pəncərənin ağzına uzadılmış köhnə saata əl çəkdi, eynən uşaq qəbrinə oxşatdı, qaldırsan, balaca başdaşını andırardı... Əqrəblərinin arasına “Adler Gong” yazılmışdı. Gövdəsi taxtadanıydı, beləsini Məhəmməd görməmişdi, taxtanın rəngi tox bənövşəyiydi. Tozunu silsəydin, bir az da qızarardı, hərçənd içalatı tökülmüşdü... Dönüb bir də otağa baxdı, saatların arasında gəzişdi. Ölü saat bircəydi.
Bayaqdan gah o, gah da bu biri əlinə ötürdüyü ağ qərənfilləri “Adler Gong”un üstünə qoydu...
* * *
Şənbə günü gələ bilmədi. Bazar ertəsi axşamüstü Məhəmməd Daniliçin evinə gəldi; qiyamət səngimişdi. Qapı açığıydı, boylanıb içəri keçdi, “orkestr” dünənki kimi çalmağındaydı. Marqarita Yevgeniyevnanı o
gün arxadan görsə də, tanıdı: başını yun yaylıqla bürümüşdü. Saatlı otağın ortasında, kresloda oturmuşdu, üç qadın da yanlarını pəncərənin ağzına söykəyib durmuşdular. Birisi yanlarıyla “Adler Gong”un üstünə yaymanıb onu görünməz etmişdi. Marqarita Yevgeniyevna ayağa durub tay vura-vura Məhəmmədə tərəf bir-iki addım atdı və dayandı, kim olduğunu soruşacaqdı, Məhəmməd sözünü kəsdi:
- Vasiliy Daniloviç...
- Əyləşin, Siz onun dostlarındansız?
Məhəmməd adını demək istədi. Marqarita Yevgeniyevna üzünü çevirib taytağ vura-vura o
biri otağa yönəldi və ağ qapının astanasında dayanıb divara dayaqlandı, qadınlara tərəf Vasiliy Daniliçin qarasına deyindi:
- Saatlarını bütün aləmə göstərmişdi, zavallı...
Məhəmmədə:
- Sizə saat-zad söz verməyib ki...
Əslində onları satmaq istəyirdi, bilmirdi adamlara necə desin... İstəsəniz baxın, özü qiymət qoya bilmirdi... yasa pul gərəkəcək. Mən bir qiymət qoyduraram... Yox, qoy Volodya gəlsin, onun belə şeylərdən başı çıxar...
Marqarita Yevgeniyevna saatların yanına qayıtdı:
- Telefon andır da işləmir, - dedi, - haçan kəsdilər bunu, Volodyaya teleqram vurmuşduq, gələr əl-əlbət. Vasiliy rəhmətliyə on kərə demişdim, gedib keçirsin bu andırın pulunu...
aprel-noyabr 1996